Məhkəmə qərarları › İş №1(101)-663/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-663/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-663/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, S.Bəhlulzadə küçəsi, y/x, ev 39-da qeydiyyatda olmaqla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. belə ki, o, qəsdən Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə xx xxxx 2012-ci il tarixdə Türkiyə Respublikasına getmiş, oradan Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçərək Suriyanın Hələb şəhərinə çatmışdır; o, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün və həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhəd əl Nüsra” adlı cinayətkar birliyinin tərkibinə daxil olan “Əbu Cabir” adlı şəxsin başçılıq etdiyi “Əhrarü-Şam” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş və 2020-ci ilin sentyabr ayınadək həmin qruplaşmanın üzvü olmuş, həmin müddət ərzində qoşulduğu qanunsuz silahlı birləşmənin tərkibində qalaraq hərbi təlimlərdə iştirak etmiş, “Kalaşnikov” markalı silahdan istifadə etməklə “ribat”-a (ərazinin mühafizəsini təşkil etmə) çıxmış, o cümlədən mühafizə postlarının ərzaq təminatını həyata keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək 2012-ci ildə Suriyaya getmiş, orada döyüşlərdə iştirak etməsə də, ona kalaşnikov avtomat silahı verilmiş, ərazinin mühafizəsinə çıxmış, döyüşçülərə və mülki şəxslərə ərzaq paylamış və yemək hazırlamış, başqa qanunsuz fəaliyyətlə məşğul olmamış, Suriyaya getməkdə məqsədi müsəlmanlara yardım etmək olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx xxxxx 1962-ci ildə Qax rayonunda doğulmuş, orta təhsilini 1968-1978-ci ildə Qax şəhər 1 saylı orta məktəbdə, ali təhsilini isə 1979-1984-ci illərdə Bakı şəhərində yerləşən “Politexnik” İnstitutunda almış, təhsilini başa vurduqdan sonra 1989-cu ilədək Bakı Məişət Kondisonerləri zavodunda mühəndis vəzifəsində işləmiş, 1989-1992-ci illərdə isə Politexnik Universitetində aspirantura pilləsində təhsil almış, 1992-2000-ci illərdə “Azəriqaz” şirkətində baş mütəxəssis vəzifəsində işləmiş, 2000-ci ildə yenidən Qax şəhərinə qayıtmışdır; Qaxda qardaşı Şahid, bacısı Nabat Kərimova və anası Nənə Kərimova ilə birlikdə yaşamağa başlamış, bacısı Qax rayonunda musiqi müəllimi işləmişdir; Musiqi ilə məşğul olmağı islam dinində şeytan əməli saydığından bacısından musiqi müəllimi işləməkdən imtina etməsini tələb etmiş, bacısı musiqi müəllimi işləməyə davam etdiyindən və bununla da islam dininin qaydalarına əməl etmədiyini düşündüyü üçün onunla əlaqəsini kəsmiş, Qax şəhərində 2012-ci il tarixədək qardaşı Şahidla atasının evində yaşamış, həmin vaxt Türkiyədən dəri məhsulları gətirib, Qax rayonunda satmış, heç vaxt ailə həyatı qurmamış, təxminən 1991-1992-ci ildən Bakı şəhərində yaşadığı vaxtdan islam dininə ibadət etməyə başlamış, həmin vaxt “Qurani-Kərim”-in Azərbaycan dilinə tərcümə olunmuş mətnini oxuduqdan sonra dinə marağı yaranmış, hal-hazıradək islam dininə ibadət etmiş, təxminən 2007-ci ildə Qax rayon sakini, özündən 20-25 yaş balaca, dindar Arif adlı şəxsi tanımış, Arif də onun kimi islam dininə ibadət etdiyindən onunla tanışlığı yaranmış, onunla daimi olaraq din uğrunda cihad etmək mövzulu dini söhbətlər etmişdir; Arif 2009-cu il tarixdə “cihad” üçün (döyüşlərdə iştirak etmək üçün) Əfqanıstana getmiş, Əfqanıstana gedəcəyini qabaqcadan ona deməmiş və getməyindən sonradan xəbəri olmuş, ona getməyi təklif etməmiş, Əfqanıstanda 1 ildən az müddətdə qalmış, Əfqanıstanda qayıtdıqda artıq bədəninin aşağı hissəsi iflic olmuş, iflic olma səbəbi kimi isə Əfqanıstanda gedən döyüşlər zamanı xəsarət almasını göstərmişdir; Arifdən “cihad”-da iştirak etməyinə kömək etməsini xahiş etmiş, 2012-ci ilin iyul ayında Arif ilə onun yaşadığı evdə görüşmüş, həmin vaxt evdə onlardan başqa Arifin ailə üzvləri olmuş, Arif ona Suriya Ərəb Respublikasında din uğrunda döyüşlərin aparıldığını, cihad üçün Suriyaya gedə biləyəcəyini, Suriyada hakimiyyətdə olan Bəşər Əsədin milyonlarla insanı öldürürdüyünü bildirmişdir; dindar olduğundan, zalımın zülmünü bitirmək üçün Suriyada döyüşlərdə iştirak etmək istədiyindən onun təklifi ilə razılaşmış, cihad üçün Suriyaya getməyi qəbul etmiş, bu zaman Arif onunla birlikdə iki nəfərin də “cihad” üçün Suriya Ərəb Respublikasına döyüşməyə gedəcəyini qeyd etmişdir; həmin şəxslərin kimlər olması barədə Arif heç nə deməmiş, onların da Qax bölgəsinin sakinləri olmasını ehtimal etmiş, Arif isə 1-2 gün içərisində hər iki şəxsin onun yaşadığı evə gələcəyini, hər iki şəxslə Arifin evində görüşüb birlikdə Suriyaya gedəcəklərini bildirmişdir; bir gün sonra Suriyada döyüşlərdə iştirak etmək istəyən, ilk dəfə gördüyü iki nəfər kişi cinsindən olan şəxs ilə Arifin evində görüşmüş, onlardan birinin adı “Ömər” olmuş, digərinin adını isə xatırlamamış, hər ikisi görünüşcə orta boylu, təxminən 20-25 yaşlı olmuşdur. Həmin vaxt özünə “Məhəmmədəmin” (Allahın adlarından biri olduğuna görə) dini ləqəbini götürmüş, bundan sonra hər kəsə özünü bu ləqəblə təqdim etməyə başlamış, Ömər və digər şəxs onu “Məhəmmədəmin” olaraq tanımış və dünya qanunlarının müvəqqəti olduğunu, din qanunlarından başqa heç bir qanunu tanımadığını qeyd etmişdir; onlar görüşüb axşam Bakı şəhərinə, Bakı şəhərindən isə hava yolu ilə Naxçıvan şəhərinə, Naxçıvan şəhərindən isə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, Türkiyənin İğdır şəhərinə çatdıqları zaman, Ömər və digər şəxs onlarda olan nömrəyə taksofon vasitəsilə zəng edib əlaqə saxlamış, onların nömrəni kimdən əldə etdiklərini bilməmiş, əlaqə saxladıqları şəxs Reyhanlı şəhərinə getməklərini tapşırmışdır; Reyhanlıya avtobusla getmiş, ora çatdıqları zaman Ömər və digər şəxs yenidən taksofonla naməlum şəxslə əlaqə saxlamış, həmin şəxsə Suriyaya keçmək istədiklərini bildirmiş, qısa müddət sonra onları bir Türkiyə vətəndaşı gəlib Türkiyə-Suriya sərhədinə aparmış, sərhəddən qanunsuz yolla keçdikdən sonra onları Suriyada bir neçə ərəb qarşılamış, həmin vaxt ərəblərin hansı silahlı qruplaşma olduqlarını bilməmiş, sonradan Suriya ərazisində olan “Cəbhəd ən Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibindəki “Əhrarü- Şam” qanunsuz silahlı birləşməsinin üzvləri olduqlarını bilmişlər; onları sərhədə yaxın ərazidə yerləşən, adını xatırlamadığı kəndə aparmış, Hələbdə olan döyüşlərdə iştirak etmək üçün həmin şəhərə getməyi təklif etmişlər; onlara “Cəbhəd ən Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində olan “Əhrarü-Şam” qanunsuz silahlı birləşməsinə qoşulacağını bildirmiş, döyüşlərdə iştirak etmək istədiyini bildirdiyi zaman isə onu qısa müddətdə Hələb şəhərinə göndərəcəklərini demiş, həmin kənddə 5 gün qaldıqdan sonra Ömər və digər şəxsdən ayrılıb Hələb şəhərinə gəlmiş, bundan sonra isə Ömər və adını xatırlamadığı digər şəxsin başqa qanunsuz silahlı birləşməyə qoşulduğunu bildirmiş, lakin onlardan xəbəri olmamış, Hələb şəhərinə adlarını bilmədiyi 2 ərəb ilə getmiş, Hələb şəhərinə çatdığı zaman onu 5-6 Suriyalının yaşadığı mənzilə aparmışlar; həmin vaxt Hələb şəhərində ağır döyüşlər getdiyini, Hələb şəhərində müxtəlif qanunsuz silahlı qruplaşmalar döyüşdüyünü, özünün isə “Əhrarü-Şam” adlı silahlı qruplaşmasına qoşulduğunu, həmin qanunsuz silahlı qruplaşmanın rəhbəri milliyətcə ərəb olan “Əbu Cabir” adlı şəxsin olduğunu və Hələbdə qaldığı zaman onun yeni və yaşının çox olması ilə əlaqədar döyüşlərdə iştirak etməyə icazə vermədiklərini bildirmişdir; həmin vaxt ona hərbi və “Kalaşnikov” markalı silahdan istifadə qaydaları ilə bağlı təlimlər keçilmiş, ilk əvvəllər müxtəlif vaxtlarda gedib döyüşlərdə iştirak edən ərəb döyüşçülərin ərzaq təminatın həyata keçirmiş, onlara sonradan qoşulan Əhməd adlı suriyalı ona “Əhrarü-Şam” silahlı qruplaşmasının Hələb şəhərindəki evinin arxasında ərzaq yerinin mövcud olduğunu bildirirək anbardan döyüşlərdə iştirak edən şəxslərə və “ribat” (ərazinin mühafizəsini təşkil etmə) nöqtələrinə yemək daşımağı təklif etdiyi zaman, onun təklifini qəbul etmiş, qeyd etdiyi ərzaq yerinə yollanmış, 40-60 metr qarşıda yerləşən iyirmiyə yaxın ribat nöqtəsinə yemək paylamağa başlamış və 2016-ci ilədək həmin ərazidə yaşayıb, ribat nöqtələrinə yemək paylamış, bəzi hallarda isə ribata çıxmışdır. Orada olduğu zaman digər Azərbaycan Respublikası vətəndaşlarını görməmiş, 2016-ci ildə Hələb şəhəri Bəşər Əsəd ordusu (Suriya Ərəb Respublikasının dövlət ordusu) tərəfindən mühasirəyə alınmış, Hələbin mühasirəsi daraldığından, mühasirədən çıxmaq üçün məcbur olub yanında olan özbək milliyyətindən olan şəxs ilə birlikdə Suriyanın İdlib şəhərinə getmiş, İdlib şəhərində özbək tanıdığı evə getməyi və onunla birlikdə qalmağı təklif etdiyi zaman onun təklifini qəbul etmiş, həmin mənzildə təxminən 20-30 nəfərlik özbəklərdən ibarət silahlı qrupunun üzvləri yaşamışdır; orada qaldığı müddətdə ribata çıxmış və ribat nöqtələrinə yemək paylamış, ona “Kalaşnikov” markalı silah verilmişdir; İdlib şəhərində təxminən 4-5 ay qaldıqdan sonra şəraitin çox pis olması ilə əlaqədar oradan ayrılmış və özbəklərin təklifi ilə Suriyanın “Cisirşuqur” adlı qəsəbəsinə yaxın olan və “X6” adlı silahlı qruplaşma nəzarət etdiyi “Əkrad” (həmçinin “CəbəlƏkrad” deyilir) adlı dağına, orada yerləşən ribat nöqtələrinə getmiş, həmin qruplaşmanın üzvləri uyğurlar və suriyalılar olmuş, onlara qoşulmaqla ribata çıxmağa başlamış, İdlibdən “Əkrad” dağına gəldiyi zaman silahı olmadığından, burada da ona yenidən “Kalaşnikov” markalı silah verilmiş, ribatla yanaşı yemək təminatının həyata keçirilməsinə kömək etmiş və “Əkrad” dağında 2020-ci ilin sonlarına kimi qalmışdır; 2020ci ilin mart ayında Türkiyə ordusu İdlib şəhərinə gəlməsi ilə atəşkəs elan olunduğu üçün bundan bir neçə ay sonra Türkiyəyə qayıtmaq istəmiş, Əkrad dağında olan “Fıkra Sahiliyyə” adlı digər silahlı qrupun üzvü olan ərəb ona Türkiyəyə qayıtmağına kömək edəcəyini, tanıdığı bir nəfər türkmənlə görüşməyi təklif etmiş, lakin həmin türkmənin kim olması barədə heç nə deməmiş, onu motosiklet ilə türkmən ilə görüşə aparmış, Türkmən dağının yaxınlığındakı yolda onu düşürərək, türkməni tapıb qayıdacağını qeyd etmiş, qısa müddət sonra qayıtdıqda isə birazdan həmin türkmənin gələcəyini, özünün isə mağazadan bir-iki əşya alıb qayıdacağını bildirərək çıxıb getmişdir; 3-4 saat yol kənarında gözləsə də, heç kim gəlməmiş, məcbur olub Əkrad dağına qayıtmaq üçün əsas yolun kənarına çıxmış, avtomobil tapmaq üçün yola çatdığı zaman içərisində 5 nəfər olan bir avtomobil saxlatmış, onu “Cisirşuqur” qəsəbəsinə aparmaqlarını xahiş etmiş, onlar razılaşdıqdan sonra avtomobilə minərək yola qoyulmuş, biraz getdikdən sonra yolda avtomobilin sürücüsü maşını saxlamış, avtomobildən düşüb onun gözlərini köynəyilə bağlayıb yaxınlıqda yerləşən mənzilə aparmış, orada 2 saat qaldıqdan sonra başqa şəxslər gəlib onu gözü bağlı qaydada bütün gecə yol gedərək, Türkiyə sərhədinə yaxın olan əraziyə gətirmişlər; orada iki gün qaldıqdan sonra ilk dəfə gördüyü bir neçə şəxs onu Türkiyə sərhədinə gətirmiş, sərhəddə olan beton hasara nərdivan qoyub Türkiyə tərəfə atmış, türk əsgərləri onu saxladıqdan sonra Azərbaycan vətəndaşı olduğunu bildirdikdən sonra onu Azərbaycan Respublikasına hava yolu vasitəsilə göndərmişlər; son olaraq bildirmişdir ki, Suriya Ərəb Respublikasında “Cəbhəd ən Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində olan “Əhrarü-Şam” qanunsuz silahlı birləşməsinə qoşulduğu vaxtdan həmin dövlətin ərazisində qaldığı müddətədək hər hansısa bir Azərbaycan Respublikası vətəndaşını tanımamış, yalnız ilk dəfə Suriyaya getdiyi zaman Ömər adlı və adını xatırlamadığı digər şəxsi görmüş, Suriya ərazisində Hələb şəhərinə getdikdən sonra isə onlardan xəbəri olmamış, Azərbaycan Respublikası vətəndaşlarının da Suriya ərazisində silahlı qruplaşmalara qoşulmaqla döyüşlərdə iştirak etdiklərini bilsə də, şəxsən heç kimi tanımamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli, ibtidai istintaq zamanı verdiyi ifadəsini isə işin hallarına daha uyğun hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 1962-ci il təvəllüdlü olmaqla ali təhsillidir; Füzuli orta təhsilini Qax şəhərində başa vurduqdan sonra ali təhsil almaq üçün Bakı şəhərində yaşamış və Politexnik İnstitutunda ali təhsil almışdır; təhsil aldığı müddətdə Bakı şəhərində yataqxanada yaşamışdır. Füzuli orta təhsil aldığı dövrdə dindar olmasa da, Bakı şəhərində yaşamağa başladığı tarixdən qatı dindar olmuş, Bakı şəhərində kondisioner zavodunda və qaz şirkətində işləməyə başlamış, Bakı şəhərində işləməyə başladıqdan sonra Qax rayonuna nadir hallarda gəlmişdir; Füzuli təxminən 2000-ci ildə Qax rayonuna qayıtmış və onunla birlikdə ata evlərində yaşamağa başlamış, Şahid ailəli olduğundan evin ikinci mərtəbəsində, Füzuli isə birinci mərtəbə yaşamış və Qaxda yaşadığı vaxt Türkiyə Respublikasından dəri məhsullar gətirməklə qazanc əldə etmiş, evdə olduğu zaman isə daima quran və digər dini ədəbiyyatlar oxumuş, görüşdüyü dostlarını isə tanımamış, Füzuli Qax rayonuna qayıdıb, onunla birlikdə yaşamağa başladıqda artıq qatı dindar olmuş və ona tez-tez islam dininin qaydaları ilə yaşamalı olduğunu bildirmiş, Füzuli dəfələrlə onların yalnız bioloji olaraq qardaş olduqlarını, özünün din qardaşlarının olduğunu bildirmiş və hər dəfə onu dinə qayıtmağa məcbur etmiş, Şahid buna etirazını bildirdikdən sonra isə qardaş kimi münasibətləri bitmiş, 2012-ci il tarixdə hər ikisi evdə olduqları zaman Füzuli evdə olan əşyalarını toplayaraq, Türkiyəyə oradan Suriyaya − din qardaşlarının yanına gedəcəyini, onu axtarmamağını, onunla əlaqəsini kəsdiyini bildirmiş və həmin tarixdən sonra Füzuli bir dəfəlik Azərbaycanı tərk etmiş və bir daha geri qayıtmamış, Nazim Təqsirləndirilən şəxs Suriyada olduğu vaxt onunıa heç vaxt əlaqə saxlamamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən ilkin materiallarla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs barəsində “Sərhədkeçmə hesabatı”nın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını X9 Məntəqəsindən tərk edərək Türkiyə Respublikasının İğdır şəhəri istiqamətində getmiş və geri qayıtmışdır; 2020-ci il sentyabr ayının sonunda Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq, Azərbaycan Respublikasına verilmişdir (1-ci cild iş vərəqi 10-11). İşdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən ilkin materiallarla daxil olmuş x xxxxxxx 2020-ci il tarixli 5/1/6437 saylı arayışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs “cihad”-da iştirak etmək məqsədilə, əməliyyat məlumatlarına görə, “İŞİD” terror qruplaşmasının tərkibindən döyüşlər zamanı Suriya hökumət qüvvələri tərəfindən öldürülmüş X4 və X5 ilə birlikdə xx xxxx 2012-ci il tarixdə Azərbaycandan Türkiyəyə, oradan isə qaçaq yollarla Suriyaya keçmişdir; o, Suriyanın Hələb şəhərinə gedərək, “X11” adlı qanunsuz silahlı cinayətkar birliyinin tərkibində olan “Əhraru Şam” adlı qanunsuz silahlı birləşməyə qoşulmuş, postların silahlı mühafizəsində iştirak etmiş, 2016cı ildə İdlib şəhərinə gələrək burada müxtəlif adsız qanunsuz silahlı qruplaşmaların tərkibində fəaliyyət göstərmişdir; o, 2020-ci ilin sentyabr ayının sonlarında Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılmış və Azərbaycana göndərilmişdir; daxil olmuş məlumatların təhlili göstərir ki, Təqsirləndirilən şəxs əməlində AR CM-in 279.1ci maddəsinin (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə, yaratma və s.) əlamətləri vardır; o, Suriyadakı qanunsuz silahlı qruplaşmaların tərkibində iştirak etmiş, lakin həmin əməllərə görə Suriya Ərəb Respublikasında hüquq mühafizə orqanları tərəfindən məhkum edilməmişdir. (1-ci cild iş vərəqi 9). İşdə olan xx xxxxxxx 2020-ci il tarixli tanınma protokolu ilə Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotoşəkillər arasından onunla birlikdə xx xxxxx 2012-i il tarixdə Suriya Ərəb Respublikasına səfər etmiş və digər qanunsuz silahlı birləşmələrdə iştirak edən X1 və X2 foto şəkil üzrə tanımışdır (1-ci cild iş vərəqi 153-160). İşdə olan məhkəmə-psixiatrik (ambulator) ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli 3531 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; həmçinin törətdiyi cinayət əməlləri dövründə (2012-ci ilin aprel ayından 2020-ci ilin sentyabr ayınadək olan dövr ərzində) hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni 2012-ci ilin aprel ayından 2020-ci ilin sentyabr ayınadək olan dövr ərzində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür: Qubad Rəsulzadə hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 150-152). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görürür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 54). İşdə olan x xxxxxxx 2020-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutumuşdur (1-ci cild iş vərəqi 32-33). İşdə olan Səbail Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli x xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 69- 72). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak etməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına qismən uyğun gəlmir, törətdiyi cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək və yaxud cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 12.1,218.2 və 283-1.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 283-1.3-cü maddəsinin sanksiyasında yeddi ildən on bir ilədək azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 218.2-ci maddəsinin sanksiyasında altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 12.1,218.2 və 283-1.3cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə Təqsirləndirilən şəxs cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 218.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 12 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 9 (doqquz) ildən artıq, Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 11 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 8 (səkkiz) il 3 (üç) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, Azərbaycan Respublikası CM-in 12.1,218.2 və 283-1.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblər nəzərə aınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, Azərbaycan Respublikası CM-in 12.1,218.2 və 283-1.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblər nəzərə aınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxxxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı x xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar, ekspertiza xərcləri və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar