Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-654/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamıın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Alyans” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təlükəli olan zərər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 10 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində ünvan 3 ünvanın arxa tərəfində yerləşən yaşıllıq sahədə yeznəsi Zərərçəkmiş şəxs ilə görüşüb, bacısı Şahid3 ilə mütəmadi olaraq mübahisə edib ailədə narazılıqlar yaratdığına, anası Şahid2 və atası Şahid1 ilə kobud rəftar etdiyinə görə iradını bildirdikdə, Zərərçəkmiş şəxs bildirilmiş irdadlardan nəticə çıxarmayıb, əksinə özünə haqq qazandırmağa çalışması səbəbindən, yəni şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vurub ona döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası və sol budun orta 1/3-nin deşilmişkəsilmiş yarası (iki ədəd) ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin arxa səthinin sıyrılmış yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edərək perikardin, ürəyin sol mədəciyinin, sol ağciyərin aşağı payının zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısı Sonanın əridir. Asiflə Sona təxminən 4 il əvvəl birgə nikaha daxil olmuş, birgə nikahlarından 3 yaşlı oğlan övladları var. Sona Asif ilə ailə qurduqdan sonra Asifin yaşadığı Xaçmaz rayonu Ağyazı kəndindəki evə gəlin köçüb orada yaşamışdır. Maddi vəziyyətlərini nəzərə alıb valideyinləri Sonagilə ara-sıra yardım edib, qış mövsümündə onları yaşadıqları evə dəvət etdikləri üçün bacısıgil gəlib onlarla birlikdə yaşamışlar. Son zamanlar Sonanın uşağı Rəvanın ayaqlarında şiş əmələ gəldiyindən və səhhəti günü-gündən pisləşdiyindən valideyinləri uşağı bir neçə tibb müəssisəsinə aparıb müayinə və müalicə etdirmişlər. Lakin müalicələr müsbət nəticə vermədiyi üçün 09 oktyabr 2021-ci il tarixdə Asif və Sona onların evində olarkən valideyinləri uşağı Respublika Klinik Xəstəxanasına aparıb müayinələrdən keçirmək istədiklərini Asifə demişlər, Asifdə etiraz etməmişdir. 10 oktyabr 2021-ci il tarixdə səhər saatlarında anası Şahid2 bacısı Sona ilə uşağı Respublika Klinik Xəstəxanasına aparıb orada müayinələrdən keçirdikdə həkimlər uşağın səhhətinin ağır olduğunu nəzərə alıb stasionar qaydada müalicə almasını təklif etmişlər. Ona görə də bacısı uşaqla birlikdə xəstəxanada qalmışdır. Həmin gün saat 17 radələrində atası Əyyub ona zəng edib Sona ilə Asif arasında xəstəxanada nə isə narazılıq yarandığını, Sonanın həyacanlı ona zəng edib bu barədə məlumat verdiyini deyib, birlikdə Sonanın olduğu xəstəxanaya getməyi təklif etdiyindən saat 18 və ya 18:30 radələrində atası ilə bacısının olduğu xəstəxanaya getmişlər. Orada Sona bildirmişdir ki, son günlər Asifin ona qarşı münasibəti pozulmuş, heç bir səbəb olmadan narazılıqlar yaratmış, bu gün isə uşağın xəstəxanaya gətirib stasionar müayinə və müalicə olunmasına etiraz edib onunla mübahisə etmişdir. Xəstəxanada olarkən onlardan təxminən 1 saat sonra Asif xəstəxanaya gəlmiş və kobud şəkildə atasına, anasına və bacısına övladını xəstəxanaya gətirib stasionar müalicəyə yerləşdirdiklərinə görə iradını bildirib mübahisə edərək getmişdir. Onlar getdikdən sonra Sonaya zəng edib onu narahat etməməsindən ötrü anasının təklifi ilə Sona istifadəsində olan mobil nömrəsini sındırmış və atası yeni nömrə alıb Sonaya vermişdir ki, lazım olarsa ona zəng edib əlaqə saxlasın. Təxminən saat 21 radələrində valideyinləri ilə birlikdə yaşadığı evə gəlmişdir. Evə gəldikdən 30 dəqiqə sonra Asif anasına zəng edib sənədlərinin onların evində qaldığını deyib onlara gələcəyini və həmin sənədləri ona verilməsini tələb etmişdir. Təxminən saat 22 radələrində Asif onların yaşadığı evin yanına gəldikdə atası sənədləri götürüb həyətə çıxmış və Asifə verib geri qayıtmışdır. Asifin bacısı ilə kobud rəftar etməsi, onunla heç bir səbəb olmadan xəstəxanada mübahisə etməsi, valideyinlərinə qarşı kobud münasibət göstərməsi onda Asifə qarşı qəzəb yaratdığı üçün onu cəzalandırmaq qərarına gəlmişdir. Lakin Asif ondan fiziki cəhətdən qüvvətli olduğu üçün Asifin ona zor tətbiq edə biləcəyindən ehtiyyat edib mətbəxdən məişətdə istifadə olunan bıçağı götürüb həyətə çıxaraq Asifə valideyinləri və bacısı ilə səbəbsiz yerə kobud rəftar etdiyinə görə iradını bildirmiş və yaşadıqları evdən təxminən 100- 150 metr aralı keçib, insanları az gediş-gəlişi olan bir yerdə dayanıb təkrar Asifə iradını bildirmişdir. Üzbəüz dayanıb söhbət etdikləri zaman Asifin onun sözlərinə biganə yanaşdığını, əhəmiyyət vermədiyini, nəticə çıxartmaq belə istəmədiyini, əksinə haqsız ola-ola özünü haqlı çıxartmağa çalışdığını, davranış və hərəkətlərindən onun üzərinə hücum etməyə hazırlaşdığını hiss edib aralarında təxminən 50-60 sm məsafə olarkən o, sağ əlini əynindəki gödəkçənin sağ yan cibinə salıb cibindən mətbəxdən götürdüyü bıçağı çıxarıb Asifin qarın nahiyəsinə zərbə endirmişdir. Bu zaman Asifin onun üzərinə gəldiyini görüb sol əli ilə onun qolundan tutub kənara itələmiş və Asif arxası üstə yerə yıxılmışdır. Asif yerdə uzanıqlı vəziyyətdə olarkən o, Asifə yaxınlaşıb, bir qədər aşağıya əyilmiş vəziyyətdə onun ayaq və qarın nahiyələrinə zərbələr endirmişdir. Zərbələrin sayını və hansının Asifin bədəninə dəydiyini xatırlamır. Həmin vaxtı kənarda atasının səsini eşidib, onların yanına gəldiyini başa düşüb Asifi vurduğu bıçağı sındırıb hadisə yerinin yaxınlığında ataraq qaçıb getmişdir. Asifi öldürmək niyyəti olmamış, belə bir niyyəti olsa idi buna bütün imkanları olmuşdur. Belə ki, birinci zərbədən sonra Asif yerə yıxılmış və üstünlük onda olmuşdur. Asif ona fiziki zor tətbiq edib xəsarət yetirməyə məqam tapa bilməmişdir. Məqsədyönlü şəkildə Asifin bədəninin hər hansı bir nahiyəsinə vurmaq və onu öldürmək niyyəti olmamışdır. Hadisə baş verən zaman ətrafda kənar şəxs olmamışdır. Hazırda törətdiyi əməldən səmimi olaraq peşimandır. Zərərçəkmiş şəxs onunla barışmışdır, bacısı da zərərçəkmiş şəxslə birlikdə yaşayır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs ərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən hallarının məcmusu ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid3 ilə 26 avnust 2017-ci ildə ailə qurmuş, birgə nikahlarından bir oğlan övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun qaynıdır, İlhamla aralarında ədavət və düşmənçilik olmayıb və yoxdur. 08 oktyabr 2021ci il tarixdə o, arvadı Sona və uşağı Rəvanla birlikdə qaynatası Əyyubun evində olmuşlar. Qaynanası Məhbubə və arvadı Sona həmin gün oğlu Rəvanı səhhəti ilə əlaqədar tibbi müayinədən keçirməyi qərarı alıb səhəri günü onun xəbəri olmadan uşağı tibb müəssisəsinə aparmışlar. Bunu bildikdən sonra Sona ilə əlaqə saxlayıb ona iradını bildirmiş və aralarında mübahisə baş vermişdir. Həmçinin qaynanasıgil Sonanın mobil nömrəsini yenisi ilə əvəz etdikləri üçün Sona ilə əlaqə saxlaya bilmədiyindən, daim Sona ilə onun ailə söhbətlərinə müdaxilə etdiklərinə görə qəzəblənmiş və qaynanası Məhbubə və qaynatası Əyyubla sözlə mübahisələri baş vermişdir. 10 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində sənədlərini götürməkdən ötrü qaynatası Əyyubun yaşadığı ünvan 4 ünvana gedib qaynatası Əyyubdan sənədləri götürmüşdür. Həmin vaxtı qaynı İlham da həyətə çıxıb onunla işi olduğunu deyərək evlərindən bir qədər kənara, yaşıllıq sahəyə dəvət etmişdir. Həmin gün xəstəxanada olarkən İlhamgilə onun Sona ilə ailə söhbətlərinə müdaxilə etdiklərinə görə iradını bildirdiyindən sözlə mübahisələri baş verdiyi üçün İlhamın onu döymək məqsədi ilə yaşıllıq sahəyə doğru apardığını başa düşmüşdür. Evdən təxminən 100 metr aralıda yaşıllıq sahədə olarkən İlhama bir daha onun ailə söhbətlərinə müdaxilə etdiyinə görə narazılığını bildirdikdə, İlham onunla kobud və yüksək səslə danışdığı üçün İlhamdan sakit danışmasını tələb etmişdir. Bu səbəbdən də İlhamla onun arasında mübahisə yaranmış və İlham əlini gödəkçənin cibinə salıb ani bir zamanda nə isə çıxarıb onun döş qəfəsinin soi tərəfindən zərbə endirmişdir. Hiss etmişdir ki, İlham onu bıçaq və ya digər deşici-kəsici alətlə vurmuşdur. Hava qaranlıq olduğu üçün dəqiq İlhamın əlində nə olduğunu görə bilməmişdir. Zərbənin təsirindən o aşağı əyildəkdə İlham sifətindən vurub onu yerə yıxaraq 2 dəfə sol bud nahiyəsinə zərbələr endirmişdir. İlhamın ona təkrar və ardıcıl zərbələr endirməyə imkanı olsa da, İlham bunu etməyib oradan qaçıb getmişdir. Az sonra onun yanına qaynatası Əyyub gəlmiş və hadisə yerinə dəvət olunmuş TTYSnın həkiminə köməklik edib onu xəstəxanaya yola salmışdır. Təqsirləndirilən şəxsin qohumları onun bütün müalicə xərclərini ödəmiş, hazırda həyat yoldaşının qardaşı olıan təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və xahiş edir ki, ona yüngül cəza verilsin. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 4 il əvvəl birgə nikaha daxil olmuş, birgə nikahlarından 3 yaşlı Rəvan adlı oğlan övladları var. Ailə qurduqdan sonra Asifin yaşadığı Xaçmaz rayonu Ağyazı kəndindəki evə gəlin köçüb orada yaşamışdır. Maddi vəziyyətlərini nəzərə alıb valideyinləri onlara ara-sıra yardım edib, qış mövsümündə onları yaşadıqları ünvan 4 ünvanına dəvət etdikləri üçün övladı və əri Asif ilə gəlib birlikdə valideyinləri ilə yaşamışdır. Son zamanlar uşağı Rəvanın ayaqlarında şiş əmələ gəldiyindən və səhhəti günügündən pisləşdiyindən valideyinlərinin maddi və mənəvi dəstəyi ilə uşağı bir neçə tibb müəssisəsinə aparıb müayinə və müalicə etdirmişlər. Lakin müalicələrin müsbət nəticəsi olmadığı üçün 09 oktyabr 2021-ci il tarixdə əri Asif ilə valideyinlərinin evində olarkən anası Məhbubə uşağı «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasına aparıb müayinələrdən keçirmək istədiyini Asifə demiş, Asif də etiraz etməmişdir. 10 oktyabr 2021-ci il tarixdə səhər saatlarında anası Məhbubə ilə birlikdə uşağı Respublika Klinik Xəstəxanasına aparıb orada müayinələrdən keçirdikdə həkimlər uşağın səhhətinin ağır olduğunu nəzərə alıb stasionar qaydada müalicə almasını təklif etmişlər. Ona görə də o, uşağı ilə birlikdə xəstəxanada qalmış, anası isə evə getmişdir. Xəstəxanada olan zaman Asif onunla telefonla əlaqə saxlayıb harada olduğunu soruşmuş, o da Asifə uşağın müalicəsi üçün stasionar müayinə və müalicələr almaqdan ötrü xəstəxanada qaldığını demişdir. Asif də xəstəxanada qaldığına görə narazılığını bildirib onun olduğu xəstəxanaya gələrək ona bir daha buna görə iradını bildirmişdir. Bu səbəbdən də Asiflə onun arasında narazılıq yaranmış və sonra Asif getmişdir. Anası ilə telefonla danışdıqda bunu ona bildirdiyi üçün, həmin gün saat 17-18 radələrində anası Məhbubə, atası Əyyub və qardaşı İlham xəstəxanaya onun yanına gəlmişdirlər. Söhbət əsnasında valideyinlərinə son günlər Asifin ona qarşı münasibətin pozulduğunu, heç bir səbəb olmadan narazılıqlar yaratdığını, bu gün isə uşağın xəstəxanaya gətirib stasionar müayinə və müalicə olunmasına etiraz edib onunla mübahisə etdiyini bildirmişdir. Valideyinfərindən təxminən 1 saat sonra xəstəxanaya əri Asif gəliərək kobud şəkildə valideyinlərinə uşağı xəstəxanaya gətirib stasionar müalicəyə yerləşdirdiklərinə görə iradını bildirərək mübahisə edib getmişdir. Onlar gedəndən sonra Asifin ona zəng edib narahat etməməsindən ötrü anasının təklifi ilə istifadəsində olan mobil nömrəni sındırmış və atası yeni nömrə alıb ona vermişdir ki, lazım olarsa onlarla əlaqə saxlasın. Bir qədər yanında olduqdan sonra valideyinləri və qardaşı evə getmişlər. Gecə saatlarında anası ilə telefonla əlaqə saxladıqda anasından eşidib bilmişdir ki, onlar evə gedəndən sonra Asif sənədlərini götürməkdən ötrü valideyinlərinin yaşadığı evə gəlmiş orada qardaşı İlhamla görüşmüş və Asifin onunla kobud rəftar etməsi, heç bir səbəb olmadan xəstəxanada mübahisə etməsi, valideyinlərinə qarşı kobud münasibət göstərməsi İlhamda Asifə qarşı qəzəb yaratdığı üçün onu cəzalandırmaq qərarına gəlmiş və o, evdən məişətdə istifadə etdikləri bıçağı götürüb yaşadıqları evdən 100-150 metr aralıda mübahisə etmiş və İlham bıçaqla Asifi vurmuşdur. Hazırda həyat yoldaşı olan zərərçəkmiş şəxslə birlikdə yaşayır və ikinci dəfə ana olmağa hazırlaşır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən günü təxminən saat 21 radələrində yaşadıqları evə qayıtdıqdan az sonra Asif zəng edib sənədləri onların evində qaldığını deyib gələcəyini və həmin sənədləri ona verilməsini tələb etmişdir. Saat 22 radələrində Asif gəlib sənədlərini götürdükdən sonra oğlu İlham əsəbi halda evdən həyətə çıxmışdır. Təxminən 1-2 dəqiqə keçmiş küçədən səs-küy eşidib səs gələn istiqamətində gedəndə görmüşdür ki, Asif yerdə oturmuş vəziyyətdədir. Asifin əynində olmuş paltarlar qana bulaşdığını görüb ondan nə baş verdiyini soruşduqda Asif İlham tərəfindən bıçaqla vurulduğunu bildirmişdir. Asifə köməklik göstərib hadisə yerinə gəlmiş TTYS-nın həkimi ilə onu xəstəxanaya yola salmışlar. Sonradan İlhamdan eşidib bilmişdirlər ki, Asifin Sona ilə kobud rəftar etməsi, onunla heç bir səbəb olmadan xəstəxanada mübahisə etməsi, onlara qarşı kobud münasibət göstərməsi oğlu İlhamda Asifə qarşı qəzəb yaratmış və İlham Asifi cəzalandırmaq qərarına gəlib məişətdə istifadə etdikləri bıçağı götürüb yaşadıqları evdən 100-150 metr aralıda Asifi bıçaqla vurmuşdur. Avtomaşəın çağıraraq Asifi xəstəxanaya yola salmış və bütün müalicə xərclərini ödəmişdir. Qızı hal hazırda da zərərçəkmişlə birgə nikahda bilikdə yaşayır və yaxın vaxtlarda ikinci övladı dünyaya gəlməlidir. Onlar heç vaxt Asifgilin ailə söhbətlərinə müdaxilə etməmişlər. Sona ilə Asifin birgə nikahından olan uşağı isə xəstəxanaya aparmamışdan öncə Asifə bu barədə məlumat verilmiş, Asif də razılığını bildirmişdir. Sonanın isə istifadəsində olmuş mobil nömrəni yenisi ilə əvəz etməkdə məqsədləri Asiflə Sona arasında mübahisənin gərginləşməsinə deyil, əksinə səngiməsinə yönəlmişdir. Belə ki, onlar düşünmüşdürlər ki, əgər bir müddət əlaqə saxlamasalar, hər biri ayrı-ayrılıqda oturub hərəkətlərinə düzgün qiymət verib narazılıqları aradan qaldıra bilərlər. Məhkəmədə dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin 19-25-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edib, hadisənin baş verdiyi ünvanı və hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə baş verdiyi ünvandan bir-birinə yaxın məsafədə yerdən bir ədəd qara rəngli bıçağın dəstəyi və tiyəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bıçağın qara rəngli dəstəyi ilə yaxınlıqda olan tiyənin əvvəllər vahid bütövlük təşkil etdiyini, Zərərçəkmiş şəxs vurub xəsarət yetirdikdən sonra sındırıb kənara atdığını bildirmişdir. Cinayət işinin 11-ci vərəqində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 11 oktyabr 2021-ci il tarixli 1/1956 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır. Cinayət işinin 136-137-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 noyabr 2021 -ci il tarixli, 2655 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmaldır. Onun hərəkətləri CM- in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Cinayət işinin 139-142-ci vərəqlərində olan məhkəmə-tibbi bioloji ekspertizasının 14 dekabr 2021-ci il tarixli, 885/2021 nömrəli rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/l/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Dəkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antiqeni, həmçinin ləkələrdə alfa, beta aqqlyutininləri də alındı. Beləliklə bu qan ləkələri 0_alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 144-149-cu vərəqlərində olan məhkəmə-tibbi və kriminalistik ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 771/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs perikərdin, ürəyin sol mədəciyinin, sol ağciyərin aşağı payının zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol budun orta 1/3-nin deşilmiş-kəsilmiş yarası (iki ədəd), döş qəfəsinin arxa səthinin sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin, ola bilsin bıçağın, döş qəfəsinin arxa səthinin sıyrılmış yarası isə bərk küt əşya (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti 10 oktyabr 2021- ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edərək perikardın, sol mədəciyinin, sol ağciyərin aşağı payının zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sol budun orta 1/3-nin deşilmiş-kəsilmiş yarası (iki ədəd) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, döş qəfəsinin arxa səthinin sıyrılmış yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının arxa-yuxarı nahiyəsində iki ədəd və maykanın ön hissəsinin sağ qoltuqaltı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin sağ qoltuqaltı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan iki ədəd; şalvarın sol ayağının arxa-yuxarı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol budun orta 1/3-nin iki ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarət - döş qəfəsinin arxa səthinin sıyrılmış yarası ona məxsus olan paltarda öz əksini tapmamışdır. Bu da zədə yetirilən zaman paltarın yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq tiyəsi və bıçaq dəstəyi ölçülərinə və sınıq kənarlarına görə bir-biri ilə tam uyğunluq təşkil edir və bütöv bir bıçağın hissələri ola bilər, bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 156-166-cı vərəqlərində olan qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd-boz rəngli cins materialdandan olan şalvar, ağ rəngli qarışıq materialdan olan qolsuz mayka, bir ədəd qara rəngli plastik materialdan hazırlanmış bıçağın dəstəyi və bir ədəd gümüşü rəngli metaldan hazırlanmış bıçağın tiyəsi maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin saxlancma təhvil verilmişdir. CPM-nin 126.6-cı maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, habelə məhkəmədə tədqiq edilərək araşdırılmış istintaq hərəkətinin protokolları ilə tam təsdiq olunduğuna görə, məhkəmə sadalananları və təqsirləndirilən şəxsin ifadəsini iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, buna görə də Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 36-cı vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-90-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 99-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin müalicə xərclərini ödəməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, əməlindən səmimi peşman olması, əvvəllər məhkum olmaması CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 60-cı maddəsində deyilir ki, CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CMnin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından eləcə də, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, barəsində olan yüngülləşdirici halları, xüsusilə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərini, yeznə-qayın olmalarını, hazırda barışmalarını, zərərçəkmiş şəxsin bütün müalicə xərclərini ödəməsini, təqsirləndirilən şəxsin səmimi peşman olaraq islah olunması davranışları göstərməsini nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin 11 oktyabr 2021-ci il tarixdən şübhəli və təqsirləndirilən şəxs qismində tutularaq saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Maddi sübut zərər çəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd-boz rəngli cins materialdan olan şalvar, ağ rəngli qarışıq materialdan olan qolsuz mayka, bir ədəd qara rəngli plastik materialdan hazırlanmış bıçağın dəstəyi və bir ədəd gümüşü rəngli metaldan hazırlanmış bıçağın tiyəsi CPM-nin 132.1.7-ci maddəsinə əsasən təsərrüfat təyinatını ititdiyindən məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri 7 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X3 müdafiə etmiş və vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatı 70 (yetmiş) saat təşkil edir. CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 420 (dörd yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına, məhkum edilsin, 11 oktyabr 2021-ci il tarixdən hazırki tarixədək tutularaq həbsdə saxlanıldığı 4 (dörd) ay 20 (iyirmi) gün ümumi cəza müddətinə hesablansın, barəsində CM-nin 70ci maddəsi tətbiq edilməkdə təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut qismində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd-boz rəngli cins materialdan olan şalvar, ağ rəngli qarışıq materialdan olan qolsuz mayka, bir ədəd qara rəngli plastik materialdan hazırlanmış bıçağın dəstəyi və bir ədəd gümüşü rəngli metaldan hazırlanmış bıçağın tiyəsi məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 420 (dörd yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-654/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-654/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver