Məhkəmə qərarları › İş №1(101)-668/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-668/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-668/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə « 20 » avqust 2020-ci il Bakı şəhərində xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 saylı ünvanda yerləşən mağazaya müştəri kimi daxil olaraq, mağazanın ikinci mərtəbəsində olan otağa qanunsuz olaraq daxil olub orada gizlənərək, mağazanın bağlanmasını gözləmiş və mağaza bağlandıqdan sonra üzərində özü ilə birlikdə gətirdiyi maskanı geyərək, otaqdakı şkafın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 6675 manat pul vəsaitini ələ keçirərkən mağazada mühafizəçi işləyən Zərərçəkmiş şəxs2 otağa daxil olub, onun hərəkətlərini görüb saxladıqda, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək baş nahiyyəsindən qəsdən bir neçə dəfə yumruqla vurub yerə yıxmış və yerdə də sonuncunu vuraraq ona çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, burun kökünün qançırı və sıyrığı, sol qulaq seyvanının sıyrığı, sağ almacıq nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra pəncərədən düşüb qaçmaq istəyərkən Zərərçəkmiş şəxs2 onun əynində olan gödəkçəsindən tutaraq saxlamış, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 itələyərək mağazanın ikinci mərtəbəsində pəncərədən yerə düşərək oradan uzaqlaşıb 6675 manat pul vəsaitini ələ keçirirək Zərərçəkmiş şəxs1 6675 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında ailə həyatı qurmuş və həmin nigahdan bir oğlan övladı olmuşdur. 2018-ci ilin dekabr ayında Hövsan qəsəbəsində yerləşən “Ballı” marketdə satıcı kimi işləmiş və 4 ay orada işlədikdən sonra 2019-cu ilin aprel ayında işdən çıxmışdır. Övladı qüsurlu olmuş, buna görə də, dəfələrlə onu həkimə aparıb müalicə etdirmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Hadisədən bir neçə gün əvvəl həkim uşağının əməliyyat edilməsini və buna görə 2000 manat lazım olmasını demişdir. O, həmin pulu tapa bilməmiş, buna görə də, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında əvvəl işlədiyi “Ballı” marketin ikinci mərtəbəsində yerləşən müdir otağına gizlincə daxil olaraq oradan oğurluq etmək fikirinə düşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə qayçı ilə papağın üzərində göz və ağız üçün deşiklər açmışdır. Sonra həmin papağı cibinə qoymuş və saat 23 radələrində Hövsan qəsəbəsində yerləşən “Ballı” marketə getmişdir. Marketə daxil olmuş və həmin vaxt mağazada Anar adlı mühafizəçinin olduğunu gördüm. Anarla görüşdükdən sonra mağazada meyvə-tərəvəz satılan yerdə işçilərin başının qarışıq olduğunu görüb ətrafına nəzarət edərək oradan pilləkənlə yuxarı ikinci mərtəbəyə qalxmış və müdirin otağına girmişdir. Bir saat müdirin otağında gözlədikdən sonra mağazada işıqların söndürüldüyünü və mühafizəçi Rüstəmin də kamera otağından çıxıb aşağıya düşdüyünü görmüşdür. O, maska kimi düzəltdiyi papağı üzünə salmış və oradan çıxıb mühasibat otağına girmiş, arxasınca bir nəfər şəxs də həmin otağına girmiş və geriyə döndükdə həmin şəxsin mağazanın mühafizəçisi Rüstəm olduğunu görmüşdür. Rüstəm ona yaxınlaşmış və onu vurmaq istəmişdir. O, Rüstəmə kim olduğunu yaxşı bildiyini demiş və üzündən maskanı çıxartmışdır. Onlar əvvəllər həmin mağazada bir yerdə işlədiyi üçün Rüstəm onu dərhal tanımış və burada nə etdiyini soruşmuşdur. Rüstəmə uşağının xəstə olduğunu və onu əməliyyat etdirmək üçün oğurluq etmək istədiyini demişdir. Rüstəm isə buna icazə verməyəcəyini, burada gözləməyini və mağazanın müdirinə zəng edəcəyini bildirmişdir. Rüstəmin əlindəki telefonu alıb cibinə qoymuşdur ki, müdirə zəng edib bu barədə məlumat verməsin. Rüstəmin əl çəkmədiyini və buraxmayacağını görüb sonuncunu qorxutmaq üçün sağ əli ilə yumruqla Rüstəmin mədəsindən, sonra isə sifətindən vurmuşdur. Rüstəm arxaya gedib otaqdan çölə çıxaraq dəhlizdə yerə yıxılmışdır. Rüstəmin üzündən qan axdığını görüb yerdən qalxmasına kömək etmiş və sonuncunu sanitar qovşağa aparaq əli-üzünü yuyub təmizləmiş, Rüstəmi mühasibat otağına gətirmiş və stulda əyləşdirmişdir. Həmin vaxt Rüstəmdən bağışlamasını və oğlunu əməliyyat elətdirmək üçün bu hərəkəti etməyə məcbur olduğunu demiş, Rüstəm isə yenə də buna imkan verməyəcəyini bildirmişdir.O, mağazada yığılan pulların saxlanıldığı bildiyi şkafı açmış və orada sellofanın içərisində xeyli pul olan bağlamanı götürmüş və cibinə qoymuşdur. Otağın plastik pəncərəsini açıb oradan tullanmaq istədikdə Rüstəm arxadan onu tutmuşdur. O, Rüstəmi özündən kənara itələyərək pəncərədən tullanmaq istəmiş, lakin sonuncu əynində olan qış gödəkçəsinin arxasından tutmuş və havada asılı qalmışdır. Mağazanın mühasibat otağında şkafdan götürdüyü pul qış gödəkçəsinin iç cibindən yerə düşmuş və o, əynindəki kurtkanı çıxarmışdır ki, yerə düşsün. O, yerə düşmüş pulu götürmüş və qaçaraq oradan uzaqlaşmış, yoldan keçən tanımadığı taksiyə əyləşib Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan yerə getmişdir. Sonra tanımadığı taksiyə əyləşərək Qusar rayonunda yerləşən Yalama gömrüyünə getmişdir. O, götürdüyü pulu saymış və 6255 manat olduğunu görmüşdür. Həmin pulun 200 manatına özü üçün qış gödəkçəsi almış, 200 manatını taksiyə vermiş, qalan puldan dəqiq sayını bilmədiyi miqdarını digər ehtiyacları üçün xərcləmiş və özündə qalan pulun hamısını valyuta dəyişən tanımadığı şəxsə verib ondan 3100 ABŞ dolları və 9400 rus rublu almışdır. O, Rusiya Federasiyasına gedib və oradan ailəsinə uşağın əməliyyatı üçün pulun bir hissəsini göndərmək, qalan hissəsini isə özünə xərcləmək istəyirmiş. Lakin Yalama gömrüyündən keçən zaman DSXnin əməkdaşları tərəfindən saxlanılmış və polisə məlumat verilmişdir. Bir qədər sonra isə polis əməkdaşları gəlib onu götürərək Suraxanı RPİ-nə gətirmişlər.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri və cinayət işi üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı ünvanda yerləşən “Ballı” adlanan mağazanı icarə əsasında işlədir. Mağaza hər gün tezdən saat 08 radələrində açılmış və axşam saat 00 radələrində bağlanılmışdır. Mağaza bağlandıqdan sonra mühafizəçilər tərəfindən mühafizə edilmişdir. Mağzanın ümumilikdə 4 nəfər mühafizəçisi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində evdə olmuş, həmin zaman mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs mağazada mühafizəçi işləyən Zərərçəkmiş şəxs2 olmuşdur. Rüstəm mobil telefonda əvvəllər mağazada işləmiş Təqsirləndirilən şəxs mağazadan, yəni ikinci mərtəbədə olan otaqdan pulları ələ keçirib qaçmasını demişdir. Həmin otağın qapısı daima açıq olmuş, belə ki, həmin otaq yalnız mağazada işləyən şəxslər üçün ümumi istifadə olmuşdur. Kənar şəxslərin və müştərilərin həmin otağa daxil olmasını icazə olmamışdır. O, dərhal mağazaya gəlmiş və müşahidə kameralarına baxdıqda Cavanşirin mağazanın içərisində işçilər üçün ümumi istifadə də olan otağa daxil olmasını, sonra mühafizəçi Rüstəmi döyərək oradan pulları götürməsini görmüşdür. Cavanşirin pulları götürdüyü şkafın içərisinə baxdıqda sonuncunun orada olan 21000 manat puldan 6675 manatını ələ keçirməsini aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bir neçə dəqiqə keçdikdən sonra mağazaya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları mağazaya baxış keçirib fotoşəkillərini çəkmişlər. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 saylı ünvanda yerləşən “Ballı” marketdə mühafizəçi işləyir. Həmin mağazada özündən başqa da şəxslər mühafizəçi işləyir. Mağazanın hər bir tərəfində müşahidə kameraları quraşdırılmış və mağaza daima müşahisə kameraları ilə nəzarətdədir. Mağazaya mühafizəçilər gecə və gündüz nəzarət edir. Belə ki, gecə nöbəsi səhər 09 radələrindən, nöbəti gün səhər saat 09 radələrinə kimi, gecə nöbəsi isə saat 23 radələrindən, nöbəti gün saat 23 radələrinə kimi təşkil edilmişdir. Hər gün mağazada nöbəyə gecə saat 23 radələrində gəlmiş, səhəri gün saat 23 radələrində isə nöbəni təhvil verib getmişdir. Mağazanın içərisində mühafizəçilərin dayanması üçün otaq ayrılmış, həmin otaqda mühafizəçilər müşahidə kameralarından mağazaya nəzarət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində işlədiyi mağzaya gəlmiş və növbəni təhvil almışdır. Həmin günü saat 00 radələrində mağazanın qapıları bağlanılmış və orada işləyən şəxslər çıxıb getmişlər. Bundan sonra mağazanın içərisində olan işıqları söndürmək üçün ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbədə kassa olan otağın qapısını açıb içəri girmiş və işıqları yandırdıqda başında maska olan bir nəfər şəxs və həmin şəxsin əlində selefon torbada pul olmasını görmüşdür. Həmin şəxsə yaxınlaşıb sən kimsən demiş. bu zaman həmin şəxs əli ilə yaxın gəlməməyinə işarə etmişdir. Sonra isə başında olan maskanı çıxarmışdır. Həmin şəxsin əvvəllər satıcı və mühafizəçi işləmiş Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Cavanşir demişdir ki, “uşağım xəstədir heç kim baxmır uşağımın vəziyyəti pisdir mən pul götürməliyəm”. Cavanşirə pul lazımdırsa mağazanın müdiri Elçin müəllimdən pul istəməsini bildirmiş, lakin Cavanşir israrla demişdir ki, uşağı xəstədir pul götürməlidir. Cavanşirlə razılaşmayaraq mağazadan oğurluq etməyə imkan verməyəcəyini demişdir. Cavanşir yalvarıb onun getməsinə icazə verməyini xahiş etmişdir. O, üzərində olan mobil telefonu çıxarıb mağazanın sahibinə zəng etmək istədikdə, Cavanşir mobil telefonunu əlindən almışdır. Bu zaman aralarında sözlə mübahisə yaranmış və Cavanşir bir neçə dəfə baş nahiyəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən dəhlizdə yerə yıxılmışdır. Təxminən yerdə 5 dəqiqə olduqdan sonra Cavanşir onu ayaq üstə qaldırıb, vurmaq istəmədiyini və pulu götürüb gedəcəyini demişdir.O, yenə də qoymayacağını bildirmiş və ikisidə yenidən kassa olan otağa daxil olmuşlar. Özünü yaxşı hiss etmədiyi üçün otaqda əyləşmiş, əyləşdikdə Cavanşir ani bir anda otağın pəncərəsini açaraq qaçmaq istəmiş, lakin cəld hərəkət edərək sonuncunun gödəkçəsindən tutmuşdur. Bu zaman gödəkçə Cavanşirin bədənindən çıxmış və sonuncu yerə düşərək qaçıb getmişdir. Dərhal mobil telefonunu çıxarıb mağazanın sahibinə bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra Elçin və polis əməkdaşları mağazaya gəlmişlər. Sonradan məlum olmuşdur ki, Cavanşir mağazaya müştəri kimi gələrək kassa olan otağa daxil olub orada gözləmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 11 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, burun kökünün qançırı və sıyrığı, sol qulaq seyvanının sıyrığı, sağ almacıq nahiyəsinin qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 647 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülərdə Təqsirləndirilən şəxs otağa daxil olur, onun başında maska vardır, Təqsirləndirilən şəxs otaqda olan şkafdan pulları götürüb cibinə qoyan zaman mühafizəçi Zərərçəkmiş şəxs2 otağa gəlir və onlar söhbət edir. Sonra Təqsirləndirilən şəxs söhbət etdiyi Zərərçəkmiş şəxs2 əlindən qəflətən mobil telefonunu alır və söhbət etdikləri zaman sonuncunun bədən nahiyəsindən və sifətindən ani bir anda dəfələrlə yumuruqla vurub yerə yıxır və yerdə də onu döyür. Daha sonra Cavanşir oradan qaçmaq istəyir, Rüstəm ona mane olmağa çalışır, bundan sonra Rüstəmin Cavanşirdən telefonu alır, bir qədər sonra isə Cavanşirin pəncərədən çölə çıxır, lakin Rüstəm onun gödəkçəsindən tutub saxlayır. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3100 ABŞ dolları və 9400 Rus rublu polis işçiləri tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılmışdır. (cild 01,vər. 177) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri, xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərində təqsirini təkzib edən hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2005-ci il tarixli, 1 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmçinin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür.Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür.Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmçinin Qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Həmçinin Qərarın 23-cü bəndinə əsasən həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan yüngülləşdirici halları, Təqsirləndirilən şəxs ağır həyat şəraitini, şəxsiyyətini, əvvəllər məhkum olunmadığını, uşağının xəstəliyini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.4-cü maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddiaların olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi, yəni 2 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Maddi sübutlar- bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci və mülki iddiaların olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar