Məhkəmə qərarları › İş №1(101)-673/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-673/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-673/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2016 və 2020-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 14-də yamamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən "xxxx" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancı yarı böləcəklərinə dair razılığa gəldikdən sonra 15 sentyabr 2021-ci il tarixdə axşam radələrində "xxxx" adlı şəxsin ona qabaqcadan şəkilini göndərdiyi yerdən, yəni Bakı Metropoliteni QSC-nin “20 yanvar” metrostansiyasının yaxınlığından qanununsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini aralarında olan razılaşmaya əsasən ilkin ödəniş etmədən əldə edib üzərində saxlayaraq etibarnamə əsasında idarə etdiyi “Renault” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobildə daşımış, narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlamaqla daşıması və satışında şübhəli bilindiyinə görə Nəsimi Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22.09.2021-ci il tarixdə saat 15:45 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,984 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,083 qram, 0,103 qram, 0,061 qram, ümumi təmiz çəkisi 0,359 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, etibarnamə əsasında idarə etdiyi “Renault” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkilişlə keçirilən baxış zamanı isə avtomobilin ön sol oturacağının rezin ayağaltısının altındakı saxlanc yerindən eyni tərkibli bir ədəd təmiz çəkisi 104,152 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan “Digital Scale” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir, iki azyaşlı uşağı var, ailəsi ilə birlikdə Keşlə qəsəbəsində yaşayır. Özü taksi fəaliyyəti ilə məşğul olub özünə məxsus olan “Renault” markalı, **-RT-*** d.q.n-lı avtomobili ilə ailəsini dolandırır. Təxminən bir il olar ki, narkotik vasitəsi olan heroindən istifadə etməyə başlamış, narkotiki tanımadığı şəxslərdən əldə edirdi. Sonra isə “İnstagram” sosial şəbəkəsində İİR-sı vətəndaşı kimi özünü təqdim edən Əli adlı şəxslə tanış olmuşdur. Əli narkotik vasitə satdığını və Bakı şəhərinin ərazisində narkotik vasitələrin onlayn satışını həyata keçirdiyini demişdir. Belə ki, Əli narkotik almaq istəyən şəxslərin ona “PayPoint” onlayn ödəniş sistemi vasitəsi ilə onun qeyd etdiyi hesablara ödəniş etdikdən sonra müəyyən yerlərə qoyduğu narkotik vasitələri alıcılara satırdı. 2021-ci ilin sentyabr ayının 15-də Əliyə 450 manat kart vasitəsi ilə köçürdükdən sonra sonuncu ona Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostasiyasının yaxınlığında 105 qrama yaxın narkotik vasitə heroinin qoyduğunu, həmin narkotik vasitənin olduğu yerin foto şəklini instagram sosial şəbəkəsi vasitəsi ilə mobil telefonuna göndərmiş və heroini gedib götürməsini bildirmişdir. Onunla Əlinin arasında metafetaminə dair razılaşma olmamışdır. Narkotik vasitəni götürdükdən sonra Əli ilə əlaqə saxlamış, sonuncu ona narkotik vasitəni özündə saxlamağı, alıcı olduğu halda ona deyəcəyini demişdir. Narkotik vasitənin bir qismini üzərində və qalan hissəsini özünə məxsus olan “Renault” markalı, **-RT-*** d.q.n-lı avtomobilində saxlamışdır. 22 sentyabr 2021-ci il tarixdə günorta radələrində idarə etdiyi maşınla Bakı şəhəri, Nəsimi rayonu ərazisinə qohumu Şahid1 ilə birlikdə gəlmişdir. Həmin gün saat 16 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman 2 nəfər daha əvvəl tanımadığı şəxs avtomobilə yaxınlaşmış xidməti vəsiqələrini təqdim edərək onlara narkotik vasitə əldə etməkdə və satmaqda şübhəli olduqlarını bildirib onu və Faiqi idarəyə aparmışlar. Polis idarəsində onu və Faiqi təhqiqatçıya təhvil vermişlər. Sonuncu hər ikisinə müdafiəçi dəvət etmiş və ayrı-ayrılıqda üzərlərinə baxış keçirilmiş, onun üzərinə baxış videoçəkiliş aparılmaqla keçrilmiş, üzərində şalvarının sol yan cibində olan 1 ədəd ona məxsus “Samsung” markalı mobil telefonunu və əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində olan siqaret falqasına bükülmüş 4 ədəd bükümdə heroini təqdim etmişdir. Onda metafetamin olmamış, həmin maddəni polis əməkdaşları baxışdan əvvəl onun cibinə qoymuşlar. Bundan sonra təhqiqatçıya avtomobilində də narkotik vasitə olduğunu demiş, təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edildikdən və bütün iştirakçılar tərəfindən protokol imzalandıqdan sonra “Renault” markalı avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobildə saxladığı boz rəngli torbanın içərisində olan boz rəngli çantanın içərisindəki şəffaf sellofanda 1 bükümdə heroin və 1 ədəd elektron tərəzini polisə təqdim etmişdir. Maşina baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və o, bütün iştirakçılar kimi həmin protokolu imzalamışdır. Şahid1 üzərində hər hansı bir narkotik vasitə aşkar edilmədiyi üçün sonuncu azad edilmiş, o isə şübhəli şəxs qismində saxlanılmışdır. Saxlanılan zaman və sonrakı müddət ərzində polis əməkdaşları tərəfində fiziki və ya digər təzyiqə məruz qalmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 22 sentyabr 2021-ci il tarixdə ona etimad doğuran mənbədən məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Nəsimi rayonu ərazisində satışı ilə məşğul olur. Həmin məlumatın yoxlanılması məqsədilə raportla Nəsimi RPİ-nin rəhbərliyinə müraciət etmiş,əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, yaradılmış əməliyyat qrupuna o özü, Nəsimi Rayon Polis İdarəsinin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 daxil edilmiş və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Elə həmin gün, saat 15:45-də keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında Şahid1la birlikdə idarə etdiyi avtomobildə saxlanılmışdır. Onların hər ikisi idarəyə gətirilmiş və təhqiqatçı Mirdamət Qədirliyə təhvil verilmişdir. Təhqiqatçı hər iki şəxs üçün müdafiəçi dəvət etmiş, ayrı-ayrılıqda hər ikisinin üzərinə baxış keçirilmişdir. Şahid1 üzərində heç bir şey aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 2 ədəd kiçik şəffaf sellofan torba aşkar olunmuşdur. Həmin bükümlərdən birinin içərisndə 4 ədəd siqaretin falqasına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümlər aşkar edilmişdir. Digər sellofan bükümün içərisndə isə ağ rəngli kristal formalı psixotrop maddə metafetaminə bənzər maddə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq İran vətəndaşı olan Əli adlı şəxsdən “Online” yəni, internet vasitəsi ilə həm öz istifadəsi, həm də satışı üçün 450 manat pula aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona məxsus “Renault” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobildə üzərində olan narkotik vasitə heroin olduğunu demişdir. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs razılığı ilə avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilinin sürücü oturacağının ayaq altı hissəsində yerləşən saxlanc yerini təqdim edib orada olan boz rəngli torbanı təqdim etmişdir. Torbanın içərisindən narkotik vasitə heroinə bənzər maddə olan şəffaf sellofanda bükülü və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan həmin narkotik vasitəni istifadə və satış etmək üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmkarı Şahid2 məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Nəsimi rayonu ərazisində satışı ilə məşğul olur. Həmin məlumatla əlaqədar o da əməliyyat qrupuna daxil edilmiş, qrupa rəhbərlik isə Şahid2 həvalə olunmuşdur. Elə həmin gün, saat 15:45-də keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında Şahid1la birlikdə idarə etdiyi avtomobildə saxlanılmışdır. Onların hər ikisi idarəyə gətirilmiş və təhqiqatçı Mirdamət Qədirliyə təhvil verilmişdir. Təhqiqatçı hər iki şəxs üçün müdafiəçi dəvət etmiş, ayrı-ayrılıqda hər ikisinin üzərinə baxış keçirilmişdir. Şahid1 üzərində heç bir şey aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 2 ədəd kiçik şəffaf sellofan torba aşkar olunmuşdur. Həmin bükümlərdən birinin içərisndə 4 ədəd siqaretin falqasına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümlər aşkar edilmişdir. Digər sellofan bükümün içərisndə isə ağ rəngli kristal formalı psixotrop maddə metafetaminə bənzər maddə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq İran vətəndaşı olan Əli adlı şəxsdən “Online” yəni, internet vasitəsi ilə həm öz istifadəsi, həm də satışı üçün 450 manat pula aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona məxsus “Renault” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobildə üzərində olan narkotik vasitə heroin olduğunu demişdir. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs razılığı ilə avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilinin sürücü oturacağının ayaq altı hissəsində yerləşən saxlanc yerini təqdim edib orada olan boz rəngli torbanı təqdim etmişdir. Torbanın içərisindən narkotik vasitə heroinə bənzər maddə olan şəffaf sellofanda bükülü və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan həmin narkotik vasitəni istifadə və satış etmək üçün saxladığını bildirmişdir. Qeyd etmək istəyir ki, saxlanılan şəxslərə qarşı heç bir fiziki zor və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı və eyni zamanda uzaq qohumudur. 22.09.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 3 ünvanın qarşısında Vüqara məxsus **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman 2 nəfər mülki geyimli şəxslər avtomobilə yaxınlaşmışlar. Vüqara üzərində narkotik vasitə saxlamaqda və satışında şübhəli olduğuna görə Nəsimi RPİ-nə getmək təklif olunmuşdur. Birgə Nəsimi RPİ-nə gəlmişlər. İdarədə təhqiqatçı Mirdamət Qədirli tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra video kameranın müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən istifadə etdiyi mobil telefon aşkar olunmuşdu. Başqa qanunla saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində, həmçinin, avtomobilində narkotik vasitə olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanan 22.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki, ünvan 6 ünvanın qarşısında “Vüqar” adlı şəxsin narkotik vasitələrin əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanan 22.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində 22.09.2021-ci il tarixdə saat 15:45 radələrində Təqsirləndirilən şəxs və Şahid1 olduqları “Renault Megane” markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə, saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 22.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tüng göy rəngli cins şalvarının sağ cibində olan iki ədəd siqaretin kiçik şəffaf sellofan torba təqdim etmişdir. Həmin iki ədəd kiçik torbaya baxış keçirilən zaman 1 ədəd torbanın içərisində psixotrop maddə metafetaminə bənzər maddənin, digər torbanın içərisində 4 ədəd siqaretin falqasına bükülmüş narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu həmin narkotik vasitə və psixotrop maddəni istifadə etmək və satmaq məqsədilə üzərində saxladığını, İran İslam Respublikası vətəndaşı "xxxx" adlı şəxsdən 450 manat pul müqabilində almasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «avtomobilə baxış keçirilməsi barədə» 22.09.2021ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol sürücü oturacağının ayaq altısınında yerləşən saxlanc yerindən boz rəngli torbanın içətisindən narkotik vasitə heroin və 1 ədəd «Digital scale» elektron tərəzinin aşkar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 22.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 6/4216 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri olan 1 nömrəli kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,984 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,083 qram, 0,103 qram 0,061 qram ümumi təmiz çəkisi 0,359 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, üzərində “.. Təqsirləndirilən şəxs idarə etdiyi Renault markalı avtomobilindən...” sözləri olan 2 nömrəli kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 104, 152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotrik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəksini müəyyən etmək mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 6/5647 saylı rəyindən müəyyən oğlunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri olan 1 nömrəli kağız paketdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,279 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi Renault markalı avtomobildən....” sözləri olan 2 nömrəli kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 104,102 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 01.12.2021-ci il tarixli, 4813 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında» 01.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə çox saylı telefon danışıqları aparılmış və sms mətnlərində narkotik və psixotrop maddələrin alqı-satqısı ilə bağlı mətnlər aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş məktubdan müfyyən olunur ki, Təqsirləndirilən şəxs son bir ildə Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi barədə məlumat müəyyən olunmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 28.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 0,934 qram psixotrop maddə metafetamin, 0,199 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxsnın avtomobildən aşkar olunmuş 104,052 qram narkotik vasitə heroin Bakı şəhər Nəsimi RPİ-nin NH-nin saxlancına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 3200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon icra şöbəsinin 8727 saylı, 04.10.2012-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 03.10.2012-ci il tarixdə cəriməni tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər-onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, ailəlidir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2016 və 2020-ci il il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs eidiyi cinayət əməlini səmimi etiraf etməsini, etdiyi əməldən peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 22 sentyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin NH-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,934 qram psixotrop maddə metafetamin, ümumilikdə 0,199 qram narkotik vasitə heroin və sonuncuya məxsus avtomobildən aşkar olunmuş 104,052 qram narkotik vasitə heroin və “Digital Scale” adlı elektron tərəzi məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 270 AZN (iki üz yetmiş manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin NH-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,934 qram psixotrop maddə metafetamin, ümumilikdə 0,199 qram narkotik vasitə heroin və sonuncuya məxsus avtomobildən aşkar olunmuş 104,052 qram narkotik vasitə heroin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 270 AZN (iki yüz yetmiş manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar