Məhkəmə qərarları › İş №1(101)-674/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-674/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-674/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faizi tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,674 qram çəkidə psixotrop maddə metamfetamin və 1,185 qram çəkidə narkotik vasitə heroini 110 manata əldə edib özündə saxlamaqla daşımış, 14 oktyabr 2021-ci il tarixdə saat 10:45-də ünvan 2 ünvanın qarşısında Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf politelen bükümün içərisində olan 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,463 qram, 0,312 qram, 0,453 qram, 0,351 qram, 0,604 qram, 0,418 qram, 0,073 qram - ümumi təmiz çəkisi 2,674 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 04 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,290 qram, 0,265 qram, 0,280 qram, 0,350 qram ümumi təmiz çəkisi 1,185 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilmiş və barəsində islah işləri cəzası təyin edilmişdir. Təxminən 6 aya yaxın müddətdir ki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etmişdir. Özünün yaşadığı otaq ayrıdır və həyətə daxil olandan sonra giriş qapısı da ayrıdır. O, həmin otaqda digər ailə üzvlərindən ayrı qalır. 14 oktyabr 2021-ci il tarixdə səhər saatlarında onun yaşadığı evə “Sovetski” adlanan ərazidə bir çox narkotik istifadəçilərinin yaxşı tanıdığı, narkotik vasitə satıcısı olan şəxs onun yaşadığı evə gəlmiş, o özünün istifadəsi üçün bu şəxsdən çox az miqdarda metamfetamin götürmüşdür. Həmin şəxs otağında olarkən ona verdiklərindən əlavə özü ilə gətirdiyi çoxsaylı bükümlərdə metamfetamin və heroini də çıxardıb jurnal masasının üstünə qoymuş, adi söhbətlər etmişlər. Az sonra otağa bir neçə polis əməkdaşı daxil olmuş, polislər daxil olan kimi «mal» satan şəxs otaqdan çıxıb qaçmışdır. Əslində orada elə vəziyyət yaradılmışdır ki, bu şəxsin qaçıb getməsi üçün şərait yaradılsın. Polislər «qoyma qaçdı» və sair sözlər işlətsələr də əslində özləri onun çıxıb getməsinə şərait yartmışlar. Həmin şəxsdən əvvələr də dəfələrlə «mal» almışdır və bu şəxsin onun evində bu şəkildə gəlib oturmasında qeyri-adi heç nə görməmişdir. Sonra masanın üstündəki «malları» da yığıb ona vermiş və idarəyə gətirərək üstünə baxış keçirmişlər. Belə ki, polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis idarəsinə getmiş, onu təhqiqatçının otağına aparmışlar. Orada hüquqlarını izah etdikdən sonra vəkil dəvət etmişlər. Daha sonra üzərinə videoçəkilişlə mütəxəssisin və əməliyyatçıların iştirakı ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən polis əməkdaşlarının ona verdikləri içərisində 11 büküm olan bir ədəd politelen sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin 10 ədədi siqaretin gümüş kağızına bükülmüş, 01 ədədi isə polietelen bükümdə olmuşdur. Bükümlərin 7 ədədində metamfetamin, 4 ədədində isə heroin olmuşdur. Axtarış zamanı ona əvvəlcədən başa salındığı kimi həmin bükümləri öz istifadəsi üçün “Qaqaş” kimi müraciət etdiyi tanımadığı şəxsdən bir gün öncə 110 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə üzərindən hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilmişdir. Bir daha bildirir ki, onun üstündən götürülmüş kimi rəsmiləşdirilmiş «mallar» hamısı onun deyil, az bir hissəsi onundur. Özünə aid olan «malı» isə şəxsi istifadəsi üçün əldə etmiş, onların satışı ilə məşğul olmamışdır. Ona görə də istifadəçi kimi təqsirli bilinib cəzalandırılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş əksər hissədə eyni məzmunlu ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilmiş və barəsində islah işləri cəzası təyin edilmişdir. Təxminən 6 aya yaxın müddətdir ki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etmişdir. 13 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə “Qaqaş” kimi çağırılan adını bilmədiyi və özünü şəxsən tanımadığı şəxsdən 110 manata bir ədəd politelen bükümün içərisində olan 11 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək həmin vaxtdan üzərində saxlamışdır. Həmin bükümlərin 10 ədədi siqaretin gümüş kağızına bükülmüş, 1 ədədi isə polietelen bükümdə olmuşdur. Bükümlərin 7 ədədində metamfetamin, 4 ədədində isə heroin olmuşdur. 14 oktyabr 2021-ci il tarixdə səhər saat 10:45 radələrində yaşadığı Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 70 nömrəli ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq narkotik vasitələrin qəbulunda və satışında şübhəli olduğunu bildirmişlər və onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis idarəsinə getmişdir. Polis idarəsində onu təhqiqatçının otağına dəvət etmişlər və orada hüquqlarını izah etdikdən sonra vəkil dəvət etmişlər. Daha sonra vəkilin iştirakı olmadan üzərinə videoçəkilişlə mütəxəssisin və əməliyyatçıların iştirakı ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 11 büküm olan bir ədəd politelen sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin 10 ədədi siqaretin gümüş kağızına bükülmüş, 01 ədədi isə polietelen bükümdə olmuşdur. Bükümlərin 7 ədədində metamfetamin, 4 ədədində isə heroin olmuşdur. Həmin bükümləri öz istifadəsi üçün “Qaqaş” kimi müraciət etdiyi tanımadığı şəxsdən bir gün öncə 110 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə üzərindən hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC-dən daxil olmuş 01.11.2021-ci il tarixli, AZF-LGL-252020/21 saylı məktuba əsasən onun adına 26.10.2014-cü il tarixdə “Nar mobile” ya aid ***-******* saylı mobil telefon nömrəsi onun adına qeydə alınsa da ona məxsus deyil. Bir neçə il öncə tanışı Elvin adlı şəxs ondan xahiş edərək həmin nömrəni onun adına almışdır. Həmin nömrəni o özü istifadə etməmişdir (cild 1, iş vərəqə 89-92). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin kiçik əməliyyat müvəkkili Şahid2 Aslan oğlu ilə birlikdə Nəsimi rayonu ərazisində Əliabbas adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlaması və satması barədə məlumat əldə etmişdir. Həmin məlumat üzrə Əliabbas adlı şəxsin ifşa edilməsindən ötrü idarə rəhbərliyinə müraciət etmişlər. Ondan və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 15 oktyabr 2021-ci il tarixdə saat 10:45-də ünvan 4 ünvanın qarşısında Əliabbas adlı şəxsin əlamətlərinə malik şəxsi görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qəbulunda, saxlanmasında, satmasında şübhəli olduğunu bildirərək onu Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra həmin şəxsin üstünə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmiş və həmin raportun icrası təhqiqatçı Saleh Salahzadəyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Saleh Salahzadənin xidməti iş otağına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 11 büküm olan bir ədəd politelen sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin 10 ədədi siqaretin gümüş kağızına bükülmüş, 01 ədədi isə polietelen bükümdə olmuşdur. 7 ədəd bükümdə metamfetaminə, 4 ədəd bükümdə isə heroinə bənzər maddələr olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri öz istifadəsi üçün bir gün öncə Yasamal rayonunda Sovetski adlanan ərazidən “Qaqaş” kimi müraciət etdiyi tanımadığı şəxsdən 110 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq möhürlənmiş və ekspertiza tədqiqatına göndərilmişdir. Ekspert rəyindən sonra bükümlərin içərisində heroin və metamfetamin olduğu öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs bilavasitə satış başında yaxalaya bilməsələr də bütün əməliyyat məlumatları onun məhz satışla məşğul olması barədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid2 Aslan oğlu Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində X1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf politelen sellofanın içərisindən 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 1 ədəd poletelin sellofana bükülmüş bükümlər aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı X3 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərin heroin olduğunu, 6 ədəd siqaretin gümüşü kağızına və 1 ədəd poletelin sellofana bükülmüş bükümlərin isə metamfetamin olduğunu, həmin maddələri 13 avqust 2021-ci il tarixdə axşam saatlarında “Sovetski” adlanan ərazidə “Qaqaş” adlı şəxdən ümumilikdə 110 manata aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 47-53). Məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Yusifzadə Ə....” sözləri olan zərfdəki 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,463 qram, 0,312 qram, 0,453 qram, 0,351 qram, 0,604 qram, 0,418 qram, 0,073 qram - ümumi təmiz çəkisi 2,674 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,265 qram, 0,280 qram, 0,350 qram - ümumilikdə təmiz çəkisi 1,185 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2,604 qram, heroinin qalıq çəkisi 1,105 qram təşkil etmişdir (cild 1, iş vərəqə 59-65). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 dekabr 2021-ci il tarixli 4959 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 162-163). Məhkəmə-psixiatrik ekspertizasının 06 dekabr 2021-ci il tarixli 2898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 164-166). İbtidai istintaq orqanının verdiyi əməliyyat tapşırığına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 08 yanvar 2022-ci il tarixli 086-1222-1222 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni “Qaqaş” ləqəbli şəxsdən almağına dair şübhələr müəyyən edilmişdir, həmin istiqamətdə tədbirlər davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 175). İbtidai istintaq orqanının 19 yanvar 2022-ci il tarixli qərarı ilə şəxsiyyəti istintaqa məlum olmayan “Qaqaş” adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 195-196). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faizi tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 131-132, 178-180) Bakı şəhər Probasiya İdarəsinin 11 yanvar 2022-ci il tarixli 21-1-3-169812-11 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnsitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər Probasiya İdarəsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə islah işləri cəzasından azad edilmişdir (cild 1, iş vərəqə 182). . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxsun cəzadan azad edildiyi vaxtdan məhkumluğun ödənilməsi üçün zəruri olan bir il müddət keçmədiyinə görə onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak məqsədilə əldə etməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Səhər saatlarında 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,463 qram, 0,312 qram, 0,453 qram, 0,351 qram, 0,604 qram, 0,418 qram, 0,073 qram - ümumi təmiz çəkisi 2,674 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini və 04 ədəd bükümdə ayrıayrılqıda təmiz çəkiləri 0,290 qram, 0,265 qram, 0,280 qram, 0,350 qram - ümumi təmiz çəkisi 1,185 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsin bilavasitə üstündə saxlayıb daşıması onun qeyd olunan psixotrop maddə və narkotik vasitəni məhz satış məqsədilə əldə etdiyinə dəlalət edən xüsusatdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi fərqli xüsusatın özü - ətraf ərazidə nakrotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsin sərbəst şəkildə birbaşa onun evinə gələrək ona lazım olan metamfetamini və heroini verməsi, guya ona aid olmayan çoxsaylı bükümlərdəki digər metamfetamin və heroinləri də çıxardıb elə bir səbəb olmadan masanın üzərinə düzməsi fikrinin özü belə ziddiyyətlidir. Hətta başqa heç bir sübutla təsdiq edilməsə belə bu mülahizənin elə özü də əslində şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsinə yönələn xüsusat kimi qiymətləndirməyə imkan verir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 25, 108-113). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,604 qram təşkil edən metamfetamin və qalıq çəkisi 1,105 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 59,228). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,604 qram təşkil edən metamfetamin və qalıq çəkisi 1,105 qram təşkil edən heroin məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar