Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-676/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, psixoloq – X2 iştirakları ilə, xx xxx 2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 07 may 2024-cü il tarixdə saat 23:30 radələrində ictimai yer hesab olunan ünvan 3 ünvanın yaxınlığında öz şəxsiyyətini başqasının fövqündə qoymaqla Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi bıçaqla qarın nahiyəsindən bir zərbə vuraraq ona nazik bağırsağın və S-vari bağırsağın zədələnmələri ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, dostları Əli və Rəvanla zərərçəkmiş şəxsin evinin qarşısından keçdikdə Rəvan həmin an nalayiq ifadə işlətmişdir. Həmin söyüş zərərçəkmiş şəxs Mehman tərəfindən eşidilmişdir. Mehman çölə çıxıb niyə söyüş söyüldüyünü soruşduqda söyüşün onun tərəfindən söyülmədiyini bildirmişdir. Bu anda Mehman ona bir sillə və bir kəllə zərbəsi endirmişdir. Onlar bir az kənarda Əli ilə söhbət edərkən Əliyə Mehmanla söhbət etmək lazım olduğunu demişdir. Onların durduqları ərazidə “qazel” markalı avtomobilin altında bıçaq olmuşdir. O, bıçağın “qazel”in altında olmasını hadisədən iki gün əvvəl görmüşdür. Bıçağı arxa cibinə qoyub Mehmanın yaşadığı əraziyə getmişdir. O, Mehmanla biraz söhbət etdikdən sonra sonuncu ona bir sillə zərbəsi vurmuş, o da Mehmanı bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, həmin bıçaq tutacağı qırmızı rəngli mətbəx bıçağı olmuşdur. Qeyd etdiyi “qazel” markalı avtomobil işlək vəziyyətdə olmamışdır. “Qazel”in yanında iki ədəd bıçaq olmuş, bıçaqlardan biri ağaca sancılı vəziyyətdə olmuşdur. Ağacda olan bıçağın qulpu qırıq olduğu üçün onu özü ilə götürməmişdir. “Qazel”in altındakı bıçağı evə aparmaq üçün götürmüşdür.O, Mehmana onu niyə vurduğunu soruşmaq üçün və olan hadisələri atasına deməməsini tapşırmaq üçün geri qayıtmışdır. Mehman onun alnına və sifətinə zərbə endirmişdir. Mehman onu ilk dəfə vuranda o, heç bir qarşılıq verməmişdir. Mehmanla görüşə getməmişdən əvvəl bıçaq onun üzərində olmuşdur. Bıçağı Mehmanın qarnına vurmuşdur.Mehmanı bıçaqla vurduqdan sonra onun anası çölə çıxmış, o da oradan uzaqlaşmışdır. Bıçağı yol ilə gedərkən kənara atmışdır. İkinci dəfə əsas Mehmanın yanına söhbəti atasına bildirməməsi üçün getmişdir. Mehman onlara niyə söyüş söyüldüyünü soruşduqda onlar tərəfdən ona hansısa aqressiv münasibət olmamışdır. Mehman onu dar yerə çəkmiş, həmin zaman orada heç kim olmamışdır. O, bıçaqla Mehmanı qorxutmaq istəmişdir ki, ona əl atmasın. Birinci dəfə məhlədə söyüş söyülərkən orada Mehmandan başqa heç kim olmamışdır. Mehmanla mübahisə edən zaman orada ancaq Əli olmuşdur.Mehmanla barışıq əldə etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 07 may 2024-cü il tarixdə saat 23:30 radələrində dostları Əli və Rəvan ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Bakhous» restoranında çay içib evə getmək üçün restorandan çıxmışlar və Rəvanı evinə ötürmək üçün O.Şabanov küçəsində yerləşən Mehmanın evinin qarşısında o və Əli Rəvanla sağollaşarkən Rəvan nalayiq ifadə işlədərək qaçıb onlardan uzaqlaşmışdır. Həmin vaxt Mehman həyətdən kənara çıxmış və onu yaxına çağıraraq nə üçün söyüş söydüyünü soruşmuşdur. O isə söyüş söymədiyini, söyüş söyən şəxsin qaçdığını bildirmiş və daha sonra Mehmana həmin uşağın yerinə üzr istədiyini demişdir. Həmin vaxt Mehman sağ əli ilə onun sifətinə bir sillə vurmuş, daha sonra isə başı ilə onun burun nahiyəsinə bir kəllə vurmuşdur. Onun burnundan qan açılmış, Əli ilə oradan uzaqlaşmışlar. Sonra isə o və Əli avtobusların sonuncu dayanacağı tərəfə getmişlər. Orada bir neçə dəqiqə söhbət etmişlər və o, əsəbləşib orada yerdə olan bıçağı götürüb şalvarının sol arxa cibinə qoyaraq Mehmanla üzrxahlıq etmək üçün onun yaşadığı evin qarşısına gəlmişlər.O, qapını döymüş, Mehman küçəyə çıxmış və o, sonuncuya bir dəqiqə gəlməsini demişdir. Bundan sonra Mehmana normal söhbət edə biləcəklərini, nə üçün ona əl-qol atdığını soruşmuşdur. Mehman isə, yaxşı etdiyini, onun qapısının qarşısında söyüş söydüyünü demişdir. O, söyüşü onun söymədiyini, başqa uşağın söydüyünü demişdir. Mehman ona küçəyə çıxmasaydı, onların qaçacağını demiş, o da qaçmaq istəmədiklərini, söyüş söyən uşağın ardınca qaçdığını bildirmişdir. Bundan sonra Mehman ondan burada nə gəzdiyini soruşmuş, o da uşağı yola saldığını demişdir. Sonra isə Mehman Əlidən harada yaşadığını soruşmuş, Əli də «pekarnidə» qaldığını, uşağı yola salmaq üçün gəldiyini demişdir. Bundan sonra Mehman ona «razborka» etməyə gəldiyini soruşmuş, o da normal danışa biləcəklərini demişdir. Bundan sonra Mehman ona bir daha onları buralarda görməməyi demişdir. Əli isə onlara heç kimin qadağa qoya bilməyəcəyini demişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və Mehman onu ara küçəyə çəkərək sifətinin sol tərəfinə bir sillə vurmuş və onu döymək istədikdə o, bıçağı sol əli ilə cibindən çıxarıb Mehmanın qarın nahiyəsinə bir zərbə vurmuş, daha sonra oradan uzaqlaşıb getmişər. O, heç kimə, eləcə də, ailə üzvlərinə bu barədə bildirməmişdir. Hadisə barədə o və Əli bilmiş, başqa heç kim bilməmişdir. Hadisə vaxtı Əli kənarda dayanmış və onlara baxmışdır (cild 1, iş vərəqə 193-194). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq dövründə sənədləri və ifadəsini oxumadan imzalamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, hadisə günü gecə radələrində söyüş səsinə həyətə çıxan zaman orada Elvin və Əlini görmüşdür. O, Elvinə bir sillə vuraraq sonuncunun hərəkətləri barədə atasına məlumat verəcəyini bildirmişdir. 30 dəqiqə sonra yaşadığı evin qapısı döyülmüş, qapını açdıqda Elvin ona baş vermiş hadisə barəsində atasına məlumat verməməyini xahiş etmişdir. Bundan sonra onların mübahisəsi başlamışdır. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, gece vaxtı söyüş səsinə həyətə çıxarkən Elvin və Əlinin söyüş söyə-söyə qaçdığını görmüşdür. Elvin ona başqa şəxsin söyüş söydüyünü bildirmişdir. O, Elvinə sillə vurduqdan sonra hərəkətləri barəsində atasına məlumat verəcəyini qeyd etmişdir. Elvinə sillə vurduqdan sonra onlar hadisə yerindən qaçmışlar. Elvinə sillə vurandan sonra sonuncunun geri qayıtmasının əsl səbəblərinin nə olduğunu bilmir, sonuncuda bıçaq görməsə də ona bıçaqla xəsarət yetirildiyini hiss etmişdir. Elvin onu bıçaqla vurduqdan sonra hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxslə hal-hazırda barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əli və Elvinlə yolda gedərkən o, Elvin və Əlini zarafatla söyərək oradan qaçmışdır. Elvinin Mehmanla mübahisəsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rəvan, Elvin və o , yolda olarkən Rəvan söyüş söyərək oradan qaçmışdır. O da Rəvanın arxası ilə gedib qayıtdıqdan sonra Mehman adlı şəxsin Elvinə bir sillə və kəllə zərbəsi endirdiyini görmüşdür. Elvin Mehmana söyüşü onun söymədiyini, Rəvanın adından ondan üzr istədiyini bildirmişdir. Daha sonra onlar avtobus dayanacağının yanına gedən zaman Elvin “qazel” markalı avtomobilin altından bıçaq tapmışdır. Elvin Mehmanın bu hadisələri atasına deyəcəyi təqdirdə sonuncu tərəfindən danlanılacağını bildirmişdir. Sonra onlar Mehman adlı şəxsin qapısına getmişlər. Elvin Mehmandan olan hadisələri onun atasına deməməsini xahiş etdikdə Mehman yenidən Elvini vurmuşdur. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ikinci dəfə Mehmanın yanına getdikdə Elvin Mehmandan üzr istəsə də, Mehman Elvinin yaxasından tutub araya salmışdır. Hadisə gecə saat 23:30 radələrində baş vermişdir. Elvin “qazel”in yanından bıçağı Mehmanla birinci mübahisəsindən sonra avtobus dayanacağına gələrkən tapmış, bıçağı atasının iş alətlərinin içinə atmaq üçün götürdüyünü bildirmişdir. Elvin bıçağı Mehmanı qorxutmaq üçün çıxartdıqda Mehman dayanmadan Elvinin üzərinə gəlmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə şahid qismində dindirilmə protokolundan görünür ki, o , Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadələr vermişdir (cild 1, iş vərəqə 36-38). Məhkəmə iclasında verdiyi ifadələrlə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti onunla izah etmişdir ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmə protokollarını oxumadan imzalamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 08 may 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 00:10-da 3 saylı BŞXdan tibb bacısı Musayeva Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarnının ön divarının kəsilmiş-deşilmiş yarası xəsarət alması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 4). 10 may 2024-cü il tarixli X10 X8 məktubundan görünür ki, Zərərçəkmiş şəxs ARŞ şöbəsində 08 may 2024-cü il tarixdə saat 00:05-də “Qarnın ön divarının kəsilmiş-deşilmiş yarası. Laportaniya. Nazik bağırsağın çoxsaylı yaralarının tikilməsi” diaqnozu ilə stasionar müalicə almışdır (cild 1, iş vərəqə 76). 14 iyun 2024-cü il tarixli məhkəmə-tibbi eksperizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs nazik bağırsağın və S-vari bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2024-cü il tarixdə bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (cild 1, iş vərəqə 114-116). 23 avqust 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 135-140). 24 avqust 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik eksperizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 171-172). 24 sentyabr 2024-cü il tarixli məhkəmə-tibbi eksperizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 173-174). Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 158). Cinayət işinin materiallarına əlavə edilmiş 06 avqust 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, Zərərçəkmiş şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 165). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101-102). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X9 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221ci maddəsilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurulması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, belə qənaətə gələrkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədilə geri gəlməməsi, həmin bıçağın əvvəldən üzərində olması, bu səbəbdən ilk dəfə zərərçəkmiş şəxsin ona sillə vurması zamanı sonuncuya bıçaqla xəsarət yetirmək imkanı olduğu təqdirdə həmin imkanlardan istifadə etməməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, 14 iyun 2024-cü il tarixli məhkəmə-tibbi eksperizası, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü ildə gecə saat 23:30 radələrində Zərərçəkmiş şəxs evinin qarşısında söyüş söydüyünə görə sonuncu onun üzünə sillə vurduqdan sonra avtobus dayanacağına tərəf gedərkən yerdən tapdığı bıçağı götürərək “məni atam və qardaşımdan başqa heç kim vura bilməz” deyərək yenidən Mehmanın yaşadığı evin qarşısına gəlmiş, ona söhbət aydınlaşdırmağı təklif etmiş, sonuncu atasını tanıdığını ertəsi gün münasibətləri yoluna qoyacağını qeyd edərkən Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Zərərçəkmiş şəxs qarın boşluğuna özü ilə gətirdiyi bıçaqla qəsdən ağır xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gələrkən mötəbərliliyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən şübhə altına alınmayan təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirilməsi və ifadələrinin yerində yoxlanılması, zərərçəkmiş şəxs və şahidin dindirilmə protokollarını əsas götürür. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən döyülməsi nəticəsində sonuncuya xəsarət yetirməsi barədə məhkəmə iclasında verdiyi ifadə ilə əlaqədar məhkəmə qeyd edir ki, keçirilmiş məhkəmə tibbi ekspertiza rəyi ilə sonuncunun bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxsə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Elan edilmiş ittiham onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində ictimai yer hesab olunan ünvan 3 ünvanın yaxınlığında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlədərək xuliqanlıq etmişdir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət məsuliyyəti yaranması üçün həmin maddədə nəzərdə tutulan cinayət tərkibi obyektiv cəhətinin məcburi elementi kimi nəzərdə tutulan hərəkətlərdən hər hansı biri, yəni ya şəxslər üzərində zor tətbiq edilməsi, ya zorun tətbiq edilməsi hədəsi, ya əmlakın məhv edilməsi, ya da əmlakın zədələnməsi hərəkətləri baş verməlidir. Qeyd edilən hərəkətlərin silahdan və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi isə həmin Məcəllənin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Lakin ibtidai istintaq orqanı yalnız təqsirləndirilən şəxs tərəfindən nalayiq ifadələrin işlədilməsi hərəkətini əsas götürərək onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması qənaətinə gəlmiş, təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən sağlamlığına ağır zərər vurma əməli istisna olmaqla, sonuncunun barəsində silah qismində istifadə edilməklə zor tətbiq edilməsi, ya zorun tətbiq edilməsi hədəsi, ya əmlakın məhv edilməsi, ya da əmlakın zədələnməsi hərəkətləriin törədilməsinə dair sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən nalayiq ifadələrin işlədilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini formalaşdırmamasını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurulması ilə əlaqədar isə məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə 2012-ci ildə eksudativ plevitlə xəstələnmiş və dispanser qeydiyyatında olmuşdur. Hərbi xidmətə çağırış zamanı müayinədən keçərkən Təqsirləndirilən şəxs sağ ağciyərin infiltrativ vərəm diaqnozu aşkar edilmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci, sağ ağciyərin infiltrativ vərəm xəstəliyindən əziyyət çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, sağ ağciyərin infiltrativ vərəm xəstəliyindən əziyyət çəkməsi kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı və 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 28), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 83-87). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi “Presedent” Vəkil Bürosunun hesabına 616 (altı yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 126.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi “Presedent” Vəkil Bürosunun hesabına 616 (altı yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-676/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-676/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver