Məhkəmə qərarları › İş №1(101)-670/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-670/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-670/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Naxçıvan MR-nin Naxçıvan şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də usta-montyor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, ev 4, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, 26 aprel 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, 26 iyul 2017-ci il tarixdə həbsdə saxlama müddətinin bitməsi ilə əlaqədar həbsdən azad edilmiş, 27 iyul 2017-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 oktyabr 2017-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında yerləşən “Lyuks” adlı kafedə olan kupedə tanışları Zərərçəkmiş şəxs və Şahid ilə birlikdə masa arxasında əyləşib yemək yeyib spirtli içki qəbul edərkən, söhbət zamanı Təqsirləndirilən şəxs ortaq tanışları X2 barəsində xoşagəlməz ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı, sonuncunun masanın üzərindən götürdüyü araq butulkası ilə onun baş nahiyəsindən vurduğundan, o, masanın üzərində olan təyinatı məlum olmayan deşicikəsici aləti (bıçağı) götürüb qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq, sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşaiyət olunan nazik bağırsağın, nazik bağırsağın müsariqəsinin və sol böyrəyin yaralanması ilə nəticələnən qarının ön divarının sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Belə ki, hadisə günü kafedə oturan vaxt Tofiq Abdullayev adlı ümumi tanışları da oraya gəlməli olmuş, sonuncu ilə danışmadığı üçün o, Tofiqin kafeyə gəlməsinə etiraz etmişdir. Bundan sonra Ruslan orada olan butulka ilə onu vurmuş və o, özündən getmişdir. Təxminən 10 saniyədən sonra özünə gəlmiş və stolun üstündə olan bıçaqla Ruslanı vurmuşdur. Orada olan şəxslər səs-küy salmış və Ruslanı götürüb xəstəxanaya aparmış, o isə başı qanadığı üçün çıxıb evə getmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs hadisənin səhəri gün Rusiya Federasiyasına getdiyini, 6 ay sonra qayıdan zaman gömrükdə saxlanıldığını və məhkəmə tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini, hadisə zamanı birinci Ruslanın butulka ilə onu, daha sonra isə onun Ruslanı bıçaqla vurduğunu, Tofiqin onların ortaq dostu olduğunu, Ruslanı stolun üstündə olan meyvə bıçağı ilə vurduğunu, səhəri günü Rusiyaya getdiyini və təxminən 5 ildən sonra onun polis tərəfindən çağırıldığının, barəsində cinayət işi olduğunun ona bildirildiyini, əməlindən peşman olduğunu və həmin vaxtdan zərərçəkmiş şəxslə barışdığını, bu gün də aralarında dostluq münasibətlərinin davam etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, hadisə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirdiyi kimi olmuşdur. Belə ki, hadisə günü onlar Nizami rayonu ərazisində bir kafedə oturub yeyib-içərkən Tofiq adlı ümumi tanışlarının oraya gələcəyinə görə Fərid narazı olmuş və onların arasında mübahisə baş vermişdir. Bu zaman o, stolun üstündə olan araq butulkasını Fəridin başına vurmuş, Fərid də orada olan mətbəx bıçağı ilə ona xəsarət yetirmişdir. Onlar bir yerdə böyüdükləri və dost olduqları üçün Fəridin barəsində şikayət etməmişdir. Hadisədən qısa müddət sonra o, sağalmış və həmin vaxtdan da Fəridlə münasibətləri normal olaraq qalmaqdadır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsində də Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onların hər üçü, yəni o, Fərid və Ruslan uzun müddətdir dostluq münasibətindədir. Hadisə baş verən gün də kafedə yeyib-içən zaman Ruslan ortaq dostları olan Tofiqin yaxşı oğlan olduğunu, Tofiqin də kafeyə gələcəyini bildirmişdir. Həmin vaxt Fərid Tofiqin yaxşı oğlan olmadığını demiş, buna görə Fəridlə Ruslanın arasında mübahisə düşmüşdür. Həmin vaxt Ruslan butulkanı götürüb Fəridin başına vurmuş və Fərid yerə yıxılmışdır. Özünə gəlib ayağa qalxandan sonra Fərid stolun üstündə olan meyvə bıçağını götürüb Ruslanı bir dəfə zərbə vurmaqla zəsarət yetirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və istintaq hərəkəti ilə cinayət hadisəsinin ünvan 1 ünvanında faəliyyət göstərmiş “Lyuks” adlı kafedə baş verdiyi təsdiq olunmuşdur. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 201-203). Məhkəmə-tibb ekspertizasının 20 fevral 2017-ci il tarixli 120 saylı rəyindən görünür ki: - Zərərçəkmiş şəxs daxili qanaxma ilə müaiyət olunan nazik bağırsağın, nazik bağırsağın müsariqəsinin və sol böyrəyin yaralanması ilə nəticələnən qarının ön divarının sol yarısının 1 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. - Qeyd olunan deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na daxil olmasından bir qədər əvvəl olmaqla 18 oktyabr 2016-cı il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinadən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 55-56). Məhkəmə-trasoloji ekspertizasının 29 iyun 2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik bir ədəd deşilmişkəsilmiş zədəsi vardır (cild 1, iş vərəqi 130-132). Cinayət işində olan 17 iyul 2017-ci il tarixli qərardan və eyni tarixli məktubdan görünür ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasından (indiki "X6") götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 133-134). İş materiallarına əlavə edilmiş 03 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyi və ona qarşı heç bir şikayətinin və iddia tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 226). "Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Rüstəmov X3 şəhəri, Atabəylər məhəlləsi, ev 4, mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, onun himayəsində həyat yoldaşı və bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 228-229). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və sonuncunun ona qarşı iddia tələbi və şikayətinin olmamasını, həmçinin iş üzrə digər halları nəzərə nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının dəyəri 73 (yetmiş üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 73 (yetmiş üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya bölməsinə həvalə edilsin. Bakı şəhəri, Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübut - Zərərçəkmiş şəxs məxsus olan bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 73 (yetmiş üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar