Məhkəmə qərarları › İş №1(101)-661/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-661/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-661/2023 16.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,natamam orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, M.F.Axundov prospekti, ev 34, mənzil 2 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 16,223 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən «Maştağa Mall» ticarət mərkəzinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda çəkisi 16,223 qram olan psixotrop maddə metamfetamin bir ədəd bükümdə əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun narkotik vasitə satmaq məqsədi olmamış, 15 qram narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək niyyəti olmuşdur. Bundan başqa o, narkotik vasitəni götürmədən, Maştağa ərazisində polis əməkdaşları tərəfindən qollarına qandal vurularaq saxlanıldığını, üzərində narkotik vasitə olmadığına görə qandal vurulan zaman qolunu çəkdiyini, polis əməkdaşlarından birinin siqaret qutusunun içərisində olan bir büküm narkotik vasitəni təkərin içərisindən ondan əvvəl götürdüklərini bildirmişdir. Şəxs həmçinin göstərmişdir ki, o, narkotik vasitəni İran vətəndaşından əldə etmiş, həmin İran vətəndaşının adını bilməmiş, lakin onun adınıı “Whats up” proqramında “Mehrac” olaraq qeyd etmiş, Mehrac adlı şəxsin nömrəsini “İnstagram” proqramı vasitəsilə əldə etmiş, həmin şəxslə +**********44 nömrəsi ilə yalnız zəng yolu ilə əlaqə saxlamış, narkotik vasitələrlə bağlı status paylaşmamasına, ətrafında İran vətəndaşlarından narkotik vasitə alan şəxslərin olmamasına baxmayaraq, Mehrac adlı şəxs özü onun nömrəsinə yazaraq narkotik vasitə təklif etmişdir. O psixotrop maddə metamfetamini nəfəsinə çəkmək yolu ilə, iki ildir pis vərdiş kimi istifadə edir və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə istifadəsi üçün nəzərdə tutulan əşyalardan borucuq və telefon aşkar edilmiş, hazırda həmin telefon ailə üzvlərinə qaytarılmışdır. Yük maşının arxasındakı təkərin içərisində 15 qram miqdarında narkotik vasitəninin pulunu ödəmiş və narkotik vasitəni əldə etmək üçün saat 10-11 radələrində ona deyilən ünvana taksiylə getmiş, taksidən düşdükdən sonra 6 nəfər polis əməkdaşları onun üzərinə işiq tutduğuna görə narkotik vasitəni görə bilməmişdir. Polis əməkdaşları taksi sürücüsünə 20 manat verərək onu yola salmış, taksi sürücüsü onun qolunun polis əməkdaşları tərəfindən qandallanmasını müşaiyət etmişdir. Təqsirləndirilən şəxs həmçinin 16 sentyabr 2022-ci il tarixində saat 11 radələrində Maştağa ərazisində polis əməkdaşları tərəfindən maşına otuzdurularaq polis idarəsinə gətirilən zaman “narkokuryerin” maşının içində olduğunu, həmin adamın narkotik vasitə istifadəçisinə bənzədiyini, polis idarəsinə çatmamış onun maşından düşdüyünü, polis əməkdaşlarının narkokuryerə idarəyə daxil olan zaman ona iş tapşırılacağını deməsini eşitdiyini, idarədə polis əməkdaşlarının ona həm fiziki, həm də sözlə təzyiq edərək tərəflərindən narkotik vasitəni şalvarının sol yan cibindən çıxarması ilə bağlı ifadə verməsinin təklif edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona təzyiq olunduqdan sonra təhqiqatçının videoçəkiliş zamanı təqdim etdiyi bir büküm narkotik vasitəni cibinə yerləşdirdiyini və çəkiliş zamanı narkotik vasitəni İran vətəndaşından 100 manata alması barədə ifadə veriməsinə məcbur edildiyini, çəkiliş zamanı yanında müdafiəçinin olduğunu, lakin dindirmə zamanı müdafiəçinin olmadığını, təzyiq olunduğuna görə sənədlərə qol çəkdiyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman çıxdığı məhkəmədə narkotik vasitənin ona aid olmaması ilə bağlı heçnə demədiyini, əməliyyatçı və müstəntiqin onun özünü təqsirli bilməsini ifadə etdiyi təqdirdə ona köməklik göstərəcəklərini dediklərinə görə şikayət etmədiyini bildirmişdir. O “Mehrac” adlı şəxsə pul göndərməmiş, yazışmalarda da bununla bağlı faktlar öz əksini tapmamışdır. Sulutəpə ərazisində yaşayır, çörək zavodunda işləyir, aylıq gəliri 400-450 manat məbləğ təşkil edir, ailəsi ilə yaşadığına görə qazancını yalnız narkotik vasitələrə sərf etmir, hətta maaşını almadığına görə narkotik vasitə üçün iran vətəndaşı pulu ödəməsi üçün ona vaxt vermişdir, 15-16 qram narkotik vasitəni 4-5 gün ərzində istehlak edir, bəzən qazancı yetmədiyi təqdirdə həmin narkotik vasitəni borc müqabilində əldə edir.Narkotik vasitə istifadə etdiyi müddət ərzində sonuncudan heç kəs narkotik vasitə əldə etməmiş və ona bununla bağlı onun telefonuna smslər gəlməmiş, narkotik vasitənin satışını öz şəxsiyyətinə sığışdırmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, iki il müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. O, metamfetamini əsasən tanımadığı şəxslərdən 15-20 manat pulun müqabilində alıb əldə edərək istifadə edirmiş. Sonradan o, psixotrop maddə metamfetamini «instagram» sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Mehrac» adlı şəxsdən əldə edirmiş. O, «instagram» sosial şəbəkəsində «sevimli qız» adı ilə qeydiyyatdan keçmiş, tutulmazdan üç ay əvvəl «Mehrac» ona həmin profildən mesaj yazaraq narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etməməsini soruşmuş, o da sadəcə psixotrop maddə metamfetamin istifadə etdiyini dedikdə «Mehrac» əgər istəsə ona psixotrop maddə metamfetamin sata biləcəyini bildirmişdir. O, ilk öncə tərəddüd etsə də, sonradan «Mehrac»ın təklifi ilə razılaşmış və «Mehrac» ona öz «Whatsapp» nömrəsini vermişdir. Onlar bir qədər danışdıqdan sonra o, «Mehrac»a hələki pulu olmadığını və pulu olduqda onunla yenidən əlaqə saxlayaraq ondan psixotrop maddə metamfetamin götürəcəyini bildirmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində o, «WhatsApp» anı mesaj laşma proqramı vasitəsi ilə «Mehrac»la əlaqə saxlayıb ona 15 qram çəkidə psixotrop maddə metamfetamin sifariş vermiş, «Mehrac» da ona bank hesab nömrəsi vermiş və o, həmin bank hesabına 100 manat pul köçürmüşdür. Bundan sonra o, bu barədə «Mehrac»a məlumat vermişdir. Daha sonra «Mehrac» onunla əlaqə saxlayıb vatsapına psixotrop maddənin qoyulduğu yerin fotoşəkillərini və xəritə üzrə məkanı göndərmişdir. Bundan sonra o, həmin gün axşam saatlarında «Mehrac»ın dediyi ünvana yəni, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisinə gedib oradan psixotrop maddəni gizlədildiyi yerdən götürmüş və öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin gün saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mall» ticarət mərkəzinin yaxınlığında olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üç nəfər mülki geyimdə olan əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatlarını soruşmuş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmiş, o da yalan danışmağın əhəmiyyətsiz olduğunu görüb səmimi olaraq hazırda üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Polis İdarəsində müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələrim izah olunmuşdur. Sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona edilmiş təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynindəki şalvarın sağ yan cibində olar bır ədəd «İphone» markalı mobil telefon aparatım və şalvarın sol yan cibində saxladığı bir ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış sellofan bükümdəki metamfetamini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən şalvarımn sağ arxa cibindən metamfetamin istifadəsi zamanı istifadə etdiyi bir ədəd borucuq aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini hansı şəraitdə, kimdən, neçəyə və hansı məqsədlə aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin və metamfetamin istifadəsi zamanı istifadə etdiyi bir ədəd plastik borucuq hissə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti izah edərkən üzərindəki alışqan və fənər olduğunu, ona təzyiq göstərildiyinə görə ifadəsini oxumadan sənədlərə qol çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 16 sentyabr 2022-ci il tarixində Baş İdarədən ona saxlanılan şəxsin narkotik vasitələrin və psixotrop maddələri qanunsuz əldə etməsi, istifadəsi, daşıması və satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının məzmunu narkotik vasitənin satışına dəlalət edən birbaşa hal, o cümlədən alıcılar barədə olmamış, əməliyyat məlumatı qeydiyyat kitabına yazılmışdır.16 sentyabr tarixində əməliyyat qrupu yaradılmış, şəxsin olacağı yer müəyyən edilmiş və şəxs təxminən 10-11 radələrində “Maştağa Mall-“un qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və şəxsi saxlayarkən yanında başqa adam olmamışdır. Saxlanılan şəxsə yaxınlaşaraq onun şəxsiyyəti müəyyən edilmişdir. Şəxs saxlanıldıqdan təxmini olaraq 1 saat 30 dəqiqə sonra onun üzərində baxış keçirilmiş və təqsirləndirilən şəxs psixotrop maddəni İran vətəndaşından aldığını bildirmişdir. Üzərindən bir büküm psixotrop maddə metamfetamin aşkarlanmış, psixotrop maddəni saxlanılan şəxs həmin gün əldə etmiş, psixotrop maddənin miqdarı cibə qoyula biləcək miqdarda olmuşdur. Şəxs saxlanılarkən ünvana gəldiyi taksi uzaqda olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman psixotrop maddə aşkar edilmişdir.O, həmin psixitrop maddəni İran vətəndaşından “ whats up” proqramı vasitəsilə əldə etdiyini bildirmiş, lakin fiziki olaraq sonuncunun psixotrop maddəni haradan götürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, psixotrop maddə istifadəçisidir. Əməliyyat məlumatında satışla bağlı ümumi məlumat olmuşdur, lakin sonralar satışla bağlı bir sıra tədbirlər həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır . Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polisi Şahid2 ifadəsində göstərmişdir ki, şöbənin əməliyyat müvəkkili Şahid1 Heydər oğluna saxlanılan şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs “Maştağa Mall”un qarşısında saxlanılmış və saxlanılarkən yanında kimsə olmamışdır. Təqsirlədirilən şəxsin saxlanılma vaxtı yadında deyil. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və satış faktı aparılmış əməliyyat tədbirləri nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis kapitanı Şahid3 ifadə verərək göstərmişdir ki, şöbənin əməliyyat müvəkkili Şahid1 Heydər oğluna 10 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı və istifadəsi ilə bağlı əməliyyat məlumat daxil olmuşdur, 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılaraq şəxs Maştağa ərazisində Məmmədyarov dairəsində saat 22:00 radələrində saxlanıldıqdan 1 saat sonra Baş İdarəyə gətirilmiş və idarədə saxlanılan şəxsin üzərinə baxış keçirilərək bir büküm psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Saxlanılan şəxs psixotrop maddəni İran vətəndaşından zakladka üsülu ilə 100 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir.O psixotrop maddənin çəkisini və təqsirləndirilən şəxsin konkret olaraq İran vətəndaşının adını çəkib-çəkmədiyini, həmçinin şəxsin İran vətəndaşı ilə “whats up” yazışmasını və telefon danışıqlarını xatırlamır.Saxlanılan şəxs ünvana piyada gəlmişdir və həmin ərazi yol olduğuna görə ətrafda maşınlar olmuşdur, buna görə də saxlanılan şəxsin ünvana taksi ilə gəlibgəlmədiyini xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.(Cild 1, iş vərəqə 4-5) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, qərarından görünür ki, əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 16 sentyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (Cild 1, iş vərəqə 90 ). 17 sentyabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 17 sentyabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd “İphone” markalı mobil telefon, sol yan cibindən bir ədəd qara rəngli üzəri yapışqan lentə bağlanmış sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Protokolda qeyd edilənlər şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəkilişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən bir daha öz təsdiqini tapmışdır(Cild 1, iş vərəqə 27-29). 17 sentyabr 2022-ci il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən» sözləri, soyad və imzalar olan kağız paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 16,223 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 16,123 qram təşkil etmişdir(Cild 1, iş vərəqə 44-45). 07 oktyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspert tədqiqatından qonra qalıq çəkisi 16,123 qram təşkil edən psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir(Cild 1, iş vərəqə 104). 28 oktyabr 2022-ci il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “İphone 5” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, iş vərəqə 120). 22 noyabr 2022-ci il tarixli “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsindən olmuş ********** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, iş vərəqə 122) Tərtər Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (Cild 1, iş vərəqə 126- 136), Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarı tətbiq edilərək cəzadan azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. 15 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmağı ilə bağlı ibtidai istintaq dövründə etirafedici ifadələr verdiyini bildirdiyindən məhkəmənin təşəbbüsü ilə sonuncunun saxlanıldığı Bakı İstintaq Təcridxanasından əldə edilən, məhkəmə iclasında elan edilərək tədqiq edilən tibbimüayinə zamanı bədənində xəsarət izləri aşkar edilməmiş, sol saidin və hər iki budun iç tərəfində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübut olan şəxsi axtarış və götürmə aparılması barədə DVD diskdə əks olunan video görünütlərin tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, ibtidai istintaq dövründə verdiyi ifadələrdə şəxsi axtarış zamanı üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl instagram sosial şəbəkədən tanış olduğu Mehrac adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, qeyd olunan maddənin “Maştağa Mall”un ətrafında masın təkərinin içində yerləşdirildiyini qeyd etmişdir. Məhkəmə iclasında tutulduğu vaxtı, yeri mübahisələndirməyərək Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərindən aşkar edilmiş psixotrop maddəni götürməyə “Maştağa Mall”un ərazisinə getməsini etiraf etsə də, buna müvəffəq olmaması, qeyd edilən yerə gəldikdə həmin maddənin artıq polis əməkdaşları tərəfindən aşkar edildiyi məzmunda ifadə vermişdir. İbtidai istintaq dövründə etirafedici ifadələri özündə əks etdirən dindirmə protokollarını barəsində fiziki zor tətbiq edilməsi səbəbindən oxumadan imzaladığını bildirməsi barədə təqsirləndirilən şəxsin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs eyni məzmunlu ifadələri şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müvafiq protokollara imza etməzdən əvvəl müvafiq videogörüntü vasitəsilə qeydə alınmış şəxsi axtarış istintaq hərəkətlərinin keçirilməsi zamanı da vermişdir. Bundan başqa məhkəməyəqədər icraat dövründə təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə İstintaq Təcridxanasından sorğu edilərək əldə edilən tibbi müayinə sənədləri ilə Təqsirləndirilən şəxs barəsində hər hansı fiziki zor tətbiq edilməsi halları inkar olunmuşdur. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddənin götürməyə müvəffəq olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olması işin mübahisəsiz halları olmaqla müvafiq sübutlarla təsdiq olunur. Lakin iş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı bu hərəkətlə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə axtarış həyata keçirilməmişdir. Bundan başqa nə təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilərək götürülən “İphone 5” mobil telefona, nə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən, o cümlədən şəxsin üzərindən aşkar edilən narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasında satış məqsədinin olmasına dəlalət edən hər hansı hallar aşkar edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini nə zaman, kimdən və haradan əldə etməsini, Mehrac adlı şəxsin şəxsiyyətini, həmçinin onun narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini əlbir olduğu şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. (Cild 1, iş vərəqə 123) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Cinayətlərin təsnifatına əsasən həmin əməl ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi hərbi xidmətdə olduğu hərbi hissə tərəfindən verilən xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Hərbi xidmətdə fərləndiyinə və hərbi nizam –intizam qaydalarına riayət etdiyinə görə Fəxri Fərmanla təltif edilmişdir. Himayəsində ağır dərəcəli xroniki hipoxrom anemiya xəstəliyindən əziyyət çəkən anası vardır. Məhkəmə yuxarıda sadalanan həmin halları, habelə Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində ağır dərəcəli xroniki hipoxrom anemiya xəstəliyindən əziyyət çəkən anasının olmasını, hərbi xidmətdə olduğu hərbi hissə tərəfindən təqdim edilən xidməti xasiyyətnamə ilə müsbət xarakterizə olunmasını, hərbi xidmətdə fərləndiyinə və hərbi nizam –intizam qaydalarına riayət etdiyinə görə Fəxri Fərmanla təltif edilməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 75-83). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının 5 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu, (narkomaniya) xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur (Cild 1, iş vərəqə 137-138). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,123 qram təşkil edən psixotrop maddə məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən 17 noyabr 2022-ci il tarixli məktubla göndərilən, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə ötürülən məlumatların qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46-48,175-177). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 216 ( iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,123 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD-R disk və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə ötürülən məlumatların qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki manat) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində 36 (otuz altı) iş saatı həcmində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına vəkili Müdafiəçi üçün 216 ( iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar