Məhkəmə qərarları › İş №1(101)-67/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-67/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-67/2024 06.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X2, X4 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Bəhruz” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Astara rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 1890,704 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 6397,463 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 112,147 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 2040 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşadığı evə qanunsuz daşımış, qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən iki ədəd bükümdə 627,463 qram çəkidə narkotik vasitə heroin və iki ədəd bükümdə 265,704 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:30da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 30 noyabr 2021-ci il tarixdə saat 03:55-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan torbadan iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 500 qram və 127,463 qram, ümumi təmiz çəkisi 627,463 qram narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 197,081 qram və 68,623 qram, ümumi təmiz çəkisi 265,704 qram psixotrop maddə metamfetamin, daha sonra sonuncunun razılığı və iştirakı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə 30 noyabr 2021-ci İl tarixdə saat 05.15-dən etibarən keçirilmiş baxış zamanı girişdən sol tərəfdə yerləşən qonaq otağında stolun altında olan idman çantasından onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxlağı iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 800 qram və 825 qram, ümumi təmiz çəkisi 1625 qram psixotrop maddə metamfetamin, 06 ədəd bükümdə ayrı- ayrılıqda çəkiləri 1005 qram, 1035 qram, 1020 qram, 1010 qram, 1075 qram, 625 qram, ümumi təmiz çəkisi 5770 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 112,147 qram narkotik vasitə tiryək, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 920 qram, 1120 qram, ümumi təmiz çəkisi 2040 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də üzərində “X3” yazısı, o cümlədən heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində profilaktoriyanın qabağında avtomobilində əyləşib dayanmışdır. Bu vaxt bir nəfər yol polisi onu saxlamış və sənədlərini ona təqdim etməyini istəmiş, o da sənədlərini vermişdir. Bundan sonra o, avtomobildən düşməyini istəmiş və sərxoş olubolmadığını yoxlayacağını bildirmişdir. O, avtomobildən enəndə 20 nəfər şəxs üzərinə hücum etmiş, o nə baş verdiyini başa düşməmiş, bundan sonra onlar onun qolunu qandalla bağlamış, onu avtomobilə əyləşdirmişlər və səhər saatlarına qədər Ramana qəsəbəsindən Maştağa qəsəbəsinə qədər gəzdirmişlər. Həmin şəxslərdən kim olduqlarını soruşmuş və onlardan biri ona özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək, adının Vasif olduğunu bildirmişdir. Onu niyə tutduqlarını soruşmuş, onlar üzərində narkotik vasitə olduğunu bildirmişdir. O, onlara üzərini yoxladıqlarını və heç nə tapmadıqlarını bildirdikdə, onlar “Çıxacaq” deyə bildirmişlər. Bundan sonra onu yaşadığı evə aparmışlar. O evə daxil olanda evdə 10 nəfər şəxs olmuş və onların kim olduğunu bilməmişdir. Onlar evində axtarış keçirdiklərini bildirib stolun altından çantanı çıxarıb ona məxsus olduğunu bildirmişlər. O isə həmin çantanın ona məxsus olmadığını bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada 2-3 ədəd bağlamanı qabağına qoyub ona məxsus olduğunu bildirmişlər. O, yenə həmin bağlamaların ona məxsus olmadığını bildirmişdir. Vəkili ilə əlaqə saxlamağına icazə verməmiş və özləri başqa bir vəkil çağırmışlar. Bundan sonra evinə getmişlər. Evində videoçəkiliş edilən zaman narkotik vasitələri stulun üzərinə düzüb hamısının ona məxsus olduğunu demişlər. O isə həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirəndə on təzyiq etmişlər, onu həyat yoldaşını da bu iş üzrə şübhəli şəxs kimi tutacaqları ilə hədələmişlər. O da məcburiyyət qarşısında qalıb videoçəkiliş zamanı həmin narkotik vasitələrin onun olduğunu bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada sənədləri rəsmiləşdirmişlər. Saxlanılana qədər narkotik vasitədən istifadə etməmişdir. Evində və üzərində narkotik vasitə olmamışdır. Evinə gələndə artıq orada 10 nəfər var imiş, onlar evinə narkotik vasitə yerləşdirmişlər. O, Bəhruz adlı şəxsi tanımamışdır. Polis əməkdaşları evinə onsuz baxış keçirmişlər. Evdə həyat yoldaşı, anası olmuşdur. Evə ikinci dəfə baxış keçirilərkən vəkil iştirak etmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində olan xəsarət izləri qeydə alınmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə prosesində hakimə polis əməkdaşlarının onu döydüyünü deməmişdir, bədənində xəsarət izləri olmuş və hakim bunu özü də müşahidə edə bilərmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 noyabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o və digər əməkdaş Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə saat 02:30 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlamış və onu idarəyə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan torbanın içərisinə baxış zamanı içərisindən 2 ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamalara baxış zamanı hər bir bağlamanın içərisindən ayrıayrılıqda 1 bükümdə narkotik vasitə heroinə bənzər və 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümlərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin göstərişi ilə tutulmamışdan 3 gün əvvəl təyin edilmiş yerdən, yəni Astara rayonu ərazisindən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında “Bəhruz”-un ona 500 manat pul göndərəcəyini, narkotik vasitələrin aludəçisi olduğunu və narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində yerləşən mənzilində də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evinə baxış keçirildi və orada Təqsirləndirilən şəxs stolun alt hissəsindən 1 ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin idman çantasına baxış zamanı içərisindən 6 bağlamada heroinə bənzər, 2 bağlamada psixotrop maddə metamfetaminə bənzər, 1 bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 bağlamada narkotik vasitə olan tiryəkə bənzər maddələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra müvafiq protokollar tərtib edilmiş və aşkar edilmiş predmetlər qabalaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yolda piyada hərəkət edən zaman saxlayıb, birbaşa polis idarəsinə aparmışlar. Ceyhunu döyüb ona işgəncə verməmişdir. Təqsirləndirilən şəxs özü onda olan narkotik vasitələri könüllü olaraq təqdim etmiş və həmin narkotik vasitəni müəyyən yerlərə yerləşdirib şəklini çəkib iranlı şəxsə göndərəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərində və mənzilində narkotik vasitə olmaması, özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in BNMİ-nin təhqiqatçısı Nizami Omarov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində tutduğu sellofan torbadan iki ədəd bükümdə 627,463 qram çəkidə narkotik vasitə heroin və iki ədəd bükümdə 265,704 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in BNMİ-nin təhqiqatçısı Nizami Omarov tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evdə keçirilən baxış zamanı girişdən sol tərəfdə yerləşən qonaq otağında stolun altında olan idman çantasından onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxlağı iki ədəd bükümdə ümumi təmiz çəkisi 1625 qram psixotrop maddə metamfetamin, 06 ədəd bükümdə ümumi təmiz çəkisi 5770 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 112,147 qram narkotik vasitə tiryək, iki ədəd bükümdə ümumi təmiz çəkisi 2040 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, mənzilə baxış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntülər 02 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokollara əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli 6/5296 №-li rəyindən görsənir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” yazısı və imzalar olan kağız paketdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 627,463 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və iki ədəd bükümdə ümumi təmiz çəkisi 265,704 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli çantadakı 6(altı) ədəd bağlamada ümumi təmiz çəkisi 5770 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2(iki) ədəd bağlamada ümumi təmiz çəkisi 1625 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1(bir) ədəd bükümdə təmiz çəkisi 112,147 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; bir ədəd üzərində “X3” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi və sonuncunun yaşadığı ünvandan aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 6397,463 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi və sonuncunun yaşadığı ünvandan aşkar edilmiş metamfetaminin ümumi təmiz çəkisi 1890,704 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Qeyd: heroinin ümumi təmiz çəkiləri- 15770 qram və 627,463, tədqiqata sərf edildi- 0,24 qram və 02 qram, qalıq- 5769,76 qram və 627,263 qram, metamfetaminin təmiz çəkiləri, ümumi 265,704 qram və ümumi 1625 qram tədqiqata sərf edildi 0,2 qram və 02 qram, qalıq- 265,504 qram və 1624,8 qram, tiryəkin təmiz çəkisi 112,147 qram tədqiqata sərf edildi 0,2 qram qalıq- 111,947 qram (ekpertiza tədqiqatın dəyəri 114 manatdır) Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 30 noyabr 2021-ci il tarixli 7/1232 №-li rəyində göstərilir kİ, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan ağ kağız üzərində “Təqsirləndirilən şəxs ...” yazı və imzalar olan çantada üzəri şəffaf yapışqan lentlə sarınmış 1 ədəd bağlamada 2 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 920 qram və 1120 qram olmaqla, ümumi çəkisi 2040 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın təmiz çəkisi- 2040,0 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq-2039,90 qram (ekpertiza tədqiqatın dəyəri 88,70 manatdır) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 mart 2022-ci il tarixli 1156 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi soğru zamanı bildirmişdir ki, 2 ildir narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan heroindən tutulan günü istifadə etdiyini söyləmişdir. Cinayət işi materiallardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü Azərbacan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə birləşib, ona 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs cəzası 6 il 6 aya endirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmündən apellyasiya protesti verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək, Təqsirləndirilən şəxs cəzası yekun olaraq 8 il müəyyən edilmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki əməlini yuxarıda qeyd olunan hökmlərdən və Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından əvvəl törətmişdir, ona görə də o residiv kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə həbs etmənin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunmuş qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il və xx.xx.2018-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uğaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 202 (iki yüz) manat 70 (yetmiş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunmuş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2039,9 qram narkotik vasitə qurudulmuş marixuana, 6397,023 qram heroin, 111,947 qram tiryək, 1890,304 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 202 (iki yüz) manat 70 (yetmiş) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 iyul 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 202 (iki yüz) manat 70 (yetmiş) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunmuş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2039,9 qram narkotik vasitə qurudulmuş marixuana, 6397,023 qram heroin, 111,947 qram tiryək, 1890,304 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanlması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar