Məhkəmə qərarları › İş №1(101)-652/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-652/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-652/2023 05.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərinin tərcüməçiləri X3, X4 və X8 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2-da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamış, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, habelə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 2,598 qram kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Nərimanov rayonu, Məmməd Araz küçəsi 109 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:34-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 2,245 qram və 0,353 qram olmaqla ümumilikdə külli miqdarda 2,598 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və hüququndan istifadə edərək ifadə verməkdən imtina etdi. Belə halda cinayət prosessual qanunvericiliyin tələbləri rəhbər tutularaq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edildi. Qeyd edilən ifadələrdə təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, əvvəlki ifadələrində məsuliyyətdən azad olmaq üçün yalandan polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qaldığını bildirmiş, lakin belə hal olmayıbdır. Əslində isə psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən bıçaq ona məxsusdur. Belə ki, tutulmazdan 3-4 gün öncə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ərazisində piyada gəzən zaman yerdə yan-yana 01 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli kağız olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün və kağızın içərisində nə olduğunu bilmək üçün onları yerdən götürmüş, bükümün və gümüşü kağızın içərisinə baxdıqda içərisindəki maddələrin psixotrop maddə metamfetamin olduğunu bilib üzərində gəzdirdiyi çantanın içərisinə qoymuş, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa onlardan istifadə etmək olmuşdur. Bundan əlavə həmin çantanın içərisində 2 il bundan öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda yerini xatırlamadığı köşkdən aldığı bıçağı da gəzdirmişdir. 20 iyun 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, polis idarəsində ilk öncə rus dilində təhsil aldığı üçün ona tərcüməçi təqdim edilmiş, daha sonra isə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasını götürüb həmin çantanın içərisində olan 01 ədəd sellofan bükümü, 01 ədəd gümüşü rəngli kağız bükümü, 01 ədəd bıçağı, 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd dəridən hazırlanmış pul qabını, 01 ədəd gözlük qabını və mənzil açarlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün və 01 ədəd gümüşü rəngli kağız bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sellofan büküm və gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, sonra bıçağa baxış zamanı məlum olmuşdur ki, dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından fərqli bıçaqdır. Daha sonra təqdim etdiyi pul qabına və gözlük qabına baxış zamanı pul qabının içərisindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 10 manat pul, gözlük qabın içərisindən isə 01 ədəd gözlük və 01 ədəd gözlük dəsmalı aşkar olunmuş, şəxsi axtarış davam etdirilərkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamini 3-4 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsindən təsadüfən tapdığını və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, təxminən 1-2 aya yaxın müddətdir psixotrop maddə metamfetamin qəbul etdiyini bildirmiş, bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən 2 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda yerini xatırlamadığı köşkdən aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polis əməkdaşı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, daha sonra həmin zərflər imzalanmış, eyni zamanda aşkar edilmiş 10 manat pul, 01 ədəd əl çantası, 01 ədəd pul qabı, 01 ədəd gözlük qabı, 01 ədəd gözlük, 01 ədəd gözlük dəsmalı, mənzil açarları və 01 ədəd kibrit qutusu ona geri qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, daha sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra iştirakçılarla birlikdə protokola imza etmişdir (cild 1, iş vərəqi 102-105, cild 2, iş vərəqi 181-183). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə rəhbərliyi o etmiş, digər əməliyyat üzvləri Şahid3 və Şahid2 olmuşdur. Axşam saatlarında Məmməd Araz küçəsi ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxsı idarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman üzərindən metamfetamin və bıçaq aşkar olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, metamfetamin aşkar olunanda Təqsirləndirilən şəxs onun psixotrop maddə olduğunu etiraf etmiş, bıçağı isə təxminən 3-4 il əvvəl hardansa əldə etdiyini, bıçaq onun üçün maraq kəsb etdiyi üçün üzərində daşıdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Seyran adlı şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, Seyran adlı şəxs xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 17:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə həmin şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisində olan 01 ədəd sellofan bükümü, 01 ədəd gümüşü rəngli kağız bükümü, 01 ədəd bıçağı, 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd dəridən hazırlanmış pul qabını, 01 ədəd gözlük qabını və mənzil açarlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün və 01 ədəd gümüşü rəngli kağız bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sellofan büküm və gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, sonra bıçağa baxış zamanı məlum olmuşdur ki, o, dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından fərqli bıçaqdır. Daha sonra təqdim etdiyi pul qabına və gözlük qabına baxış zamanı pul qabının içərisindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 10 manat pul, gözlük qabın içərisindən isə 01 ədəd gözlük və 01 ədəd gözlük dəsmalı aşkar olunmuş, şəxsi axtarış davam etdirilərkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamini 3-4 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsindən təsadüfən tapdığını və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, təxminən 1-2 aya yaxın müddətdir psixotrop maddə metamfetamin qəbul etdiyini bildirmiş, bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən 2 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda yerini xatırlamadığı köşkdən aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polis əməkdaşı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, daha sonra həmin zərflər imzalanmış, eyni zamanda aşkar edilmiş 10 manat pul, 01 ədəd əl çantası, 01 ədəd pul qabı, 01 ədəd gözlük qabı, 01 ədəd gözlük, 01 ədəd gözlük dəsmalı, mənzil açarları və 01 ədəd kibrit qutusu ona geri qaytarılmışdır (cild 1, iş vərəqi 40-43). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3467 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr..” və s. yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,245 qram və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,353 qram ümumi təmiz çəkisi 2,598 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2008-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 57-62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 007-18426- 1222 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və bıçağı kimdən, necə və hansı şəraitdə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslərlə əlaqəsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, qeyd olunanlarla bağlı müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 175). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/853 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 187-190). İşdə olan Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin 454-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında araşdırma aparılmış, ərizədə göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 82-85). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 170). İşdə olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon saz vəziyyətdə onun oğlu X10 təhvil verilmişdir (cild 1, iş vərəqi 171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə aid giriş-çıxış zəngləri, sms mətnləri və anten dairələrinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 170). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 131-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 137-143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 144-150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X1 İsayevin üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 153-155). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4194 nömrəli rəyindən görünür ki, tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs əvvəllər nadir hallarda narkotik vasitə marixuanadan onu siqaretə doldurub çəkməklə və 2-3 aydır ki, arabir düşəndə psixotrop maddə metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Müayinə zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə etmənin xarakterik əlamətləri, bu maddələrə qarşı abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur. Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 191-192). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X9 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 169). İşdə olan maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlardan sonra qalıq qalan ümumi təmiz çəkisi 2,498 qram psixotrop maddə metamfetamin, 01 ədəd soyuq silah hesab edilən bıçaq və şəxsi axtarışın görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, 2,498 qram psixotrop maddə metamfetamin və 01 ədəd soyuq silah hesab edilən bıçaq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 139, 141, 209-217; cild 2, iş vərəqi 185-186). İşdə olan sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.4 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 228.4 və 234.1-1ci maddəsinə tövsif edilmişdir (cild 2, iş vərəqi 156-161). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həyat yoldaşı, bir oğlu və bir qızı ilə yaşayır. Təqsirləndirilən şəxs barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 165-166). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə şikayət vermiş, həmin şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov rayon prokurorluğunda müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində ərizədə göstərilən faktlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki təsir göstəriləsi barədə məhkəmədə ifadə vermədiyindən məhkəmə işdə olan materiallar əsasında təqsirləndiilən şəxsə qarşı qanunsuz əməllərə yol verilmədiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması, qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəriməni tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə sonuncunun barəsində Nərimanov RPİ-nin İstintaq şöbəsində CM-in 128-ci maddəsi ilə istintaq edilmiş cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir (cild 1, iş vərəqi 161-163). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəza icra edilib bitdiyi vaxtdan bir ildən çox vaxt keçdiyinə görə o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 126-130, 149-151, 198-202; cild 2, iş vərəqi 64-68). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,498 qram psixotrop maddə metamfetamin və bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilməlidir. Digər maddi sübut – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 178 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1- 1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.1- 1-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,498 qram psixotrop maddə metamfetamin və bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin. Digər maddi sübut – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 178 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar