Məhkəmə qərarları › İş №1(101)-655/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-655/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-655/2023 19.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1989-cu il yanvarın 07-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 1, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 25də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində «Papanin» deyilən yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda 2,071 qram və 1,258 qram, ümumilikdə 3,329 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində saxlamış, 2022-ci il avqustun 26-da saat 18:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 1, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlandıqda ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, 2022-ci il avqustun 26-da saat 19:40-da üzərində axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı və daşıdığı bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 2,071 qram olan külli miqdarda ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürüldükdən sonra həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 1, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında sonuncu tərəfindən saxlanılan və etibarnamə əsasında idarə edilən «Wolsvagen Polo» markalı **- RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən göstərilən nəqliyyat vasitəsinin qabaq sol oturacağının sağ tərəfindəki yük yerinin içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 1,258 qram, ümumilikdə 3,329 qram təmiz çəkidə külli miqdarda ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, doğma atasının adı Məhəmməd olmuş, onun üç yaşı olanda valideynləri boşanmış, anası Yəmən vətəndaşı olan Al X2 ilə ailə həyatı qurmuş və sonuncu onu rəsmi övladlığa götürmüşdür. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra ailəsinə maddi kömək etmək üçün atasının adına olan «Wolsvagen Polo» markalı **-RM- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son vaxtlar işləri qaydasında getmədiyindən tanımadığı şəxslərdən əldə etdiyi psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. 2022-ci il avqustun 25-də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisindəki «Papanin» deyilən yerdə təsadüfən rastlaşdığı bir nəfərdən 10 manat müqabilində öz istifadəsindən ötrü 0,2 qram çəkidə psixotrop maddə metamfetamin almışdır. Tutularkən onun üzərində sadəcə bir büküm psixotrop maddə metamfetamin olmaqla idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunan, ittiham edildiyi bir büküm psixotrop maddə metamfetamin ona məxsus deyildir. Avtomaşını polis əməkdaşları özləri sürərək idarəyə gətirmişlər, atası nəqliyyat vasitəsinin evin qarşısında olmadığını gördükdə DİN-in «102» xidmətinə şikayət etmişdir. Polis işçiləri tərəfindən ona qarşı fiziki zor tətbiq edildiyindən ittiham olunduğu kütlələrin onun olduğunu bildirib ibtidai istintaqdakı sənədlərə qol çəkmiş, lakin bu barədə heç bir rəsmi orqana müraciət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il avqustun 26-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb həmin tarixdə saat 18:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 1, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında zahiri əlamətlərinə görə axtardıqları adama bənzəyən şəxsə yaxınlaşmaqla özlərini təqdim etdikdən sonra sonuncunun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirərək göstərilən şəxsi yuxarıda qeyd etdiyi şübhə ilə idarəyə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən üstündə qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunanda sonuncu əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etməklə içərisindəki psixotrop maddə metamfetamini 2022-ci il avqustun 25-də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsindən ötrü əldə edərək üzərində və etibarnamə əsasında idarə etdiyi «Wolsvagen Polo» markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olan həmin nəqliyyat vasitəsinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən sonuncu avtomaşının qabaq sol oturacağının sağ tərəfində yerləşən yük yerindən bir ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki psixotrop maddə metamfetamini yuxarıda qeyd etdiyi kimi 2022-ci il avqustun 25-də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini demiş, aşkar edilən bükümlər kağız zərflərə qablaşdırılıb möhürlənmiş, üzərləri və tərtib olunan protokolların düzgünlüyü bütün iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən Al X2 ifadəsində göstərdi ki, o, övladı Təqsirləndirilən şəxs 2022-ci il avqustun 26-da saat 18:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 1, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanması barədə məlumat aldıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, evə qayıdanda öz mülkiyyətində olan, Turala etibarnamə əsasında idarə etmək üçün verdiyi «Wolsvagen Polo» markalı **- RM-*** dövlət qeydiyyat nişanlı avtomobil evin qarşısında olmuşdur. Növbəti gün səhər saatlarında o, göstərilən nəqliyyat vasitəsinin yerində olmadığını görərək oğurlandığından şübhələnib DİN-in «102» xidmətinə zəng vurmaqla şikayət etmiş, polislər gəldikdə avtomaşının açarının oğlunda da olduğunu, sonuncunun tutulduğunu bildirmişdir. Daha sonra o, həmin nəqliyyat vasitəsinin onun razılığı və məlumatı olmadan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparıldığını və içərisindən psixotrop maddə metamfetamin aşkar edildiyini öyrənmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqdakı izahatında, şübhəli və təqsirləndirilən şəxs qismindəki ifadələrində törətdiyi əməli tam etiraf edərək üzərindən və idarə etdiyi atomobildən aşkar edilən psixotrop maddə metamfetaminin hansı şəraitdə əldə etdiyini təfərrüatı ilə izah etmişdir (iş vərəqi 37-38, 60-62 və 74-77). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 26 avqust tarixli raportlardan, sonuncunun eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun yaradılması haqqında Ə275-008-22 №-li əmrindən, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2022-ci il 29 avqust qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri Binəqədi rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 18:10-da adı çəkilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 1, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 5-7, 10-11 və 51-52). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 26 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18:10-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə anası X9 xəbər vermək hüququ təmin edilmiş, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilən protokola əlavə və qeydlər daxil olmamışdır (iş vərəqi 22). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 26 avqust tarixli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 29 avqust tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd avtomobil açarını, bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd alışqanı və beş manat pulu, sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki psixotrop maddə metamfetamini iki bükümdə bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonunun ərazisində «Papanin» deyilən yerdən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata əldə edərək bir bükümü üstündə gəzdirdiyini, bir bükümün isə idarə etdiyi «Wolsvagen Polo» markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu, heç kimə narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmiş, avtomobil açarı, alışqan və beş manat pul Təqsirləndirilən şəxs qaytarılaraq digər predmetlər götürülmüş, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış zamanı qeyd olunanlar müəyyənləşdirilmişdir (iş vərəqi 31-32 və 86). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 26 avqust tarixli razılıq ərizəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 29 avqust tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Wolsvagen Polo» markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə keçirilərkən sonuncu nəqliyyat vasitəsinin qabaq sol oturacağının sağ tərəfində yerləşən yük yerinin içərisindən bir ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki psixotrop maddə metamfetamini iki bükümdə bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonunun ərazisində «Papanin» deyilən yerdən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata əldə edərək bir bükümü əynində gəzdirdiyini, bir bükümü isə idarə etdiyi avtomaşında gizlətdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmiş, həmin büküm zərfə qablaşdırılıb götürülmüş, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış zamanı qeyd olunanlar müəyyənləşdirilmişdir (iş vərəqi 33, 35-36 və 87). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 27 avqust tarixli 6/4562 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 2,071 qram, üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,258 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmaqla tədqiqatdan sonrakı ümumi qalığı 3,229 təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (iş vərəqi 42-44). İş materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 27 avqust tarixli ərizəsindən görünür ki, onun anası Rəvanur əri Məhəmməddən boşandıqdan sonra Yəmən vətəndaşı Al X2 ilə ailə qurduğundan sonuncu rəsmi olaraq onu övladlığa götürmüş, o, təhsilini Bakı şəhərindəki 248 №-li tam orta məktəbdə almış, Azərbaycan dilində sərbəst yazıb oxuya bilir, tərcüməçinin iştirakına ehtiyacı yoxdur (iş vərəqi 52 «a»). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 29 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 65-67). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 29 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkarlanaraq götürülən ***-***-**-** nömrəsi olan bir ədəd «Samsung» markalı mobil telefona baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (iş vərəqi 88). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 29 avqust qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (iş vərəqi 92-95). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabrın 19-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 105). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 19 sentyabr tarixli 330-2117-1222 №-li məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkarlanıb götürülən külli miqdarda psixotrop maddə metamfetaminin əldə edildiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır (iş vərəqi 108). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 20 sentyabr tarixli 5364 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 109-110). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının 2022-ci il 15 oktyabr tarixli 2753 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyənləşdirilərək hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 112-114). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 dekabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tətbiq olunmamış, Təqsirləndirilən şəxs sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd verilmiş, sonuncudan aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyini müəyyənləşdirmək üçün hazırki cinayət işindən cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs aşkarlanıb götürülən psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,229 qalığı saxlanılmaq üçün idarənin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, iki ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 115-123). İş materiallarında olan AZ-İİİ seriyalı 197589 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il 22 sentyabr təvəllüdlü X20 adlı azyaşlı övladı vardır (iş vərəqi 126). İş materiallarındakı 2019-cu il martın 01-də verilən AD seriyalı 459186 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 2022-ci il mayın 13-də Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən təsdiq edilən ƏT-Vİ seriyalı 060445 nömrəli kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus «X24 Minik» markalı **- RM-*** dövlət qeydiyyat nişanlı avtomobili 2030-cu il fevralın 13-dək idarə etməyi Təqsirləndirilən şəxs həvalə etmişdir (iş vərəqi 127-128). Məhkəməyə təqdim olunan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 2022-ci il 06 sentyabr tarixli qərarının kserosurətindən görünür ki, Al X1 2022ci il avqustun 27-də saat 10 radələrində özünə məxsus «Wolsvagen Polo» markalı **-RM- *** dövlət qeydiyyat nişanlı avtomobilin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən evin qarşısında saxladığı yerdə olmaması səbəbindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə şikayəti əsasında aparılan araşdırma nəticəsində sonuncunun təkrarən zəng edib tapdığı üçün şikayətinin və tələbinin olmaması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan nəqliyyat vasitəsi ilə birlikdə idarəyə aparılması, həmin avtomaşından narkotik vasitə aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə cinayət işinin başlanması müəyyənləşdirilməklə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəməyə təqdim olunan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin tərtib etdiyi 2022-ci il 27 avqust tarixli aktın surətindən görünür ki, baxış vaxtı Təqsirləndirilən şəxs şikayətinin, xəsarətinin olmadığı müəyyən edilmişdir. Məhkəməyə təqdim olunan AO seriyalı ******* №-li hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs olan nevrotik pozuntulara görə o, həkim-hərbi komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 17B maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Həmin sübutların mötəbərliyi və mümkünlüyü mübahisə doğurmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi xüsusiyyətləri özünümüdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə əlavə şahid Al X1 övladı olan Təqsirləndirilən şəxs barəsində verdiyi ifadəsinə sonuncunun vəziyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymət verir. Məhkəmə həmçinin nəzərə alır ki, CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zor göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmiş, eləcə də sonuncuya qarşı hər hansı bir formada təzyiq tətbiq edilməsinin heç bir sübutla təsdiq olunmaması, üzərində heç bir xəsarət aşkarlanmaması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki zor altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və yuxarıda qeyd edildiyi kimi həmin şəxsin öz maraqlarına əsaslanaraq əməlinin Azərbaycan Respublikasının CM-nin daha yüngül maddəsinə tövsif edilməsinə nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını, ilk məhkumluğunu, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2022-ci il avqustun 26-dan 2022-ci il avqustuın 29-dək həbsdə saxlandığı 03 (üç) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,229 qalığı məhv edilməli, iki ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X21 tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X18 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2023-cü il mayın 19-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2022-ci il avqustun 26-dan 2022-ci il avqustuın 29-dək həbsdə saxlandığı 03 (üç) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 11 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2023-cü il mayın 19-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,229 qalığı məhv edilsin, iki ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X18 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar