Məhkəmə qərarları › İş №1(101)-661/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-661/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-661/2022 13.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 noyabr 1978-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada ticarətlə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Masallı rayonu Lürən kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui- istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı İran İslam Respublikası vətəndaşı X12 və qeyrisi ilə birlikdə İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs bacısı oğlu Şahid3 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət işi üzrə veriləcək cəzanı yüngülləşdirməyə kömək etmək üçün müraciət etmiş və bu işi həli edəcəyinə vəd verib 154.000 manat pulunu aldadaraq almış X9 dələduzluq hərəkətləri barədə ona danışmış İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Ağadur Müslümov barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi başlatdıracağını vəd verib aldadaraq 2019-cu ilin yanvar ayının əvvəllərində icraçı direktor işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu-51 ünvanında yerləşən «Continent Hotel»-də Zərərçəkmiş şəxs 1000 manat, Şahid3 veriləcək cəzanı yüngülləşdirəcəyi adı ilə aldadaraq 2019-cu ilin yanvar ayının 29-da yenə icraçı direktor işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu-51 ünvanında yerləşən «Continent Hotel»-də 35.000 manat, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Şahid3 cəzasını yüngülləşdirə bilməyib Şirvan Apeilyasiya Məhkəməsində cəzasını ən aşağı həddə qədər yüngülləşdirəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs yaşadığı İran İslam Respublikası Tehran şəhərindən tanışı ilə göndərdiyi 45 000 manat pulu sonuncunun tanışı Şahid2 vasitəsilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Binə» ticarət mərkəzinin qarşısında alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 81.000 (səksən bir min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o fərdi ticarətlə məşğul olmuş, fars dilini mükəmməl bildiyi üçün onu müxtəlif dövlət orqanlarında tərcüməçi qismində dəvət edirmişlər. Qeyd etmişdir ki, Şahid1 onun doğma qardaşıdır. Hətta o fars və ərəb dillərini mükəmməl bildiyinə görə onu Bakı Ağır Cinayətlər Məhkəməsinə tərcüməçi kimi iştirak etməyə dəvət edirmişlər. Onu tərcüməçi işindən başqa da arada bir məclislərə çağırırmışlar və o, gedib yas mərasimlərində iştirak edirmiş. O, Səbail rayonu ərazisində yerləşən «Continent» oteli icarəyə götürüb işlətmiş, qardaşı Nazim isə ona köməklik etmişdir. 2018-ci ilin noyabr ayında İran İslam Respublikası vətəndaşı olan Pərviz adlı şəxsin işinə tərcüməçi qismində iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə dəvət etmişlər və o da orada birinci Pərvizi görmüşdür. Pərviz külli miqdarda narkotik vasitələrin qanunsuz daşınması saxlanmasına görə həbs edilmişdir. Pərviz görmüşdür ki, o, fars dilini yaxşı bilir və ondan ona köməklik etməyini xahiş etmişdir. O da çalışırmış ki, ona köməklik etsin. Onun adını xatırlamadığı vəkilindən də Pərvizə köməklik etməsini xahiş etmişdir. Məhkəmə Pərvizə şərti cəza verərək onu azadlığa buraxmışdır. Bundan sonra Pərviz onun yanına gəlmiş və ona demişdir ki, Bakı İstintaq Təcridxanasında onun bir həmyerlisi İran İslam Respublikası vətəndaşı Qulamrza adlı bir şəxs vardır və o da narkotik maddələrin satışına görə həbsdədir. Həmin Qulamrzanın işinə Lənkəran Ağır cinayətlər Məhkəməsində baxılırmış. Pərviz ona təklif etmişdir ki, «onun həmyerliləridir və yaxşı pulları var onların pulunu alaq imkan olsa kömək edək». O, əvvəllər tərəddüd etmiş və ona demişdir ki, onu bu işə qatmasın. Pərviz isə demişdir ki, «mənim həmyerlimdir və ona görə sən narahat olma sənin tanışların çoxdur hər yerdə ona köməklik etmək olar».Onda fikir yaranmışdır ki, Pərviz həmin Qulamrzanı aldatmaq istəyir. Bundan sonra Pərviz ona demişdir ki, Qulamrzanın dayısı İran İslam Respublikası vətəndaşı Əlirzada burdadır. Daha sonra Pərviz ona demişdir ki Əlirzanı bir dəfə Qulamrzanın işinə görə Ağadur adlı şəxs külli miqdarda pul alaraq aldatmışdır. Pərviz ona təklif etmişdir ki, «Əlirzaya 100.000 manat pul deyək». O isə etiraz etmiş və Pərvizə demişdir ki, «axı bu pula nə edəcəksən» o isə ona demişdir ki, «gedib danışarsan məhkəmə ilə kömək edək». O Pərvizə demişdir ki, «mən məhkəmə ilə danışa bilmərəm». Həmin vaxt orada Azərbaycan Respublikası vətəndaşı olan Camal Qəhrəmanov adlı şəxs də olmuşdur. Pərviz ona demişdir ki, Ağadura pulu Camal verdirmişdir. Daha sonra Pərviz və Camal onu Əlirza adlı İran İslam Respublikası vətəndaşı ilə tanış etmişlər. Onlar Əlirzanı onun işlədiyi Səbail rayonu ərazisində yerləşən «Continent» otelə gətirmişlər. Orada o, Əlirza ilə tanış olan zaman Pərviz demişdir ki, «məni türmədən Rəşad buraxdırıb» və Əlirza da ona başına gələni danışmışdır. Həmin vaxt o, qardaşı Nazimə demişdir ki, «qonaqlarım var» və Nazim də bilirmiş ki, o tərcüməçi qismində məhkəmələrdə və digər orqanlarda iştirak edir, ona görə də hörmət naminə çay gətirib təklif etmişdir və beləliklə o da Nazimi qardaşı kimi tanış etmişdir. Həmin görüşdə Əlirza ona Ağadurun onu aldatması barədə danışmışdır. Həmin vaxt Əlirza ona demişdir ki, bacısı oğlu Qulamrzaya köməklik etmək lazımdır. Həmin ərəfədə Pərviz ona işarə eləmişdir ki «100000 manat de», lakin o Əlirzaya demişdir ki, «80000 manat pul lazım olacaq». Daha sonra X18 Respublikasına getmiş və oradan qayıtdıqdan sonra artıq 2019cu ilin ilk ayının son günlərində Əlirza onun işlətdiyi otelə gəlmiş və ona Pərviz və Camalın yanında 35000 manat vermişdir. Əlirza oradan ayrıldıqdan sonra həmin 35.000 manat pulun 5000 manatını o götürmüş, 30.000 manatını isə Pərviz götürmüşdür. Lakin buna baxmayaraq o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə getmiş və orada həqiqətən Qulamrzanın işi ilə maraqlanmışdır və orada görmüşdür ki, Qulamrza külli miqdarda narkotik vasitə satdığı üçün tutulmuş və ona köməklik etmək çətin olar, belə ki, o heç bir vaxt hansısa bir məhkəmə işçisi və ya digər vəzifəli şəxslərlə hər hansı şəxsin azadlığa buraxılması üçün söhbətlər aparmamışdır. Daha sonra müəyyən bir müddət keçdikdən sonra X3 Bakı şəhərində taksi kimi ora bura aparan sürücü Razinin adına 45.000 manat pul göndərmiş və Razi də həmin pulu Qaradağ rayonu ərazisində yerləşən «Binə» ticarət mərkəzinin qarşısında ona vermişdir, həmin vaxt isə onun yanında heç kim olmamışdır. Həmin 45.000 manat puldan Camal 3000 manat pulu ondan borc istəmiş və o, Camala borc olaraq vermişdir. Daha sonra o görmüşdür ki, bu iş yaxşı yerə getmir və ona görə də Pərvizə demişdir ki, «gətir pulu qaytar, camaatın pulunu verək», lakin Pərviz günü günə sataraq ölkədən qaçaq yolla qaçaraq İran İslam Respublikasına getmişdir. O da görmüşdür ki, Pərviz aradan çıxıb və Əlirza da İrana gedib gəlir və həmin ərəfədə də artıq burada yoxdur, o da onda olan 42.000 manat pulu Gürcüstan Respublikasında heyvandarlıqla məşğul olmaq üçün Gürcüstana göndərmiş, daha sonra da özü də çıxıb getmişdir. Sonradan isə onu axtarışa verib Gürcüstanda tutmuşlar. Qardaşı Nazimin bu məsələlərin heç birindən xəbəri olmamış, o Gürcüstana getdikdən sonra Nazimin bu məsələdən xəbəri olmuş və hər dəfəsində ona camaatın pulunu qaytarmağı tapşırmışdır. Məhkəmədən onun barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bacısı oğlu İİR vətəndaşı X1 şəhərində yük daşıma şirkətində sürücü işləyirmiş və idarə etdiyi avtomobillə Azərbaycan Respublikasının dövlət sərhədini keçən zaman avtomobilin yük hissəsində narkotik vasitə olduğu üçün onun barəsində 2018-ci ildə cinayət işi başlanmışdır. Qulamrza Tehran şəhərinə zəng edib və tutulduğu barədə məlumat vermişdir. Bundan sonra onlar Qulamrzanı həbsdən azad etdirmək üçün qərara gəlmişlər. 2018-ci ilin yanvar ayında o Azərbaycana gəlmiş və hava limanında taksi axataran zaman sonrdan adını Razi kimi bildiyi şəxslə tanış olmuş və Razidən Bakı şəhərində qalmaq üçün müvəqqəti olaraq yer öyrənmişdir. Razi ona Masazır qəsəbəsində otellərin birini məsləhət görmüş. O, Raziyə bildirmişdir ki Azərbaycan Respublikasında tanıdığı şəxs olmadığı üçün ona taksi xidmətləri göstərsin. Bundan sonra Razi onu Masazır qəbəsində yerləşən otellərin birinə yerləşdirmiş və o, Raziyə bacısı oğluna görə vəkil tapmaq istədiyini bildirmişdir. Bundan sonra o, Bakı şəhərində bir neçə vəkil bürolarını gəzdikdən sonra Telman adlı vəkili Qulamrza üçün tutmuşlar. Bundan sonra o, İrana qayıtmış və arada bir Bakı şəhərinə gəlb gedirmiş. Qulamrza tutulduqdan təxminən 3 ay sonra ona Kürdaxanıdan zəng etmiş və Telman adlı vəkilin işi ləng apardığını hələdə həbsdə olduğunu onunla birlikdə eyni cinayətə görə həbsdə olan İİR vətəndaşı Pərviz adlı şəxsin 1 ay məddətinə həbsdən azad olunduğunu bildirmişdir. Daha sonra o, ona Pərvizlə əlaqə saxlayıb və hansı yolla həbsdən azad olunması soruşmasını xahiş etmişdir. O, Pərvizlə görüşmüş və və ondan bunun yollarını soruşmuş, Pərviz isə hər bir şeyin pulla həll edilməsini bildirmişdir. O, Qulamrzanın necə həbsdən azad etdirəcəyini soruşmuş o da bir tanışının olduğunu və bu işdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra Pərviz onu İçərişəhərə aparıb Ağadur adlı şəxsə tanış etmiş və Ağadur ona bacısı oğlunun işə kömək edəcəyini bildirmişdir. Ağadur özünü ona əvvəllər yüksək vəzifədə işləmiş şəxs kimi təqdim edərək yuxarı dairələrdə yaxın adamlarının olduğunu və bu işin həll ediləcəyini bildirmişdir. Ağadur bu iş üçün külli miqdarda pul lazım olduğunu bildirmişdir. O bu məbləğin nə qədər olduğunu soruşmuş, Ağadur ona təxminən 200.000 manat olacağını bildirmişdir. Bu söhbət Razi, Pərviz və Camalın yanında olmuşdur. O, Ağadura İİR-na qayıdıb özünün, Qulamrzanın avtomobillərin və bacısının evin satıb 150.000-160.000 manat pul düzəldə biləcəyini demişdir. Ağadur isə müəyyən şəxslərlə danışıb köməklik olunub-olunmayacağını deyəcəkmiş. Bir gün sonra o Ağadurla çayxanada görüşmüşlər və Ağadur ona bu işin 170.000 manata düzələcəyini və bir ay müddətinə Qulamrzanın həbsdən buraxılacağını bildirmişdir. Ağadur ona bu işi başlamaq üçün pul lazım olduğunu demişdir, o da Ağadura üstündə 4000 manat pul olduğunu və həmin 4000 manat pulu Ağadura vermişdir. Ağadur həmin pulu hansısa ekspertizaya verəcəyini demişdir. Ağadur onu pul düzəltməyə tələsdirmişdir. Bundan sonra o İrana qayıdıb Qulamrzanın yük avtomobilini satmış və 55.000 manat pul düzəldib Bakı şəhərinə gəlmişdir, Bakı şəhərində həmin 55.000 manatı Ağadura verən zaman Pərviz bildirmişdir ki, Ağadur kağız yazıb versin və bundan sonra Ağadurla o notariat kontoruna getmişlər və orada həmin pulun Ağadura verməsini rəsmiləşdirmişlər.Ağadur həmin pulun işə xərcləndiyini deyərək yerdə qalan pulun isə qısa müddət ərzində düzəldilməsini tapşırmışdır. Onlar danışmışlar ki, 155.000 manat pulu verəndən sonra Qulamrza həbsdən azad olunacaq və yerdə qalan 15.000 manat pulu isə sonra verəcəkmiş. Bundan sonra o irana gedib yenədə öz avtoobilini satıb 95.000 manat pul düzəldib Bakı şəhərinə gəlmiş və həmin pulu da 14 saylı notariat kontorunda borc müqaviləsi əsasında Ağadura vermişdir. Lakin Ağadur verdiyi vədlərin heç birini əməl etmədi və ona görə də o, bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra Ağadur həbs edilmiş və həmin iş məhkəməyə göndərilmişdir. Daha sonra Pərviz onu Rəşad və qardaşı Nazimlə tanış etmişdir. O Rəşada Ağadurun onun başına açdığı oyunu danışmış və Rəşad ona Qulamrzanın işini ilk öncə yüngülləşdirmək lazım olduğunu və sonradan Ağadurdan pulun alınması məsələsi ilə məşğul olacağını bildirmişdir. Rəşad ona demişdir ki, 40.000 manata bu işi düzələrmiş sonra isə əlavə 40.000 manat pulun müqabilində isə Qulamrzanı 5-6 aydan sonra isə onun cəzasının İranda çəkəcəyinə söz vermişdir. Həmin günü Rəşad ondan Səbail rayonu ərazisində yerləşən “Continent” oteldə 1000 manat pul almış və Ağaduru prokurorluq vasitəsi ilə gətizdirəcəyini bildirmişdir. Bundan sonra o İrana getmiş və orada dostlarının birindən 35.000 manat borc pul almış və Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində Səbail rayonu ərazisində yerləşən "Continent” oteldə 35.000 manat pulu X14 və Razinin iştirakı ilə vermiş, qalan 5000 manat pulu isə tapa bilməmdiyini və ikinci pulu gətirən zaman həmin 5000 manatı da verəcəyini demişdir. Rəşad həmin 35.000 manat pulu qardaşı Nazimə vermiş və demişdir ki, həmin pulu Ağır cinayətlər məhkəməsinin hansısa adını bilmədiyi hakimə versin. Məhkəmə prosessində o, Camal, Razi Lənkəran şəhərinə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə getmişlər və orada Rəşad ona məhkəmənin binasına daxil olmamağı tapşırmışdır. Rəşadın özü isə Camalla birlikdə məhkəmənin binasına daxil olmuşlar və məhkəmədən çıxdıqdan sonra Qulamrzaya 17 il cəza verildiyini demişlər. Rəşad ona Şirvan Apelyasiya məkəməsində cəzanın yüngülləşdirəcəyini demişdir. Rəşad ona yerdə qalan 45.000 manat pulun da verilməli olduğunu bildirmişdir. O, İranda olduğu zaman Rəşad onun telefonuna zəng edərək təcili pulun düzəldilməsini tapşırmışdır. O başqa bir tanışının vasitəsi ilə 45.000 manat pulu Bakıda olan tanışı Raziyə verilməsini tapşırmış, Razi isə həmin pulu elə həmin günü Rəşada vermişdir. Lakin Rəşad heç bir iş görməyərək onun 81.000 manat pulunu dələduzluqla ələ keçirmişdir. Ona vurulmuş ziyan ödənilmədiyindən, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Rəşad ilahiyətçi olmuş və mükəmməl şəkildə fars və ərəb dillərini bilirmiş. O, özü isə fərdi əməklə məşğul olub 9 və 14 yaşlı övladlarını dolandırırmış. Rəşad isə fars və ərəb dillərini mükəmməl bildiyinə görə onu Bakı Ağır Cinayətlər Məhkəməsinə və o cümlədən digər dövlət orqanlarına tərcüməçi kimi iştirak etməyə dəvət edirmişlər. Rəşadın tərcüməçi işindən başqa da arada bir məclislərə çağırırmışlar və o gedib yas mərasimlərində iştirak edirmiş. Bildirdi ki, o, əvvəllər Səbail rayonu ərazisində yerləşən «Continent» oteldə menecer işləyirmiş. Qardaşı Rəşad isə həmin oteldə arada bir müxtəlif şəxslərlə o cümlədən iranlılarla görüşürmüş. Hər dəfə görüşəndə Rəşad onlarla müxtəlif söhbətlər aparırmış, lakin nə söhbətlər aparıldığını o bilmirmiş. Belə ki, o görürürmüş ki, oteldə o işdə olan zaman Rəşad orada müxtəlif şəxslərlə o cümlədən iranlılarla görüşürmüş, hətta Rəşad onu bir dəfə bir iranlı adının Əlirza olduğunu bildiyi şəxslə tanış etmişdir, arada Rəşad onunla fars dilində danışdığı üçün o, başa düşə bilmirmiş, lakin o eşitdiyindən başa düşürmüş ki, həmin iranlının hansısa qohumu tutulub və Rəşad ona köməklik edirmiş. Rəşad həmin iranlılarla görüşəndə onların yanında azərbaycanlı Camal başqa bir Pərviz adında iranlı və bir nəfər Əlirzanı ora bura taksi kimi aparan adını bilmədiyi şəxs olurmuş. 2019-cu ilin mart ayında onun işlədiyi otel bağlanmış və o özünə iş axtarırmış, həmin ərəfədə o, yenə də iranlıların Rəşadla görüşdüyünü və nədənsə narazı olduqlarını görürmüş, 2019-cu ilin mart ayında ona məlum olmuşdur ki, Rəşad Əlirzanı aldatmışdır. 2019-cu ilin aprel ayında o, işsiz olduğu üçün artıq dolana bilmirmiş, ona görə də Moskva şəhərində olan dost tanış onu işləməyə dəvət etmişlər o da çıxıb getmişdir. Sonradan 2020-ci İdə o eşitmişdir ki, onu axtarışa veriblərmiş, lakin pandemiya ilə əlaqədər bütün yollar bağlandığı üçün o özü könüllü gəlib çıxa bilmirmiş. İlk fürsət düşən kimi o, gəlib özü polis orqanlarına təslim olmuşdur. Onun bu işdə heç bir günahı olmamış, Rəşadın etdiyi əməllərdən xəbərdar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mən Xırdalan şəhərində yerləşən “Sönməzin qarajı” adlanan taksi parkında sürücü işləməklə gündəlik qazancını əldə edir. İİR vətəndaşı Khorazme Alirezanı 2018-ci ildə hava limanında taksi fəaliyyəti ilə məşğul olan zaman tanımış və o, Bakı şəhərini tanımadığına görə ondan onu otellərin birinə aparmağını xahiş etmişdir. O, Alireza Azərbaycanda olan zaman ona taksi xidməti göstərməyə başlamışdır. Müştəri kimi ilk dəfə onun maşınına əyləşəndə hadisələrdən danışmış və onun xəbəri olmuşdur. Qulamrza ilə bir cəzaçəkmə müəssisəsində eyni kamerada cəza çəkmiş Pərviz adlı İİR vətəndaşı vasitəsilə Qulamrzanının həbsdən buraxılmasına köməklik göstəriləcəyini bildirmişdir. X6 işlədiyi ofisə Pərviz onları gətirmiş və orada Ağadurla danışmışlar və Ağadur Alirezadan həbsdə olan bacısı oğlunun işinə görə 154000 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmiş və pulu da qaytarmamışdır. Ağadur Alirezaya verdiyi sözə əməl etmədikdə X17 və Şahid1 qardaşları ilə tanış etmişdir. Onlar Alirezaya bacısı oğlunun 5-6 ay cəza çəkdikdən sonra İrana ekstradisiya ediləcəyinə söz vermişlər. Rəşad Alirezadan 2019-cu ilin yanvar ayında Səbail rayonu ərazisində yerləşən “Continent” oteldə ilkin olaraq 1000 manat pul almış və sonradan isə danışıq olmuşdur ki, Alireza ona 40.000 manat pul verəcəkmiş, Rəşad Alirezadan ümumilikdə bu iş üçün 80000 manat pul istəmişdir. Sonradan Alireza İİR-na getmiş və qayıtdıqdan sonra yenə də Səbail rayonu ərazisində yerləşən “Continent” oteldə görüşmüşlər və Alireza Rəşada 29 yanvar 2019-cu il tarixdə 35000 manat pul vermişdir. Daha sonra Alireza İİR-dan 45000 manat onun adına göndərmiş, o da həmin pulu çıxardıb onunla birlikdə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yanında Rəşada vermişdir. Rəşad həmin puldan 16000 manat sayıb qardaşı Nazimə vermişdir ki, aparıb Bakı Ağır Cinayətlər Məhkəməsində kiməsə versin. Sonradan məlum olmuşdur ki, Rəşad və Nazim qardaşları heç bir iş görməmişlər. Bundan sonra onlar birlikdə Lənkaran Ağır cinayətlər məhkəməsinə getmişlər, lakin orada iş alınmamış və Alirezanın qohumuna 17 il müddətinə cəza vermişlər. Daha sonra Təqsirləndirilən şəxs Şirvan Apelyasiya məhkəməsində işi həll edəcəyinə söz versə də heç bir iş görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, O, Tehran şəhərində yük daşıma şirkətində sürücü işləyirmiş və idarə etdiyi avtomobillə Azərbaycan Respublikasının dövlət sərhədini keçən zaman avtomobilin yük hissəsində narkotik vasitə olduğu üçün onun barəsində 2018-ci ildə cinayət işi başlanmışdır. O, Tehran şəhərinə zəng etmiş və tutulduğu barədə məlumat vermişdir. Bundan sonra ailəsi onu həbsdən azad etdirmək qərarına gəlmişlər. Dayısı sürücü Razi ilə birlikdə onun üçün Bakı şəhərində Telman adlı vəkili tutmuşdur. O, tutulduqdan təxminən 3 ay sonra o, dayısına zəng etmiş və Telman adlı vəkilin işi ləng apardığını hələ də həbsdə olduğunu, onunla birlikdə eyni cinayətə görə həbsdə olan İİR vətəndaşı Pərviz adlı şəxsin 1 ay məddətinə həbsdən azad olunduğunu bildirmişdir. Daha sonra o, dayısına Pərvizlə əlaqə saxlayıb və hansı yolla həbsdən azad olunmasını soruşmağını xahiş etmişdir. Dayısı Pərvizlə görüşmüş və ondan bunun yollarını soruşmuş, Pərviz isə hər bir şeyin pulla həll edilməsini bildirmişdir. Dayısı, onu necə həbsdən azad etdirəcəyini soruşmuş, Pərviz də bir tanışının olduğunu və bu işdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra Pərviz onu Ağadur adlı şəxslə tanış etmiş və Ağadur dayısına onun işinə kömək edəcəyini bildirmişdir. Ağadur özünü dayısına əvvəllər yüksək vəzifədə işləmiş şəxs kimi təqdim edərək yuxarı dairələrdə yaxın adamlarının olduğunu və bu işi həll ediləcəyini bildirmişdir. Ağadur bu iş üçün külli miqdarda pul lazım olduğunu bildirmişdir. Dayısı bu məbləğin nə qədər olduğunu soruşmuş, Ağadur ona təxminən 200.000 manat olacağını bildirmişdir. Bundan sonra dayısı İrana qayıdıb onun yük avtomobilini satmış və 55.000 manat pul düzəldib Bakı şəhərinə gəlmişdir, Bakı şəhərində həmin 55.000 manatı Ağadura verən zaman Pərviz bildirmişdir ki, Ağadur kağız yazıb versin və bundan sonra Ağadurla o notariat kontoruna getmişlər və orada həmin pulun Ağadura verməsini rəsmiləşdirmişlər. Ağadur həmin pulun işə xərcləndiyini deyərək yerdə qalan pulun isə qısa müddət ərzində düzəldilməsini tapşırmışdır. Dayısı Ağadurla danışmışdır ki, 155.000 manat pulu verəndən sonra o, həbsdən azad olunacaq və yerdə qalan pulu isə sonra verəcək. Bundan sonra dayısı irana gedib yenə də öz avtomobilini satıb 95.000 manat pul düzəldib Bakı şəhərinə gəlmiş və həmin pulu da Ağadura vermişdir. Lakin Ağadur verdiyi vədlərin heç birini əməl etməmiş və ona görə də dayısı bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra Ağadur həbs edilmiş və həmin iş məhkəməyə göndərilmişdir. Daha sonra Pərviz dayısını Təqsirləndirilən şəxs və qardaşı Nazimlə tanış etmişdir. X11 başına açdığı oyunu danışmış və Rəşad dayısına onun işini ilk öncə yüngülləşdirmək lazım olduğunu və sonradan Ağadurdan pulun alınması məsələsi ilə məşğul olacağını bildirmişdir. Rəşad dayısına demişdir ki, 40.000 manata bu işi düzələr, sonra isə əlavə 40.000 manat pulun müqabilində onu 5-6 aydan sonra İİR-na ekstradisiya edə bilər. Lakin ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 il müddətə cəza verilmişdir. Rəşad dayısına Şirvan Apelyasiya məkəməsində cəzasının yüngülləşdirəcəyini demişdir. Lakin Rəşad heç bir iş görməyərək dayısı Zərərçəkmiş şəxs 80.000 manat pulunu dələduzluqla ələ keçirmişdir. İş materiallarında olan 05.01.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 ilə təqsirləndirilən şəxs Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 03 iş vərəqə 126-127) İş materiallarında olan “ekstradisiyanın mümkün olan hesab edilməsi haqqında” Gürcüstan Respublikasının Tbilisi şəhər Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadına əsasən, 28.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə onun barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına ekstradisiyası mümkün hesab edilmişdir. (cild 02, iş vərəqə 184, cild 03, iş vərəqə 64-72) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsii ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 31.05.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 23.08.2003-cü il tarixdə Masallı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin 06.05.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən təyin olunmuş cəza 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. (cild 01, iş vərəqə 115) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 11.08.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin olduğu yeri müəyyən etmək mümkün olmadığından həmin tarixdə barəsində ittiham elan etmək üçün axtarış elan edilmişdir. (cild 02, iş vərəqə 96-97) İş materiallarında olan 26.01.2021-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Məmmədov X8 DİN MKPD Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Axtarış İdarəsi tərəfindən Gürcüstan Respublikasının Tbilisi şəhərində tutulmuşdur. (cild 03, iş vərəqə 45-49) Həmçinin, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 4(002)-143/2020 saylı qərarı ilə haqqında axtarış elan edilmiş Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 14 (on dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmışdır. (cild 02, iş vərəqə 144-147) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.4-cü maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Odur ki, AR CPM-in 158.2 və 158.2.4-cü maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş 13.06.2022-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə zərərçəkmiş şəxsə vurulmuş 81.000 (səksən bir min) manat maddi ziyanın və mülki iddiaya görə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia tam təmin edilməli və 81.150 (səksən bir min yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 210 manat miqdarında pul vəsaiti Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia tam təmin edilsin və 81.150 (səksən bir min yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 210 manat miqdarında pul Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə Düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar