Məhkəmə qərarları › İş №1(101)-652/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-652/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-652/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 qızının və X9, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X10, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə günorta vaxtlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki məscidin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, 19 aprel 2023-cü il tarixdə saat 19:15-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədəndə yerləşən Mister Tum şirkətinin inzibati binasının yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 2 ünvanında yerləşən 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 3,811 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 17 aprel 2023-cü il tarixində həyətdə samovar üçün odun doğrayarkən çöl qapı döyülmüş, o, qapını açmış və qarşısında mülki geyimdə iki nəfərin olduğunu görmüşdür. Həmin şəxslər ondan adını soruşmuş, o da adının Vüsal olduğunu bildirmiş, həmin şəxslər onu axtardıqlarını demişlər. O, səbəbini soruşduğu zaman qonşunun turbasından su çəkdiyini bildirmişlər. O da burada hamıya təzə su çəkildiyi üçün su çəkməyə ehtiyac olmadığını demişdir. Onlar qonşunun bölmədə səsini başına atdığını, bölməyə getməyini, əgər o, olmasa çıxıb gedəcəyini bildirmişlər. Onu ağ rəngdə avtomobilə mindirərək bölməyə, orada isə növbətçinin otağına gətirmişlər. Orada onun kəmərini və sair çıxararaq üzərini axtarmışlar. Daha sonra onu rəisin otağına qaldırmışlar. Rəis onun maşın ustası olduğunu eşitdiyini, ərazisindən 21-22 oğurluq olunduğunu, onun yanına çox adamın gəlib-getdiyini, onun həmin şəxslərin kim olduğu barədə məlumatı olduğunu söyləmişdir. O isə tezdən işə gedib axşam gəldiyini, bu barədə məlumatının olmadığını demişdir. Rəis onlara kömək etməyini söyləmişdir. O yenə də məlumatının olmadığını bildirmişdir. Rəis onun baş tərəfində oturmuş və əlinə dubinka götürmüş, arxadan onun ayağına dubinkanı vuran zaman onun dizi qatlanmış və yıxılmışdır. Rəis onu dubinka ilə döyməyə başlamışdır. Döydükdən sonra əməliyyatçılara onu aparıb başa salmaqlarını söyləmişdir. Onu aşağı-birinci mərtəbəyə düşürmüşlər və orada özləri döyməyə başlamışlar. Orada onu 2 gün döydükdən sonra yenə rəisin otağına qaldırmışlar. Rəis ağlının başına gəldiyini və fikrini soruşmuş, onun 21-22 oğurluğu boynuna götürməsini və içəriyə getməsini təklif etmişdir. Rəis yenə də əməliyyatçılara onu aparıb başa salmalarını söyləmişdir. Aşağı düşürülmüş və qara rəngli “Mercedes” markalı avtomobillə Binəqədi rayon Polis İdarəsinə, arxa qapıdan fırladaraq zirzəmiyə gətirmişlər. Orada 5-6 nəfər idmançı olmuşdur. Həmin şəxslər taxta dubinka ilə onu döyərək qabırğasını sındırmışlar. Qabırğası bu dəqiqə də şiş vəziyyətdədir. Başında dubinkaların yeri qalmış, oraya su yığılmışdır. Divarlar bütün qan olmuşdur. Onu orada çox pis döymüşlər. O, həmin şəxslərin onu döyərək öldürəcəklərini görmüş və onu rəisin yanına aparmalarını söyləmişdir. Onu təzədən 43-cü bölməyə gətirmişlər. Rəisə heç olmasa 5-6 oğurluğu ona verməsini söyləmiş, oğurluq barədə sənədlərə qol çəkmişdir. Daha sonra onu şəkil çəkmək üçün bir-bir oğurluq hadisələri olan yerlərə aparmışlar. Lallar fabrikinə, Fatmayı qəsəbəsinə gətirmişlər. Hansı evə aparsalar da alınmamışdır. Ev sahibləri cinayəti necə törətməyi barədə suallar vermişlər. Oğrunu gördüklərini və onun cinayət barədə səhv məlumat verdiyini, həmin hallarla üst-üstə düşmədiyini bildirmişlər. Sonra onu çəkib xəbərlərdə oğurluqla bağlı tutulduğunu göstərmişlər. Daha sonra rəis onu yenidən otağına çağırmış və bəxtinin gətirdiyini söyləmişdir. Oğurluq cinayətinin 2 ildən 5 ilə qədər, narkotik cinayətinin isə 3 ilə qədər olduğunu bildirərək 234.1-ci maddəyə dəyişməyini söyləmişdir. O, oğurluq cinayətini razılaşdığını söyləyən zaman onun alınmadığını və onu buraxa bilməyəcəklərini söyləmişdir. Onun qabırğası şişmiş və 3 dişi düşmüşdür. Rəislə razılaşmadığı zaman kilo ilə onun evindən narkotik maddə çıxara biləcəyini, atasını da buraya gətirəcəyini söyləyərək ailəsi ilə hədə-qorxu gəlmişdir. Axırda məcbur olmuşdur. Çünki onların əlindən çıxmaq üçün başqa çarəsi olmamışdır. O, Kürdəxanıya istintaq təcridxanasına gəldikdən sonra 234.1-ci maddə deyil, 234.1-1-ci maddə yazıldığını bilmişdir. Onun üzərindən heç nə aşkar etməmişlər. Üzərində şəxsiyyət və sürücülük vəsiqələri olmuşdur. Otaqda ona narkotik maddə verərək cibinə qoymağını və məscidin yanından 20 manata aldığını söyləməyini tələb etmişlər. O, narkotik istifadə etməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs polislər oğurluq hadisəsini sübut edə bilmədiklərini, təsdiqini tapmadıqdan sonra onu buraxa bilmədiklərini, qabırğası və başının şişdiyini, ona özləri içəri getməli olduğunu, bəraət ala biləcəyini, 5-6 ay iş alıb çıxacağını söylədiklərini, onun oradan çıxmağının başqa variantı olmadığını, onu orada çox pis döydüklərini, bunu deməklə ifadə edə bilmədiyini, onu orada vurmayan adam qalmadığını, onu gəlib aparan rəisin sürücüsü olduğunu, onların adlarını bilmədiyini, üzdən gördüyü zaman tanıya biləcəyini, onu təhqir etdiklərini, ilk öncə, oğurluq hadisəsi ilə razılaşdığını, oğrunun orada kameraya düşdüyü evlərin olduğunu, onu çəkərək TV-yə verdiklərini və bütün qohum-əqrəba, qonşuların onu oğurluqla tutulduğunu bildiklərini, heç vaxt oğurluq törətmədiyini, 2-3 il bundan əvvəl narkotik maddə istifadə etdiyini, evdə də, ətrafında da müalicə aldığını bildiyini, çox istifadə etmədiyini, 3-5 dəfə istifadə etdiyini, narkotik aludəçisi olmadığını, 1 ildən çox idi ki, narkotik istifadə etmədiyini, 2012-ci ildə Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunduğunu, narkotik maddələrin ona aidiyyəti olmadığını, Binəqədi rayon prokurorluğundan gəldiklərini, kim olduqlarını soruşduğunu və prokurorun köməkçisi olduğunu söylədiyini, onu vurub vurmadıqlarını soruşduqlarını, onun da qabırğasında sınıq, başında şiş olduğunu, dişlərinin sındığını bildirdiyini, Kürdəxanı türməsində həkim yoxlanışından keçdiyini, həkimin də qeyd etdiyini, hamısını şikayət etdiyini, amma baxan olmadığını, Kürdəxanıda həkimin bütün yaralarını gördüyünü, ayağında təpik izlərinin də qaldığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, “Mister Tum” semiçka şirkətinin inzibati binasının yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə həmin bölməyə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofana bükülmüş bir ədəd bükümü masanın üzərinə qoymuşdur. Ondan üzərində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş ağ rəngli sellofana bükülmüş bir ədəd bükümün nə olduğu soruşulduqda, o, həmin sellofanda psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin maddəni xx.xx.2023-cü il tarixdə təxmini saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır (cild 1, iş vərəqi 69-70). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq protokoldakı imzaların ona məxsus olduğunu, təzyiq altında olduğu üçün belə ifadə verdiyini, Binəqədi Rayon Məhkəməsində heç nə deyə bilmədiyini, hakimin üzünü 5 dəqiqə belə görə bilmədiyini, orada danışdırılmadığını, içəri girməyi ilə çıxmağının bir olduğunu, onu Maştağaya apardıqlarını, orada ondan heç bir analiz alınmadığını, həkim otağına girib çıxdığını, orada onu necə tutduqlarını, narkotik istifadə edib-etmədiyini soruşduqlarını, o da 1 ildən çoxdur istifadə etmədiyini dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 19 aprel 2023-cü il tarixində Binəqədi qəsəbəsi, 2-ci Mədən, “Mister Tum” şirkətinin yaxınlığında Vüsala yaxınlaşmış, özlərini təqdim edib şəxsi polis bölməsinə dəvət etmişlər. Vüsalın barəsində narkotik vasitələrin istifadəsi ilə bağlı əməliyyat məlumatı olmuşdur. Bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman o, könüllü şəkildə narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Özü şəxsi istifadəsi üçün Binəqədi məscidinin yanından 20 manata aldığını bildirmişdir. Narkotik vasitə qablaşdırılmış, ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Vüsala qarşı fiziki, psixi zorakılıq olunmadığını, üzərindəki narkotik vasitənin 1 bükümdə olduğunu, özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini, əməliyyat qrupunun rəhbərinin Şahid1 olduğunu, əməliyyat məlumatı sonuncuya daxil olduğunu, saxlayanda üzərinə baxış keçirilmədiyini, şəxsi döymədiklərini, şəxsi oğurluq hadisəsi ilə bağlı heç yerə aparmadıqlarını, 19 apreldə saxladıqlarını, axşamüstü olduğunu, Şahid1 şəxsi maşını ilə bölməyə gətirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X16 ifadəsində göstərdi ki, oğlu tutulmamışdan bir gün qabaq sahə müvəkkili Zaur onun evinə basqın etmiş, o, şölə çıxıb nə olduğunu soruşmuş, Vüsalı axtardıqlarını bildirmişlər. Gələn şəxslər oğurluq hadisəsi olduğunu demişlər. Vüsal evə gəldikdə o, Vüsala bu hadisə haqqında danışmış, Vüsal isə belə bir şeyin baş vermədiyini demişdir. Sabahısı gün o, evdən küçəyə çıxanda Vüsalı maşına mindirib apardıqlarını görmüşdür. O, hadisəylə bağlı Vüsalı dindirəcəklərini və buraxılacağını düşünmüş, ertəsi gün Vüsal qayıtmadığına görə o, polis bölməsinə getmiş, orada Vüsal barəsində iş aparıldığı deyilmişdir. Şövqi adında müstəntiq Vüsalın buraxılması üçün ondan 4 min manat istəmişdir. O da kredit götürüb həmin pulu vermiş, lakin Vüsalı buraxmamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X1 etmirsə, aprelin 17-si aparıldığını, bölmədə döyülməsi barədə Vüsalın telefonda ona dediyini, “Xəzər” televiziyasında oğurluq barədə göstərildiyini, Vüsalın narkotik vasitədən istifadə etmədiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qonşusu X19 ifadəsində göstərdi ki, 17 aprel tarixində o, evdən çıxanda Vüsalın həyətdən götürülüb aparıldığını görmüş, bir az keçmiş Vüsalın atası çıxmış, o, Vüsalın aparıldığını atasına bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, tikinti işi ilə məşğuldur. O, metal vermək üçün mağazaya yaxınlaşmış, bu zaman polis maşını dayanmış, Vüsalı maşından düşürüb ondan nəsə satıb-satmamasını soruşmuşlar, o da həmin mağazada işləmədiyini bildirmişdir. Həmin mağazanın sahibi gəlmiş, həmin şəxsdən Vüsalın onlara metal verib-vermədiyini soruşmuşlar, həmin şəxs də mənfi cavab vermişdir. Daha sonra o, mağazadan çıxmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X7 bu hadisənin baş verdiyi dəqiq tarixi bilmədiyini, təxminən aprelin 15-20-si arası baş verdiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi üzdən tanıyır, onu bir neçə dəfə görmüşdür. O, özü taksiçi işləyir. Onun evindən oğurluq olunub, televizor və başqa əşyalar aparılmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X20 onun evindən 2 dəfə oğurluq olduğunu, ancaq tarixlərini xatırlamadığını, 1-ci dəfə oğurluq edənin tapıldığını, polislərin təqsirləndirilən şəxsi yay aylarında onların həyətinə gətirdiklərini, şəklini çəkib getdiklərini, lakin həmin şəxsi onun evində danışdırmadıqlarını, oğurluq olan mənzil Binəqədi rayonunda yerləşdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1985-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi bildirilir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1985-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 19:15-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, “Mister Tum”un yaxınlığında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 7). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “patı” olduğunu, bu maddəni həmin tarixdə saat 14:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, məscidin yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm zərfə qablaşdırılaraq zərflər üçün nəzərdə tutulmuş 243 saylı möhürlə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 30-31). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2330 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün № 243” dairəvi möhür əksi olan, “Zeynalov imza...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 3,811 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 36-40). - DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 19 aprel 2023-cü il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərlinin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Fərid Nəzərlinin qarşı sağ tərəfində əyləşmiş şəxs Təqsirləndirilən şəxs, onun yanında oturmuş şəxs həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Yasef oğlu, təhqiqatçının qarşı sol tərəfində oturan şəxs bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Nazir oğludur. Videoçəkilişin davamında təhqiqatçı Fərid Nəzərli, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü, sol yan cibindən isə “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə “patı” olduğunu, həmin bükümü saat 14:00 radələrində Binəqədi qəsəbəsində məscidin yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırılır (cild 1, iş vərəqi 64-66). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 105-106). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 6471 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 84). - mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 92). - Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 93). - xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 3,761 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, metamfetamin saxlanması üçün Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 107). - cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti müəyyən edilməmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 117). - sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 müharibəsi iştirakçısıdır, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Zeynalov Murad, xx.xx.2011-ci il təvəllüdlü Zeynalov Amal adlı uşaqları vardır (cild 1, iş vərəqi 97- 101). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu oğurluq hadisələrilə əlaqədar saxladıqları, onun oğurluq olan ünvanlara aparılması, saxlanılan zaman onun üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının ona çoxsaylı işgəncə vermələri, həmin işgəncələrdən xəsarətlər alması və nəticədə dözməyib onun özünə məxsus olmayan narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, ibtidai istintaq materiallarından görünür ki, saxlanıldıqdan dərhal sonra Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun öz istəyi ilə müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içində “patı” olduğunu, bu maddəni həmin tarixdə saat 14:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, məscidin yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə eyni məzmunlu ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadə etmək məqsədilə əldə etdiyini etiraf etmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət və təqdimata baxılarkən o, üzərindən doğurdan da psixotrop maddə aşkar olunduğu, həmin maddəni özü istifadə etmək üçün əldə etdiyi barədə məhkəməyə izahat vermişdir. Döyülməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə əsasən, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun üst dodaq nahiyəsində köhnə çapıq toxuması, sağ ayağın arxa səthində təxmini ölçüsü 2x3 santimetr olan qərtməkli yara aşkar olunması barədə qeyd aparıldığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sağ ayaq pəncəsinin arxa səthində qərtməkli yara aşkar olunması ilə bağlı İstintaq təcridxanasından daxil olmuş məlumatla bağlı həmin prokurorluqda araşdırma aparılmış, özünün, polis əməkdaşının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq göstərilməsi öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə müdafiə tərəfinin iddiaları ilə bağlı bir sıra araşdırma tədbirləri həyata keçirmişdir. Belə ki, Binəqədi rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına daxil olub-olmaması, daxil olduğu halda həmin hərəkəti təsdiq edən sənədlərin surətinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Həmin sorğuya verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin bölməyə 19 aprel 2023-cü il tarixdə saat 19:40-da daxil olmuş, həmin gün saat 21:00-da Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparılmışdır. Müdafiəçinin Binəqədi rayon Polis İdarəsindən əldə edib məhkəməyə təqdim etdiyi məktubdan isə görünür ki, həmin Polis İdarəsinin müvəqqəti saxlama yeri 05 mart 2023-cü il tarixdən 09 may 2023-cü il tarixədək təmirə bağlı olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 17 aprel 2023-cü il tarixdə saxlanılaraq polis bölməsində saxlanılması fərziyyəsinin yoxlanılması məqsədilə ona məxsus ***-***-**-** mobil telefon nömrəsi üzrə 17 aprel 2023-cü il tarixdən 27 aprel 2023cü il tarixədək əhatə dairəsinə dair anten məlumatları "xxxx" MMC-dən götürülüb məhkəmədə tədqiq edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs telefonu 17-19 aprel tarixlərində Binəqədi və Abşeron rayonlarının ərazisində müxtəlif ünvanlarda quraşdırılmış anten dairələrində qeydə alınmışdır. Bu hal onu göstərir ki, əgər 17 aprel tarixində o, polis tərəfindən saxlanılmış olsaydı, telefonu özündə olmazdı. Qeyd edilən telefon isə tutulana qədər, yəni 19 aprelə qədər təqsirləndirilən şəxsin özündə olmuş və o, müxtəlif ünvanlara getmişdir. Binəqədi rayon Polis İdarəsindən məhkəməyə verilmiş digər cavab məktubundan isə görünür ki, həmin idarənin İstintaq şöbəsində Təqsirləndirilən şəxs tərəfindən oğurluq cinayətinin törədilməsi faktı üzrə cinayət təqibi aparılmamış, həmçinin təqsirləndirilən şəxs dindirilərkən oğurluq cinayəti törətməsi ilə bağlı məlumat verməmişdir. Beləliklə, şərh olunanlardan məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən iddia olunan 17 aprel tarixində və oğurluq cinayətləri ilə əlaqədar deyil, 19 aprel tarixində psixotrop maddəsini qanunsuz saxlaması faktı üzrə saxlanılmış, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi psixotrop maddəni əldə edib saxlaması və daşıması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul edir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X16 və qonşusu X12 polis əməkdaşlarının Təqsirləndirilən şəxs 17 aprel tarixində evdən aparmaları barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq və qonşuluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə verdikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X5 və X13 məhkəmədə verdikləri ifadələri məhkəmə bütövlükdə şübhə altına almasa da, ifadələrdə onların qeyd etdikləri tarixlərlə bağlı məqamları həmin məqamlar Təqsirləndirilən şəxs 17 aprel tarixində saxlanılması halına aydınlıq gətirmədiyi səbəbindən məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs xeyrinə şərh etməyi mümkünsüz hesab edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2012-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 186.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2012-ci tarixli qərarı ilə cəzası 3 il 11 ay 27 günə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2014-cü il tarixli, 972 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 86-87, 88-90). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əfv edildiyi vaxtdan iki ildən çox vaxt keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, 1 yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 21 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 72-75). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 19 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Binəqədi rayon Polis İdarəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 3,761 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,761 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar