Məhkəmə qərarları › İş №1(101)-650/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-650/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-650/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş (FİN № xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yerləşən Sabunçu RPİnin inzibati binasında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Zabrat qəsəbəsi Maştağa yolu, məhəllə 7 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan, 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon prokurorunun 05 iyun 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin olunmasından imtina edilərək, həmin tarixdə saxlanıldığı X3 azadlığa buraxılmış, 05 iyun 2024-cü il tarixli qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxsin göndərdiyi və bildirdiyi naməlum ünvandan ümumi təmiz çəkisi 17,991 qram külli miqdarda psixotrop maddə metamfetamin və təmiz çəkisi 7,598 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Maştağa yolu, məhəllə 7 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada saxlayaraq gizlətmiş, onlardan 4,524 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 03 iyun 2024-cü il tarixdə saat 17:30-da yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılıb Sabunçu RPİ, 15-ci Polis bölməsinin inzibati binasına aparılaraq, həmin tarixdə saat 19:00-da xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 4,524 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yaşadığı evdə narkotik vasitə saxlaması barədə verdiyi izahatı əsasında əməliyyat tədbirinin davamı olaraq 03 iyun 2024-cü il tarixdə saat 20:30-da yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən, yataq otağında olan taxta konstruksiyalı paltar dolabından 1 ədəd şəffaf selofanın içərisində 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 13,467 qram təşkil edən və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 17,991 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 7,598 qram xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, öz toyunda istifadə etmək üçün tanımadığı İran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb 1 kq marixuana almışdır. İran vətəndaşı ilə razılaşmaya görə o, narkotik vasitənin pulunu toydan sonra ödəyəcəyinə söz vermişdir. Lakin narkotik vasitəni götürdükdən bir-iki gün sonra iranlı pulunu istəmiş, o da, pulunun olmadığını, toydan sonra verəcəyini bildirmişdir. Bu zaman İran vətəndaşı pulu yoxsa, narkotikin geri qaytarılmasını tələb etmişdir. O da, narkotik vasitəni qaytarmaq məqsədilə aparıb «Neftçilər» metrostansiyası ərazisində bir yerə qoymuşdur. Narkotik vasitəni qoyarkən iranlı ilə “whatsapp”da görüntülü danışmış və narkotiki qoyduğu yeri həmin vaxt ona göstərmişdir. O, saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Özünün şəxsi istifadəsi üçün metamfetamin almış, o da, yaşadığı evdə olmuşdur. Saxlanıldıqdan sonra idarəyə gətirilmiş, polis işçiləri ona evindən aşkar edilən narkotik vasitəni üzərinə qoyaraq çəkiliş zamanı üzərindən çıxmış narkotik kimi təqdim etməsini bildirmişlər. O da, çəkiliş zamanı bu cür izahat vermişdir. Daha sonra onun yaşadığı evə gedərək marixuananı da aşkar etmişlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs istintaqda da məhkəmədəki kimi verdiyi ifadəni verdiyini, özünün metamfetamindən istifadə etdiyini, narkotik vasitəni “Məhəmməd” adlı İran vətəndaşından aldığını, yalnız bir il əvvəl və saxlanıldıqdan bir-iki gün əvvəl narkotikdən istifadə etdiyini, 1 kq marixuananı iranlının qoyduğu yerdən götürdüyünü, metamfetamini öz istifadəsi üçün saxladığını, marixuananın iranlıdan gətirdiyi selofanın içində narkotikin qırıntıları qaldığını, metamfetaminin evində olduğunu, narkotik vasitənin «Neftçilər» metrostansiyası ərazisinə qoyulduğunu, narkotik vasitə almasını özündən başqa heç kimin bilmədiyini, polis əməkdaşlarının onu yaşadığı evin yaxınlığında saxladıqlarını, onlara evində narkotik vasitə metamfetamin olduğunu söylədiyini, mətbəxdə aşkar olunan narkotik vasitənin onun üzərinə qoyulduğunu, dolabdan aşkar olunan narkotikin isə evində olduğunu, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirlən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Həmin vasitələri və maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətlərə və şəhərin müxtəlif ünvanlarından almışdır. 2024-cü ilin may ayında sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxslə tanış olmuşdur. Onunla söhbət edərkən iranlı bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. İstifadəçisi olduğunu həmin şəxsə dedikdən sonra «Məhəmməd» adlı şəxs təklif etmişdir ki, onun Azərbaycan Respublikası ərazisinə göndərdiyi psixotrop maddələri və narkotik vasitələri bildirəcəyi ünvanlardan götürüb, sonradan deyəcəyi ünvanlara aparıb qoysun, əvəzində isə ona istifadəsi üçün narkotik vasitələr və psixotrop maddələr verəcəkdir. Göndərdiyi narkotik vasitələrin və psixotrop maddələrin pulunu isə alan şəxs özü ona göndərəcəkdir və onun pula aidiyyəti olmayacaqdır. İstifadəçisi olduğu üçün həmin şəxsin təklifi ilə razılaşmışdır. Beləliklə, 29 may 2024-cü il tarixdə dəqiq xatırlamadığı saatda «Məhəmməd» adlı şəxslə sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladıqda, sonuncu ona bildirmişdir ki, Abşeron rayonu ərazisində narkotik vasitə 1 (bir) kq qurudulmuş marixuana qoyulacaqdır, həmin narkotik vasitəni götürüb onun deyəcəyi ünvana qoymaq lazım olacaqdır, əvəzində isə ona istifadəsi üçün psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana göndəcəkdir. Yəni, həmin bükümdə artıq metamfetamin və marixuana qoymuşdur, onun müəyyən bir qismini özü üçü götürə bilər. O, razılaşmış və «Məhəmməd» adlı şəxsin bildirdiyi ünvana gedib oradan narkotik vasitə qurudulmuş marixuananı götürüb dediyi ünvana aparıb qoymuşdur. Əvəzində isə onun artıq bükümlərə ayırıb göndərdiyi metamfetamini və marixuananı özü üçün götürmüşdür. Həmin metamfetaminin bir bükümünü cibinə qoymuş, bir büküm metamfetamini və bir büküm marixuananı isə yaşadığı evdə yataq otağında dolabın içərisinə qoymuşdur. Eyni zamanda aldadılmaması üçün özü 1 ədəd elektron tərəzi alıb evdə saxlamışdır ki, narkotik vasitələri və psixotrop maddələri alarkən çəkisini öyrənsin. Həmin tərəzini də evdə marixuana ilə metamfetaminin yanında bir torbaya qoymuşdur. «Məhəmməd» adlı şəxs ona əvvəllər narkotik vasitə və ya psixotrop maddə göndərməmiş, bu birinci dəfə olmuşdur. 03 iyun 2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Maştağa yolu, məhəllə 7 ünvanında yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra onu Sabunçu RPİ, 15-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri müdafiəçinin iştirakı ilə izah edilmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 055 ***-**-** və 070 ***-**-** mobil nömrələr olan “Samsung” markalı mobil telefon, 1 ədəd 20 manatlıq əskinas, özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd evin açarı aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ağ rəngli kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 20 manat və 1 ədəd açar özünə qaytarılmışdır. Sorğu-saual zamanı o, yaşadığı evdə də metamfetamin və narkotik vasitə qurudulmuş marixuana saxladığını, onları da təqdim edə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı evə gedilmiş, mənzildə onun razılığı əsasında baxış keçirilmiş, yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən metafmetamin, marixuana və 1 ədəd elektron tərəzini saxladığı torbanı çıxarıb təqdim etmişdir. Həmin maddələrə təhqiqatçı tərəfindən baxış keçirilmiş, çəkisi elektron tərəzidə ölçülmüş və müvafiq qaydada qablaşdırılıb götürlmüşdür. Qeyd olunanlarla bağlı təhqiqatçı tərəfindən protokollar tərtib edilmiş, protokollar ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmişdir. İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxsin anket məlumatları, hansı ünvanda yaşaması barədə məlumatı yoxdur. Onun istifadə etdiyi mobil nömrəni xatırlamır, onunla «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. İstifadəçisi olsa da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqi 76-78, 164-167). Sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, narkotik vasitəni müxtəlif ünvanlardan alması ilə bağlı ifadədə göstərilənlərin yanlış olduğunu, ifadəni oxumadan imzaladığını, 1 kq marixuananı götürərkən onu açıb baxmadığını, videoçəkiliş zamanı narkotik vasitəni özünün istifadəsi üçün aldığını söylədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən onlar 03 iyun 2024-cü il tarixdə Zabrat qəsəbəsində Təqsirləndirilən şəxs saxlamışlar. Onu saxladıqdan sonra Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə gətirmişlər. Orada İlqarın üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçrilmiş, bu zaman əynindəki şalvarın cibindən bir bükümdə metamfetamin aşkar olunmuşdur. İlqardan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamaması soruşulduqda, sonuncu yaşadığı evdə də narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və oradan marixuana, metamfetamin və tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni İran vətəndaşı “Məhəmməd” adlı şəxsdən aldığını, onun göstərişi ilə müəyyən yerə qoyduğunu və bunun müqabilində öz istifadəsi üçün metamfetamin əldə etdiyini bildirmişdir. Verilən sualları cavablandıran Şahid1 saxlanılarkən və polis bölməsində olarkən təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiq olunmadığını, protokol tərtib olunduqdan sonra ucadan oxunulduğunu, düzgün yazıldığına görə iştirakçılar tərəfindən imzalandığını, əməliyyat tədbirində baş əməliyyat müvəkkili Şahid2lə birlikdə iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 oğlu şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı evə baxış zamanı külli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması, həmçinin evə baxış keçirilməsi haqqında 03 iyun 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə gətirilmiş, orada təhqiqatçı tərəfindən əməliyyat işçilərinin və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü təqdim etmiş, təhqiqatçının həmin bükümdə olan maddələrin tərkibi, haradan və nə məqsədlə əldə edib üzərində saxlaması ilə bağlı sualına Təqsirləndirilən şəxs selofan bükümdə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 2024-cü ilin may ayının 29-da İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxsdən əldə etdiyini, həmin şəxslə internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğunu, əvvəlcədən əldə olunmuş razılığa əsasən «Məhəmməd» adlı şəxsin göndərdiyi narkotik vasitələri sonuncunun bildiyirdiyi ünvana aparıb qoyduğu üçün «Məhəmməd» adlı şəxsin ona əvəzində pulsuz metamfetamin göndərdiyini, yaşadığı evdə də psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd 20 manatlıq əskinas, 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd açar aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən açar və 20 manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılmış, şəxsiyyət vəsiqəsi, 1 ədəd selofan bükümdə olan maddə və 1 ədəd «Samsung» markalı mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təhqiqatçının saxlanılan zaman hər hansı şəxs tərəfindən psixi və ya fiziki təzyiq və təsirlərə məruz qalıb-qalmaması, yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması ilə bağlı verilmiş suala cavab oalarq, Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı psixi və ya fiziki təzyiq və təsirlərə məruz qalmadığını, yaşadığı evdə də narkotik vasitə saxladığını qeyd edərək baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs özünün, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat işçilərinin və müdafiəçinin iştirakı ilə baxış keçrilmişdir. Bu zaman Təqsirləndirilən şəxs evin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 1 bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüş, verilmiş suala cavabında Təqsirləndirilən şəxs həmin maddələri 2024-cü ilin may ayının 29-da İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxsdən əldə etdiyini, əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən «Məhəmməd» adlı şəxsin göndərdiyi narkotik vasitə heroini sonuncunun bildiyirdiyi ünvana aparıb qoyduğu üçün «Məhəmməd» adlı şəxs ona əvəzində pulsuz metamfetamin və qurudulmuş marixuana göndərdiyini bildirmişdir (cild 1, iş vərəqi 31-33, 36-38). Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evə baxış keçirilməsi görüntülərinin yükləndiyi disklərə baxış keçirilmiş, bu zaman videogörüntülərin həmin istintaq hərəkətlərinin aparılmasına dair xx.xx.2024-cü il tarixli protokollarda əks olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 33, 36, 66-67). Məhkəmə-kimyəvi ekspertizasının 04 iyun 2024-cü il tarixli 3-16-16/1-6/3090 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» sözləri yazılmış 1 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 13,467 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri yazılmış 2 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 4,524 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 və 2 №-li kağız paketlərdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 17,991 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi-17,991 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq -17,891 qramdır (cild 1, iş vərəqi 46-48). Məhkəmə-bioloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 3-16-16/2-7/909 nömrəli rəyindən görünür ki, üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan təqdim etdiyi kütlələr...» yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf selofanda təmiz çəkisi 7,598 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsuila hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Qeyd: marixuananın ümumi çəkisi 7,598 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,548 qramdır (cild 1, iş vərəqi 52-53). Ambulator məcburi narkoloji tibbi yoxlamaya dair 06 iyun 2024-cü il tarixli 4037 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 134-135). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 iyun 2024-cü il tarixli 1660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, hazərki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (cild 1, iş vərəqi 137-139). Cinayət işində olan «Bakcell MMC»-nin 18 iyul 2024-cü il tarixli BKC/LGL-10207/24 nömrəli məktubu ilə təqdim edilmiş 1 ədəd SD diskə baxış keçirilməsi haqqında 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlar, rabitə və digər texniki vasitələrə ötürülən məlumatlar yüklənmişdir. Müəyyən edilmişdir ki, 055 ***-**-** saylı mobil nömrə Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olan 04 noyabr 1979cu il təvəllüdlü X2 adına qeydə alınmışdır. Baxış zamanı 055 ***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan iş üçün əhəmiyyət kəsb edən «SMS» mesajların göndərildiyi müəyyən edilmişdir: - 05 yanvar 2024-cü il saat 19:07:26-da 055 ***-**-** saylı mobil nömrəyə «540 manat ter temiz pul vermeliyik 340 sendedi evdede 4 qram qalıb, onuda yerbeyer eleyirik pulu atiriq keciriy boyuk qumara diqqetdi ol»; - 06 yanvar 2024-cü il saat 20:41:06-da ***-***-**-** saylı mobil nömrəyə «6 denedi iksinide turala verdim indi»; - 10 yanvar 2024-cü il saat 23:42:45-də ***-***-**-** saylı mobil nömryə «Elunde ne var hamsini at «nalayiq ifadə» bunun varyoxnu mehemmed meni deli edib». (cild 1, iş vərəqi 129-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasının 12 iyun 2024-cü il tarixli 1/2723 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməyib (cild 1, iş vərəqi 119). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X6 20 iyun 2024-cü il tarixli xx/xx-7229 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 120). İbtidai istintaq orqanının 01 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 17,991 qram olan psixotrop maddə metamfetamin, ümumi çəkisi 7,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 17,891 qram metamfetamin, 7,548 qram marixuana, 1 ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, 142-152, 186). Şəxsi axtarış və götürmə, həmçinin evə baxış keçirilməsi zamanı qeydə alınmış videgörüntüləri əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 142-152, 130). Elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, onun himayəsində həyat yoldaşı, biri azyaşlı, iki nəfəri isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 118). Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını, özünün şəxsi istifadəsi üçün metamfetamin aldığını, onun da yaşadığı evdə olduğunu, saxlanıldıqdan sonra idarəyə gətirildiyini, polis işçiləri ona evindən aşkar edilən narkotik vasitəni üzərinə qoyaraq çəkiliş zamanı üzərindən çıxmış narkotik kimi təqdim etməsini bildirdiklərini, o da, çəkiliş zamanı bu cür izahat verdiyini, daha sonra onun yaşadığı evə gedərək marixuananı da aşkar etdiklərini bildirib, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı evə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri və narkotik vasitəni, həmçinin elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, 29 may 2024-cü il tarixdə «Məhəmməd» adlı iranlı ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxladıqda, sonuncunun ona Abşeron rayonu ərazisində 1 (bir) kq qurudulmuş marixuana qoyulacağını, həmin narkotik vasitəni götürüb onun deyəcəyi ünvana qoymaq lazım olduğunu, əvəzində isə ona istifadəsi üçün psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana göndəcəyini bildirdiyini, onun Məhəmmədin təklifi ilə razılaşdığını və ona deyilən ünvana gedib oradan narkotik vasitə qurudulmuş marixuananı götürüb başqa dediyi ünvana aparıb qoyduğunu, əvəzində isə onun artıq bükümlərə ayırıb göndərdiyi metamfetamini və marixuananı özü üçün götürdüyünü, həmin metamfetaminin bir bükümünü cibinə, bir büküm metamfetamini və bir büküm marixuananı isə yaşadığı evdə yataq otağında dolabın içərisinə qoyduğunu, eyni zamanda aldadılmaması üçün özü 1 ədəd elektron tərəzi alıb narkotik vasitələri və psixotrop maddələri alarkən çəkisini öyrənmək məqsədilə evində saxladığını, 03 iyun 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən qeyd olunan narkotik və psixotrop maddələrin aşkar edilərək götürüldüyünü etiraf etmişdir. Bununla bağlı məhkəmədə verilmiş sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların və müvafiq qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadələri oxumadan imzaladığını bildirsə də, bunun səbəblərini izah edə bilməmiş, həmçinin məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər edilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə, SMS danışıqlarına dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, istintaq orqanı tərəfindən həmin məlumatların yükləndiyi SD diskə baxış keçirilərkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS yazışmalarının aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olması, həmin maddələri narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı müqabilində satış məqsədilə İran vətəndaşı kimi tanıdığı “Məhəmməd” adlı şəxsdən əldə etməsi barədə etiraflarını, həmçinin aşkar olunmuş maddələrin həm psixotrop, həm də narkotik maddələr olmaqla iki ayrı növdə olmasını, ayrı-ayrı bükümlərə qablaşdırılaraq bir hissəsinin üzərində, çox hissəsinin isə yaşadığı evdə saxlamasını, narkotik və psixotrop maddələrin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzinin mövcud olmasını, həmçinin aşkar edilmiş psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 03 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2024-cü il tarixli 4037 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 17,891 qram çəkidə metamfetamin, 7,548 qram çəkidə marixuana və 1 ədəd elektron tərəzi məhv edilməli; - Şəxsi axtarış və götürmə, həmçinin evə baxış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 151 (yüz əlli bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 151 (yüz əlli bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 05 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 19 fevral 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 17,891 qram çəkidə metamfetamin, 7,548 qram çəkidə marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin; - Şəxsi axtarış və götürmə, həmçinin evə baxış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 151 (yüz əlli bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar