Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-654/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:30 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonunun Maşanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəbrayıl rayonunun Maşanlı ərazi dairəsi, Maşanlı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narotik vasitələri əldə edib üzərində saxlamaqla daşımış, 19 aprel 2023-cü il tarixdə saat 22:15 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 16-cı kilometrliyindəki “Mayak” adlanan ərazinin yaxınlığında saxlanılaraq Qaradağ rayon Polis İdarəsinə aparılmış, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilərkən əlindəki qara rəngli sellofan torbanın içərisindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 7,389 qram və 25,425 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdar - 32,814 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 1195,0 qram və 1225,0 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdar - 2420,0 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda, şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 30 ədəd sintetik narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, hadisə günü gecə saat 11 radələrində Lökbatan ərazisindən “İnstagram”dan tanış olduğu Bəhman adlı şəxsdən aldığı bir list “Methadone 40” adlı dərmanı götürmək üçün getmişdir. Həmin gün yanında tanışı Şahid4 da olmuşdur. Aysunu qayıdanda evlərinə, yəni Binəqədiyə aparmağı planlaşdırmış, amma elə alınmışdır ki, “Methadon” götürməyə gedəndə Aysunu da aparmışdır. Aysunun heç nədən xəbəri olmamışdır. Ona “Methadon”u verəcək şəxs “konum” atmış, o da həmin yerdən dərmanı götürməyi planlaşdırmışdır. Amma həmin yerə yaxınlaşanda heç nə görməmiş, mülki geyimdə olan 6-7 nəfər üstünə gəlmiş, sonra onu Qaradağ rayon Polis İdarəsinə aparmışlar. Səhər saat 5-ə kimi onu döyüb “biz nə desək, çəkilişdə boynuna almalısan” deyə bildirmişlər. Yanındakı xanıma və narkotiklə bağlı ağrılarına görə məcbur olub polislərin dediyini qəbul etmişdir. Həbslə bağlı məhkəməyə çıxanda da onun nə vəziyyətdə olduğunu, burnunun sındırıldığını, döyülməkdən taqətinin olmadığını görmüşlər. Polis Bölməsində olanda “hər şey mənim telefonumda var, gətirin açım hər şeyi göstərim, 80 manat pul atmışdım, çeki də var idi” demiş, amma telefonunu sındırmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Bəhman adlı şəxsi “İnstagram”dan tapmışdır. Həmin şəxsi nə görmüş, nə də görüntülü danışmışdır, sadəcə mesajlaşmışdır. Əvvəllər də dəfələrlə eyni qaydada narkotik gedib götürmüşdür. Üzərindən heç nə aşkar olunmamış, həmin bükümləri Qaradağ rayon Polis İdarəsində görmüşdür. O, heç dərmanı çatdırıb götürə bilməmiş, həmin “konum”a çatanda polislər ona yaxınlaşmışdır. Aysunun onun yanında olması təsadüf olmuş, onu evlərinə aparmaq istəmişdir. Özü narkotik istifadəçisidir. Əvvəllər iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Videoçəkiliş zamanı da təsir altında olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Cəbrayıl rayonunun Maşanlı kəndində qeydiyyatda olsa da, Mehdiabad qəsəbəsi, «ünvan 3 ünvanında yaşayır. 19 aprel 2023-cü il tarixdə, saat 22:15-də Qaradağ rayonu, Bakı-Qazax yolunun 16-cı km-də yerləşən “Mayak” adlanan ərazinin yaxınlığında idarə etdiyi “VAZ 2106” **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Şahid4 ilə birlikdə olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onları Qaradağ rayon Polis İdarəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində olan qara rəngli sellofan torbanın içərisindən 02 ədəd bükümdə heroini, 02 ədəd bükümdə qurudulmuş marixuananı və 30 ədəd narkotik vasitə olan metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və gödəkçəsinin sol yan cibindən 01 ədəd avtomobil açarı, şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılaraq möhürlənmiş, üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanmışdır. 01 ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 ədəd avtomobil açarı ona geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı Bəhman adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Qaradağ rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, heroinə və metadona bənzər kütlələri 120 manata əldə etdiyini, qurudulmuş marixuanaya bənzər kütlə üçün pul vermədiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, o da baxış keçirilməsinə etiraz etməmişdir. Sonra idarə etdiyi “VAZ 2106” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı təqdim etdiyi kütlələrin onda olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid4 da onun dediklərini təsdiq edərək onda qanunla qadağan olunmuş kütlələrin olmasından məlumatsız olduğunu bildirdirmişdir (cild 1, iş vərəqə 123-125). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs onlar tərəfindən Qaradağ rayonu, Bakı-Qazax yolunun 16-cı km-də yerləşən “Mayak” adlanan ərazidə saxlanılaraq Qaradağ rayon Polis İdarəsinə aparılmışdır. Orada videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncudan narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilinə də baxış keçirilmiş, amma heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşının vasitəsilə şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasiələrin satışını həyata keçirmədiyini bildirmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, əməliyyat qrupuna özü rəhbərlik etmişdir. Əməliyyat məlumatı Cənub bölgəsinin regional şöbəsindən daxil olmuş, məlumat Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs hər şeyi özü səmimi etiraf etmişdir. Baxış zamanı təxminən 2 kq, ya da 3 kq narkotik aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitə üzərində olmuş, sonuncu qaçmağa cəhd etmiş, amma qaçmamışdır. Təqsirləndirilən şəxs avtomobilində yanında xanım da olmuşdur. Həmin qız Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrdən xəbərsiz olduğunu, sadəcə birlikdə gəldiklərini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq olunmamış, narkotik vasitəni özü könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs Kürdaxanıya təhvil verilməsi vaxtı aşkar olunmuş çapıqlar barədə yadında heç nə yoxdur. Şahid1 ibtidai istintaq zamanı da oxşar məzmunlu ifadə vermiş, rəhbərlik etdiyi əməliyyat qrupuna daxil olan Şahid2 və Şahid3la birlikdə "Mayak" adlanan əraziyə gəldikdə Nizami adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin «VAZ 2106» markalı 90- XX- 696 dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında əlində sellofan torba ilə durduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsi axtarışı keçirilərkən sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Bəhman” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə aldığını, heroinə və metadona bənzər kütlələri 120 manata əldə etdiyini, qurudulmuş marixuanaya bənzər kütlə üçün pul vermədiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir (cild 1, iş vərəqə 82-84). Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanın içərisindən 02 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni, 02 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 30 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan Bəhman adlı şəxsin vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə heroinə və metadona bənzər kütlələri 120 manata əldə etdiyini, qurudulmuş marixuanaya bənzər kütlə üçün pul vermədiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31, 67). Məhkəmə kimyəvi-bioloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2323-7/569 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr....” yazı və imzalar olan 01 ədəd qara rəngli polietilen bağlamada 02 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkiləri 1195,0 qram və 1225,0 qram olmaqla, ümumi çəkisi 2420,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 2 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 7,389 qram və 25,425 qram olmaqla, ümumi çəksi 32,814 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 3 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda ümumi sayı 30 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə - metadon olub, 30 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 1,2 qramdır. Heroin və marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in Siyahısına (Siyahı İ), metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr”in Siyahısına (Siyahı İİ) daxildir. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 2419,90 qram, heroinin qalıq çəkisi 32,714 qram, metadon həblərinin qalığı 27 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 41-46). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyul 2023-cü il tarixli 4262 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 110-111). Cinayət işinin materiallarına əlavə edilmiş “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 11265 nömrəli tibbi vərəqindən görünür ki, təqsirləndirilən şəxsin atası X3 “ikitərəfli koxlear nevrit neyrosensor 4-cü dərəcəli ağıreşitmə” diaqnozu qoyulmuşdur. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Maşanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 11 iyul 2023-cü il tarixli 9296 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 108). İbtidai istintaq orqanının 31 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 143-144). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 100-106). Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş 01 mart 2024-cü il tarixli 197435 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yalnız metadon sifariş etməsi, saxlanılarkən üzərində narkotik vasitə olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı bildirdikləri üzrə araşdırma aparmış, müxtəlif instansiyalara sorğular göndərərək cavablar almış, araşdırma zamanı əldə olunan xüsusatlarla bağlı prokurorluq orqanını məlumatlandırmışdır. Bakı şəhəri Qaradağ rayonu prokurorluğundan daxil olmuş 30 dekabr 2023-cü il tarixli 205C-23 nömrəli məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə verdiyi məlumatda qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Mümkün araşdırmanın təmini üçün məhkəmə tərəfindən zəruri tədbirlərin təmini nəticəsi olaraq işin faktiki hallarını, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusunu təhlil etməklə məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən külli miqdarda narkotik vasitələrin Təqsirləndirilən şəxs aşkar olunması faktı ilə bağlı toplanmış sübutların şübhə altına alınması üçün yetərli əsaslar mövcud deyildir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər dəfələrlə məhkum olunmuş, son cinayəti ilə bağlı məhkumluq müddəti ödənilməmiş Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəmə istintaqı zamanı faktiki əməlini qismən etiraf etməsi, əvvəllər də eyni qaydada və üsulla narkotik vasitələr gedib əldə etməsini bildirməsi şəraitində külli miqdarda narkotik vasitələrlə bağlı etiraf ifadələrinin təzyiq, təsir nəticəsində verməsi ilə bağlı bildirdiklərinə məhkəmə tənqidi yanışır və özünümüdafiə mövqeyi ilə əlaqələndirir. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini israr etsə də, məhkəmə aşkar olunmuş külli miqdarda narkotik vasitələrin - 32,814 qram heroin, 2420,0 qram qurudulmuş marixuana və 30 ədəd sintetik narkotik vasitə olan metadon həblərinin bir neçə növdə olmasını, miqdarını, qablaşdırılması xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe və tövsiyyələri də nəzərə almaqla bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı qənaətə gələrkən tədqiq olunmuş sübutlara istinad etməklə bərabər işin ayrı-ayrı faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri əldə etmək üçün gecə saatlarında yaşadığı ünvandan tam əks istiqamətdə və xeyli uzaq məsafədə yerləşən çöllük əraziyə getməsi, bu zaman özü ilə qeyri-rəsmi münasibətlərdə olduğu qadını idarə etdiyi avtomobilə mindirib aparması və digər məqamları nəzərdə saxlayır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, atasının xəstə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həm də məhkum Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 28 iyun 2022ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 32,714 qram təşkil edən heroin, qalıq çəkisi 2419,90 qram təşkil edən qurudulmuş marixuana və qalıq 27 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42,160). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 32,714 qram təşkil edən heroin, qalıq çəkisi 2419,90 qram təşkil edən qurudulmuş marixuana və qalıq 27 ədəd metadon həbləri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-654/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-654/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver