Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-650/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 oğlunun, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsi 4/4-də qeydiyyatında olan, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 40, mənzil 40-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayətin haqqında icraat ayrılmış başqa şəxslə birlikdə narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancı yarı böləcəklərinə dair razılığa gəldikdən sonra istintaqa məlum olmayan vaxtda və şəraitdə haqqında icraat ayrılmış şəxsə ilkin olaraq 200 manat pul göndərmiş, bundan sonra sonuncunun ona göndərdiyi təmiz çəkisi 6,180 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 10,064 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 oktyabr 2021-ci il tarixdə saat 23:35-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd bağlamada təmiz çəkisi 6,180 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 10,064 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində metafetaminin izləri olan “Digital Scale 500 g*0,01 g 2 x AAA” sözləri yazılmış qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər, 2015-ci ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə bir il altı ay müddətinə azadlıqdan məhrum edilmiş, 2016-cı ildə Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Məhkum olunananadək tiryəkdən istifadə edirdi. Azadlığa çıxdıqdan sonra isə heroindən istifadə etmişdir. Heroini müxtəlif yerlərdən və şəxslərdən əldə edirdi. Sonuncu dəfə tutulmamışdan 1-2 gün əvvəl Padamdarda bir qızdan 20 manata selofana bükülmüş bir qram heroin əldə etmişdir. Həmin heroini evində öz otağında şkafın siyirtməsində saxlayırdı ki, anasının onun narkotik istifadə etməsindən xəbəri olmasın. Həmin heroindən yarım qramını istifadə etmiş, yarım qramı isə selofan bükümün içində həmin siyirtmədə qalmışdır. 06 oktyabr 2021-ci il tarixdə saat 24 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 40 saylı evin qarşısında 4-5 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Nəsimi RPİ-nin 19-cu PŞ-nə getməli olduğunu bildirmişlər. Onu maşina otuzdurmuş, üstünü axtarmışlar. Lakin heç bir şey tapa bilmədikdə isə kirayə yaşadığı mənzilə baxış keçirəcəklərini bildirmişlər. Onda olan ev açarı ilə mənzilin qapısnı açıb onunla birlikdə mənzilə daxil olmuşlar. Evdə olan anasına isə onun dostları olduqlarını yalandan demişlər. Orada özü könüllü olaraq otağındakı şkafın siyirtməsində saxladığı içərisində yarım qrama yaxın heroin olan bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşlarının bir-biri ilə danışıqlarından başa düşmüşdür ki, birinin adı Ülfan, digərinin adı isə Nizamidir. Bundan sonra polis əməkdaşları onu 19-cu PŞ-nə aparmışlar. Orada Nizami onu döyərək cibinə 6 qramdan artıq heroin və 10 qrama yaxın metafetamin qoymuşdur. Həmin əşyalar selofan bükümlərdə idi. Hətta Nizami onu qəddarcasına döydüyü üçün Ülfan ona irad bildirmişdir ki, «Nizami, öldürəcəksən». Həmin Nizami təhqiqatçıdır, onu yalnız Nizami döymüşdür. Ondan faktiki 05 qram heroin aşkar olunduğu halda tamam başqa çəkidə olan heroin və metafetamini Nizami cibinə qoyaraq sonra videoçəkilişlə üzərinə baxış keçirmiş, döyüldüyü üçün baxışdan əvvəl Nizaminin ciblərinə qoyduğu əşyaları masanın üzərinə qoymuş, baxışla əlaqədar tərtib olunmuş protokola imzasını qoymuşdur. Həmin imza ona məxsusdur, bunu təsdiq edir. Özünü heroin istifadəçisi kimi təqsirli bilir, lakin ittiham aktında göstərilən əşyalar onun üzərində olmamışdır. Sanksiyaya aparıldıqda başına gələnləri danışmamış, ümidini bura məhkəməyə saxlamışdır. Üzərinə baxış vəkilin iştirakı ilə keçirilmiş, lakin vəkilə də bu barədə heç bir söz deməmişdir. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq etmir. Belə ki, müstəntiqə 6 qramdan yuxarı heroinin və 10 qrama yaxın metafetaminin ona məxsus olmadığını bildirsə də müstəntiq ona artıq bu işin bu şəkildə sənədləşdirildiyini bildirmiş, ona təzyiq edərək ifadə protokolunu imzalamağı məcbur etmişdir. Müstəntiqin tərtib etdiyi ifadə protokolunu oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 40, mənzil 40-da yaşamışlar. 06.10.2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs tutulduqdan sonra birgə kirayə yaşadıqları ünvan 3 ünvanını 11.10.2021-ci il tarixdə boşaldaraq ev sahibinə təhvil verərək Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan qızının mənzilinə köçmüşlər. O, yaşlı və xəstə adamdır. Tarixi xatırlamadığı bir gün, evinə 5-6 nəfər mülki geyimli şəxslər daxil olmuş, oğlu Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, sonra evə baxış keçirib, heç bir qanunsuz əşya aşkar etmədən çıxıb getmişlər. Həmin gün gecə vaxtı oğlunu polis əməkdaşları saxlayıb aparmışlar. Oğlunun narkotik vasitələrindən istifadə etməsi və yaxud satışı ilə məşğul olmasından məlumatı olmamışdır. Oğlu 45 yaşlı olmasına baxmayaraq hələ də subaydır, ona qayğı göstərən məhz Mahir olmuşdur. Məhkəmədən bunu nəzərə almağı xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi, ev 40, mənzil 40-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində satması ilə bağlı məlumatlar mütəmadi olaraq idarəyə daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və yaxalanması, narkotik vasitələrin vaxtında aşkar olunmaqla götürülməsi məqsədi ilə əməliyyat tədbiri keçirilmiş, yaradılmış əməliyyat qrupuna o və həmkarı polis kapitanı Şahid2 daxil olmaqla 06.10.2021-ci il tarixdə saat 23:35 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın yaxınlığında saxlanılmış və Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. Orada sonrakı istintaq hərəkətləri təhqiqatçı Nizami Omarov tərəfindən həyata keçirilmişdir. O və həmkarı Elnur Abuşov təhqiqatçı tərəfindən videoçəkilişlə aparılmış Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər. Baxış müdafiəçinin iştirakı ilə aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlandı və təhqiqatçı X6 Mahirə üzərində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddə və ya digər əşyalar olduğu halda onları təqdim etməyi təklif etdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütləni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmçinin şalvarın sol yan cibində olan bir ədəd «Samsung» markalı mobil telefon, şəxsiyyət vəsiqəsini və 4 manat pulu təqdim etmişdir. Həm saxlanılan zaman, həmçinin üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs heç bir kəs, o cümlədən təhqiqatçı Nizami Omarov fiziki təzyiq etməmiş, Təqsirləndirilən şəxs üzərinə heç kəs hər hansı bir maddə və ya əşya qoymamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və metafetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı. DİN-in 7 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah verildikdən sonra götürüldü, 4 manat pul isə özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 1 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə 1 həftə əvvəl Memar Əcəmi metro stansiyası yaxınlığından satış məqsədi ilə əldə etdiyini, narkotik vasitəyə görə 200 manat pul karta göndərdiyini, heroinin qramını 15-20 manata, metamfetamini isə 20-25 manatdan satmasını həyata keçirdiyini, 20 ildən artıq olarki, narkotik vasitə olan heroin və metafetamin istifadə etdiyini bildirmişdir. Göstərlikləri bu xüsusatlar baxışa dair vijdeogörüntüdə tam olaraq əksini tapmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİnin müvəkkili Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə məlumat ona daxil olmuş və əməliyyat tədbiri keçirilməsi barədə qərar və əməliyyat qrupu yaradılması barədə əmr verildikdən sonra 06.10.2021-ci il tarixdə saat 23:35 radələrində həmkarı X5 Mahiri ünvan 5 evin qarşısında saxlayaraq 19-cu PŞ-nə gətirib təhqiqatçı Nizami Omarova təqdim etmişlər, sonuncu onların və müdafiəçinin iştirakı ilə videogörüntü ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, sonuncu könüllü olaraq şalvarıqnın sağ yan cibindən bir bükümdə heroinə bənzər kütlə, bir bükümdə metafetaminə bənzər maddə təqdim edərək bu əşyaları bir ay əvvəl tanış olduğu İİR vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə bir həftə əvvəl «Memar Əcəmi» metrostansiyasının yaxınlığından götürmüş, bunlara görə 200 manat pulu Əliyə göndərmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 06.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun qanunusuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 06.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində 06 oktyabr 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Mir Cəlal küçəs 40 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu RŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi, 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və 01 bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə və metafetamının, elektron tərəzinin özünə məxsus olduğunu, bir ay bundan əvvə İİR vətəndaşı «Əli» adlı şəxsdən satış məqsədilə əldə etdiyini, narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, heroinə bənzər kütlənin qramını 15-20 manata, metafetamini qramını isə 20-25 manatdan satışını həyat keçirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 07.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08.10.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildikdə o narkotik maddəni İİR vətəndaşı «Əli» adlı şəxsdən əldə etdiyini bildirmişdir. Onun barəsində həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 07.10.2021-ci il tarixdə şübhəli şəxs qismində və 08.10.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, üzərində aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 1 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə 1 həftə əvvəl «Memar Əcəmi» metro stansiyası yaxınlığından satış məqsədi ilə əldə etdiyini, narkotik vasitəyə görə 200 manat pul göndərdiyini, heroinin qramını 15-20 manata, metafetamini isə 20-25 manatdan satmaqla həyata keçirdiyini, satdığı narkotik və psixotrop maddələrin pulundan Əli adlı şəxsə əlavə pul göndərəcəyini, 20 ildən artıq olar ki, narkotik vasitə olan heroin və metafetamin istifadə etdiyini bildirmişdir. Onun verdiyi ifadələri ilə videoçəkilişlə keçirilmiş üzərinə baxış protokolunun məzmununa tam uyğun olmaqla məhkəmə tərəfindən həqiqi və mötəbər sübutlar kimi qiymətləndirilir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 07.10.2021-ci il tarixli, 6/4439 saylı rəyindən müəyyən olunur ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs təqdim etdiyi ....” yazı və imza olan 1 (bir) ədəd zərfdəki1(bir) ədəd bağlamada təmiz çəkisi 6,180 qram tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir,1(bir) ədəd bağlamada təmiz çəkisi 10,064 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd ”Digital Scale 500 g*0,01 g 2 x AAA” qara rəngli 15*11 sm ölçüdə elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Metamfetaminin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə - narkoloji ekspertizasının 15.12.2021ci il tarixli, 5116 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 29.10.2021-ci il tarixli, 2524 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi vəziyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklər müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli protokollardan müəyyən olunur ki, Bakcell və Azerfon MMC-dən daxil olmuş disklərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı GSM nömrələrin 01 iyun 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixə qədər olan müddətə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi, göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 15.01.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalan 6,130 qram çəkidə heroinin, 10,014 qram çəkidə metafetaminin və 1 ”Digital Scale 500 g*0,01 g 2 x AAA” qara rəngli 15*11 sm ölçüdə elektron tərəzi Bakı şəhəri Nəsimi RPİ-nin saxlanılma təhvil verilmiş, şəxsi axtarış və götürmə baxış zamanı video çəkiliş aparılaraq köçürülmüş 01 və SMS yazışmaları əks olunmuş disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06.05.2015-ci il tarixli hökmümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzadan azad edlmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmiş və həmin məhkumluq ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi, elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitələrinin çəkilib bağlamalara bölünməsi üçün nəzərdə tutulduğu kimi və əməlinin narkotik vasitələrin satışı kimi qiymətləndirilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzansını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin saxlanılma təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan 6,130 qram çəkidə heroin, 10,014 qram çəkidə metafetamin və 1 ədəd ”Digital Scale 500 g*0,01 g 2 x AAA” qara rəngli 15*11 sm ölçüdə elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “VERDİKTUM Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan 6,130 qram çəkidə heroin, 10,014 qram çəkidə metafetamin və 1 ədəd ”Digital Scale 500 g*0,01 g 2 x AAA” qara rəngli 15*11 sm ölçüdə elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-650/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-650/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver