Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-675/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11 saylı Cəzaçəkmə Müəssisəsinin inzibati binasında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,122 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2024-cü il tarixdə, saat 21:30-da Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən “8 Noyabr” metrostansiyasının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,122 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə “Sovetski” deyilən ərazidə olan evlərin sökülməsi ilə əlaqədar onun evi də sökülmüş və o, Hökməli qəsəbəsindən ev almışdır. Həmin evi hal-hazırda boşanma ərəfəsində olduğu həyat yoldaşı satmaq niyyətinə düşmüşdür. Ona görə də, onu narkotik vasitə ilə həbs etdirib, həmin evi satmaq istəyirmiş. Barəsində hazırki məhkəmədə baxılan cinayət işindən əlavə, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə daha iki cinayət işinin də istintaqı gedir. Onun barəsində olan əvvəlki cinayət işi ilə bağlı bildirir ki, o, evdə oturub yemək yediyi zaman polis əməkdaşları evə daxil olub onu bölməyə aparmışlar. Orada onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirib idarənin müvəqqəti saxlama yerinə təhvil vermişlər. Üç gün qaldıqdan sonra gəlib görmüşdür ki, evi satılıb. Məsələnin mənbəyi buradan başlayır. Hazırki cinayət işi ilə bağlı bildirir ki, bu iş üzrə onun tutulması öz istəyi ilə olmuşdur. Belə ki, o, “Sovetski” deyilən ərazidə gəzərkən iki nəfər yaxınlaşıb ondan kimisə soruşmuşlar. Bu zaman o, həmin şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Onun evi satıldığından və o, evsiz qaldığından həmin polis əməkdaşlarına “məni Cinayət Məcəlləsinin hansısa bir maddəsi ilə sənədləşdirin və mən həbsə gedim” demişdir. Polis əməkdaşları da onu 20-ci Polis Şöbəsinə aparmış və orada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişlər. O, evinin satıldığı və evsiz qaldığı üçün polis əməkdaşlarına onu həbs etmələrini demişdir. Hazırda məhkəmədə baxılan cinayət işinin mənbəyi budur. İttiham aktında qeyd edilmişdir ki, güya o, “8 Noyabr” metrostansiyasının ərazisində saxlanılıb, lakin o, həmin ərazidə saxlanılmamış, “Sovetski” deyilən ərazidə saxlanılmışdır. Bununla əlaqədar təhlükəsizlik şəhər kameralarına da baxıla bilər. Təqsirləndirilən şəxs həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir, təzyiq və digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 28 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 29 aprel 2024-cü il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra təxminən üç ay imiş ki, psixotrop maddə olan metamfetamin istifadə edirmiş. 26 avqust 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat verməklə bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. O, həmin şəxsdən aldığı metamfetamini əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 26 avqust 2024-cü il tarixdə, saat 21:30 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, “8 Noyabr” metrostansiyası yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları kimi özlərini təqdim etmişlər, ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gəlmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, o, əynindəki qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə olan psixotrop maddəni masanın üstünə qoyaraq, bükümdə olan maddənin “patı” kimi tanıdığı metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat verməklə aldığını bildirmişdir. Bundan başqa üzərindən heç nə aşkar edilməmiş, üzərindən aşkar edilərək götürülmüş maddə isə zərfə qoyularaq möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Telefon işlətmir, tutulan zaman da üzərində telefon olmamışdır (iş vərəqə: cild İ, səh. 52-54, 63-65, 79-81). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı həmin ifadələri boşanma ərəfəsində olduğu arvadının ona verdiyi dərmanın təsiri altında olarkən verdiyini və ibtidai istintaq dövründəki ifadələrini təsdiq etmədiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 avqust 2024-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində Təqsirləndirilən şəxs barəsində narkotik vasitə istifadəçisi olması və həmin vaxt üzərində narkotik vasitə olmasına dair əvvəlcədən daxil olmuş məlumat əsasında onun rəhbərliyi və Şahid2 iştirakı ilə yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuşdur. X1 və müdafiəçinin iştirakı ilə şöbədə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə “patı” adı ilə tanınan psixotrop maddə metamfetaminə oxşar maddə aşkarlanmışdır. Həmin maddə zərfə qoyularaq, möhürlənib ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərindən aşkar edilmiş həmin maddəni “Sovetski” deyilən ərazidən 10 manat pul vəsaiti qarşılığında almışdır. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sovetski” deyilən ərazidə yox, Ceyhun Səlimov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs ifadəsində güya onun polis əməkdaşlarına təsadüfən yaxınlaşmasına dair söyləmiş olduğu xüsusat yalandır. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid1 verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən elə həmin yerdə üstünü ona görə yoxlamayıblar ki, Təqsirləndirilən şəxs saxlayarkən gecə saatları olduğundan, hava yağışlı olduğundan və Polis şöbəsi də oraya yaxın olduğundan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Polis şöbəsində keçirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 26 avqust 2024-cü il tarixdə, saat 21:30 radələrində sonuncunu “8 Noyabr” metrostansiyasının yanında saxlayıb 20-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “patı” adı ilə tanınan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddəni haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin maddəni “Sovetski” deyilən ərazidə əldə etdiyini bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs yaxınlaşarkən iki nəfər olmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, üzərindən aşkar edilən maddə metamfetamindir. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya digər təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində güya onun polis əməkdaşlarına təsadüfən yaxınlaşaraq tutulmaq istədiyini deməsinə dair bildirdikləri tamamilə yalandır. Şahid2 verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən dərhal elə orada üstünü yoxlamamalarının səbəbi həmin vaxt şəraitin uyğun olmaması, həmçinin Polis şöbəsinin də oraya yaxın olması ilə əlaqədar olmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunuraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin maddəni Yasamal rayonunda “Sovetski” deyilən ərazidə adını bilmədiyi şəxsdən on manat müqabilində özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 32-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 avqust 2024-cü il tarixli, 6/4335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,122 qram olan kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (iş vərəqə: cild İ, səh. 46-49). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 27 avqust 2024-cü il tarixli, 5881 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 121-122). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 məhkəmə tibbi-ekspertizasının 27 avqust 2024-cü il tarixli, 1165 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 123-125). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası» X4 06 sentyabr 2024-cü il tarixli, 10931 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqə: cild 1, səh. 126). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 sentyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, iş üzrə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,072 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild 1, səh. 94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 23). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.89-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 sentyabr 2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 iyun 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir, daha sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə 01 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, 25 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır, bundan başqa o, Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 23 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqə: cild İ, səh. 104-105). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarı ilə 02 ay 23 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs şəxsi işi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və xx.xx.2024-cü il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cinayət işinin materialları). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Bununla bağlı həmçinin qeyd edilir ki, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2024-cü il tarixdə, saat 21:30-da Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən “8 Noyabr” metrostansiyasının yaxınlığında saxlanılmışdır. Həmin vaxt şəraitin uyğun olmaması, həmçinin Polis şöbəsinin də onun saxlanıldığı yerə yaxın olması ilə əlaqədar onun üzərində şəxsi axtarış ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasına aparılıb keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,122 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində özünü təqsirli bilməməsi, onun özünün polis əməkdaşlarına yaxınlaşaraq tutulmaq istədiyini bildirməsini və buna görə də onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin onun “8 Noyabr” metrostansiyasının yaxınlığında deyil, “Sovetski” deyilən ərazidə saxlanılmasına dair göstərdiklərini onun özünün müdafiəsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş və onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq olunarkən onun ifadəsində göstərdiyi həmin hallar heç bir dəlillərlə öz təsdiqini tapmamış və həmin göstərilənlərin hər hansı sübutlarla təsdiq olunması müəyyən edilməmişdir. Cinayət işinin materialları iş üzrə obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən psixotrop maddə metamfetaminin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Yasamal rayonunda “Sovetski” deyilən ərazidə adını bilmədiyi şəxsdən on manat müqabilində aldığını demişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən sonunadək məhkəmədə ifadəsində göstərdikləri ilə bağlı hər hansı bir halı bildirməmiş, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edildiyini, həmin maddəni öz şəxsi istifadəsi üçün “Sovetski” deyilən ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən on manata aldığını göstərmiş, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, “8 Noyabr” metrostansiyası yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmiş (cild 1, iş vərəqə: 52-54), sonra 28 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən psixotrop maddənin aşkar olunduğunu etiraf etmiş və göstərilən ərazidə saxlanıldığına dair ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə: 79-81). Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən özünün polis əməkdaşlarına yaxınlaşaraq tutulmaq istədiyini bildirməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə, həmçinin onun “8 Noyabr” metrostansiyasının yaxınlığında deyil, “Sovetski” deyilən ərazidə saxlanılmasına dair hər hansı məlumat bildirməmişdir, eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə: 140). Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi inkaredici hallar cinayət işinin materialları, iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla və həmin sübutlardan irəli gələn işin faktiki halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onun məhkəmədə ifadəsində göstərdikləri tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etməklə saxlayıb daşıması “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntüsününü əks olunduğu disk, maddi sübut, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri və cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 234.1ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 07 iyun 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilməsi, daha sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə 01 ay 20 gün vaxtından əvvəl şərti azad olunması, 25 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılması, bundan başqa onun Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 23 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi və Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubuna əsasən onun sonuncu həmin cəzasının müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair 01 fevral 2022-ci il tarixli hökmü ilə olan sonuncu məhkumluğundan başqa onun əvvəlki digər məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkumluğu isə Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunduğundan və hazırki iş üzrə cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş və şərti olaraq vaxtından əvvəl azad edildiyi 02 ay 23 gün hissəsi başa çatdıqdan sonra törətsə də, Təqsirləndirilən şəxs həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 29 aprel 2024-cü il tarixdən iki il müddət keçmədiyindən onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 26 avqust 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2024-cü il tarixli, 5881 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübut qismində tanınmış və Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,072 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,072 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-675/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-675/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver