Məhkəmə qərarları › İş №1(101)-677/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-677/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-677/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evində faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 24,840 qram çəkidə narkotik vasitə kokaini, ümumi sayı 7 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə metadon həblərini, ümumi sayı 460 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 69 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi” həblərini, eləcə də külli miqdarda 2,482 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının qarşısına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 20 iyul 2021-ci il tarixdə saat 21.00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 22.30-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı çiynindən asdığı qəhvəyi rəngli dəri çantanın içərisindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 24,840 qram narkotik vasitə kokain, ümumi sayı 7 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram narkotik vasitə metadon həbləri, ümumi sayı 460 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdar 69 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli "ekslazi” həbləri, eləcə də 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar 2,482 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xalası oğlunun ölümündən sonra psixi sarsıntılar keçirdiyi üçün narkotik vasitədən istifadə etməyə başlamışdır. Təqribən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. İlk vaxtlar psixotrop maddə olan metamfetamindən istifadə etmişdir, daha sonra isə kokain və ekstazi həblərindən istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmaqdan qorxduğu üçün risk etməyərək narkotik vasitəni adətən çox miqdarda alırmış və daha sonra yavaş-yavaş istifadə edirmiş. Bir azyaşlı qız uşagı vardır. Bundan əlavə ailə üzvləri narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, onlar ona güvənirmişlər, onların onun narkotik vasitədən istifadə etdiyini bilməmələri üçün ehtiyat edərək narkotik vasitəni birdəfəlik çox miqdarda alırmış. Narkotik vasitəni Papanin adlanan ərazidə Anar adlı şəxsdən alırmış. 20 iyul 2021-ci il tarixdə Anar ona ucuz qiymətə, yəni 500 manat müqabilində külli miqdarda narkotik vasitə sata biləcəyini bildirəndə, o razılaşmış və Anardan 500 manat müqabilində bir bükümdə narkotik vasitə almışdır, lakin bükümün içinə baxmamışdır. Daha sonra o piyada olaraq özünə məxsus olan Tarqovuda yerləşən “Kinderland” kafesinə gedirmiş. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ərazisində piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və onlar onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş və o üzərində olan bir bükümü polis əməkdaşlarına təqdim etmişdir. Aldığı narkotik vasitələri 3-4 ay müddətində istifadə etməyi nəzərdə tutmuşdur, üzərində aşkar edilən narkotik vasitələri satmaq niyyəti olmamışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə peşmandır və bundan sonra heç vaxt istifadə etməyəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o halhazırda təqaüdçüdür, lakin Təqsirləndirilən şəxs saxladıqları vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmişdir. 20 iyul 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupunda o və digər əməkdaşı Şahid2 də iştirak etmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ərazisində saxlamış və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq çiynindən asdığı qəhvəyi rəngli dəri çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən 460 ədəd ekstazi həbinə bənzər maddələr, 7 ədəd metadon həbinə bənzər maddələr, bir bükümdə narkotik vasitə kokainə bənzər maddə, bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfədir ki, bu fəaliyyətlə məşğul olduğunu, onun rolunun sadəcə olaraq “Whatsapp” mobil tətbiqi vasitəsilə ona deyilən yerdən narkotik vasitəni gedib götürmək olduğunu, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan 20 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə kimyavi ekspertizasının 21 iyul 2021-ci il tarixli 6/2993 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs..." sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 24,840 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir, bir ədəd bükümdə təmiz çəkisi 2,482 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 7 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir, 460 ədəd çəhrayı rəngli üçbucaq formalı eyni tərkibli həblərin əsas təsiredici maddəsi psixotrop maddə - MDMA-dır (metilendioksimetamfetamindir) və həmin həblərin tərkibində MDMA-nın təsir maddəsinin ümumi miqdarı 69 qramdır. Qeyd: tədqiqata istifadə olunduqdan sonra qalıq çəkiləri 2,382 qram qalmış psixotrop maddə metamfetamin, 24,740 qram qalmış narkotik vasitə kokain, 6 ədəd qalmış metadon həbi, 456 ədəd qalmış MDMA həbləri. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə saat 21.00-da ünvan 3 ünvanının yaxınlığında küçədə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asdığı qəhvəyi rəngli dəri çantanın içərisindən 460(dörd yüz altmış) ədəd “ekstazi” həbinə bənzər, 7 ədəd metadon həbinə bənzər, 1(bir) bükümdə, 25,48(iyirmi beş tam yüzdə qırx səkkiz) qram çəkidə, ağ rəngli, narkotik vasitə kokainə bənzər, 1(bir) ədəd bükümdə 3,1 qram metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan nikah şəhadətnaməsi və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X3 ilə nikahda olmaqa həmin nikahdan 12.01.2019-cu il təvəllüdlü X2 adlı övladları var. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2021-ci il tarixli 4381 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 06 yanvar 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 2,382 qram qalmış psixotrop maddə metamfetamin, 24,740 qram qalmış narkotik vasitə kokain, 6 ədəd qalmış metadon həbi, 456 ədəd qalmış MDMA həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 2,382 qram qalmış psixotrop maddə metamfetamin, 24,740 qram qalmış narkotik vasitə kokain, 6 ədəd qalmış metadon həbi, 456 ədəd qalmış MDMA həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar