Məhkəmə qərarları › İş №1(101)-674/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-674/2019

19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-674/2019 19.06.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Qanuni nümayəndələr Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 iştirakları ilə, xx xxx 2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri 274 saylı orta məktəbin 10-cu sinif şagirdi, məhkum olunmamış, subay, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 12-ci paralel küçəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 12-ci Paralel küçəsi ilə adsız küçənin kəsişməsində tanışı Zərərçəkmiş şəxs ilə görüşərək, 24 fevral 2019-cu il tarixdə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar Zərərçəkmiş şəxs onun arxasınca söyüş söyməsini əsas gətirərək iradını bildirdiyindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı bıçaqla Zərərçəkmiş şəxs qəsdən vuraraq ona qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək peritonu və qaraciyərin girdə bağını zədələyən yarası, qarın nahiyəsinin sol-yan səthinin daxilə nüfuz etməyən bir ədəd və sol bazu nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu 274 saylı orta məktəbin 10-cu sinif şagirdidir. 24 fevral 2019-cu il tarixdə, təxminən saat 17-18 radələrində keçmiş sinif yoldaşları Şahid3 və Şahid5lə 28 May qəsəbəsində yerləşən “Elit” çayxanasında oturub çay içmiş, bir qədər sonra Rəfi namaz qılmaq məqsədilə onlardan ayrılaraq məscidə getmiş, Elmir və o isə çayxanada qalmışlar. Onlar çayxanada olarkən Elmirin mobil telefonuna ümumi tanışları Orxan mesaj yazaraq Rəfi ilə maraqlanmışdır. X4 məsciddə namaz qıldığını yazmış, Orxan isə təcili olaraq onunla danışmalı olduğunu bildirərək, onlardan Rəfini tapmalarını istəmişdir. Bundan sonra Elmir və o, çayxanadan çıxaraq məscidə getmiş və Rəfi ilə görüşüb Orxanın onu axtardığını bildirmişlər. Rəfi Elmirin mobil telefonu ilə Orxana mesaj yazaraq nə baş verdiyini soruşmuş, həmin vaxt Orxan Rəfini 28 May qəsəbəsində yerləşən “Al” marketin qarşısına çağırmışdır. Bundan sonra onlar üçü də “Al” marketin qarşısına getmişlər. Onlar orada təxminən beş dəqiqə gözlədikdən sonra Rəfi Orxanın gəlmədiyini görüb işi olduğu üçün evə getmişdir. Onunla Elmir də evlərinə tərəf getmiş, 28 May qəsəbəsində yerləşən “Tur” marketin qarşısından keçərkən məktəb yoldaşları Orxan və Emillə rastlaşmışlar. Onlar Orxangillə salamlaşdıqdan sonra Orxan onlardan Rəfinin harada olmasını soruşmuşdur. X5 evə getdiyini bildirmiş və Orxandan Rəfi ilə niyə görüşmək istədiyini soruşmuşlar. Orxan Rəfi ilə “razborka” edəcəyini demiş və Rəfini evdən çağırmaq üçün onlarla getmələrini xahiş etmiş, onlar da etiraz etməmişlər. Onlar Rəfigilə gedərkən yolda Orxan Rəfini döyəcəyini bildirmiş, onlar bunun səbəbini soruşsalar da, Orxan Rəfini döymək istəməsinin səbəbini deməmişdir. Onlar Rəfigilin evinə çatmağa az qalmış Orxan fikrindən dönərək Rəfini evdən çağırmağa ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt o, Orxana bayaqdan Rəfinin arxasınca danışdığı üçün öz iradını bildirmiş və buna görə Orxanla onun arasında mübahisə yaranmışdır. Aralarındakı mübahisə zamanı Orxan onu vurmaq üçün üstünə gələndə Elmir Orxanı ondan aralayaraq, ona yaxınlaşmağa qoymamışdır. Təxminən 10-15 dəqiqə sözlə mübahisədən sonra onlar ayrılaraq evə getmişlər. 26 fevral 2018-ci il tarixdə, təxminən saat 18 radələrində o, Elmirlə görüşərkən, Elmir Orxanın onun mobil telefonuna onun barəsində söyüşlər və hədələr yazdığını, bununla əlaqədar Orxanla görüşdüyünü, Orxanın onunla da mübahisə edərək ona onların hər ikisini də döyəcəyini bildirdiyini demişdir. Bundan sonra onlar Orxanın bu cür danışığına aydınlıq gətirmək qərarına gəlmiş və Elmir Orxanın mobil telefonuna mesaj yazaraq məhəlləyə çıxmasını bildirmişdir. Bir qədər sonra Elmir və o, yaşadıqları məhəllədə Orxanla görüşmüşlər. Görüş zamanı o, Orxandan onu söyüb-söymədiyini soruşmuş, Orxan ona onu söydüyünü bildirmişdir. Həmin vaxt o, Orxanı əli ilə çiynindən itələmişdir. Orxan isə onun sol yan hissəsinə bir dəfə təpik vurmuşdur. Həmin vaxt o, evdən çıxarkən üzərində götürdüyü bıçağı gödəkçəsinin cibindən çıxardaraq Orxana bir neçə dəfə zərbə atmışdır. Bundan sonra onlar əlbəyaxa olmuş, həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Təxminən üç-beş dəqiqə dava-dalaşdan sonra onlar ayrılaraq evlərinə getmişlər. Həmin gün polis əməkdaşları onların evinə gələrək Orxanın bıçaqla vurulması barədə maraqlanarkən o, Orxanı bıçaqla vurduğunu səmimi etiraf etmiş və Orxanı vurduğu bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ildə təhsil aldığı Qaradağ rayonu 274 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra məktəbi tərk etmişdir. Təqsirləndirilən şəxs və Şahid3 onun həm qonşuları, həm də keçmiş məktəb yoldaşlarıdır. 24 fevral 2019-cu il tarixdə, təxminən saat 17-18 radələrində o, evdə olarkən Elmirin mobil telefonuna mesaj yazaraq Rəfi adlı tanışlarının onların yanlarında olub-olmadığını soruşmuşdur. Elmir ona Rəfinin məsciddə namaz qıldığını yazarkən o, təcili olaraq Rəfi ilə danışmalı olduğunu bildirərək, Rəfini tapmalarını istəmişdir. Bundan bir qədər sonra Rəfi Elmirin mobil telefonu ilə onunla əlaqə saxlamışdır. O, Rəfi ilə zarafat etmək üçün Rəfiyə ciddi söhbətinin olduğunu və onunla görüşüb məsələyə aydınlıq gətirmək istədiyini demiş və onu “Al” marketin qarşısına çağırmışdır. Həmin vaxt əvvəllər onunla eyni sinifdə oxumuş Emin adlı sinif yoldaşı onun evinə gəlmişdir. O, Eminə Rəfi ilə görüşə getdiyini bildirmiş və onlar birlikdə Rəfi ilə görüşmək üçün “Al” market istiqamətində piyada getməyə başlamışlar. Onlar 28 May qəsəbəsində yerləşən “Tur” marketin qarşısından keçərkən Elmirlə Nemətin gəldiyini görüb onlarla görüşmüşlər. Onlar Nemətgillə salamlaşdıqdan sonra o, Nemətdən Rəfinin harada olmasını soruşmuşdur. Nemət ona Rəfinin evə getdiyini bildirmişdir. Nemətgil ondan Rəfi ilə nə səbəbə görüşmək istədiyini soruşarkən o, ciddi şəkildə Rəfi ilə “razborka” edəcəyini bildirmiş, əslində isə zarafat etmişdir. O, Nemətgildən Rəfini evdən çağırmaq üçün onunla getmələrini istəmiş, onlar da etiraz etməmişlər. Onlar Rəfigilə gedərkən yolda o, Nemətgilə ciddi şəkildə Rəfini döyəcəyini bildirmişdir. Onlar bunun səbəbini soruşsalar da, o, Rəfini döymək istəməsinin səbəbini deməmişdir. Rəfigilə çatmağa az qalmış o, Nemətə fikrindən döndüyünü və Rəfi ilə sonra görüşəcəyini, Rəfini evdən çağırmağa ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt Nemət ona bayaqdan Rəfinin arxasınca danışdığını deyərək ona iradını bildirmişdir. Bunun üstündə Nemətlə onun arasında mübahisə yaranmışdır. Aralarındakı mübahisə zamanı Elmirlə Emin araya girərək onları sakitləşdirmişlər. Təxminən 10-15 dəqiqə sözlə mübahisədən sonra onlar ayrılaraq evə getmişlər. 25 fevral 2019-cu il tarixdə, səhər saatlarında o, 28 May qəsəbəsində Rəfi ilə görüşərkən Rəfi ondan onu axtarmağının səbəbini soruşmuş, o, Rəfiyə uşaqlarla zarafat etdiyini, guya onu vurmaq istədiyini bildirmişdir. Söhbət zamanı Rəfi ondan Nemətlə aralarında nə baş verdiyini soruşarkən o, Rəfiyə Nemətin onun zarafatından xəbərsiz olduğunu və hər şeyi ciddi qəbul etdiyini bildirmişdir. Rəfi ona Nemətin onunla mübahisədən sonra ona acıqlı olduğunu demişdir. 26 fevral 2018-ci il tarixdə, təxminən saat 14-15 radələrində o, məhlədə Elmiri görmüş və ondan Nemətin harada olduğunu soruşmuşdur. Elmir Nemətdən xəbərsiz olduğunu dedikdə, o, Elmirə Nemətin ona sözü varsa, görüşə biləcəklərini bildirmişdir. Həmin gün, təxminən saat 18 radələrində Elmir onun telefonuna mesaj yazaraq Nemətin onunla görüşmək istədiyini deyib, məhlədə görüşmələrini təklif etmişdir. Bir qədər sonra o, yaşadıqları məhəllədə Nemət və Elmirlə görüşmüşdür. Görüş zamanı o, Nemətdən onu bıçaqla vurmaq istəməsi barədə ifadə işlədib-işlətmədiyini soruşmuş, Nemət ona həmin ifadəni işlətdiyini bildirmişdir. O, Nemətə “vurmayanın var yoxunu” ifadəsini işlədərkən, Nemət əli ilə onun çiynindən itələmişdir. O isə təpiklə Nemətin sol yan hissəsinə bir dəfə təpik vurmuşdur. Həmin vaxt Nemət onun üstünə cumaraq ona əli ilə zərbələr endirməyə başlamışdır. Elmir isə aralarına girərək onları aralamağa çalışmışdır. O, ilk öncə Nemətin onu əli ilə vurduğunu güman etsə də, sonradan Nemətin əlində bıçaq olduğunu görmüş və Nemətin onu bıçaqla vurduğunu başa düşmüşdür. Təxminən üç-beş dəqiqə dava-dalaşdan sonra onlar ayrılmış və Nemətgil çıxıb getmişlər. Onlar çıxıb getdikdən sonra o, qarın nahiyəsinə baxarkən qarnından qan axdığını görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Qaradağ rayonu 274 saylı orta məktəbin 9-cu sinfini bitirib məktəbdən çıxmışdır. 24 fevral 2019-cu il tarixdə, təxminən saat 17-18 radələrində keçmiş sinif yoldaşları Təqsirləndirilən şəxs və Şahid5lə 28 May qəsəbəsində yerləşən “Elit” çayxanasında oturub çay içmişlər. Bir qədər sonra Rəfi namaz qılmaq məqsədilə onlardan ayrılaraq məscidə getmiş, Nemətlə o isə çayxanada qalmışlar. Onlar çayxanada olarkən onun mobil telefonuna ümumi tanışları olan Orxan mesaj yazaraq Rəfi ilə maraqlanmışdır. O, Orxana Rəfinin məsciddə namaz qıldığını yazmış, Orxan isə təcili olaraq Rəfi ilə danışmalı olduğunu deyərək, onlardan Rəfini tapmalarını istəmişdir. Bundan sonra Nemətlə o, çayxanadan çıxaraq məscidə getmiş, Rəfiyə Orxanın onu axtardığını bildirmişlər. Rəfi onun mobil telefonu ilə Orxana mesaj yazıb nə baş verdiyini soruşmuş, həmin vaxt Orxan Rəfiyə 28 May qəsəbəsində yerləşən “Al” marketin qarşısına gəlməyini tapşırmışdır. Bundan sonra onlar üçü də “Al” marketin qarşısına getmişlər. Onlar orada təxminən beş dəqiqə gözlədikdən sonra Rəfi Orxanın gəlmədiyini görüb işi olduğu üçün evə getmişdir. Onunla Nemət də evə tərəf yollanmışlar. Onlar 28 May qəsəbəsində yerləşən “Tur” marketin qarşısından keçərkən məktəb yoldaşları Orxan və Emillə rastlaşmışlar. Orxan onlardan Rəfinin harada olmasını soruşmuş, onlar da Rəfinin evə getdiyini bildirmişlər. X8 ilə nə səbəbə görüşmək istədiyini soruşduqda, Orxan Rəfi ilə “razborka” edəcəyini və Rəfini döyəcəyini bildirmiş, Rəfini evdən çağırmaq üçün onlarla getmələrini istəmiş, onlar da etiraz etməmişlər. Yolda gedərkən X10 ilə aralarında olan münasibətə aydınlıq gətirməsini tələb etdiyi üçün onların arasında sözlə mübahisə olmuş, Orxan Neməti vurmaq üçün onun üstünə getsə də, o qoymamış və onları aralamışdır. Bunu görən Orxan onunla da mübahisə etmiş, lakin o, Orxana baş qoşmamışdır. Onlar Rəfigilin evlərinin qarşısına çatdıqdan sonra Rəfini çölə çağırsalar da, Rəfi atası evdə olduğu üçün çölə çıxa bilməyəcəyini demiş, buna görə də onlar orada Orxangildən aralanıb evə getmişlər. 25 fevral 2019-cu il tarixdə Orxan mobil telefonundan ona səsli mesaj göndərərək söhbət etmək üçün 274 saylı məktəbin qabağına gəlmələrini bildirsə də, o, həmin mesajı 26 fevral 2019-cu il tarixdə oxumuşdur. Orxan həmin mesajın ardınca Nemətin ünvanına söyüş və hədə mesajları da yazmışdır. 26 fevral 2019-cu il tarixdə, saat 15 radələrində o, Orxanın mesajları barədə Nemətə məlumat vermək üçün Nemətgilə getsə də, Nemət yatdığı üçün onu görə bilməmişdir. Axşama yaxın o, Orxanı məhəllədə görərkən Orxan ona guya ki, Nemətin kimlərinsə yanında onu bıçaqla vuracağı barədə söz dediyini bildirmiş və əlavə olaraq “vurmayanın var yoxunu.......” ifadəsini işlətmişdir. Həmin gün, axşam saat 20 radələrində Nemət onlara gəlmiş və o, Nemətə Orxanın mesajları və söyüşü barədə məlumat vermişdir. Bundan sonra Nemət ona məxsus telefondan Orxana mesaj yazaraq, Orxanın görüşünü qəbul etmiş və Orxana yaşadıqları küçəyə çıxmasını bildirmişdir. Bir qədər sonra o, Nemət və Orxan məhəllədə görüşmüşlər. Görüş zamanı Nemət Orxandan onu söyübsöymədiyini soruşarkən Orxan Nemətə söydüyünü bildirmişdir. Həmin vaxt onlar əlbəyaxa olmuşlar. O, Nemət və Orxanı aralayarkən, Nemətin bıçaqla Orxana zərbə vurmasını görmüşdür. Nemət bir neçə dəfə Orxana tərəf bıçaq zərbəsi atdıqdan sonra onlar bir daha əlbəyaxa olmuşlar, lakin o, araya girərək onları sakitləşdirmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 onun əmisi oğlu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs isə qonşularıdır. Onlar hamısı bir-birilərinə yaxın evlərdə yaşayır və uzun illərdir ki, yoldaşlıq edirlər. 26 fevral 2019-cu il tarixdə, axşam saatlarında o, məhəllədə olarkən xatırlamadığı şəxslərdən Nemətlə Orxanın bir qədər əvvəl dava etdiklərini və Nemətin Orxanı bıçaqla vurduğunu eşitmişdir. Sonradan isə əmisi oğlu Elmir ona Nemətlə Orxanın dava edərkən onun da onların yanlarında olduğunu və onları aralamağa cəhd etdiyini, Orxanın heç bir səbəb olmadan Neməti söyüb təhqir etdiyi üçün Nemətin Orxanı bıçaqla vurduğunu bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Şahid3 və Təqsirləndirilən şəxs onun keçmiş məktəb yoldaşlarıdır. 24 fevral 2019-cu il tarixdə, təxminən saat 17-18 radələrində Orxan ona zəng edərək görüşmək üçün məhlələrinə çağırmış, o da Orxangilin məhləsinə gedərək onunla görüşdür. Görüş zamanı Orxan Elmirin mobil telefonuna mesaj yazaraq Rəfi adlı tanışlarının onların yanlarında olub-olmadığını soruşduğunu və Rəfi ilə görüşərək zarafatlaşacağını bildirmiş, daha sonra onlar birlikdə Rəfi ilə görüşmək üçün piyada “Al” market istiqamətində getmişlər. Onlar 28 May qəsəbəsində yerləşən “Tur” marketin qarşısından keçərkən Elmirlə Nemətin gəldiyini görüb onlarla görüşmüşlər. X2 harada olmasını soruşmuşdur. X6 evə getdiyini bildirmişdir. X9 ilə nə səbəbə görüşmək istədiyini soruşduqda, Orxan ciddi şəkildə Rəfi ilə “razborka” edəcəyini bildirmiş, əslində isə zarafat etmişdir. X3 evdən çağırmaq üçün onlarla getmələrini təklif etmiş, onlar da Orxana etiraz etməmişlər. Onlar Rəfigilə gedərkən yolda Orxan Nemətgilə ciddi şəkildə Rəfini döyəcəyini bildirmişdir. Onlar Orxandan bunun səbəbini soruşsalar da, Orxan Rəfini döymək istəməsinin səbəbini deməmişdir. Onlar Rəfigilə çatmağa az qalmış Orxan Nemətə fikrindən döndüyünü və Rəfi ilə sonra görüşəcəyini və onu evdən çağırmağa ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt Nemət Orxana bayaqdan Rəfinin arxasınca danışdığını deyərək öz iradını bildirmiş, buna görə Nemətlə Orxanın arasında mübahisə yaranmış, mübahisə zamanı Orxan Nemətə bir dəfə sillə vurmuş, Elmir və o, onların arasına girərək sakitləşdirmişlər. Təxminən on-on beş dəqiqə sözlə mübahisədən sonra onlar ayrılaraq evə getmişlər. 26 fevral 2019-cu il tarixdə o, Elvin adlı tanışından Nemətlə Orxanın iki gün əvvəl aralarındakı mübahisənin davamı olaraq dalaşdıqlarını və Nemətin bıçaqla Orxanı vurduğunu və Orxanın xəstəxanaya yerləşdirildiyini eşitmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Şahid3 və Təqsirləndirilən şəxs onun keçmiş məktəb yoldaşlarıdır. Onların hamısı bir-birilərinə yaxın evlərdə yaşayırlar və uzun illərdir ki, yoldaşlıq edirlər. 26 fevral 2019-cu il tarixdə axşam saatlarında o, məhəllədə olarakən xatırlamadığı şəxslərdən Nemətlə Orxanın bir qədər əvvəl dava etdiklərini və Nemətin Orxanı bıçaqla vurduğunu eşitmişdir. 25 fevral 2019-cu il tarixdə, günorta saatlarında o, məhəllədə Orxanla görüşərkən Orxan bir gün öncə, yəni 24 fevral 2019-cu il tarixdə Nemətlə mübahisə etdiyini və mübahisə zamanı Nemətə bir sillə zərbəsi vurduğunu bildirmişdir. O, Orxandan Nemətlə aralarındakı münaqişənin səbəbi barədə soruşarkən Orxan 24 fevral 2019-cu il tarixdə Nemətdən ümumi tanışları olan Rəfinin evdən çağırılması üstündə mübahisə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş yetkinlik yaşına çatmayan Şahid5 ifadəsində göstərmişdir ki, 24 fevral 2019-cu il tarixdə, təxminən saat 17-18 radələrində keçmiş sinif yoldaşları Təqsirləndirilən şəxs və Şahid3lə 28 May qəsəbəsində yerləşən “Elit” çayxanasında oturub çay içmişlər. Bir qədər sonra o, namaz qılmaq məqsədilə onlardan ayrılaraq yaxınlıqdakı məscidə getmiş, Elmirlə Nemət isə çayxanada qalmışlar. O, məsciddən çıxarkən Elmirlə Nemətin məscidin qarşısında onu gözlədiyini görmüşdür. Onlar ona keçmiş məktəb yoldaşları Orxanın onu axtardığını və onunla telefonla danışmaq istədiyini bildirmişlər. O, Elmirin mobil telefonu ilə Orxana nə baş verdiyini yazmış, həmin vaxt Orxan ondan 28 May qəsəbəsində yerləşən “Al” marketin qarşısına gəlməyini istəmişdir. Bundan sonra onlar üçü də “Al” marketin qarşısına getmişlər. Onlar orada təxminən 5 dəqiqə gözlədikdən sonra o, Orxanın gəlmədiyini görüb evə getmişdir. Elmirlə Nemət də öz evlərinə tərəf getmişlər. 25 fevral 2019-cu il tarixdə, səhər saatlarında o, 28 May qəsəbəsində Orxanla görüşərkən ondan bir gün əvvəl onu axtarmağının səbəbini soruşmuş, Orxan isə uşaqlarla zarafat etdiyini, onlara zarafatla guya onu vuracağını bildirdiyini demişdir. Onun Orxanla yaxşı münasibətləri olduğu üçün Orxanın bu hərəkətini elə zarafat kimi başa düşdüyünü bildirmişdir. Söhbət zamanı o, Orxandan Nemətlə aralarında nə baş verdiyini soruşarkən Orxan ona Nemətin onun zarafatını ciddi anladığını və bunun üstündə aralalarında mübahisə olduğunu bildirmişdir. 26 fevral 2019-cu il tarixdə o, xatırlamadığı şəxsdən Nemətlə Orxanın iki gün əvvəl aralarındakı mübahisənin davamı olaraq dalaşdıqlarını və Nemətin bıçaqla Orxanı vurduğunu və Orxanın xəstəxanaya yerləşdirildiyini eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibb ekspertizasının 12 mart 2019-cu il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən peritonu və qaraciyərin girdə bağını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; qarın nahiyəsinin sol-yan səthinin daxilə nüfuz etməyən 1(bir) ədəd və sol bazu nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 26 fevral 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətləin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-ballistik ekspertizasının 15 aprel 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 16 aprel 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ittiham olunduğu əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayət əməlindən səmimi peşman olmasını, könüllü olaraq cinayətin alətini təqdim etməsini, cinayəti yetkinlik yaşına çatmadığı vaxtda törətməsini, həmçinin hazırda da yetkinlik yaşına çatmamasını (on altı yaş), zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təhsil yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanın ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə olunmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təyin ediləcək cəzanın müddəti 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdən 19 iyun 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351- 352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdən 19 iyun 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 24 (iyirmi dörd) gün çıxılaraq, onun üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev

2. Əhməd Quliyev

3. İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar