Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-675/2024 01.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs, müdafiəçi, “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1967-ci ildə Quba rayonunda anadan olmuş, vətəndaşlığı olmayan şəxs, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanında yerləşən və 0,0291 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 noyabr 2016-cı il tarixli ******* nömrəli çıxarışa əsasən Şahid2 xüsusi mülkiyyətində olan, eyni hasarla əhatələnmiş, ərazisində 31,4 kv.metrlik 1 otaqlı fərdi yaşayış evi olan Şahid1 faktiki sahibliyindəki ümumilikdə 0,07 ha torpaq sahəsini Zərərçəkmiş şəxs özünə məxsus kimi təqdim etməklə torpaq sahəsinin 0,046 ha hissəsini Zərərçəkmiş şəxs cəmi 80.000 (səksən min) manata satacağına dair yalan vəd verib aldadaraq 14 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs məxsus 2.500 (iki min beş yüz) manat və 16 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanda eyni məqsədlə Zərərçəkmiş şəxs məxsus 57.500 (əlli yeddi min beş yüz) manat - cəmi 60.000 (altmış min) manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 60.000 (altmış min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki o, 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə işlədiyi mağazanın yaxınlığında yerləşən çayxanadan tanıdığı Seyran adlı ev və torpaq sahələrinin alqı-satqısında vasitəçiliklə məşğul olan şəxslə birlikdə eyni masa arxasında əyləşib çay içən vaxt Seyran o da daxil olmaqla masa arxasında əyləşən bir neçə nəfər şəxsə Həzi Aslanov qəsəbəsində münasib qiymətə torpaq sahəsi axtardığını, torpaq sahəsi olduğu təqdirdə bu barədə ona məlumat verilməsini xahiş etmişdir. Onun kredit ödənişləri və əl borcları olduğundan və həmin ödənişlər onda maddi sıxıntı yaratdığından həmin ərəfələrdə yaşadığı 1 otaqlı fərdi yaşayış evinin yerləşdiyi Elçinə məxsus 7 sot torpaq sahəsinin bir hissəsini özünə məxsus kimi təqdim etməklə sata biləcəyini düşünüb X18 qəsəbəsində belə bir torpaq sahəsinin mövcudluğu barədə məlumat vermişdir. Lakin yenǝ də ani narahatlıq olmaması və Elçin bəyin bundan məlumatlı olmaması üçün torpaq sahəsini satmağa real fikri olduğu halda Seyrana məlumat verəcəyimi bildirmişdir. Seyran da onunla razılaşmışdır. Bir neçə gün keçdikdən sonra Elçinin torpaq sahəsi ilə maraqlanmadığını görüb və torpaq sahəsinin nəzarətsiz olmasına görə Seyranla çayxanada görüşərkən torpaq sahəsini satmaq istədiyini sonuncuya bildirmişdir. Seyran da həmin torpaq sahəsini almaq istəyən bir nəfər müştərisinin olduğunu bildirib lazım gələrsə torpaq sahəsinə baxacağını demişdir. Bir neçə gün sonra Seyran onunla telefon əlaqəsi saxlayaraq torpaq sahəsinə baxmaq istədiyini demiş, bundan sonra Seyranla torpaq sahəsinin yerləşdiyi ünvan 3 ünvana gəlmişlər və həmin ünvanda yerləşən 7 sot torpaq sahəsinin içərisinə keçmişlər. Seyranı torpaq sahəsi ilə tanış etmiş, söhbət əsnasında o, Seyrana torpaq sahəsinin 4 sotunu satmaq niyyətində olduğunu demiş, bundan sonra Seyran torpaq sahəsi ilə tanış olmaq üçün həmin müştəriyə məlumat verəcəyini bildirmişir. Bir neçə gün sonra Seyran onunla telefon əlaqəsi saxlayıb torpaq sahəsini almaq istəyən şəxsin çöl tərəfdən torpaq sahəsini görsə də, içəri tərəfdən də torpaq sahəsi ilə tanış olmaq istəməsini bildirmiş, buna görə də o, elə həmin günü torpaq sahəsinin yerləşdiyi yerə gəlmiş, orada Seyran onu torpaq sahəsini almaq istəyən Vidadi və sonuncunun tanışı olan İmamqulu adlı şəxslərlə tanış etmişdir. Vidadi və İmamqulu adlı şəxslərlə aralarında əvvəldən hər hansı bir tanışlıq və ya münasibət olmamışdır. Vidadi və İmamqulu adlı şəxslər torpaq sahəsinin içərisinə keçib tanış olmuşlar. Vidadi torpaq sahəsinə diqqətlə baxış keçirdikdən sonra sahənin 23x20 ölçüsündə olan hissəsini, yəni 4,6 sotunu almağı qərarlaşdırmışdır. Lakin Vidadi ondan torpaq sahəsinə dair nə kimi hüquqmüəyyənedici sənədlərinin olmasını soruşduqda, o, sənədlərin bir neçə aydır ki, çıxarış hazırlanması üçün Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmasını bildirmişdir. Buna görə də o, Vidadiyə torpaq sahəsinə dair hər hansı bir rəsmi sənəd təqdim edǝ bilməmiş, lakin Vidadidə özünə qarşı inam yaratmaq və pulu tez bir zamanda almaq üçün 4 sotdan artıq olan təxminən 0,6 sot hissəyə görə ödəniş almayacağını demişdir. Beləliklə də, Vidadi ilə aralarında olan razılaşmaya əsasən torpaq sahəsinin 1 sotunu 20.000 manat olmaqla cəmi 80.000 manat məbləğində pula razılaşmışlar. Beləliklə də, əsasən Vidadi torpaq sahəsinə görə tələb olunan 80.000 manat ödənişin 60.000 manat hissəsini əvvəlcədən, qalan 20.000 manat olan hissəsini isə torpaq razılaşmaya sahəsinin sənədləşdirilməsinin başa çatmasından sonra ödəyəcəkdi. Torpaq sahəsinin sahibi Elçin bəyin bu proseslərdən məlumatlı olmaması üçün sonuncunun evdə olmadığı vaxtlarda Seyran və Vidadi ilə torpaq sahəsinə gəlimişdir. Növbəti gün, yəni 14 fevral 2023-cü il tarixdə İmamqulu və Vidadi onun işlətdiyi Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən təsərrüfat mallarının şatışı mağazasına gəlmişlər. Mağazada olarkən Vidadi torpaq sahəsinə görə beh olaraq ona 2.500 manat məbləğində pul vermişdir. Bundan sonra İmamqulu özü ilə gətirmiş olduğu əvvəlcədən hazırlanmış rekvizitləri olan müqaviləni göstərib həmin müqavilənin müəyyən bəndlərində razılıq şərtləri ilə bağlı qeydlər aparmaq lazım olmasını bildirmişdir. Bundan sonra həmin müqavilədə öz xətti ilə torpağın razılaşdırılmış satış qiyməti, ilkin beh məbləği, torpağı alan və satan şəxslərin anket məlumatlarını və əlaqə vasitələrini qeyd etmiş və müqavilənin bir nüsxədə kserosurətini çıxarıb Vidadiyə vermişdir. Müqavilədə anket məlumatlarını torpaq sahəsinin əsl sahibi olan Haqverdinin soyadını, ad olaraq isə adını Həsən adını qeyd etmiş, yazının sonunda öz xətti ilə imza etmişdir. İmamqulu da ondan sonra imza etmiş, sonra İmamqulu və Vidadi mağazanı tərk etmişlər. 16 fevral 2023-cü il tarixdə Vidadi və İmamqulu mağazaya gəlmiş, Vidadi torpağa görə razılaşdıqları məbləğin qalan 57.500 manat hissəsini mağazada İmamqulunun yanında ona vermişdir. O da pulu sayıb qəbul etmiş, daha sonra torpağa görə tərtib edilən müqavilənin arxa tərəfində Vidadi öz xətti ilə cəmi 60.000 manat məbləğində pulu verməyi və 20.000 manat məbləğində pul borclu qalması ilə bağlı öz xətti ilə qeydlər aparıb sonda imza etmişdir. Bundan sonra o və İmamqulu da qeydlərin sonunda öz soyad və adlarını qeyd etməklə öz xətlərilə imza etmişlər. Sonda Vidadiyə fevral ayının sonuna qədər torpaq sahəsinin almaq istədiyi tərəfində olan beton plitələri və dəmir əşyaları götürüb yaşadığı evin qarşısına yığacağını bildirmişdir. Vidadi də etiraz etmədən razılaşmışdır. Bundan sonra Vidadi və İmamqulu mağazadan getmişlər. O, həmin günü işlətdiyi mağazanın yanında torpaq sahəsinin alqı-satqısında vasitəçilik etmiş Seyranla görüşüb ona vasitəçilik etdiyinə görə 2.200 manat məbləğində pul vermişdir. Bundan sonra 60.000 manat məbləğində pulu da götürüb mağazanı və evi tərk etmək qərarına gəlmiş, ilk əvvəl həmin pulla rəsmi iş yeri olmadığından “Unibank”dan tanışı Fikrətin adına olan götürmüş olduğu xatırladığı qədəri ilə 9.100 manat məbləğində kredit ödənişini bağlamışdır. Daha sonra birdəfəlik yaşadığı ünvanı tərk etmişdir. Həmin pulun təxminən 2.500-3.000 manat hissəsi ilə müxtəlif şəxslərə olan xırda ǝl borclarını bağlamışdır. Bundan sonra 1 ay müddətində kirayənişin yaşamışdır. 28 fevral 2023-cü il tarixdə isə həmin pulun 25.500 manatına uzaq qohumu Şahin adlı şəxsin adına sənədləşdirilməklə ünvan 4 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi almışdır. 06 mart 2023-cü il tarixdə həmin pulun 4.300 manatına “Vaz 2104” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb baş etibarnamə ilə anasının adına sənədləşdirmişdir. Qalan məbləği isə şəxsi ehtiyaclarına, aldığı evin əşya ilə təmin olunmasına, avtomobilə əlavə hissə və detallar alınmasına və təmirinə və digər əyləncəvi işlərə sərf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, bu əməli törətdiyini etiraf etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürülməsini istədiyini, zərərçəkmiş şəxsə 30 min manat qaytardığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhərində torpaq almaq istəmişdir. NZS qəsəbəsində maraqlanan zaman Seyran adlı maklerin satılıq torpaq sahəsinin yerini bildiyini demişlər. O, Seyranın yanına getmiş, Seyran torpaq sahəsinin olduğunu, satan adamı 20 ildir ki, tanıdığını, həmin şəxsin ticarətlə məşğul olduğunu demişdir. Onlar əraziyə getdikdə heç kimin olmadığını görmüş, lakin hasardan baxan zaman həmin sahənin geniş bir yer olduğunu, 3 otaqlı ya 1 otaqlı da ev olduğunu görmüşlər. Satılan sahə 4 sot olmuşdur. Satanın adı Həsən olmuş, bir gün o, işdən çıxıb getmiş və Həsən qapını açmışdır. Həsən ona həmin sahəni satdığını bildirmişdir. Onlar da razılaşmışlar. O, torpaq sahəsini almaq məqsədilə oğlunun adına “Unibank”dan 40.000 manat kredit götürmüş, 2.500 manatı maklerin iştirakı ilə Mirhəsənə beh kimi sonuncunun mağazasında vermiş və imza etmişlər. Torpağı 80.000 manata danışmışlar. O, pulun hamısını verə bilməyəcəyini demişdir. O, Həsəndən sənəd tələb etməmiş, maklerin özünün bu işlərlə məşğul olacağını düşünmüşdür. Daha sonra İmamqulunun və Seyranın iştirakı ilə 57.500 manatı Həsənə vermişdir. Onlar Həsənlə satdığı hissədə ona aid olan əşyaları götürəcəyini, aradan hasar çəkəcəklərini danışmışlar. O, fevralın 27-də Həsənə zəng etmiş, Həsən yas yerində olduğunu, sabah gələcəyini demişdir. Növbəti gün zəng vuranda isə başqa söz demişdir. Daha sonra Həsən telefonları açmamışdır. O, Həsənin mağazasına getmiş, orada Mahirə adlı bir xanım olduğunu görmüşdür. O, xanımdan Həsəni soruşduqda, xanım Həsənin yas yerində olduğunu bildirmişdir. O da xanıma Həsənə gələndə torpağı alanın gəldiyini deməsini bildirmişdir. Xanım da torpağın hansı torpaq olduğunu soruşmuşdur. Mahirə Həsən bu qədər pulu özüylə apara bilməyəcəyini demişdir. Onlar evə getmiş, baxsalar da evdən pulu tapa bilməmişlər. Mahirə Şahin adında bacısı oğluna zəng edib Həsənin yerini soruşmuşdur. Şahin də Həsənin yerini bilmədiyini demişdir. O da ərizə yazaraq Həsəndən şikayət etmişdir. Həsən tutulandan sonra məlum olmuşdur ki, Həsən o pulun 25 mininə Şahinin adına ev və bir maşın almışdır. Ona əmlakdan evi və maşını qaytarmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onlar əvvələr Həsənlə Sabunçuda kirayə qalmış, orada qaldığı vaxt satılmış ev sahibinin evində işlədiyi həmin xanım ona yolunun uzaq olduğunu, onların evinin yanında balaca boş sahə olduğunu, orada qalmasını demişdir. O da razılaşmışdır. 2003-cü ildən bu hadisə baş verənə qədər o, həmin yerdə qalmışdır. Bir gün Həsən ona zəng edib tanışının uşağının rəhmətə getdiyini, yas yerinə getdiyini demişdir. O nə vaxt gələcəyini soruşmuş, Həsən ona dəqiq bilmədiyini, dəfndə iştirak edib gələcəyini, dükanın açarını qonşuya verdiyini, qonşudan açarları alıb dükanı açmasını demişdir. O, dükanda olan zaman zərərçəkmiş şəxs Vidadi dükana girmiş və Həsənin harada olduğunu soruşmuşdur. O da Həsənin yas yerinə getdiyini demişdir. Vidadi yas yerinə getdiyini ona da dediyini, lakin Həsənin telefonuna zəng çatmadığını demişdir. O nə məsələ olduğunu soruşmuş və Vidadi onların torpağının yarısını aldığını demişdir. O, Vidadiyə torpaqlarının olmadığını, hansı torpağı aldığını soruşmuşdur. Vidadi belə bir şey ola bilməyəcəyini, torpağı aldığını və Həsənə 60 min manat pul verdiyini demişdir. O, bu məsələdən xəbəri olmadığını demişdir. Vidadi Həsənin bu qədər pulu nə edə biləcəyini soruşmuş və yəqin ki, pulun burda olacağını düşünmüşdür. Vidadi dükanı axtarmağa başlamış, heç nə tapa bilməmişdir. Sonra pulun evdə ola biləcəyini demişdir. O, Vidadiyə istəyirsə evə gedib baxa biləcəyini demişdir. Onlar birlikdə evə getmiş, evi də axtarmış, heç nə tapa bilməmişlər. Həsən tutulandan sonra özünə ev və maşın aldığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, satılan həyət onun atası X4 məxsus olmuşdur. Atası Mahirə xanıma öz qızı ilə birlikdə onların həyətində qalmağa icazə vermişdir. O, hadisədən sonra bəzi şəxslərin onların həyətinə girib axtarış apardığını bilmişdir. O, həmin şəxslərə zəng edib hansı hüquqla, icazəsiz onların həyətinə girib nəsə axtardıqlarını soruşmuş, o şəxslər ona axtarış etməyə haqları olduğunu, çünki torpaq sahəsinin onlara 60 min manata satıldığını bildirmişlər. O da məsələni hüquq-mühafizə orqanları vasitəsi ilə həll etmələrini demişdir. O həyət atasının qardaşı Şahid2 adına olmuşdur. Mahirə xanıma bu həyətdə yaşamağa atası icazə vermişdir. Bu hadisədən 4-5 ay sonra da atası rəhmətə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 onların heç kəsə bu torpağı satması üçün etibarnamə vermədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qardaşı X15 Aslanov qəsəbəsində onun adına torpaq sahəsi almışdır. Qalmağa yerləri olmadığı üçün qardaşı Mahirə xanıma o evdə yaşamağa icazə vermişdir. Onun bu məsələdən xəbəri olmamışdır. Eşitdiyinə görə Mahirə xanımın yoldaşı o torpağın bir hissəsini kiməsə satmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 heç kəsə bu torpağın satılması ilə bağlı etibarnamə vermədiyini, ona bu haqda heç kimin müraciət etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Həsən əmisi Xırdalanda onun adına balaca həyət evi almışdır. Sonradan Həsən əmisinin özünə məxsus olmayan həyəti başqasına 60 minə satdığını eşitmişdir. Həsən əmisi tutulandan sonra polis ona zəng edərək onun adına olan evi zərərçəkmişə geri qaytarmalı olduğunu demişdir. O da evi həmin zərərçəkmişin adına keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Həsəni sonuncunun işlətdiyi tikinti materialları mağazasından tanımışdır. Həsən bir gün ona Həzi Aslanovda torpaq sahəsi olduğunu, satmağa kömək etməsini xahiş etmişdir. O da Həsənlə gedib torpaq sahəsinə baxmışdır. O, bu barədə makler yoldaşlarına, eyni zamanda tanışı İmamquluya bu barədə demişdir. Hadisənin üstündən 3-4 ay keçdikdən sonra İmamqulu ona zəng edərək dediyi torpaq sahəsinin qalıb-qalmadığını soruşmuşdur. O da Həsənə zəng edib soruşduqda sonuncu, torpaq sahəsinin hələ də satılmadığını demişdir. Həsən həyətin ev hissəsini satmadığını, boş olan sahəni satdığını bildirmişdir. İmamqulu Vidadi ilə onun yanına gəlmiş, birlikdə həmin sahəyə getmişlər. Onlar küçədən boylanıb baxmışlar. Üzərindən bir neçə gün keçdikdən sonra İmamqulu ona zəng edərək Vidadinin həyətə baxmaq istədiyini, torpağın sahibinin gəlib qapını açmasını bildirmişdir. O da Həsənə zəng edərək, onunla görüşmüş və Vidadigilin yanına getmişlər. Həsən həyəti açmış, Vidadiylə danışmış və son olaraq 80 min manata razılaşmışlar. Bir neçə gün keçdikdən sonra İmamqulu zəng edərək gəlib beh vermək istədiyini bildirmişdir. Onlar 60 min manat əvvəlcədən veriləcəyini, 20 min manat isə sənədlər düzəldikdən sonra veriləcəyini demişlər. Onun yanında 2500 manat beh verilmişdir. Daha sonra üzərindən bir neçə gün keçdikdən sonra yenə İmamqulu zəng edərək Vidadi ilə orada olduqlarını, 57 min 500 manatı vermək istədiklərini bildirmişdir. O da burada olmadığını demişdir. Öz razılıqlarına əsasən onlar o pulu Həsənə vermişlər. Onlar həyətdə hasar çəkiləcəyini, Həsənin də özünə qapı açacağını razılaşmışlar. Həsən sonra telefonu götürməməyə başlamışdır. Vidadi daha sonra Həsənin işlətdiyi mağazaya gedəndə həmin həyətin Həsənə məxsus olmadığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Vidadiyə torpaq lazım olmuş, o da Seyrana zəng etmişdir. Seyran da ona tapa biləcəyini demişdir. Seyran da ona daha sonra torpaq olduğunu demişdir. O da Vidadi ilə Seyranın yanına getmiş, oradan da gedib çəpərdən həyətə baxmışlar. 2-ci dəfə Həsən gəlib qapını açmış, o, torpağa baxmış, qiymətdə 80 min manata razılaşmışlar. Bağın qırağında ev olmuşdur, onlar həyətin necə bölünəcəyini razılaşmışlar. Vidadi razılaşaraq görüş təyin etmişdir. Seyran işi olduğunu, gələ bilməyəcəyini demişdir. Onlar da Həsənlə görüşmüş, mağazada haqq-hesab etmişlər və beh də daxil olmaqla 60 min manat pulu Həsənə vermişlər. O, çıxanda Həsən ona 800 manat pul vermişdir. Daha sonra o, həmin pulu Vidadiyə qaytarmışdır. Sonradan Həsən telefonlara cavab verməmişdir. O, Seyrana zəng edərək Həsənin telefonları götürmədiyini demişdir. Daha sonra onlar mağazaya getmişlər və həmin həyətin Həsənə məxsus olmadığı məlum olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, barəsində şikayət ərizəsi ilə müraciət etdiyi, Bakı şəhəri Xətai rayonu Sahil Hübətov küçəsində yaşayan X5 əvvəllər tanımamış, onunla qərəzliyi və ədavəti yoxdur. Həsəndən yaşadığı evin həyətində olan əlavə torpaq sahəsini almaq məqsədi ilə 2023-cü ilin fevral ayının 14də Xətai rayonu "Nargilə" kafesinin yaxınlığında yerləşən və işlədiyi inşaat materiallarının satışı mağazasında ilkin olaraq beh qismində 2.500 manat, xx.xx.2023-cü il tarixdə isə həmin yerdə 57.500 manat pul verdikdən sonra, vədinə əməl etmir, yaşadığı ünvanı naməlum istiqamətə tərk edib, ***-***-**-** mobil nömrəsini cavablandırmır. Həsən Haqverdiyevin olduğu yer müəyyən edilməklə ondan aldığı pulun qaytarılmasında köməklik göstərilməsini və barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 4). - RX seriyalı, ******* nömrəli çıxarışdan və texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0291 ha ölçülü torpaq sahəsi xüsusi mülkiyyət əsasında Şahid2 məxsusdur (cild 1, iş vərəqi 16-19). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 30). - sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 04 vərəqədən ibarət “Yelobank”la övladı X10 arasında bağlanmış 16 fevral 2023-cü il tarixli kredit müqaviləsinin kserosurətlərini istintaq orqanına təqdim etmişdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 42-46). - sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 01 vərəqədən ibarət "xxxx" ASC-nin “Həzi Aslanov” filialında X2 adına verilmiş kreditin tam ödənilməsi barədə qəbzi kserosurətini istintaq orqanına təqdim etmişdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 50-51). - sənədə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli “torpaqların alqı-satqısı müqaviləsi” adlı sənədə baxış keçirilmişdir. Baxış keçirilən sənədin üz vərəqində standard rekvizitlər və rekvizitlərin qarşısında əllə aparılan yazılar mövcud olmuşdur. Belə ki, vərəqin üz tərəfində torpağın sahibi hissəsinin qarşısında X8, torpağı alan şəxs hissəsinin qarşısında X9, torpağın yerləşdiyi ünvan hissəsinin qarşısında Sahib Hümbətov küçəsi 10, torpağın satış qiyməti hissəsinin qarşısında 80.000 manat, torpağı alan şəxs tərəfindən verilən behin məbləği hissəsinin qarşısında 2.500 manat, satıcı hissəsinin qarşısında Haqverdiyev Həsən, alıcı hissəsinin qarşısında Zərərçəkmiş şəxs yazıları qeyd olunmuşdur. Vərəqın arxa tərəfində yuxarı hissədən yarıya qədər kirill qrafikalı Azərbaycan əlifbası ilə, yarıdan aşağı hissəyə qədər latın qrafikalı Azərbaycan əlifbası ilə əllə yazılan torpaq sahəsinin alqı-satqısı üçün Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 60.000 manat ödənilməsi və sonuncu tərəfindən həmin məbləğin qəbul edilməsi ilə bağlı qeydlər aparılmışdır (cild 1, iş vərəqi 11, 57). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X19i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 65-66). - hadisə yerindən baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış keçirilən torpaq sahəsi 2,5 metr ölçüsündə daş hasarla əhatələnmişdir. Torpaq sahəsinin girişində dəmir darvaza mövcuddur. Darvazadan içəri daxil olduqda torpaq sahəsi ilə qarşılaşılır. Sahənin içərisində təxminən 10-12 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Darvazadan girişdə sağ tərəfdə müxtəlif dəmir və taxta məmulatlar, tikinti avadanlıqları toplanmışdır. Girişdən sol tərəfdə isə 1 otaqlı fərdi yaşayış evi və 1 ədəd yarımtikili mövcuddur. Bundan başqa sahənin içərisində hər hansı bir tikinti, quraşdırma və abadlaşdırma işləri aparılmamışdır (cild 1, iş vərəqi 80-85). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 1, iş vərəqi 90-91). - doğum haqqında şəhadətnamə və aktdan görünür ki, həqiqətən Təqsirləndirilən şəxs xx xxxxx 1967-ci ildə Quba raoynu, Zərdabi qəsəbəsində anadan olmuş və aktdakı şəkil onun özünə məxsusdur (cild 1, iş vərəqi 105-106) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 128-129). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid5 Müştaba oğlunun üzünə qarşı ona evin alqı-satqısından komissiya haqqı verdiyini demiş, Şahid5 Müştaba oğlu istintaqa verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs ondan pul almadığını, onun yalan danışdığını üzünə qarşı demişdir (cild 1, iş vərəqi 143- 145). - sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 iş üzrə Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etmiş olduğu pulla əldə etdiyi ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə dair 04 vərəqədən ibarət sənədlərin kserosurətlərini istintaq orqanına təqdim etmişdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 160-164). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən 460 kv.m torpaq sahəsinin qeydiyyatdan keçmiş hissəsinə dair hüquqmüəyyənedici sənədlərin surətlərinin təqdim edilməsinə dair müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. ünvan 7 fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyəti başçısının m-473 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamından çıxarışa əsasən xx.xx.2003-cü il tarixdə Şahid2 adına ilkin qeydiyyatdan keçmişdir. Xətai Rayon İcra Hakimiyyəti başçısının 218 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamından çıxarışa əsasən ünvan 7 fərdi yaşayış evinin yerləşdiyi 0.0291 ha torpaq sahəsi (vahid əmlak olmaqla) xx.xx.2016-cı il tarixdə Şahid2 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu H.Y.Vəliyev tərəfindən təsdiq edilmiş 40-1173 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (cild 1, iş vərəqi 165-167). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiələri vasitəsi ilə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şabran Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmündən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasınının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 304.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 avqust 2021-ci il tarixdən hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə zalından azadlığa buraxılması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətə görə cəzanı çəkib qurtardığı vaxtdan bir ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, 18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, 09 iyun 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 10 iyun 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 86-87, 103, 152-155). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 09 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-675/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-675/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver