Məhkəmə qərarları › İş №1(101)-664/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-664/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-664/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada fəhləliklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun 5-ci kilometrliyində şosse yolun sağ tərəfində yoldan təxminən 300 metr aralıda yerləşən boş torpaq sahəsində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı orada olan köşkün içərisindəki stolun üstündən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən 2 (iki) dəfə vuraraq, sonuncuya qarın boşluğunun ön divarından daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və qarının sol divarında 1 (bir) ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası isə nəticələnən səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. Əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən təxminən 5 gün əvvəl Seymur ona zəng vuraraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tikinti işləri olduğunu, ona fəhlə kimi işləməyi təklif etmişdir. O, isə əvvəllər Seymurla çox yerdə işlədiyi üçün onun bu təklifi ilə razılaşmış və işləmək üçün Seymurun yanına gəlmişdir. O, həmin yerdə işlədiyi müddətdə Seymurla birlikdə müxtəlif torpaq sahələrində bünövrə qazıb hasar tikməklə məşğul olmuş və Seymrula birlikdə Qaradağ rayonu, Lökbatan-Qobu yolunun sağ tərəfində yoldan təxminən 300 metr aralıda boş torpaq sahəsində yerləşən dəmir köşkün içərisində yaşamışdır. 10 oktyabr saat təxminən 20 radələrində işləri bitdikdən sonra Seymurla köşkün içərisində yeməyə başlamışlar. Həmin zaman xeyli spirtli içki qəbul etmişlər, bir qədər oturduqdan sonra hər ikisi spirtli içkinin təsirinə düşmüş, o zaman Seymurla aralarında mübahisə yaranmış və Seymur ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O da içkili olduğu üçün Seymuru təhqir etmiş və stolun üstündə olan mətbəx bıçağını götürüb Seymurun üstünə getmiş, Seymur həmin vaxt qabağında olan şüşə butulkanı götürüb köşkdən çölə qaçmışdır. Köşkdən təxminən 3-4 metr aralıda Seymur dayanmış və yenidən onunla mübahisə etməyə başlamışdır. Bu zaman o, şüşənin qırığının Seymurun əlində olduğunu görmüş və öz əlində olan bıçaqla bir dəfə Seymurun qarın nahiyəsinə vurmuş, Seymur isə onu şüşə qırıntısı və təpiklə vurmuşdur. Vurduqdan sonra içkili olduğu üçün dəqiq xatırlamadığı istiqamətdə hadisə yerindən uzaqlaşmış və bıçağı atmışdır. Bundan sonra o, orada tanış olduğu, yaxınlıqda yaşayan İbiş adlı şəxsin evinə getmişdir. İbişə Seymurla mübahisə etdiyini və onu bıçaqla vurduğumu bildirmişdir. İbiş gecəni orada qalmağını və həddindən çox içkili olduğu üçün ayılmağını təklif etmişdir. O, sərxoş olduğu üçün gecəni orada qalmağa razılaşmış, təxminən yarım saatdan sonra polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Hal-hazırda Zərərçəkmiş şəxsla barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir tələb və şikayəti yoxdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, hadisədən qabaq təxminən 4-5 ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində müxtəlif yerlərdə fəhlə işlədiyi üçün Lökbatan-Qobu yolunda yoldan təxminən 300-400 metr aralıda yerləşən boş sahədə olan dəmir köşkün içində yaşamışdır. Hadisədən 4-5 gün qabaq əvvəllər tanıdığı Təqsirləndirilən şəxs zəng vurub iş olduğunu, işləmək istəyibistəmədiyini soruşmuş, Səyavuş onunla razılaşıb Lökbatan qəsəbəsinə gəlmiş, birlikdə işləməyə başlamış və bir yerdə köşkün içində qalmışlar. 10 oktyabr saat 20 radələrində işləri bitdiyi üçün Səyavuşla yaşadıqları köşkdə yemək yeməyə başlamışlar. Yemək zamanı xeyli spirtli içki qəbul edib söhbət etmişlər. Söhbət əsnasında Səyavuş ondan rayona qayıtmaq üçün pul istəmişdir. O, Səyavuşa 3-4 manat pulu olduğunu, işləyəndə pul qazanıb gedə biləcəyini demişdir. Bu məsələyə görə bir az mübahisə etmişlər və Səyavuş onu təhqir etməyə başlamışdır. O da içkili olduğu üçün Səyavuşu nalayiq söyüşlərlə təhqir etmişdir. Bu zaman Səyavuş stolun üstündə olan bıçağı götürmüş və onun üstünə gəlmişdir. O isə özünü müdafiə etmək üçün içdikləri araq şüşəsini götürmüşdür. Onlar mübahisə edə-edə köşkdən çölə çıxmış, təxminən 3-4 metr aralandıqda Səyavuş qəflətən bıçaqla onu qarın nahiyəsindən vurmuşdur. O özünü qorumaq üçün araq şüşəsini sındırıb Səyavuşu qorxutmaq istəmişdir ki, daha onu vurmasın. Daha sonra Səyavuş onu bir dəfə də həmin bıçaqla vuranda o özünü qorumaq üçün şüşə qırıntısı və təpiklə Səyavuşu vurmuşdur. Bundan sonra oradan uzaqlaşıb yaxınlıqda yaşayan İbiş adlı tanışının evinə tərəf getmişdir. Özündə olmadığı üçün Səyavuşun hara getdiyini bilməmişdir. İbişin evinə çatdıqda darvazanı döyüb onu çağırmış, İbiş çölə çıxdıqda ondan tanışı Anarı çağırmağını xahiş etmişdir. İbiş Anarı çağırmış, Anar oraya gəlib onu öz avtomobili ilə Lökbatan qəsəbəsində yerləşən təcili yardıma aparmışdır. Onu oradan təcili yardım avtomobili ilə 5 saylı xəstəxanaya gətirmişlər. Çəkdiyi ziyan tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki tanıyır. Belə ki , Seymur mütəmadi olaraq fəhlə kimi onunla birlikdə işləmişdir. xx xxxxxxx 2020-ci ildə saat təxminən 01:00 radələrində əvvəllər tanımadığı özünü İbiş kimi təqdim edən şəxs ona zəng vuraraq, onun yanında fəhlə işləyən Seymurun birlikdə işlədiyi Səyavuş adlı şəxs tərəfindən bıçaqlandığını və onun evində olduğunu bildirmişdir. O, dərhal yaşadığı evdən çıxıb Lökbatan-Qobu yolunda yaşayan İbiş adlı şəxsin evinə getmiş və Seymurun əynindəki paltarların qan olduğunu və bağırsağının çölə çıxdığını görmüşdür. Seymur onu gördükdə Səyavuşun onu mübahisə zamanı bıçaqla vurduğunu demişdir. O, Seymuru “Mersedes VİTO” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirib Lökbatan qəsəbəsində yerləşən təcili yardım stansiyasına aparmışdır. Orada Seymuru tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə 5 saylı Şəhər xəstəxanasına aparmışlar. O isə bu barədə polisə məlumat verib polislərlə birlikdə İbiş adlı şəxsin evinə qayıtmış və Səyavuşun orada gizləndiyini görmüşdür. Daha sonra Səyavuşu polis bölməsinə aparmışlar. Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10-15 gündür ki, tanıyır. Belə ki, Seymur yaşadığı məhəllədə tikinti işlərində fəhlə kimi işlədiyindən Seymuru bu səbəbdən tanımışdır. Səyavuşu isə 1-2 dəfə Seymurun yanında görsə də, heç bir tanışlığı olmamışdır. Oktyabr ayının 10-dan 11-nə keçən gecə o, yaşadığı evdə yatarkən birdən darvazanın bərkdən döyüldüyünü eşitmiş, çölə çıxıb darvazanın arxasında olan şəxsdən kim olduğunu soruşduqda həmin şəxs Seymur olduğunu demiş və qapını açmağını istəmişdir. O, darvazanı açdıqda Seymurun qan içində olduğunu və bağırsaqlarının çölə çıxıb sallandığını görmüş, Seymur onu Səyavuş adlı şəxsin bıçaqladığını və 91-91-ə zəng vurmağını demiş, o isə taksi xidmətinin ünvan olmadığı üçün gələ bilməyəciyini bildirmişdir. Bundan sonra Seymur ona 91-91-in taksi yox, Anar adlı şəxsin nömrəsinin axırı olduğunu bildirib ona zəng vurmağını xahiş etmişdir. O, Anara zəng vurub Seymurun bıçaqlandığını bildirmiş və Seymura ilkin tibbi yardım göstərmişdir. Anar təxminən 10 dəqiqə sonra gəlmiş və Seymuru maşına əyləşdirib təcili tibbi yardıma aparmışdır. O, bundan sonra evə qayıtmış və yatmağa getmişdir. Təxminən 15-20 dəqiqə sonra darvazanın yenidən bərkdən döyüldüyünü eşitmiş, qapıya çıxdıqda Səyavuşun həyətdə olduğunu görmüşdür. Səyavuş ona yaxınlaşıb, Seymurun ailəsini təhqir etməsi səbəbindən aralarında münaqişə yarandığını və Seymuru bıçaqla vurduğunu bildirmişdir. Onlar Səyavuşla söhbət edərkən polis maşını yaşadığı küçəyə daxil olmuş və Səyavuş onun evinə girərək onu gizlətməyini xahiş etmişdir. Polislər Anarla birlikdə gələndə onlara Səyavuşun onun evində olduğunu demiş və onlar içəri girib Səyavuşu yatağın altında gizləndiyi yerdən çıxarıb polis bölməsinə aparmışlar (iş vərəqi 39-41). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani şəkildə göstərmişdir (iş vərəqi 103-104B). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini təqsirləndirilən şəxsin üzünə deməklə bir daha təsdiq etmişdir (iş vərəqi 145- 146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 2/9604 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00 dəqiqədə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keşirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun 5-ci kilometrliyində yolun sağ kənarında təxminən 300 metr məsafədə yerləşən köşkün yaxınlığıdır (iş vərəqi 30-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli götürmə haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, idman şalvarı, mayka götürülmüşdür (iş vərəqi 89-91). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 705 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarın boşluğunun ön divarından daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, qarının sol yan divarında 1 (bir) ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər iti kənara və iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə qarın boşluğunun ön divarından daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, qarının sol yan divarında 1 (bir) ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası isə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarına görə şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (iş vərəqi 59-61). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 706 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarının sıyrıqları iti uca və iti kənara malik əşya (alət) (ola bilsin şüşə qırıntısı), belin qançırları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyalarına görə şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (iş vərəqi 99-100). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-bioliji ekspertizasının xx.xx.2020-ci il tarixli, 794/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, qış alt paltarı (kalson), mayka üzərində olan ləklərdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqi 125-128). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 509 MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd, köynəyin və maykanın ön hissəsinin sol-yan nahiyəsində iki ədəd, köynəyin və maykanın ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar və idman şalvarının üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı (iş vərəqi 130-132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2152 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 134-135). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır (iş vərəqi 149-156, 156A). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 50). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və X3 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 4 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur (iş vərəqi 108-109, 111-122). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədiyindən məhkəmə onun törətdiyi əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirir. İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (iş vərəqi 147). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Bu hal Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Buna baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 60cı maddəsinin tətbiqi üçün əsas görmür. Belə ki, həmin maddənin tətbiqinə cəzanı ağırlaşdıran halların olmadığı halında yol verilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində təhlükəli residivin olmasını və işin digər hallarını nəzərə alaraq ona təqsirli bilindiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisi həddindən az olmayaraq təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 17-18, 86-87). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının ona qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının ona qaytarıldığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbuhi Hüseynov Əsli ilə düzdür: Hakim Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar