Məhkəmə qərarları › İş №1(101)-676/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-676/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-676/2023 08.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: X11 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 12,351 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 15;00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 16:50-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 04 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qr, 0,141 qr, 4,532 qr və 7,348 qram olmaqla ümumi təmiz çəkisi 12,351 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, tutulan zaman üzərində bir qram narkotik vasitə olub. Polis əməkdaşları ona Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbin yaxınlığında yaxınlaşmışlar. O, könüllü olaraq polis əməkdaşlarına üzərində bir qram narkotik vasitə olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar və orada işgəncə verərək, döyərək ittihamda qeyd edilən narkotik vasitənin özünə məxsus olması barədə etiraf edici ifadə verməyə məcbur etmişər. Polis əməkdaşları ona ittihamı qəbul etməyəcəyi təqdirdə yaşadığı mənzilə 1kg narkotik vasitə qoyacaqlarını və ittihamın da ona uyğun veriləcəyi ilə hədələmişlər. Polis əməkdaşları yaşadığı mənzildə axtarış aparmışlar lakin orada heç bir narkotik vasitə aşkar etməmişlər. O, təzyiqlərə dözməyib verilən ittihamı qəbul etmişdir. Narkotik vasitə isitfadəçisi olsa da narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Sonda təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 11 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olduğunu müəyyən edib həmin ünvana gəlmişlər. 11 oktyabr 2022-ci il tarixdə saat 15:00da qeyd edilən ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb vəsiqələrini göstərib özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sorğu edilərkən həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumatın daxil olduğunu və Baş İdarəyə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən razılaşmış və onlar ilə birlikdə Baş İdarəyə gəlmişdir. Baş idarədə Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim olunmuş və müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 04 ədəd sellofan bükümü, həmin şalvarının sağ yan cibindən 30 qəpik pulu, Samsung markalı mobil telefonu, Kent markalı siqaret qutusunu və plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd sellofan bükümə baxış keçirilərkən, bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 30 qəpik pul və Kent markalı siqaret qutusu onun özünə qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon və 01 ədəd plastik bank kartı götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini Bakı şəhəri, xəzər rayonu, Şağan qəsəbəsində “Anar” adlı şəxsdən 30 manat müqabilində aldığını, şəxsi istifadə etmək və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X5 və əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X5, Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3, şühəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən imzalanmış 11 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 11 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 15:00da ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bilecek digar əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şaxsi axtarış va götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış va götürmə prosesində iştirak edan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən çəkiliş aparılacağı barəda məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış ederek, ona paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bilecek digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 04 ədəd sellofan bükümü, həmin şalvarının sağ yan cibindən 0.30(otuz qəpik) manat pulu, "Samsung" markalı mobil telefonu, "Kent" markalı siqaret qutusunu və plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd sellofan bükümə baxış keçirilərkən, bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.30 (otuz qəpik) pul və "Kent" markalı siqaret qutusu onun özünə geri qaytarıldı. Aşkar edilmiş markalı "Samsung" markalı mobil telefon və 01 ədəd plastik bank kartı tərəfindən götürüldü. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində "Anar” adlı şəxsdən 30 manat müqabilində aldığını, şəxsi istifadə etmək və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirdi. Şəxsi axtarış və götürmə gündüz vaxtı, təbii və süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 11 oktyabr 2022-ci il tarixdə saat 17:07-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 11 oktyabr 2022-ci il il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Məhkəmə baxışı zamanı özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən və maddi sübut kimi tanınmış CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs digər şəxslərlə danışıqları təsdiq olunsa da, lakin narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 6/5880 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №6» dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar olan bir ədəd zərfdəki 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,141 qram, 4,532 qram, 7,348 qram, ümumi təmiz çəkiləri 12,351 qram olan qəhvəyi rəngli maddə kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 12,351 qram, tədqiqata sərf edildi – 0,12 qram, 12,231 qram qalıq qalmışdır. - “Maddi sübut kimi tanınma haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan 12,231 qram çəkidə narkotik vasitə heroinin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. - 11 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 4(005)-1107/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 16:20-də şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 7183 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 15:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,141 qram, 4,532 qram, 7,348 qram olmaqla 04 ədəd sellofan bükümdə külli miqdarda 12,351 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək üzərində daşıyaraq saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə üzərində saxlayaraq daşıdığı 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,141 qram, 4,532 qram, 7,348 qram, ümumi təmiz çəkisi 12,351 qram olan külli miqdarda narkotik vasitə - heroini satış məqsədi ilə əldə etməsi məhkəmə baxışı zamanı sübuta yetirilmir. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə - heroini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 08 dekabr 2022-ci il tarixli məktubdan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik vasitə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,141 qram, 4,532 qram, 7,348 qram, ümumi təmiz çəkisi 12,351 qram olan narkotik vasitə - heroini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəni özünü müdafiə xarakterli və cəzadan yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs evli olması,əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ümumilikdə qalıq çəkisi 12,231 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-676/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına ümumilikdə qalıq çəkisi 12,231 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar