Məhkəmə qərarları › İş №1(101)-651/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-651/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-651/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçilər: Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1985-cı il tarixdə Ağdam rayonu Cəvahirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu Cəvahirli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsbəsi A.Gəraybəyli küçəsində yerləşən Texniki Universitetin yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 01 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 yaşadığı ünvan 1 ünvana gəlib Kəmalə Nəsirovanın razılığı ilə mənzilə daxil olub sözlə mübahisə etdikdən sonra sonuncunun ardınca mətbəxə keçərək, mətbəxdə masanın üzərindən götürdüyü bıçağı silah qismində tətbiq etməklə, Zərərçəkmiş şəxs qarın nahiyyəsinə dirəyib həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib mənzilin otağına keçərək orada həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edib hücuma məruz qalmış Kəmalə Nəsirovam təpik və yumruqla vurub basqın edərək sol gicgah nahiyyəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə pul qabından 10 manat nəğd pulu və həmin otaqda olan siyirmənin üst gözündən ümumi çəkisi 12 qram olan 585 əyyarlı 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl sırğadan ibarət 1200 manat dəyərində qızıl dəstini, 25 manat və 40 manat dəyərində 02 ədəd bujuteriya dəstlərini ələ keçirərək zərərçəkmiş şəxs Kəmalə Nəsirovaya ümumilikdə 1275 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxs Kəmalə Nəsirova ilə tanışlığı olmuş, onun evinə gedib-gəlirmiş. Özü elektrik ustası olmuşdur. Hərdənbir onun evinə gedərək işıqlarını düzəltmişdir. Bacısı oğlu da Kəmalənin evinə gedib-gəlirmiş və Kəmaləyə onun haqqında bəzi şeylər demişdir. Aralarında söz-söhbətdə olmuş, axrıncı dəfə o Kəmalənin evinə gedəndə içəri girmiş, siqaret yandırmış, Kəmalə isə ona “birazdan oğlum gələcək siqareti söndür” demişdir. Daha sonra o, səs-küy salmağa başlamış, o da siqareti söndürüb balkondan yerə atmışdır. Çox səs etdiyi üçün Kəmalənin ayağına və üzünə vurub oradan getmişdir. Səhəri gün bilmişdir ki, polislər onu axtarır. Qardaşı ona xəbər etmişdir ki, polislər onu axtarır, o da qardaşından polisin nömrəsini istəyib danışmışdır. Polislər ona “sən pul oğurlayıb qadına bıçaqla hədə-qorxu gəlmisən” demişdir. O isə bunu qəbul etməyib polislərə etiraz etmişdir. Hadisənin baş vermə səbəbi isə o olmuşdur ki, onun polis tanışı ondan zərərçəkmiş şəxsin nömrəsini istəmiş və onu insan alveri ilə bağlı tutacağını bildirmişdir. Bu hadisəni ona bacısıoğlu zərərçəkmişə dediyi üçün aralarında mübahisə olmuşdur. Evi tərk etdikdən sonra blokda yarım saatdan çox qonşularla mübahisə etmişdir. Onlar nəyə görə gəldiyini soruşurmuşlar. Zərərçəkmiş şəxsi söyüş söydüyünə görə vurmuşdur. Evdən nə pul, nə də qızıl götürməmişdir. Qapıdan çıxdıqda iki nəfər polis əməkdaşı onu görmüşdür. Onda bıçaq olmamışdır. Bir ilə yaxın imiş ki, zərərçəkmiş şəxsi tanıyırmış. Bu vaxta qədər aralarında söz-söhbət olmamışdır. Bacısıoğlunun 28 yaşı var imiş. Zərərçəkmişin evinə gedəndə narkotik vasitə istifadə etməmişdir, bir neçə dəfə ora gedən zaman içkili olduğu vaxtlar olmuşdur. Zərərçəkmiş şəxsin ondan başqa şəxslərlə də görüşdüyü barədə məlumatı olmuşdur. Hadisə günü isə ora tək getmişdir. Hadisə baş verərkən evdə zərərçəkmiş və o olmuşdur. Səs çox olduğu üçün qonşular da eşitmişdir. O içkili olmuş, evdən çıxdıqdan sonra qapını bağlamışdır. Hər dəfə görüşəndə zərərçəkmişə 20 manat pul verirmiş. Özünü təqsirli bilmir. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onlara getməmişdən 6-7 ay əvvəl o çilçıraq almış, onu da usta kimi çağırmışdır. Təqsirləndirilən şəxslə 2 dəfə yaxın münasibətləri də olmuşdur. Ceyhun onun qapısına getmiş, o isə qapını açmamışdır, təqsirləndirilən şəxs bir neçə dəfə içkili vəziyyətdə onun evinə getmişdir. 01 aprel 2023-cü il tarixdə axşam vaxtı yaşadığı mənzilin qapısı döyülmüşdü qapını çox döydüyü üçün məcbur qalıb açmışdır. Qapını döydükdə Ceyhun olduğunu bilmiş, amma açmamış, gedib yemək yeməyə davam etmişdir. Ceyhun evdə alışqan olmadığı üçün, siqaretini ona vermişdi ki, aparsın yandırsın. O da mətbəxə keçərək onun siqaretini yandırmışdı. Bu zaman Ceyhun onu arxadan bir əli ilə boğaraq mətbəxdə olan bıçağı götürərək onun sol qarın nahiyəsinə dirəyib onu bıçaqla vuracağını bildirmişdi. Ceyhun onun boğazıbdan qolu ilə boğaraq onu qonaq otağına gətirib, onun baş nahiyyəsinə yumruqla vurub divanın üstünə yıxıb evdə nə varsa gətirməsini bildirmişdi. O, ona ilk öncə pul kilsəsini sonra özünə məxsus ümumi dəyəri 1200 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 01 cüt qızıl sırğanı, 01 ədəd qızıl qolbağını və 01 ədəd qızıl üzük dəstini qonaq otağında olan siyirmənin üst gözündən açıb oradan götürmüşdü. Həmin vaxt həmin qızıl-zinət əşyalarının yanında saxladığı ümumi dəyəri 25 manat və 40 manat dəyərləri olan sırğa, üzük, qolbağı və boyunbağı bujuteriya dəstini də götürmüş və əynində olan qış gödəkçəsinin sağ cibinə qoymuşdu. Daha sonra qonaq otağında olan stulun üst hissəsinə asdığı paltarlarının cibləırini axtarmağa başlamışdı ki, pul ya da dəyərli nəsə tapsa götürsün. Lakin o, paltarlarının cibindən heç nə tapa bilməmişdi. Bundan sonra Ceyhun sağ əlində olan bıçağı ona tərəf tutaraq qaçmamağını, qışqırmamağını, əks halda yaxşı olmayacağını demiş və onu özü ilə çöl qapıya kimi aparmışdı. Orada yenə də bıçağı ona dirəyərək bildirmişdi ki, heç kəsə heç nə deməsin, yoxsa onun üçün yaxşı olmayacaq. O da qorxduğu üçün heç kimə dəməyəcəyinə söz vermişdi. Yalnız bundan sonra Ceyhun qapını açıb əlində bıçaqla birlikdə evdən çıxıb getmişdi. Ceyhun qapının ağzından çıxdıqdan dərhal sonra qapını arxadan kilidləmiş və tez DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdi. Sonra isə rəfiqəsi Arzuya zəng edib bu barədə deyərək evinə çağırmışdı. Təqsirləndirilən şəxs ona heç bir maddi dəstək göstərməmişdir. Ceyhunun nömrəsini qonşulardan usta adı ilə almışdır. Təqsirləndirilən şəxsin bacısıoğlu ilə görüşməmiş, amma tanış kimi münasibətləri olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qonşusudur. Onunla münasibətləri yaxşıdır. Kəmalənin evinə gəlib-gedən şəxsləri görməmişdir. Səs-küy eşitməmişdir. Kəmalənin tək yaşadığını bilir. 01 aprel 2023-cü ii tarixdə axşam vaxtı Kəmalə onun telefonuna zəng vurub ağlaya-ağlaya həyəcanlı vəziyyətdə Ceyhun adlı şəxsin onun yaşadığı evə gəldiyini, yaşadığı evdə onu vurub bıçaqla qorxudub pulunu və qızıllarını alıb getdiyini bildirmişdir. O, tez Kəmalənin yaşadığı evə gəlmişdir. Həqiqətəndə Kəmalə qorxmuş vəziyyətdə idi və ağlayırdı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə etməsi kimi qiymətləndirir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il Qərarının 7ci bəndində qeyd olunur ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Binəqədi rayonu, Z.Bünyadov küçəsi ev 7, mənzil 6–dır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti keçirilmiş, zərərçəkmiş şəxs X3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 603 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarət-sol gicgah nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər aid edildiyindən dərəcəsi təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (əl, yumruq və s.) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-339/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz tutulmaqla 06 ay islah işlərinə məhkum edilmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(013)-07/2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək qeyd olunan hökmlə ona təyin olunan cəzadan azad olunmuş və məhkum olunmamış hesb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1693 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar