Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-656/2025 31.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X5 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı evdə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 750 manat pul alması müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, qrup üzvləri arasında əldə olunmuş ümumi razılığa əsasən 24 iyun 2024-cü il tarixdə saat 23 radələrində qrupun üzvü “Maqsud” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu ərazisində qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 1107,79 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edərək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 182 ünvana daşıyaraq, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,79 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində, bir ədəd sellofan torbada təmiz çəkisi 1085,0 qram narkotik vasitə qurudulmuş marixuananı yaşadığı həmin evdə saxlamış, 26 iyun 2024-cü il tarixdə saat 01:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2 ünvanda yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,79 qram narkotik vasitə qurudulmuş marixuana götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı kimi həmin tarixdə saat 03 radələrində onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 182 ünvanda yerləşən evə baxış keçirilən zaman evin qonaq otağında asılmış pərdənin arxasında pəncərənin qabağında olan bir ədəd sellofan torbanın içərisindən üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə tərkib komponentlərinə görə eynilik təşkil edən 1085,0 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Raufla əvvəldən tanış olmuşdur. Bir gün Rauf ona zəng edərək Yeni Yasamala gəlməsini istəmişdir. Ünvana çatan zaman Raufa zəng edərək çatdığını demiş, Rauf da ona 5-10 dəqiqəyə çatacağını bildirmişdir. Raufla onun arasında maşın söhbəti olmuş, bununla bağlı Raufun onu çağırdığını düşünmüşdür. Raufu gözləyən zaman bir maşın ona yaxınlaşaraq söyüş söyüb maşına minməyini tapşırmışdır. O, maşının sürücüsündən kim olduğunu soruşanda həmin şəxs polis əməkdaşı olduğunu demişdir. Elə oradan da onu idarəyə aparmışlar. Rauf ona zəng edən zaman polis əməkdaşları maşını Raufun evinə sürmüşdür. Raufun evində göy rəngli banka olmuş, nəşələri də onun içərisinə yığırmış. Marixuana da Raufun evində olmuşdur. Rauf orada ona marixuananı onun qoyduğunu demişdir. O da bunu etmədiyini bildirmişdir. Elə oradaca polis əməkdaşları onu döyüb təzyiq altına salmış, sonra da idarəyə aparmışdır. Onun üzərindən çıxan 10 manat dəyərində marixuana olmuş, başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, heç bir işlə məşğul olmamış, işləməmişdir. Vasif Əliyev 291 ünvanında yaşamışdır. Məktəbi bitirmiş, xalasına baxdığı üçün əsgərliyə çağırılmamışdır. 1 ilə yaxın müddətdir ki, narkotik vasitədən, yəni marixuanadan istifadə edir, gündə bir dəfə çəkir. O, bir baş marixuananı 10 manata almışdır. Narkotik vasitələri o, İran İslam Respublikası vətəndaşından almış, “Whatsapp”la danışmış, iranlı konum yollamış, o da gedib marixuanını götürmüşdür. O, iranlı ilə olan mesajların heç birini saxlamayaraq silmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman mesajları silib-silmədiyini xatırlamır. O, atasından cib xərcliyi kimi pul almış, bu pulla marixuana almışdır. Onun polis əməkdaşları tərəfindən saxlanıldığı ünvana getmə səbəbi Rauf olmuş, Rauf çağırdığı üçün o da getmişdir. O, Raufla birlikdə nəşə çəkmişdir. Raufla o, heç vaxt bir-birlərinə narkotik satmamışdır. Polislər onu tutan zaman üzərində sadəcə 10 manatlıq marixuana olmuşdur. Təzyiq altında olduğu üçün polis əməkdaşlarının bütün dediklərini qəbul etmişdir. İstintaq zamanı vermiş olduğu ifadədə ünvanların fərqli olmasının səbəbi isə polis əməkdaşlarının təkidi ilə deyiləni yazması olmuşdur. O, idarədə 15 dəqiqə döyülmüş, döyüldükdən sonra üzünə səhərə kimi buz qoyulmuşdur ki, xəsarət izi qalmasın. Döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir, çünki polis əməkdaşlarının onu yenidən çağırıb döyməsindən qorxmuşdur. O, Yasamal rayonunda ekspertizaya göndərilmiş, orada da o, döyüldüyünü bildirmişdir. Cavab olaraq isə ona “evə get, yaxşı olacaq” ifadəsi işlədilmişdir. Onun İsrayıl adlı dostu olmuş, öz aralarında ona “İsi” demişlər. Yolda olan zaman Rauf onu yığmış, bundan sonra İsrayılla birlikdə ünvana getmiş, sonra da başlarına bu hadisələr gəlmişdir. Polis əməkdaşları onu tutan zaman yanında İsrayıl olmuşdur. O tutulduqdan sonra Rauf evini sataraq onu xilas edəcəyini demişdir. İstintaq təcridxanasına aparılan zaman onun bədəninə baxılmış, amma heç bir xəsarət aşkar edilməmişdir. Bədəninə baxılan zaman o, polis əməkdaşlarının onu döydüyünü bildirmişdir. Yasamal rayon prokurorluğuna aparılaraq onun döyülməsi ilə bağlı izahatı alınmış, amma o, izahatında döyüldüyünü deməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir təxminən 3-4 ay müddətdir ki, narkotik vasitə tərkibli dərman istifadə edir. 26 iyun 2024-cü il tarixdə saat təxminən 01:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanda yaşadığı evin yaxınlığında küçədə olan zaman mülki geyimdə şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə marixuana olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr olan “İphone” markalı mobil telefon və yaşadığı evə məxsus bir ədəd açar aşkar edilmişdir. Qeyd edilən əşyalardan başqa üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Evin açarı ona qaytarılmış, mobil telefonu isə polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqdim etdiyi sellofan büküm açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin sellofan büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, yaşadığı evdə də narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Evinə baxış keçirilməsi üçün razılıq ərizəsi də yazmışdır. Polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 182 ünvana getmişlər. Ona evdə saxladığı narkotik vasitəni təqdim etmək təklif olunmuşdur. O da yaşadığı evə daxil olan kimi qonaq otağında divardan asılmış pərdənin arxasında pəncərənin qabağında saxladığı bir ədəd sellofan torbanı çıxarmışdır. Həmin torba açıldıqda içərisində saxladığı bir ədəd ağ rəngli elektron tərəzi və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən tərəzidə çəkilmişdir. Sonra həmin elektron tərəzi sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Etdiyi əməldən çox peşmandır. Əlavə olaraq bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı 24 iyun 2024-cü il tarixdə saat təxminən 23:30 radələrində tanışı “Maqsud” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində qoyulmuş xatırlamadığı yerdən götürmüş, “Maqsud” ona öncədən “Whatsapp” ani mesajlaşma proqramında həmin narkotik vasitəni qoyduğu yerin şəklini və konumunu göndərmişdir. Götürdüyü həmin narkotik vasitəni “Maqsud”un dediyi ünvanlara qoymalı imiş, bunun müqabilində “Maqsud” ona öncədən “M10” proqramında olan hesabına 750 manat pul göndərmişdir. İstifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri təxminən 2024-cü ilin fevral ayından istifadə edir. İstifadə etdiyi “M10” proqramında ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. “Maqsud” adlı şəxsi qiyabi olaraq tanıyır, onunla təxminən 1 il əvvəl, yəni 2023-cü ilin iyun ayında sosial şəbəkədə tanış olmuş, həmin şəxslə +98 936 *** **** saylı nömrəsi ilə yalnız “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışırmış, aralarında olan danışıqları və yazışmaları silirmiş, onun adını mobil telefonunda “Maqsud brat” adı ilə qeyd etmiş, bundan qabaq təxminən 1 il müddətində 10- 15 dəfə onunla eyni qaydada işləmiş, “Maqsud”un göndərdiyi narkotik vasitə marixuananı dediyi yerdən götürüb başqa yerə qoymağının müqabilində “Maqsud” hər dəfə müxtəlif məbləğlərdə, 200-300 manat ona pul göndərmişdir. Sonuncu dəfə 24 iyun 2024-cü il tarixdə Sabunçu rayonu ərazisində “Maqsud”un göndərdiyi narkotik vasitəni dediyi yerə qoymalı imiş. Bunun müqabilində “Maqsud” ona 750 manat pul göndərmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni “Maqsud” adlı şəxsin göndərdiyi narkotik vasitənin içərisindən götürmüşdür. Belə ki, “Maqsud”un göndərdiyi narkotik vasitəni götürdükdən sonra “Maqsud” ona üzərindən bir sellofan büküm götürüb saxlamağını demiş, həmin bükümü deyəcəyi yerə qoyacağını deməli imiş, o, da “Maqsud”un göndərdiyi torbadan bir sellofan büküm narkotik vasitə qurudulmuş marixuana götürüb “Maqsud”un deyəcəyi yerə qoymaq üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefonunun ana ekranına giriş şifrəsi “1608”dir. 26 iyun 2024-cü il tarixdə saat təxminən 01:40 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2 ünvanda yerləşən evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilməmişdir. Yaşadığı evdə içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş sellofan torbada aşkar edilmiş bir ədəd elektron tərəzi özünə məxsusdur. Həmin elektron tərəzini təxminən bir neçə ay müddətdir ki, almış və narkotik vasitələri çəkmək üçün istifadə etmişdir (cild 1, iş vərəqi 70-73). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 iyun 2024-cü il tarixində Yeni Yasamal adlanan yerdə o, digər polis əməkdaşı Şahid2la birlikdə Nihada yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə təqsirləndirilən şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmiş, təhqiqatçı təyin olunduqdan sonra videoçəkiliş aparılmaqla şəxsin üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 20-30 qram çəkidə marixuana aşkar olunmuşdur. Nihad öz yaşadığı mənzildə də narkotik vasitələr olduğunu etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni Yeni Yasamala getmiş, evə baxış keçirmişlər. Baxış zamanı evdə Rauf adlı şəxs də iştirak etmişdir. Rauf onlara Nihadın dostu olduğunu etiraf etmişdir. Səhv etmirsə, baxış zamanı qonaq otağında pərdənin arxasından sellofanda narkotik vasitə aşkar edilmişdir. Ən sonda aşkar olunan narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, əməliyyat tədbiri zamanı qrupun rəhbəri kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs onlara evin özünə məxsus olduğunu demiş, amma sonradan evin onun dostuna aid olduğu müəyyən olunmuşdur. Rauf kiçik boylu, arıq bir oğlan olmuşdur. Videoçəkiliş zamanı Rauf da iştirak etmiş, hətta videoçəkilişə də daxil edilmişdir. Rauf onlara narkotik vasitələrin onun evinə gətirilməsindən xəbəri olmadığını, həmin vaxtlarda yatdığını demişdir. Nihad narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini demişdir. Videoçəkiliş zamanı Nihad Raufun narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Rauf çəkiliş zamanı şok vəziyyətində olmuşdur. Nihad telefonundakı İran İslam Respublikasının vətəndaşı ilə olan bütün yazışmalarını onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs İsrayıl adlı şəxslə, “BMW” markalı maşınla bağlı verdiyi ifadə tamamilə yalandır. O, İsrayıl adlı şəxsi tanımır, videoçəkiliş zamanı Nihad narkotik vasitələrin təsiri altında olduğu üçün düzgün cümlələr qura bilməmiş, sonradan yavaş-yavaş özünə gəlməyə başlamış və düzgün ifadə verməli olduğunu dərk etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, baxış keçirilən mənzil Raufa məxsus olmuş, baxış keçirmək üçün mənzilə daxil olan zaman qapını Nihadın özü açarı ilə açmışdır. Onlar otağa daxil olaraq pərdənin arxasındakı narkotik vasitəni aşkar etmişlər. Rauf narkotik vasitələrlə əlaqəsi olmadığını bildirmişdir. Nihad ifadə verən zaman Raufun narkotik vasitələrlə əlaqəsi olmadığını demişdir. Nihada qarşı heç bir psixi və ya fiziki təzyiq olmamışdır. İdarədə Nihadı heç kim döyməmişdir. Onun işlədiyi idarədə Əli adlı şəxs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nihad onun dostunun oğludur. Hadisənin baş verdiyi ərəfədə Nihadgilin mənzili təmir edilirmiş, bu səbəbdən Nihad gəlib bəzən onun evində qalırmış, bəzən də Yeni Yasamalda yaşayan xalasıgilə gedirmiş. Nihad onun evində təxminən 1-2 gün qalmış, amma bundan əlavə teztez gedib-gəlmişdir. O, Nihadda heç bir qüsur görməmişdir. Nihad onun evində qalan zaman axşam saatlarında 5-6 nəfər gəlib evə baxış keçirmişdir. Nihad ona zəng edərək qapını açmasını istəmiş, o da qapını açan zaman Nihadla 5-6 nəfər gəlib, heç bir məhkəmə qərarı olmadan evə daxil olaraq baxış keçirmişlər. Onun yaşadığı mənzil ABŞ vətəndaşı olan bacısına məxsusdur. Nihadla birlikdə gələn adamlar evə daxil olarkən özlərini təqdim etməmiş, sadəcə bir nəfər özünü təqdim etmişdir. Özünü təqdim edən şəxs Şahid1 olmuşdur. Polis əməkdaşları ona sadəcə Nihadı gətirdiklərini deyərək evə daxil olub baxış keçirməyə başlamışlar. Baxış zamanı 2 nəfər koridorda onun yanında qalıb söhbət etmiş, digər 2 nəfər bir otağa daxil olub baxış keçirmiş, bir nəfər də o biri otaqda baxış keçirmiş, bir nəfər isə Nihadın yanında qalmışdır. O, qonaq otağında masanın üzərində bir idman çantası olduğunu görmüş, polis əməkdaşlarının çantanı açaraq içərisinə baxdığının şahidi olmuşdur. Polis əməkdaşları həmin çantadan üzərinə bağlı şəkildə olan bir paket çıxararaq “paketi zərfləşdiririk, sonra da ekspertizaya göndərəcəyik, onlar rəy verəcəklər ki, içərisindəki nədir” demişlər. Onun gördüyü qədərilə paketin içərisində yaşıl ot olmuş, polis əməkdaşları həmin paketi onun anasının ət çəkdiyi tərəzidə çəkmiş, sonra da həmin tərəzini ona geri qaytarmamışlar. O, həmin tərəzini “Bazarstore”dan 11 manata almışdır. Polis əməkdaşları tərəzidə paketin çəkisini çəkdikdən sonra onu da özləri ilə aparmış, o da bunun səbəbini soruşsa da, məlumat verən olmamışdır. Baxış zamanı polis əməkdaşları özlərində müəyyən qeydlər aparmış, sənədlər yazıb hazırlamışlar. Ona da hazırladıqları blank formasında olan bir kağızı imza çəkməsi üçün vermişlər. O da etiraz etmədən imzasını çəkmişdir. Nihadın üzünün sol tərəfində kiçik bir qızartı olmuşdur. O, Nihaddan narahat olduğu üçün nə baş verdiyini soruşmuşdur. Nihad da ona dostu İsrayılla onu “Köz dönər”in yanında tutulub saxlanıldıqlarını demişdir. Polis əməkdaşları ona maşında 1 büküm narkotik vasitə aşkar olunduğunu, bunu əsas tutaraq da davamını axtardıqlarını demişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Həmin gün o, xəstə olmuş, Nihaddan da ona dərman alıb gətirməsini istəmiş, hətta evin açarını da vermişdir. Nihad axşam çox gec gəldiyi üçün o, evin qapısını arxadan kilidləmiş, bu səbəbdən də, Nihad qapını açarla açmaq istəsə də, alınmamışdır. O, Nihadın narkotik vasitədən istifadə etdiyinə heç bir zaman şahid olmamışdır. Polis əməkdaşlarının dediklərinə əsasən, çanta pərdənin arxasından çıxmışdır, amma dedikləri yerdə çanta gizlətmək üçün hər hansısa bir şərait olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində Şahid3 göstərmişdir ki, fərdi qaydada jurnalist fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2022-ci ildən tanıyır. Nihadın atası Rəşad onun yaxın dostudur. Nihad mütəmadi olaraq dostunun oğlu kimi onun evinə, yəni Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 182 ünvana gəlib getmişdir. 2024-cü ilin iyun ayının ortalarında Nihad evlərində təmir işləri aparıldığı üçün onun evində qalmağı xahiş etmişdir. O, da onsuz tək yaşadığını, gəlib onun evində qalmasını bildirmişdir. Hətta evinin açarının birini də Nihada vermişdir. O, adətən hər gün səhər saatlarında evdən çıxıb axşam evə qayıdır. Nihad tutulanadək təxminən 10 gün müddətində onun evində qalmışdır. 26 iyun 2024-cü il tarixdə saat 01:40 radələrində evdə yatdığı vaxt qapı döyüldüyü üçün yuxudan oyanıb qapını açmış, Nihadın yanında polis əməkdaşlarının olduğunu görmüşdür. Bundan sonra polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona yaşadığı evə daxil olmaq üçün icazə istəmişlər, o da etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları evə daxil olmaq üçün etirazının olmaması barədə ondan ərizə almışlar. Bundan sonra polis əməkdaşları, Nihad və vəkil onun iştirakı ilə evə daxil olmuşlar. Evə daxil olduqdan sonra Nihada evdə saxladığı kütləni təqdim etməyi təklif etmişlər. Nihad qonaq otağında pərdənin arxa hissəsində pəncərənin qabağından bir ədəd torba çıxarıb təqdim etmişdir. Bundan sonra həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuananın çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin torba və bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, da həmin protokolu imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı onun evindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı təxminən iki gün əvvəl “Maqsud” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində qoyulmuş yerdən götürdüyünü, həmin narkotik vasitəni “Maqsud”un dediyi ünvanlara qoymalı olduğunu, bunun müqabilində “Maqsud”un ona 750 manat pul göndərdiyini bildirmişdir. Polis əməkdaşları ondan həmin kütlədən xəbərinin olub-olmamasını soruşduqda, onun ümumiyyətlə həmin kütlədən heç bir xəbəri olmadığını bildirmişdir (cild 1, iş vərəqi 129-131). İfadəsi elan edildikdən sonra Şahid3 nəzərdən keçirmək üçün ona təqdim edilmiş protokoldakı ifadənin altındakı imzanın aid olduğunu, lakin həmin ifadədən imtina etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitə Raufun evindən çıxmış, amma Rauf polislərə narkotik vasitəni onun gətirdiyini demiş, o, Raufa belə bir şey etmədiyini desə də, məsələ həll olunmamışdır. Polislər evə daxil olan zaman göy vedrənin içərisində narkotik vasitə olmuşdur. Göy vedrənin içərisindən aşkar olunmuş narkotik vasitə ona aid olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 26 iyun 2024-cü il tarixdə saat 01:40 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxs axtarış nəticəsində əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “İphone” markalı mobil telefonu və 1 ədəd açar aşkar olunmuşdur. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 26 (iyirmi altı) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “İphone” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar isə şübhıli şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Maqsud” adlı şəxsin vasitəsilə iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 29-31). - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, yaşadığı ünvan 4 polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 1, iş vərəqi 32). - Şahid3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, yaşadığı ünvan 4 polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 1, iş vərəqi 33). - mənzilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 baxış keçirilmiş, baxış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qonaq otağında asılmış pərdənin arxa tərəfində bir ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 1 (bir) kq 105 (yüz beş) qram olmuşdur. Sonra həmin kütlə və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Baxış zamanı mənzildən iş üzrə əhəmiyyət kəsb etdiyi üçün digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Maqsud” adlı şəxsin vasitəsilə iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, buna görə həmin şəxs tərəfindən ona 750 (yeddi yüz əlli) manat pul verildiyini bildirmişdir (cild 1, iş vərəqi 36-38). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1043 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri yazılmış kağız paketdə təmiz çəkisi 22,79 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan..” sözləri yazılmış sellofan bağlamada təmiz çəkisi 1085,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1107,79 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur və ona görə müqayisəli tədqiqat aparılmamışdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 47-51). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 61-62). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış və götürmə keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş iki ədəd DVD disklərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin idarənin TQ-nun təhqiqatçısı Yelmar Vahabov tərəfindən, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1, həmin idarənin baş əməliyyat müvəkkili Şahid2 və müdafiəçi Nofəl Əhmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, bundan sonra şalvarının sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon və bir ədəd açar aşkar edilərək götürülmüş, həmin əşyalardan bir ədəd açar Təqsirləndirilən şəxs özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 182 ünvanda yerləşən evə keçirilmiş baxış və götürmə zamanı evin qonaq otağında divardan asılmış pərdənin arxasında pəncərənin qabağında olan bir ədəd torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 74-75). - əşyaya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefonun ona məxsus olduğunu, həmin mobil telefonda ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələri istifadə etdiyini, “Maqsud” adlı şəxslə yalnız “Whatsapp” ani mesajlaşma proqramında danışdığını, onun +**********56 saylı mobil nömrəsini telefonunun kontaktında “Maqsud brat” adı ilə qeyd etdiyini, “Maqsud” adlı şəxslə aralarında olan zənglərin, sms yazışmalarının, səsli mesajların narkotik vasitə alış-verişi ilə bağlı olduğunu, aralarında olan sms yazışmalarını sildiyini, “Maqsud” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramında ona sms, səsli mesajlar yazaraq, zənglər edərək göndərdiyi narkotik vasitələri hansı ünvanlara çatdırmağını bildirdiyini qeyd etdi. Mobil telefonda “Whatsapp” ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə “Maqsud brat” adı ilə qeyd etdiyi +**********56 saylı mobil nömrəsi ilə müxtəlif tarixlərdə zənglər etməsi telefona baxış zamanı müşahidə olunur. Bundan başqa “Maqsud brat” adı ilə qeyd olunmuş şəxsin “Whatsapp” ani mesajlaşma proqramında ona göndərdiyi səsli yazışmalar, eyni zamanda narkotik vasitənin tərəzi üzərində çəkilmiş fotoşəkili telefona baxış zamanı qalareya bölməsində müşahidə olunur (cild 1, iş vərəqi 76-80). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 678 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 103-105). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 124-125). - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(004)- 869/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 126). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı cin mobil nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, abunəçilərə dair məlumatların götürülməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarına əsasən cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-11918/24 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı qeyd edilən müddət ərzində müxtəlif mobil nömrələr arasında telefon danışıqları aparması müəyyən olunmuş, diskdə bir ədəd “Mushteri zenglerinin detallashmasi MSİSDN 558057345” və bir ədəd “Zenglerin mexsusluq tarixcheleri MSİSDN_558057345” adlı fayllar aşkar edilmiş, həmin fayllara baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: “Mushteri zenglerinin detallashmasi MSİSDN_558057345” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sonuncunun polis əməkdaşları tərəfindən saxlanıldığı tarixdə, yəni saat 01:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2 ünvanda yerləşən yaşadığı evin yaxınlığında saxlanılmasından qabaq, yəni xx.xx.2024-cü il tarixdə saat 23:59:12 zaman intervalında LBBK3267O5/LBBK3267 Royal Park//Yasamal/ (40.38043/49. 79951) koordinatlarda, yəni Yasamal rayonu ərazisində yerləşən anten dairəsində olması müşahidə olunur. “Zenglerin mexsusluq tarixcheleri MSİSDN_558057345” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə telefon danışıqları apardığı şəxslərin anket məlumatlarının qeyd olunması müşahidə olunsa da, həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 132- 134). - məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2185 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 143-145). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5339 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 146-147). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,79 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd “İphone” markalı mobil telefon, yaşadığı evdən aşkar olunaraq götürülmüş bir ədəd torbada 1085,0 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və üzərinə aparılmış şəxsi axtarış və götürmənin, habelə yaşadığı mənzildə keçirilmiş baxışın gedişatını özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 1107,69 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, bir ədəd “İphone” markalı mobil telefon saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iki ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 155-164). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satan əlbir olduğu “Maqsud” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırkı cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 166-167). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən yalnız üzərində narkotik vasitə olması, mənzildən aşkar edilmiş narkotikin ona məxsus olmaması, polislərin onu döyməsi, döyülmə nəticəsində mənzildən aşkar olunmuş narkotiki boynuna götürməsi, narkotikin satışı ilə məşğul olmaması, narkotiki yalnız istifadə məqsədilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotikin özünə məxsus olduğunu, həmin vasitəni İran İslam Respublikası vətəndaşı olan “Maqsud” adlı şəxsin vasitəsilə iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 182-yə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin qonaq otağında asılmış pərdənin arxa tərəfində bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlə və elektron tərəzi qablaşdırılmış, üzəri şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotikin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan “Maqsud” adlı şəxsin vasitəsilə iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, buna görə həmin şəxs tərəfindən ona 750 (yeddi yüz əlli) manat pul verildiyini bildirmişdir. Döyülmə məsələsinə aydınlıq gətirilməsi məqsədilə məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun xəsarət almadığını bildirməsi və sol saidin ön səthində köhnə çapıqların aşkar olunması barədə qeydlər aparıldığı müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxsdan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ondan narkotik vasitələrin çəkilməsi zamanı istifadə olunan elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, aşkar edilmiş narkotik vasitələr ona məxsusdur, həmin narkotikləri o, “Məsud” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olaraq narkotiklərin qanunsuz yayılması məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən çarpaz suallara cavab olaraq polislərin Şahid3 mənzilinə daxil olan zaman göy vedrənin içərisində narkotik vasitənin olmasını və həmin narkotik vasitənin ona aid olmasını etiraf etmişdir. Məhkəmə, şahid qismində dindirilmiş - təqsirləndirilən şəxsin atasının dostu olan Şahid3 məhkəmədə təqsirləndirilən şəxsin lehinə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə vediyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Əksinə, məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha düzgün hesab etməklə bu ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla üzərində daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 iyun 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 98-102). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 iyun 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 1107,69 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs götürülərək cinayət işində saxlanılan “İphone” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin, habelə yaşadığı mənziədə keçirilmiş baxışın gedişatını özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 1107,69 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi məhv edilsin; - 01 ədəd “İphone” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin, habelə yaşadığı mənzildə keçirilmiş baxışın gedişatını özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-656/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-656/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver