Məhkəmə qərarları › İş №1(101)-665/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-665/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-665/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi-“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxx 1994-cü ildə Füzuli rayonu, Qaraməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, Qaraməmmədli kəndinə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri süçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,105 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 05 oktyabr 2022-ci il tarixdə saat 22:15 dəqiqədə ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,105 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir. Adətən narkotik vasitələri tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alır. 05 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Metronun “20 Yanvar” stansiyası ərazisində tanımadığı şəxsdən 40 manat müqabilində heroin almışdır. Bundan sonra yaşadığı evə gedərək onun bir qismini istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Axşam saatlarında məhəllədə gəzişən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və onu Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsi şəxsi axtarış keçirilmiş, baxış zamanı şəxsi istifadəsi üçün şalvarının cibində saxladığı 01 büküm heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi barədə məlumat daxil olmişdur. Həmin məlumat polis bölməsinin rəisinə raportla məruzə olunmuş və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o və əməliyyat müvəkkili Şahid2 ibarət qrup təşkil olunmuşdur. Həmin gün Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəlləyə gəlmişlər. Saat 22:15 dəqiqədə Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman onun üzərində heroin aşkar olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitəni “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 6/5731 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)”yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,105 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının X2 Tibbi Yoxlama Komissiyasının 06 dekabr 2022-ci il tarixli 7401 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 oktyabr 2022- ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:15 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllədə saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə narkotik vasitə “kakos” olmasını və həmin maddəni Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata alaraq üzərində saxlamasını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 2.76 qram müəyyən edilmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,055 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “DVD" disk sübut kimi tanınmış və iş mateillarına əlavə edilmişdir. İş üzrə alınmış əməliyyat tapşırığının cavabından Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və əməlindən səmimi peşiman olması onun cəzasını yünğülləşdirən haldır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində saxlanıldığı 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 02,055 qram heroin məhv edilməlidir. Ekspertiza xərcləri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından -“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 108 (bir yüz səkkiz) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 108 (bir yüz səkkiz) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 02,055 qram heroin məhv edilsin. Ekspertiza xərcləri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar