Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-658/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1985-ci ildə, Ermənistan Respublikası Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində, Bakı şəhəri Nərimanov rayonu, M.Arif küçəsi 27-də yerləşən 182 saylı evdə olan zaman arvadı Şahid2 ona hər gün sərxoş vəziyyətdə evə gəlməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisəyə görə əsəbiləşib söyüşlər söyərək evdən küçəyə çıxmış, həmin vaxt evin qarşısı ilə keçən qonşusu Zərərçəkmiş şəxs ona küçədə söyüş söyməsini irad bildirməsi səbəbindən aralarında mübahisə yaranmış, mübahisədən sonra Zərərçəkmiş şəxs küçənin yuxarı hissəsində olan mağazaya gedib bir neçə dəqiqə keçdikdən sonra geri qayıdarkən onunla yaşadığı evin qarşısında rastlaşdıqda onların arasında əvvəlcədən baş vermiş narazılıqla bağlı şəxsi münasibətlərin pozulması zəminində yenidən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməsi, çənəsini vurub qıracağını deyərək sinəsindən itələməsi səbəbindən, o, hiddətlənib evin qarşısında saxladığı “QAZ-3102” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxladığı soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısına vuraraq ona hemopnevmotoroksla müşayiət edilən döş qəfəsinin sağ yarısının 3-4-cü qabırğaarası nahiyəsindən döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində içkili vəziyyətdə evə qayıtmış və arvadı Şahid2 ilə aralarında narazılıq yarandığından aralarındakı mübahisənin daha da dərinləşməməsi üçün saat 21 radələrində hirsli vəziyyətdə yaşadığı evin qarşısına çıxıb sonuncunun ünvanına nalayıq ifadələr işlətmişdir. Bu vaxt evin qarşısından keçən qonşusu Zərərçəkmiş şəxs söyüş söyməyini eşidib ona iradını bildirərək ağıllı olmasını məsləhət bilmiş və əks təqdirdə çənəsini qıracağını söyləmişdir. O, Aydına yolu ilə getməsini bildirəndə aralarında mübahisə yaranmış və o, yumruqla ona tərəf bir zərbə atsa da, həmin yumruq zərbəsi ona dəyməmişdir. Zərərçəkmiş şəxs bu hərəkəti ona çox pis təsir etmişdir. Aydın onun yanından uzaqlaşıb təxminən bir neçə dəqiqədən sonra geri qayıdanda onunla yenə rastlaşmışdır. Aydının onunla bir qədər əvvəl etdiyi hərəkət, yəni ona yumruq atması və çənəsini qıracağını deməsi onu əsəbiləşdirdiyi üçün həmçinin hirsli olmaqla spirtli içkinin təsiri altında olduğundan evin qarşısında saxladığı özünə məxsus QAZ-3102 markalı 90- TR 417 dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisindən meyvə doğrayan bıçağı götürüb Aydına yaxınlaşıb nə üçün onunla bu formada danışmasını soruşmuş, Aydın isə bu dəfə təkrarən onun sinəsindən itələdiyi üçün sol əlindəki həmin bıçaqla ona tərəf bir zərbə atmışdır və həmin bıçağın tiyəsi Aydının döş qəfəsinin sağ yarısına batmışdır. Aydının xəsarət almağını görüb qorxaraq bıçağı yerə atıb oradan çıxaraq uzaqlaşmışdır. Onun Aydını bıçaqla vurmağını birbaşa görən olmamışdır. Qardaşı Anar sonradan oraya gəldiyi üçün ona hadisəni qısa danışmışdır. Bundan başqa arvadı Şahid2 da onun Aydını vurmağımı bilən ilk şahidlərdən olub, çünki hadisə evlərinin yaxınlığında baş vermişdir. Onun Aydını vurub xəsarət yetirdiyi bıçaq sonradan ona təqdim ediləndə həmin bıçağı tanımışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs ona hər hansı xəsarət yetirməmişdir. Göstərilən vaxtda və yerdə Zərərçəkmiş şəxsla aralarındakı mübahisə və ona xəsarət yetirməyi prosesi təxminən 5 dəqiqə davam etsə də, qaranlıq hava şəraiti, həmçinin komendant saatı olmaqla orada səs-küy yaranmadığından və ətrafda heç kim olmadığından olanları heç kim görməmişdir. O, etdiyi hərəkətdən çox peşman olmasını bildirmiş, hazırda zərərçəkənlə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan övladı olmasını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır və münasibətləri yaxşı olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 20:50 radələrində siqaret almaq üçün evdən çıxıb məhəllədə olan mağazalardan birinə gedən zaman Rəşadın yaşadığı evin qarşısında səs-küy saldığını görüb ona yaxınlaşaraq söyüş söyməsinə irad tutaraq çıxıb getmişdir. Rəşad isə öz hərəkətlərinə davam etmişdir. Təxminən 5 dəqiqə sonra geri qayıdanda Rəşad onu kənara çəkib ona irad tutduğuna görə onunla mübahisə edib heç bir söz demədən bıçaqla bir dəfə sağ döş qəfəsinə zərbə vurub çıxıb getmişdir. Bundan sonra o, evə gəlib Rəşadın vurduğu bıçaq zərbəsindən xəsarət aldığı üçün 3 Saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Onun Rəşadla ciddi mübahisəsi olmayıb, sadəcə olaraq ona söyüş söyməsinə görə öz iradını bildirmiş, həmin hadisə Rəşadın yaşadığı ünvan 2 ünvanda yerləşən 182 saylı evin yaxınlığında baş vermişdir. Həmin vaxt hadisəni kimsə görməmişdir. Rəşad onu gözləmədiyi halda vurub və aralarında mübahisə olmayıb. O, yumruqla Rəşada zərbə vurmamış və onun avtomobilindən bıçaq götürməsini görməmişdir. Ola bilsin ki, o, əvvəlcə Rəşada söyüş söyməsinə görə irad bildirib gedəndən sonra Rəşad avtomobilindən bıçaq götürüb və onu geri qayıdanda həmin bıçaqla vurmuşdur. O, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı hikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Rəşad Bakı şəhəri, Nərimanov rayonu M.Arif küçəsi 27, 182 nömrəli evdə yaşayır. Rəsmi iş yeri yoxdur. Fərdi olaraq meyvə-tərəvəz alveri ilə məşğul olur. Onun özü də meyvə-tərəvəz satır. xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evdə olarkən həyətdən səs gəldiyini eşitmiş və buna görə də həyətə çıxmışdır. Bu zaman qardaşının səsini eşitmişdir. Nə baş verməsini dəqiq bilməmişdir, ev paltarında olduğu üçün geriyə qayıdıb köynəyini geyinib yenidən məhləyə çıxmış və həyətlərində bir neçə nəfərin toplaşdığını görmüşdür. Onlardan eşitmişdir ki, qardaşı Rəşad qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə dalaşıb və ona bıçaqla vurub xəsarət yetirmişdir. O, dərhal qardaşına yaxınlaşaraq ondan nə baş verməsini soruşanda qardaşı Rəşad da yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. O, qardaşı Rəşadla söhbət edərkən onun spirtli içki qəbul etməsini və sərxoş olmasını bilmişdir. Bir neçə saatdan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları gəlib Rəşadı polis şəbəsinə aparmışlar. O və qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanıyırlar. Onlarla heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Hadisədən sonra yaşadığı evin yaxınlığında bir ədəd bıçaq tapmışdır. Həmin bıçağın qardaşına məxsus olmasını bildiyi üçün bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir. O, artıq həyətə çıxanda qardaşı ilə Zərərçəkmiş şəxs arasında olan dava-dalaş qurtarmışdır. Həmin hadisə təxminən beş dəqiqə davam etmişdir. Belə ki, o, köynəyini geyinib küçəyə çıxanda məhəllə uşaqları Rəşadın Aydını bıçaqla vurmasını lakin həmin hadisəni görmədiklərini demişlər. Həmin hadisənin nə səbəbə baş verməsini dəqiq bilmir. Qardaşının həyat yoldaşından eşitdiyinə görə Aydın qardaşı Rəşadın spirli içki içərək məhəllədə həyat yoldaşı Kamilə ilə mübahisə etməsini irad tutub buna görə də onların arasında mübahisə yaranmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli4(005)-1167/2020 sayl qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş protokoldan məlum olur ki, cinayət işi üzrə bir ədəd bıçaq və bir ədəd köynək iş üçün əhəmiyyətli olduğu üçün götürülmüşdür. Cinayət işinə əlavə edilmiş “MTE və PA” birliyinin xx.xx.2020-ci il tarixli, 720 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət hemopnevmotoroksla müşahidə olunan döş qəfəsinin sağ yarısının 3-4-cü qabırğaarası nahiyəsindən döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici alətin ola bilsin bıçaq tiyəsinin iti ucunun təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2020-ci il tarixli, 3031 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs müayinə zamanı Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2069 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Məhkəmə-trasaloji və ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/1264, 1265 nömrəli rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır. Soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə dəyişikliklər edilməmişdir. Təqdim edilən bir ədəd köynəyin sağ yan hissəsində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə vardır. Həmin zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın təsirindən yaranması mümkündür. Həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri təsvir olunmadığından zədənin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş bir ədəd köynəyin səthində olan zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı doğru istiqamətdə olmaqla yetirilmişdir. Həmin zədənin müxtəlif şəraitdə yaranması mümkündür. Təqdim edilmiş köynəyin səthində olan zədə məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilmiş xəsarətlə uyğunluq təşkil edir və üst üstə düşür. Cinayət işinin materiallarından məlum olur ki, iş üzrə götürülmüş bir ədəd köynək və bir ədəd bıçaq 22 dekabr 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanması üçün Nərimanov RPİ-nə məsul saxlanışa verilmişdir. Cinayət işinə əlavə edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmamış övladı vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət əməlini səmimi etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, zərərçəkmiş şəxsələ barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin həmin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasının həddi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun olaraq, Nərimanov RPİ-də saxlanılan iş üzrə maddi sübutlar bir ədəd bıçaq və bir ədəd köynək məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin Nərimanov RPİ-də saxlanlan iş üzrə maddi sübutlar bir ədəd bıçaq və bir ədəd köynək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul ödənilsin Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-658/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-658/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver