Məhkəmə qərarları › İş №1(101)-647/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-647/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-647/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 avqust 1984-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə cəzasının çəkilməmiş 8 ay 4 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə şəxsiyyəti məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9 ədəl polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 19,11 qram, 15,66 qram, 980 qram, 995 qram, 985 qram, 575 qram, 1010 qram, 995 qram və 980 qram olmaqla ümumi təmiz çəkisi 6554,77 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, təmiz çəkisi 6520 qram olan hissəsini müvəqqəti yaşadığı ünvan 3 ünvanda yerləşən evdə saxlamış, bir ədəd bükümdə təmiz çəkisi 19,11 qram olan hissəsini əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, həmin narkotik vasitədən bir bükümdə təmiz çəkisi 15,66 qram olan hissəsini tanışı Şahid4 Zülfüqar oğluna istifadə etməsi üçün vermiş, 26 iyun 2024-cü il tarixdə saat 20:00 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid4 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4əmin İdarənin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 21:50 dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir dəd bükümdə təmiz çəkisi 19,11 qram narkotik vasitə-qurudulmuş marixuana, daha sonra Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 15,66 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı kimi BNMİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 23:30 dəqiqədən etibarən Şahid4 yaşadığı Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi 22 V ünvanında yerləşən mənzilin qonaq otağından Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib saxladığı 7 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram, 995 qram, 985 qram, 575 qram, 1010 qram, 995 qram və 980 qram olmaqla ümumi təmiz çəkisi 6520 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində daşıdığı və yaşadığı evin qonaq otağında saxladığı ümum təmiz çəkisi 6554,77 qram təşkil edən külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsində dostunun evinə qonaq getmişdir. Bu vaxt siqaret almaq üçün çölə çıxmış, siqaret alıb gələn vaxt görmüşdür ki, polislər evi dağıdıb və təxminən 12-13 nəfər polis üzərinə gəlir. Heç nə etməmiş, polis əməkdaşları onu tutmuş və polis idarəsinə aparmışlar. Dostunun evində olduğu üçün onun da cinayət məsuliyyətinə cəlb edilməməsi üçün polislərin dediklərini etmişdir. İdarədə üzərinə şəxsi axtarış keçirilmiş və polislərin əvvəlcədən üzərinə qoyduqları 20 qram narkotik vasitə olan marixuananı təqdim edərək həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra dostunun evinə getmiş və orada polislər tərəfindən əvvəlcə qoyulmuş narkotik vasitələr aşkar olunmuşdur. Məcbur qalıb həmin narkotik vasitələrin də ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavablandıraraq göstərmişdir ki, tutulan vaxt bıçaqla özünə xəsarət yetirmişdir. Özünə 12-13 nəfər polis üzərinə gələn vaxt onlardan qurtulmaq üçün xəsarət yetirmişdir. Narkotik vasitə alıb dostunun evinə qoymuşdur. Narkotik vasitəni “Tiktok” vasitəsilə İran vətəndaşından almışdır. Əvvəllər də məhkum olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitələrdən yalnız 20 qram marixuana olmuşdur. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Evdən aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir. Həmin ev dostuna məxsus olmuşdur. Dostuna görə polis əməkdaşlarının dediklərini etmişdir. Polislər tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. 26 iyun 2024-cü il tarixdə, saat 20:00 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında tanış Şahid4 ilə birlikdə olduğu zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq vəsiqələrini göstərib, polis əməkdaşları kimi təqdim edərək onların külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək barələrində əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərkən o, üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirmiş və polis əməkdaşlarının təklifi ilə bıçağı təqdim etmişdir. Polis əməkdaşlan onları Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasına getməyi təklif edib, birlikdə həmin idarənin inzibati binasına gəlmişlər. Polis idarəsində araşdırma aparılması idarənin təhqiqatçısı Yelmar Vahabova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən onlara şübhəli şəxs qimində tutulmaları elan edilərək hüquqlarnın müdafiə edilməsi üçün müdafiəçilər dəvət edilib, hüquq və vəzifələri elan edildikdən sonra, üzərilərinə video çəkilişlə axtarış və götürmə hərəkətləri aparılacağı elan olunmuşdur. İlkin olaraq onun özünə xəsarət yetirdiyi bıçağı qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun və Orxanın üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Orxana üzərilərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etmələri təklif olundu. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə içərisində qurudulmuş marixuana olan bükülünü çıxaraq masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynimdəki olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 1 simkart nömrəsi olmayan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 22 (iyirmi iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Orxanı müvafiq qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Orxan əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** kart nömrəsi olan “Redmi” markalı mobil telefon və 1 (bir) ədəd üzərində 4169 7388 1504 8024 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Orxanın təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 20 (iyirmi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Orxan, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni iran İslam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baloğlan” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, həmin kütlənin dalınca Şahid4la birlikdə getdiyini, lakin Orxanın həmin kütlə barədə məlumatı olmadığını, yalnız yaşadıqları evə üzərində aşkar edilmiş kütlədən başqa da götürdüyü kütlələri qoyduqdan sonra Orxanın bu barədə məlumatı olduğunu, Orxanın üzərindən aşkar edilmiş kütləni ona istifadəsi üçün onun tərəfindən verildiyini, Orxan yaşadıqları evdə narkotik vasitəni gördükdən sonra evdən yığışdırmağı ondan tələb etdiyini, hazırda Orxana məxsus evdə evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, tutulmaqdan qorxduğu üçün bıçaqla özünə xəsarət yetirmişdir. Orxan onun dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş kütlənin ona istifadəsi üçün onun tərəfindən verildiyini, onunla birlikdə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisinə getdiklərini, lakin narkotik vasitə olmasından məlumatı olmadığını, yaşadıqları evə gəldikdən sonra onun evə gətirdiyi narkotik vasitələri görüb ona həmin kütlələri evdən çıxarmağı tələb etdiyini, özünün heç kimə narkotik vasitə satmadığını, həmçinin Bakı şəhəri, Səbail rayonunda yaşadıqları evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirərək polis əməkdaşları və müdafiəçiləri ilə birlikdə yaşadıqları ünvan 6 ünvanına gəldiklərini, həmin evdə yataq otağında saxladığı 7 (yeddi) ədəd bağlamada qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılaraq, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmiş, lakin başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baloğlan” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, həmin kütlənin dalınca Şahid4la birlikdə getdiyini, lakin Orxanın həmin kütlə barədə məlumatı olmadığını, həmin kütlələrin narkotik vasitə olmasını evdə öyrəndikdən sonra evdən çıxarıb aparmağı söylədiyini, lakin buna imkan tapmayaraq həmin gün polis əməkdaşları tərəfindən tutulmuşlar. İran İslam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxslə “Tik tok” sosial şəbəkəsində tanış olmuş, hal-hazırda işlətdiyi mobil telefonda nömrə kartı olmadığından sonuncu dəfə Baloğlanla Orxanın istifadəsində olan mobil telefonu vasitəsilə “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxlamışdır. O, qabaqcadan İran İslam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxslə razılığa gəlmişdir ki, həmin narkotik kütləsini götürüb Baloğlana həmin yerin konumu və şəkilini göndərdikdən sonra onun Kapital banka məxsus olan “Bir kart” hesabına göstərilən məbləği vəd etmişdir. Orxan narkotik vasitə istifadəçisi olduğu üçün ona narkotik vasitə olan bağlamanın içərisindən istifadə etməsi məqsədilə heç bir ödəniş olmadan 1 büküm narkotik vasitə olan marixuana vermişdir (cild 1, iş vərəqə 101-105). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ərazisində iki nəfər şəxsi onlar hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman özünə əlində olan bıçaqla xəsarət yetirmişdir. Sonradan Təqsirləndirilən şəxs əlində olan bıçağı təqdim etmiş və onlar hər iki şəxsi DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və Orxan adlı şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı şəxslər üzərlərində olan narkotik vasitə olan qurudulmuş marixuananı könüllü şəkildə təqdim etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs verilən sualların nəticəsində şəxsin yaşadığı evdə narkotik vasitə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitə aşkar olunmuş və tərəflərindən götürülmüşdür. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman təşvişə düşmüş və özünə xəsarət yetirmişdir. Tərəflərindən saxlanılan hər iki şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının “Baloğlan” adlı vətəndaşı iə əlaqə saxlayaraq Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisindən əldə etdiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə ifadəsi tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 26 iyun 2024-cü il tarixdə, saat 20:00 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin vaxt Fuad üzərində gəzdirdiyi bıaqla özünə xəsarət yetirmiş və intizama dəvət olunduqdan sonra bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onları Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininn inzibati binasına dəvət edərək onlarla birlikdə idarənin inzibati binasına getmişlər. Polis idarəsində barələrində təhqiqat araşdırması aparılması idarənin təhqiqatçısı polis mayoru Yelmar Vahabova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən onların narkotik vasitələrində dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar tərtib olunmuş şübhəli şəxsin tutulması barədə qərarla ilə tanış edərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində hüquq və vəzifələri onlara elan olunaraq buna dair bildirişlər təqdim edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi 1 (bir) ədəd bıçaq qablaşdırılmışdır. Bundan sonra onun və Fuadın üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona və Təqsirləndirilən şəxs üzərində olan, qanunla qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Fuad əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və o da əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində simkart nömrəsi olmayan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Fuadın təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra o, qərarla tanış edilərək paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon və 1 (bir) ədəd üzərində 4169 7388 1504 8024 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdə müəyyən ünvanlara aparıb qoymağına görə şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, həmin kütlənin dalınca onunla birlikdə getdiklərini, lakin onun həmin kütlə barədə məlumatının olmadığım, yalnız yaşadıqları evə üzərində aşkar edilmiş kütlədən başqa götürdüyü kütlələri qoyduqdan sonra onun bu barədə məlumatının olduğunu, onun üzərindən aşkar edilmiş kütləni də ona istifadə üçün verdiyini, yaşadığıqları evdə narkotik vasitəni gördükdən sonra evdən yığışdırmasını tələb etdiyini, həmçinin Bakı şəhəri, Səbail rayonunda yaşadıqları evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini, tutulmaqdan qorxduğuna görə bıçaqla özünə xəsarət yetirdiyini söyləmişdir. O da Fuadın dediklərini təsdiq edərək üzərində aşkar olunmuş kütlənin istifadə üçün Fuadın əvəzsiz olaraq verdiyini, onunla birlikdə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisinə getdiyini, lakin Fuadın narkotik vasitə götürmək üçün getdiyindən xəbərsiz olduğunu, ona mxsus yaşadıqları gəldikdən sonra Fuadın evə gətirdiyi narkotik vasitələri görüb ona həmin kütlələri evdən çıxartmasını tələb etdiyini, özünün heç kimə narkotik vasitə satmadığını, həmçinin yaşadıqları evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirərək, həmin ünvanda Fuadın gətirib saxladığı qonaq otağından 7 (yeddi) ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmiş, lakin başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evdə aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri iran İslam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baloğlan” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, həmin kütlənin dalınca onunla birlikdə getdiyini, lakin onun həmin kütlə barədə məlumatının olmadığını, yalnız yaşadıqlan evdə üzərində aşkar edilmiş kütlədən başqa da, götürdüyü kütlələri qoyduqdan sonra onun bu barədə məlumatı olduğunu, üzərində aşkar edilmiş kütləni ona Fuad istifadəsi üçün verdiyini, yaşadıqları evdə narkotik vasitəni gördükdən sonra evdən yığışdırmasını ondan tələb etmişdir. Fuad evə gətirdiyi narkotik vasitələri evdən aparacağını vəd edərək aparmağa imkan tapmayaraq həmin gün polis əməkdaşları tərəfindən yaşadıqlan evin yaxınlığında yaxalanmışlar. Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, 22 A saylı evin onun atasına məxsus olmuş, həmin evdə atası ilə birlikdə yaşamış, atasının evdə və onlarda narkotik vasitə olması barədə məlumatı olmamış, Fuad onun tanışı olub tutulmamışdan iki gün qabaq onlara qonaq gəlmişdir. Onun istifadəsində olan ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefondan həmin günlər Fuad istifadə etmişdir. Fuadla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün qabaq Xocasən qəsəbəsinə onun təklifi ilə getmişdir. Fuad ona demişdir ki, həmin qəsəbədə kiminləsə görüşüb ondan pul alacadır. Lakin Xocasən qəsəbəsində olduqları zaman, tanımadığı bir ərazidə Fuad mindikləri taksi avtomobilini saxlatdırıb düşərək ona gözləməyi tapşıraraq özü həyət evlərinin arası ilə harasa getmiş, aradan on dəqiqə keçməmiş əlində bir bağlama ilə geri qayıdaraq avtomobilə oturaraq şəhərə onların evinə qayıtmışlar. Evdə olduqları zaman ondan bağlamada nə olduğunu soruşduqda Fuad bildirmişdir ki, tanışı ona verərək Biləsuvar rayonuna aparmağı söyləmiş, lakin həmin bağlamanın içərisində nə olduğunu bilmədiyini söyləməmişdir. Bununla da söhbətləri başa çatmışdır. Fuadın həmin bağlamanı evdə hara qoyduğunu görməmişdir. Yalnız ikinci gün, yəni onlar tutulmamışdan qabaq Fuad ona bir bükülüdə narkotik vasitə marixuana verdikdə başa düşmüşdür ki, həmin bağlamadakılar narkotik vasitədir. Ona görə də Fuaddan xahiş etmişdir ki, həmin bağlamanı evdən götürsün. Fuad bu barədə ona vəd vermişdir ki, bağlamanı götürüb aparacaqdır. Aralarında olan söhbətdən yarım saat keçməmiş hər ikisi yaşadıqları evin küçə qapısında olduqları zaman polis işçiləri onları tutmuşlar. Narkotik vasitə aşkar olunan göstərilən ünvandakı ev onun atası Əmrullaya məxsusdur. Həmin evdə o, atası ilə birlikdə yaşayır. X4 həmin evdə narkotik vasitə saxlanıldığını bilməmiş və o, bu barədə atasına məlumat verməmişdir. Atası təcili yardım avtomobilində sürücü işlədiyindən çox vaxtlar evdə olmur (cild 1, iş vərəqi 126-129). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 iyun 2024-cü protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, daha sonra Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür (cild 1, iş vərəqi 55-57). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” 26 iyun 2024-cü protokoldan görünür ki, ünvan 2 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs və Şahid4 evdə qonaq otağından 7 (yeddi) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etdilər. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 7 (yeddi) kq 75 (yetmiş beş) qram oldu. Daha sonra həmin kütlələr qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri imzalandı. Sonra evin digər hissələrinə baxış keçirildi. Baxış zamanı başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran islam Respublikası vətəndaşı olan “Baloğlan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi erazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baloğlan” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, həmin kütlənin dalınca Şahid4la birlikdə getdiyini, lakin Orxanın həmin kütlə barədə məlumatı olmadığını, yalnız yaşadıqları evə üzərində aşkar edilmiş kütlədən başqa da götürdüyü kütlələri qoyduqdan sonra Orxanın bu barədə məlumatı olduğunu, Orxanın üzərindən aşkar edilmiş Kütləni ona istifadəsi üçün verdiyini, Orxan yaşadıqları evdə narkotik vasitəni gördükdən sonra evdən yığışdırmasını tələb etdiyini bildirmişdir. Şahid4 Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş kütlənin ona istifadəsi üçün Fuadın verdiyini, onunla birlikdə 2 (iki) gün əvvəl Qaradağ rayonu, Xocasən qəsəbəsi ərazisinə getdiyini, lakin narkotik vasitə olmasından məlumatı olmadığını, yaşadıqları evə gəldikdən sonra Fuadın evə gətirdiyi narkotik vasitələri görüb ona həmin kütlələri evdən çıxartmasını tələb etdiyini bildirmişdir (cild 1, iş vərəqi 62-63). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16-2- 7/1050 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim dilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 19,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim edilmiş üzərində “Şahid4 təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 15,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şahid4, Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 4 (dörd) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 980 qram, 995 qram, 985 qram, 575 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamadakı 3 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1010 qram, 995 qram, 980 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (Qeyd: Marixuananın ümumi təmiz çəkisi 6554,77 qram; tədqiqata sərf edildi 0,9 qram, hər obyektdən 0,1 qram götürüldü, qalıq 6553,87 qram, (cild 1, iş vərəqə 76-78). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məcburinarkoloji tibbi yoxlamanın 16 sentyabr 2024-cü il tarixli 6286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 155-156). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 1 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 19,11 qram olan narkotik vasitə qurudulmuş marixuana, Şahid4 üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 15,66 qram olan narkotik vasitə qurudulmuş marixuana, bundan başqa təqsirləndirilən şəxslərin yaşadıqları ünvan 8 ünvanındakı evdə iki ədəd qara bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram, 995 qram, 985 qram, 575 qram, 1010 qram, 995 qram və 980 qram eyni tərkibli kustar üsulla hazırlanmış nakotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 6553,87 qram qurudulmuş marixuana saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 134-135). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı və yaşayış evinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 2 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqə 169-179). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə cəzasının çəkilməmiş 8 ay 4 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs cəzası xx.xx.2024-cü il tarixdə başa çatır (cild 1, iş vərəqi 137- 142). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 112-116). Cinayət işinin materiallarında olan hökmdən görünür ki, X2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 1(009)-93/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmlə onun üzərindən aşkar edilmiş təmiz çəkisi 15,66 qram qurudulmuş marixuananın məhv edilməsi qərara alınmışdır (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşıran halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki və hazırkı cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2024-cü il tarixdə vaxtından əvvəl şərti azad edildiyi dövrdə cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Məhkəmə əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasının yuxarı həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etmə cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 19,11 qram narkotik vasitə qurudulmuş marixuana, bundan başqa ünvan 3 ünvanındakı evdə iki ədəd qara bağlamada ayrıayrılıqda təmiz çəkiləri 980 qram, 995 qram, 985 qram, 575 qram, 1010 qram, 995 qram və 980 qram eyni tərkibli kustar üsulla hazırlanmış və tədqiqatdan sonra qalıq çəkisi 6538,31 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -şəxsi axtarış və götürmə zamanı və yaşayış evinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 19,11 qram narkotik vasitə qurudulmuş marixuana, bundan başqa ünvan 3 ünvanındakı evdə iki ədəd qara bağlamada ayrıayrılıqda təmiz çəkiləri 980 qram, 995 qram, 985 qram, 575 qram, 1010 qram, 995 qram və 980 qram eyni tərkibli kustar üsulla hazırlanmış və tədqiqatdan sonra qalıq çəkisi 6538,31 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -şəxsi axtarış və götürmə zamanı və yaşayış evinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar