Məhkəmə qərarları › İş №1(101)-649/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-649/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-649/2022 02.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin ibtidai istintaqı Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Anar İbrahimov tərəfindən tamamlanaraq, ittiham aktı ilə 17 yanvar 2022-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, istintaqla müəyyən edilməyən vaxt və şəraitdə dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,459 qram olmaqla külli miqdarda metamfetamini, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 24,346 qram olmaqla külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə əldə edib, üzərində daşımaqla saxlamış və 16 iyul 2021-ci il tarixdə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərindən həmin narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, iş üzrə dövlət ittihamçısının və müdafiəçinin fikrini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, məhkəməyədək icraat zamanı kobud prosessual qanun pozuntularına yol verilmiş, həmin pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil və bu səbəbdən cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəməyə daxil olmuş cinayət işinin materialları üzrə olan sənədlər tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: Cinayət işinin 15-ci vərəqəsində olan Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin edilməsi barədə Nəsimi Rayon Polis İdarəsinin rəisinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə onun hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 14 saylı Vəkil bürosunun müdafiəçisinin təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə edilməsi məqsədilə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilinin dəvət edilməsi barədə 16 iyul 2021-ci il tarixli Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçı qərar çıxarmışdır. Cinayət işinin 22-23-cü vərəqələrində olan order və protokoldan görünür ki, 16 iyul 2021-ci il tarixdə 004315 nömrəli orderə əsasən işə dəvət olunmuş 14 saylı Vəkil bürosunun vəkili X7 Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncunun həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etirazı olmamışdır. 16 iyul 2021-ci il tarixdə saat 22.35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək tutulmuşdur. (i.v.27-28) Cinayət işinin 50-56-cı vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə baxış keçirilmiş onun üzərindən bükülülər aşkar edilərək götürülmüşdür. Lakin tərtib edilmiş protokolda müdafiəçi X3 iştirakı öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu da “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Belə ki, adı çəkilən plenumun qərarının 1-ci bəndinin izahına görə, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: -hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır; -hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə əsasən hər kəsə Konvensiyaya qoşulmuş dövlət tərəfindən ən azı təmin olunmalı hüquqlar göstərilmişdir və həmin hüquqlar sırasında vəkillə müdafiə olunmaq, müdafiəçi ilə dərhal görüşmək, həmçinin müdafiəçi ilə görüşlərin sayı və müddəti barədə məhdudiyyətlərin qadağan olunmasıdır. Avropa Konvensiyasının həmin maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtda və imkana malik olmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım alması hüquqi vardır, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.2-ci və 91.5.4-cü maddələrində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin digər maddələrinin tələbinə görə qeyd olunan istintaq hərəkətlərində müdafiəçinin iştirakı təmin edilməlidir. Cinayət işinin 66-cı vərəqəsində olan narkotik vasitələrin məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda dörd ədəd büküm və üç ədəd ayrı-ayrılıqda bükümlər, yəni ümumi olaraq 7 ədəd büküm 17.07.2021-ci il tarixdə 09.20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş, lakin cinayət işinin 63-cü vərəqəsinə əlavə edilmiş 6/2834 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılmasına əsas olan qərar 13 iyul 2021-ci il tarixdə, ümumlikdə 11 ədəd büküm Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. İstintaqçı həmin sənədləri ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, sübut edilməli halları tam araşdırmadan, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət etmədən bir-birini inkar edən sənədlərə hüquqi qiymət verməmişdir. Cinayət işinin 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 26 iyul 2021-ci il tarixli 17/38 saylı daxil olan məktubdan görünür ki, 19 iyul 2021-ci il taridə təxminən saat 15.30 radələrində Bakı şəhəri, Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilən zamanı «sağ bilək nahiyəsində, hər iki dirsək nahiyyəsində, sağ saidin arxa tərəfində və sağ baldırın ön tərəfində qərtməkli yara xəsarətləri» aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları birbaşa qüvvədə olmaqla Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, eləcə də insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bundan əlavə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 15.2.1-15.2.3-cü maddələrinin tələblərinə əsasən işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək, zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq cinayət təqibi gedişində qadağandır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əməl etmədən btidai araşdırmanı aparan müstəntiq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından 26 iyul 2021-ci il tarixli 17/38 saylı məktubda olan məlumatları araşdırmamış, təqsirləndirilən şəxsə və şahidləri dindirərkən xəsarətlərin yaranma səbəbi barədə müvafiq suallar verməmiş, həmin məlumatın araşdırılması üçün materialları ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən məhkəmə törədilmiş və ya hazırlanan cinayət (xüsusi ittiham qaydasında təqib olunan cinayət istisna olmaqla) haqqında məlumatları aldıqdan sonra onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 207.1.1-ci maddəsinə əsasən isə prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında daxil olmuş məlumatı dərhal qeydə almalı və ona baxmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində göstərilmişdir ki, prokuror zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, bundan sonra həmin Məcəllənin 207.1.3-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək və s. qərarlardan birini qəbul etməlidir. Qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.2.3, 449.2 və 449.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın (təhqiqatçının, müstəntiqin və ya prokurorun) prosessual hərəkətlərindən və ya qərarlarından (o cümlədən, həbsdə saxlanılan şəxsə işgəncə verilməsindən və ya digər amansız rəftar edilməsindən) məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış etmə protokolunda, tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Azərbaycan Respublikası CPM-nin 286.2 və 3-cü maddələrinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Azərbaycan Respublikası CPM-nin 290-cı maddəsində göstərilmişdir ki, müstəntiq təqsirləndirilən şəxsin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ittiham aktını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikası CPM-nin 292.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustağlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 159.6-cı maddəsində qeyd edilmişdir ki, həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir. Məhkəməyə daxil olmuş cinayət işinin 234-cü vərəqəsində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə cinayət işinin materialları ilə tanış olmuş, 13 yanvar 2022-ci il tarixdə isə Azərbaycan Respublikası CPM-nin 290.1-ci maddəsinə əsasən ittiham aktı tərtib olunmuşdur. Lakin cinayət işinin 245-246-cı vərəqələrində olan 13 yanvar 2022-ci il tarixli təqdimatdan və həmin tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəməyədək icraat zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə nəzərdə tutulmuş 3 gün müddətinə apellyasiya instansiyası məhkəməsinə şikayət vermək müddəti gözlənilmədən ittiham aktı Nəsimi rayon prokuroru tərəfindən təsdiq olunaraq, həmin tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CPM-nin 284 və 286-cı maddələrinə əsasən ibtidai istintaqın qurtarması elan olunandan sonra və cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin tanış olmasından bilavasitə sonra əlavə qərar qəbul olunaraq təqsirləndirilən şəxsə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu isə “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kimi kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, işin bu halları ətraflı araşdırılmalı, nəticəsindən asılı olaraq buna müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, işin istintaqı zamanı yuxarıda göstərilən kobud qanun pozuntuları aradan qaldırılmalı, habelə gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir məsələnin həlli təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmçinin məhkəmə kollejiyası hesa edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.3.1 və 303.3.8-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Nəsimi rayon Prokuroruna qaytarılsın.

2. xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1,67.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması və 09 ay 21 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasına məhkum olunmuş, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, ev 82-də qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 (otuz) gün uzadılsın.

3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X6 oğlu haqqında xüsusi qərar çıxarılsın.

4. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən Azad Məcidov Hakimlər Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar