Məhkəmə qərarları › İş №1(101)-678/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-678/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-678/2022 11.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - "PRO BONO" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ış, 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 14 avqust 2021ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri, 22 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 03 may 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədi ilə, 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu, 32 ünvanında yerləşən ictimai çimərliyin dayanacağında olan Zərərçəkmiş şəxs1 məxsus “Qaz 3302-388 yük” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyulmuş, sonuncuya məxsus 3.000 manat nağd pulu, hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə istifadə etdiyi 600 manat dəyərində bir ədəd “Redmi Note7” markalı, dəyəri 5 manat olan ***-***-**-** saylı nömrə ilə işlətdiyi 500 manat dəyərində bir ədəd “Redmi Note9” markalı mobil telefonlarını, habelə Zərərçəkmiş şəxs1 tanışları Zərərçəkmiş şəxs2 məxsus 350 manat nağd pulu və hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə istifadə etdiyi 250 manat dəyərində bir ədəd işlənmiş “Samsung A3” markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus cəmi 150 manat nağd pulu gizli talayıb ələ keçirdikdən sonra gəldikləri “Tofaş-Şahin” markalı 99XU512 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onların əmlaklarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ələ keçirilmələrindən şübhələnib, sonuncunun idarə etdiyi “Tofaş-Şahin” markalı avtomobilin qabaq oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 yaxınlaşaraq taladıqları pul və mobil telefonları geri qaytarmalarını tələb etdikdə, sonuncu, avtomobildən götürdüyü mətbəx bıçağından silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlaklarını özlərində saxlamaq məqsədi ilə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq, belə zorakılıq tədbiq edəcəyi hədəsi İlə müşaiyət olunan basqın etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 onunla həmrəylik nümayiş etdirməklə yanaşı, idarə etdiyi “Tofaş-Şahin” markalı avtomobili hərəkətə gətirib sürətlə oradan uzaqlaşmış, onların cinayət əməllərinin qarşısını almaq üçün dayanacağın nəzarətçisi çıxışda avtomobilin önünü dəmir zəncir maneə ilə bağlasa da, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin ön hissəsi ilə zəncirə vurub qıraraq oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 4.115 manat, Zərərçəkmiş şəxs2 məxsus 610 manat və Zərərçəkmiş şəxs3 məxsus 150 manat məbləğində əmlaklarını ələ keçirib, bu hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Samir «Tofaş» markalı avtomaşınla taksi fəaliyyəti göstərmişdir. O, hadisə günü Samirlə dənizə getməyi planlaşdırmış, lakin həmin vaxt Samirin maşını nasaz olmurdur. Buna baxmayaraq, onlar dənizə getmiş və orada çimmişlər. Həmin vaxt sonradan adının Ruhid olduğunu bildiyi şəxs onlara yaxınlaşmış, maşından telefonlarının və pullarının oğurlandığını bildirmişdir. O, Ruhidə əgər onlardan şübhələnirlərsə, maşını axtarmalarını demişdir. Ruhid və onunla olan digər iki nəfər maşını axtarmış, lakin heç bir şey tapılmamışdır. Ona və Samirə qarşı olan şübhələrin bitdiyini düşünüb bir qədər rahatlanmışdır. Sonra Röyal adlı şəxsin maşının qapısını açdığını görmüş, bu onun pisinə gəlmiş və Röyalın üstünə qışqıraraq "neynəyirsən?" demişdir. Röyal onun sözlərindən sonra qapını bağlamışdır. O, Samirə "bunlar bizi zibilə salacaq, çıxaq gedək" sözlərini demişdir. Oradan Samirlə birlikdə çıxıb maşını ustaya aparmışlar, lakin ustanın yanında işləri alınmamışdır. Oradan Binəqədiyə, yəni evə getmək istədikdə, polis əməkdaşları maşını dayandırıb onları saxlamışlar. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, zərərçəkmiş şəxslər onların üzərinə hücum çəkmiş və onunla Samirin guya onların telefonlarını götürdüklərini demişlər. Onlar isə həmin şəxslərə öz telefonlarını verib zəng etmələrini də təklif etmişlər. Ruhid həmin vaxt Samir olan tərəfdən maşına yaxınlaşmış, onlar isə həmin şəxslərə maşına baxmaları üçün şərait yaratmışlar. Onlar maşının hər yerinə baxaraq yoxlamış, lakin heç nə tapmamışlar. Sonra o, Röyalın maşının qapısını açdığını görmüş, bu zaman Röyala əsəbləşərək, "sizə şərait yaratdıq, lakin yenə bizdən şübhələnirsiniz" sözlərini demişdir. Hadisə vaxtı onda bıçaq olmamış, maşın nasaz olduğu üçün maşında bıçaq olmuşdur, lakin maşında olan bıçağın əlamətləri onun yadında qalmamışdır. Samirin 3 ay əvvəl həbsdən azad olunduğunu, nənəsigilin Samirə maşın aldığını və sonuncunun taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Sonradan bölmədə olarkən bıçağı bölmədə görmüşdür. Onlar baş vermiş hadisədən təxminən 5-6 saat sonra tutulmuşlar. Lakin o, Samirlə heç kimi bıçaqla hədələməmişlər, saxlanılan zaman onların üzərində bıçaq olmamışdır. Maşındakı bıçağı isə onlar meyvə doğramaq üçün götürmüşlər. Onlar maçınla keçən zaman zəncir tam bağlanmamış vəziyyətdə olmuş və onlar maşınla zəncirin üstündən keçmişlər. Bu zaman zəncir bir az maşına dəymişdir. Cinayət işinə əlavə edilmiş bıçağı o, görməmiş və onun yanında bıçağa baxış keçirilməmişdir. Hadisə vaxtı Röyalın yıxıldığını da görməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü "Sədərək" ticarət mərkəzinə mal verib qayıdan zaman dənizə çatanda Orxana gedib bir az dənizdə çimməyi təklif etmişdir. Onlar maşını dəniz qırağında saxlamış, birlikdə dənizə girib çimmişlər. Dənizdən çıxıb evə getmək istəyən zaman üç nəfər tanımadığı şəxs onlara yaxınlaşmış və telefonlarının oğurlandığını bildirmişlər. Həmin şəxslər onların maşınını və üzərini axtarmış, lakin heç bir şey aşkar edə bilməmişlər. Daha sonra onlar çıxıb getmişlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, onlar dənizə həm Orxanla birlikdə, həm də ayrı-ayrlıqda girmişlər. Əvvəlcədən, yəni maşını aldığı vaxtdan onun maşınında bıçaq olmuşdur. İbtidai istintaq zamanı ifadə verdikdə müdafiəçisi yanında olmuş, ifadə verəndən sonra onu oxuyub imzalamışdır. Hadisə baş verən gün onlara əvvəlcə Ruhid adlı şəxs yaxınlaşmışdır. Həmin vaxt onlar maşını saxladığı yerdə başqa maşınlar da olmuşdur. Hadisə axşam vaxtı təxminən saat 7-8 radələrində baş vermişdir. "Qazel" markalı maşının yanında və qarşısında başqa adamlar da olmuş, əgər oğurluq hadisəsi olsaydı, ətrafda olan şəxslərin də həmin hadisəni görə bilmələri mümkün olmuşdur. Sonradan o, ibtidai istintaqın gedişinə etiraz əlaməti olaraq özünə xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Qazel” markalı avtomaşınla Royalın işlədiyi tikintiyə getmiş, həmin vaxt Royalın yanında Nəriman da olmuşdur. Onlar birlikdə Şıxov qəsəbəsində yerləşən çimərliyə gedib istirahət etməyə razılaşmış və birlikdə oraya gəlmişlər. O, idarə etdiyi “Qazel“ markalı avtomobili çimərliyin ərazisindəki girişi bir manat olan pullu dayanacaqda saxlamış, paltarlarını soyunaraq pul və digər şəxsi əşyalarını avtomobilin salonuna qoyub dostları ilə birlikdə dənizə çimməyə getmişlər. Həmin vaxt avtomobil dənizdən təxminən 40-50 metr aralıda dayanmış, hava tam aydın işıqlı və avtomobil onların gözləri qarşısında olduğundan, avtomobili dənizdən müşahidə edə bildikləri üçün kabinanın qapılarını açarla bağlamamışdır. O, dostları ilə bir qədər çimdikdən sonra dənizdən çıxıb avtomobilə tərəf gələrkən, Nəriman onun avtomobilinin yanından kiminsə kənara qaçdığını demişdir. O, dostları ilə avtomobilə yaxınlaşıb paltarlarına baxdıqda, avtomobilin oturacaqlarının arasındakı hissədə qoyduğu özünə məxsus 3000 manat nağd pulun və mobil telefonlarının oğurlandığını aşkar etmiş, Royal da şalvarının ciblərinə baxanda 350 manat nağd pulun və mobil telefonunun, Nəriman isə şalvarının cibində olan 150 manat nağd pulun oğurlanmasını bildirmişlər. Həmin vaxt o, dostları ilə pulların və mobil telefonların yaxınlıqda dayanmış qırmızı rəngli “Tofaş” markalı ** XU *** nömrəli avtomobildə olan iki nəfər tanımadıqları şəxslər tərəfindən ələ keçirilməsindən şübhələnmişlər. Buna görə onlar həmin “Tofaş” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş şəxsə yaxınlaşıb, avtomobillərindən pul və telefonların oğurlanmasını bildirib, həmin şəxslərdən şübhələndiklərini demişlər. Həmin tanımadığı, lakin sonradan adının Orxan olduğunu bildiyi şəxs əlində olan bıçağı onlara tərəf tutub fırladaraq, vurub xəsarət yetirəcəyi ilə hədələmiş, onların avtomobilinə yaxınlaşmamalarını tələb etmişdir. O, dostları ilə həmin şəxsin əlində olan bıçağı görüb qorxaraq avtomobildən bir qədər kənara çəkilmiş, yaxınlıqda dayanmış “AzSamand” markalı avtomobilin tanımadığı sürücüsündən köməklik etməsini xahiş etmişdir. Həmin şəxs onlara “102” xidmətinə zəng edib polis çağırmamalarını bildirdikdə, “Tofaş” markalı avtomobilin sükanı arxasında əyləşmiş, sonradan adının Samir olduğunu bildiyi tanımadığı şəxs avtomobili sürətlə idarə edərək çimərliyin dayanacağının çıxış qapısı istiqamətində hərəkət etmişdir. Bu zaman “AzSamand” markalı avtomobilin sürücüsü dayanacaqda olan nəzarətçiyə qışqıraraq, çimərliyin giriş qapısını bağlamasını və qırmızı rəngli “Tofaş” markalı avtomobilin qarşısını kəsməsini bildirmişdir. Həmin nəzarətçi çimərliyin giriş qapısını bağlamağa imkan tapmasa da, qapıya bərkidilmiş dəmir zənciri qaldıraraq “Tofaş” markalı avtomobilin qarşısını kəsməyə çalışmış, lakin “Tofaş”ın sürücüsü dəmir zənciri idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub qıraraq hərəkətini davam etdirməklə sürətlə oradan uzaqlaşmışdır. Sonra “AzSamand" markalı avtomobilin sürücüsü özünə məxsus mobil telefonla “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmiş, o da, şikayət ərizəsi vermişdir. Hadisə zamanı o, dostları və orada olan digər şəxslər heç bir bədən xəsarəti almamışlar. Zərərçəkmiş şəxs1 hadisə nəticəsində ona ümumilikdə 4.115 manat maddi ziyan dəydiyini, həmin maddi ziyanın əvəzinin ona qaytarılmadığını, vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində işlədiyi tikintidə olarkən dostları Nəriman və Ruhid idarə etdiyi “Qazel" markalı avtomaşınla yanına gəlmiş, birlikdə Şıxov çimərliyinə gedib istirahət etməyi təklif etmişlər. Onlar hamısı razılaşıb birlikdə çimərliyə gəlmişlər. Ruhid idarə etdiyi “Qazel” markalı avtomobili çimərliyin ərazisindəki girişi bir manat olan pullu dayanacaqda saxlamış, onların hamısı paltarlarını soyunaraq pul və digər şəxsi əşyalarını avtomobilin salonuna qoymuşlar. Sonra birlikdə dənizə çimməyə getmişlər. Həmin vaxt avtomobil dənizdən təxminən 40-50 metr aralıda dayanmış, hava tam aydın işıqlı və avtomobil gözləri qarşısında olduğundan avtomobili dənizdən müşahidə etmək mümkün olmuşdur. O, dostları ilə bir qədər çimdikdən sonra dənizdən çıxıb avtomobilə tərəf gələrkən, Nəriman Ruhidin avtomobilin yanından kiminsə kənara qaçmasını demişdir. O, dostları ilə birlikdə avtomobilə yaxınlaşıb paltarlarına baxdıqda, avtomobilin oturacaqlarının arasındakı hissədə qoyduğu özünə məxsus şalvarın yan cibində olan 350 manat nağd pulun və “Samsung A3” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Həmçinin Ruhid cibindən özünə məxsus 3000 manat nağd pulun və 2 ədəd mobil telefonların, Nəriman isə şalvarının cibində olan 150 manat nağd pulun oğurlandığını bildirmişlər. Həmin vaxt onlar pul və mobil telefonların yaxınlıqda dayanmış qırmızı rəngli “Tofaş” markalı avtomobildə olan iki nəfər tanımadıqları şəxslər tərəfindən ələ keçirilməsindən şübhələnib, həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş şəxsə yaxınlaşmış, avtomobillərindən pul və telefonların oğurlanmasını bildirib onlardan şübhələndiklərini demişlər. Bu zaman qabaq sərnişin oturacağında əyləşmiş həmin tanımadığı şəxs əlində olan bıçağı onlara tərəf fırladaraq vurub xəsarət yetirəcəyi ilə hədələmiş, onların avtomobilinə yaxınlaşmamalarını tələb etmişdir. Bu zaman o, dostları ilə həmin şəxsin əlində bıçağı görüb qorxmuş, avtomobildən bir qədər kənara çəkilmişlər. Həmçinin yaxınlıqda dayanmış “AzSamand” markalı avtomobilin sürücüsündən köməklik etməsini xahiş etmişlər. Həmin şəxs ona və dostlarına “102” xidmətinə zəng edib polis çağırmamalarını bildirdikdə, “Tofaş" markalı avtomobilin sükanı arxasında əyləşmiş şəxs həmin avtomobili sürətlə idarə edib çimərliyin dayanacağının çıxış qapısı istiqamətində hərəkət etmişdir. Bu zaman “AzSamand” markalı avtomobilin sürücüsü dayanacaqda olan nəzarətçiyə qışqıraraq çimərliyin giriş qapısını bağlamasını və qırmızı rəngli “Tofaş” markalı avtomobilin qarşısını kəsməsini bildirmişdir. Həmin nəzarətçi çimərliyin giriş qapısını bağlamağa imkan tapmasa da, qapıya bərkidilmiş dəmir zənciri qaldıraraq “Tofaş" markalı avtomobilin qarşısını kəsərək çimərlikdən çıxmasına mane olmağa çalışmış, lakin “Tofaş” markalı sürücüsü dəmir zənciri idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub qıraraq hərəkətini davam etdirərək sürətlə oradan uzaqlaşmışdır. Sonra “AzSamand” markalı avtomobilin sürücüsü özünə məxsus mobil telefonla “102” xidmətinə zəng edib baş vemiş hadisə barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Hadisə zamanı o, dostları və orada olan digər şəxslər heç bir bədən xəsarəti almamışlar. Zərərçəkmiş şəxs2 hadisə nəticəsində ona ümumilikdə 610 manat maddi ziyan dəydiyini, həmin maddi ziyanın əvəzinin ona qaytarılmadığını, vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində o, dostu Royalın işlədiyi tikintiyə getmiş, müəyyən vaxtdan oraya digər dostu Ruhid idarə etdiyi “Qazel” markalı avtomaşınla gəlmişdir. Onlar birlikdə Şıx çimərliyinə gedib istirahət etməyə razılaşmış və oraya gəlmişlər. Ruhid «Qazel» markalı avtomobili çimərliyin ərazisindəki girişi bir manat olan pullu dayanacaqda saxlayıb paltarlarını soyunmuşlar. Onlar üstlərində olan pul və digər şəxsi əşyaları avtomobilin salonuna qoyub birlikdə dənizə çimməyə getmişlər. Avtomobil dənizdən təxminən 40-50 metr aralıda olmuş, hava tam aydın işıqlı və avtomobil isə gözləri qarşısında olduğundan, avtomobili dənizdən müşahidə etmək mümkün olmuşdur. O, dostları ilə bir qədər çimdikdən sonra dənizdən çıxıb avtomobilə tərəf gələrkən, birdən o, Ruhidin avtomobilin yanından kiminsə kənara qaçmasını görmüş və bu barədə dostlarına demişdir. Onlar avtomobildəki paltarlarına baxdıqda oturacaqların arasındakı hissədə qoyduğu özünə məxsus şalvarın yan cibində qoyduğu 150 manat nağd pulun olmadığını aşkar etmişdir. Bu zaman Ruhid cibindən 3000 manat nağd pulun və 2 ədəd mobil telefonun, Royal isə cibindəki 350 manat nağd pulun və 1 ədəd mobil telefonun olmadığını müəyyən etmişlər. Həmin vaxt onlar pul və mobil telefonların yaxınlıqda dayanmış qırmızı rəngli “Tofaş” markalı avtomobildə olan iki nəfər tanımadıqları şəxsin ələ keçirdiklərindən şübhələnib, həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş şəxsə yaxınlaşmışlar. Ona maşınlarından pul və mobil telefonların oğurlanmasını bildirərək onlardan şübhələndiklərini bildirərkən, həmin şəxs əlində olan bıçağı onlara tərəf fırladaraq vurub xəsarət yetirəcəyi ilə hədələmiş, avtomobillərinə yaxınlaşmamalarını tələb etmişdir. O, dostları ilə həmin şəxsin əlində bıçağı görüb qorxaraq avtomobildən bir qədər kənara çəkilmişlər və yaxınlıqda dayanmış “AzSamand” markalı avtomobilin sürücüsündən kömək istəmişlər. Həmin şəxs ona və dostlarına “102” xidmətinə zəng edib polis çağırmamalarını bildirdikdə, “Tofaş” markalı avtomobilin sükanı arxasında əyləşmiş tanımadığı şəxs həmin avtomobili sürətlə idarə edərək çimərliyin dayanacağının çıxış qapısı istiqamətində hərəkət etməyə başlamışdır. Bu zaman “AzSamand” markalı avtomobilin sürücüsü dayanacaqda olan nəzarətçiyə qışqıraraq çimərliyin giriş qapısını bağlamasını bildirmişdir. Lakin nəzarətçi çimərliyin giriş qapısını bağlamağa imkan tapmasa da, qapıya bərkidilmiş dəmir zənciri qaldıraraq “Tofaş” markalı avtomobilin çimərlikdən çıxmasına mane olmağa çalışmışdır. Lakin “Tofaş" markalı maşının sürücüsü dəmir zənciri idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub qırmış və hərəkətini davam etdirməklə sürətlə oradan uzaqlaşmışdır. Sonra “AzSamand” markalı avtomobilin sürücüsü özünə məxsus mobil telefonla “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Hadisə zamanı o, dostları və orada olan digər şəxslər heç bir bədən xəsarəti almamışlar. Zərərçəkmiş şəxs3 hadisə nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəydiyini, vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şıx qəsəbəsində yerləşən ictimai çimərlikdə təmizlik işləri ilə məşğuldur, həmçinin oraya gəlmiş avtomobillərə nəzarət edir. 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində o, çimərlikdə olduğu zaman qırmızı rəngli “Tofaş” markalı avtomobilin yüksək sürətlə çimərliyin çıxışı istiqamətində hərəkət etdiyini, bu zaman tanımadığı üç nəfər cavan oğlanın həmin avtomobilin arxasınca qaçdıqlarını görmüşdür. Həmin vaxt oğlanlardan biri çimərliyin girişində dayanmış Həsrət adlı nəzarətçiyə qışqıraraq giriş qapısını bağlamasını demişdir. Həsrət də qapını bağlamağa çalışsa da, bunu çatdırmamış, girişdə olan zənciri qaldıraraq yolu bağlamışdır. Lakin həmin “Tofaş” markalı avtomobili idarə edən sürücü buna məhəl qoymadan avtomobilin hərəkətini davam etdirmiş, maşının qabaq hissəsi ilə çimərliyin girişində bərkidilmiş dəmir zəncirə vurub qıraraq oradan uzaqlaşıb getmişdir. Sonradan həmin tanımadığı üç nəfər oğlan ona yaxınlaşıb “Tofaş” markalı avtomobildə olan iki nəfər cavan oğlanın onların gəldikləri və çimərlikdə saxladıqları “Qazel” markalı avtomobilin salonundan özlərinə məxsus nağd pul və mobil telefonlarını oğurladıqlarını, onları bıçaqla hədələyərək qaçıb getdiklərini bildirmişlər. Sonra oraya polis əməkdaşları gəlmiş və onlarla hadisə barədə sorğu-sual aparmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində Şıxov qəsəbəsində yerləşən ictimai çimərliyin ərazisindəki dayanacaqda nəzarətçi qismində işlədiyini, 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində işdə olduğunu bildirərək, Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə ilasında Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə saat 15 radələrində özünə məxsus “AzSamand” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən çimərliyə gelmiş, saat 18 radələrinə kimi orada istirahət etmişdir. Sonra evinə getmək üçün çimərliyin dayanacağında saxladığı “AzSamand’’markalı avtomobilə yaxınlaşdıqda iki nəfər tanımadığı şəxsin onun avtomobilinin yaxınlığında saxlanılmış qırmızı rəngli “Tofaş” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmiş başqa tanımadığı şəxsə yaxınlaşmalarını, avtomobilin qabaq oturacağında əyləşmiş şəxsin əlində tutduğu bıçağı həmin iki nəfərə tərəf fırladaraq xəsarət yetirməsi ilə hədələməsini, bu zaman ona başqa bir nəfər tanımadığı şəxsin yaxınlaşıb, orada saxlanılan özünə məxsus “Qazel” markalı avtomobilin salonunda olan 3 ədəd mobil telefonları və 3000 manat nağd pulu,orada olan “Tofaş” markalı ** XU *** nömrəli avtomobilin sükanı arxasında və həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş bıçaq fırladan şəxslər tərəfindən ələ keçirdiklərini bildirmişdir. O, özünə müraciət etmiş, sonradan adının Ruhid olmasını bildiyi şəxsə “102” xidmətinə zəng edib məlumat verməsini demiş, bu zaman həmin “Tofaş”markalı avtomobilin sürücüsü avtomobili sürətlə idarə edib çimərliyin dayanacağının çıxışı istiqamətində hərəkətə başlamışdır. Bu vaxt o, üzünü çimərliyə gələn avtomobillərə nəzarət edən tanımadığı şəxsə tərəf tutub qışqıraraq dayanacağın giriş qapısını bağlamasını və avtomobili buraxmamasını bildirmişdir. Nəzarətçi dayanacağın giriş qapısını bağlamağa nail olmasa da, həmin qapıya bərkidilmiş dəmir zənciri qaldıraraq “Tofaş" markalı avtomobilin çıxışına mane olmağa çalışmış, lakin “Tofaş” markalı avtomobilin sürücüsü avtomobilin dəmir zəncirini idarə etdiyi avtomobillə vurub sındıraraq hərəkətini davam etdirməklə sürətlə oradan uzaqlaşmışdır. Həmin vaxt o, adının sonradan Röyal, Ruhid və Nəriman olduğunu bildiyi şəxslərin qorxduqlarını və özlərini itirdiklərini görüb, istifadə etdiyi mobil telefonla «102» xidmətinə zəng edib baş vemiş hadisə barədə məlumat vermişdir. Müəyyən vaxtdan oraya polis əməkdaşları gəldikdə, onlara baş vermiş hadisə barədə məlumat verilmişdir. Sonradan ona məlum olmuşdur ki,“Tofaş” markalı ** XU *** nömrəli avtomobili idarə etmiş və yanında olmuş tanımadığı şəxslər Ruhidə məxsus 3000 manat pulu və 2 ədəd mobil telefonu, Röyala məxsus 350 manat və Nərimana məxsus 150 manat məbləğində pulları Ruhidə məxsus «Qazel» markalı avtomaşının salonundan gizli ələ keçirmişlər. Bunu Röyal və dostları açkar edib həmiş şəxslərdən əmlakını geri tələb etdikdə, “Tofaş” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş tanımadığı şəxs əlindəki bıçağı Röyala və Nərimana tərəf tutub fırladaraq, yaxınlaşacaqları halda həmin bıçaqla vurub xəsarət yetirəcəyini bildirmişdir. Həmin hadisə zamanı onun özü “Tofaş” markalı avtomobilin sürücüsü və sərnişini tərəfindən bıçaqla hədələnməmiş, hadisə zamanı heç bir xəsarət almamışdır (cild 1, iş vərəqi 46-50). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında həmin istintaq hərəkətləri keçirilərkən, zərərçəkmiş şəxs istintaqa verdiyi sərbəst ifadəsini şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək onları ifşa etmişdir (Cild 1, iş vərəqi 105-107,120-122). Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da şübhəli şəxslər Təqsirləndirilən şəxs1 ilə və Təqsirləndirilən şəxs2 ilə üzləşdirmələr zamanı istintaqa verdikləri sərbəst ifadələrini şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək onları ifşa etmişlər (Cild 1, iş vərəqi 108-110, 111-116, 117-119). Cinayət işinə əlavə edilmiş məhkəmə-soyuq silah ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 3/1463 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (Cild 1, iş vərəqi 213-215). İş materiallarında olan 13 avqust 2021-ci il tarixli videoçəkilişlə avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tofaş-Şahin” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sağ qabaq qapının iç hissəsində hadisə zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərin önündə fırladaraq hədələdiyi qırmızı dəstəkli, dəstəyinə ağ rəngli ip sarılmış bir ədəd mətbəx bıçağı aşkar edilib götürülmüşdür (Cild 1, iş vərəqi 101-104). İbtidai istintaq orqanının qərarı ilə 13 avqust 2021-ci il tarixdə “Tofaş-Şahin” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə apanlmış baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd mətbəx bıçağı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Səbail rayon Polis idarəsinə təhvil verilmişdir (Cild 2, iş vərəqi 129-140). Həmçinin, 13 avqust 2021-ci il tarixdə “Tofaş-Şahin” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd "DVD” formatlı disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (Cild 1, iş vərəqi 104, 129-140). İş materiallarına əlavə olunmuş 14 avqust 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokollarından görünür ki, həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara tanınmaya təqdim edilmiş dörd ədəd bıçaqların arasından Təqsirləndirilən şəxs1 hadisə zamanı onların gözləri önündə əlində tutaraq fırlatdığı, özünü və dostlarını yaxınlaşdıqları halda xəsarət yetirəcəyi ilə hədələdiyi, həmçinin “Tofaş-Şahin” markalı 99XU512 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən salonundan aşkar edilib götürülmüş, dəstəyinə ağ rəngli ip sarılmış qırmızı dəstəkli bir ədəd mətbəx bıçağını tanıyaraq, Təqsirləndirilən şəxs1 onlara qarşı tətbiq etdiyi bıçaq olmasını təsdiq etmişlər (Cild 1, iş vərəqi 123-134). Cinayət işində olan 04 noyabr 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, 31 avqust 2021-ci il tarixdə 003-11695-1221 saylı məktubla DİN-in X3 Xidmətindən daxil olmuş bir ədəd CD diskdə xx.xx.2021-ci il tarixdə “Tofaş-Şahin” markalı 99XU 512 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyasının siyahısındakı ünvanlarda çəkilmiş fotoşəkillər əks olunmuşdur. Bu səbəbdən həmin fotoşəkillərin əks olunduğu bir ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (Cild 1, iş vərəqi 197-200, 250-256). Cinayət işində olan xx.xx.2021-ci il il tarixli tələbnaməərdən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-ci ildə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 cəzadan azad olunduğu vaxtdan iki ildən artıq müddət keçdiyi üçün onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən müxtəlif cinayət əməllərini törətdiyinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, sonuncu dəfə isə o, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 1 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqi 187-192). Məhkəmə baxışı zamanı verdikləri ifadələrində, həmçinin müxtəlif instansiyalara ünvanladığı şikayət ərizələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirərək, hadisə baş verən gün həqiqətən də Şıx çimərliyinə getdikləriini, lakin Zərərçəkmiş şəxs1 məxsus “Qazel" markalı avtomobilin salonundan nağd pul və mobil telefonların gizli yolla ələ keçirmədiklərini, pul və əmlakı geri tələb edən zərərçəkmiş şəxsləri bıçaqla hədələmədiklərini, zərərçəkmiş şəxslər onlardan şübhələndikləri üçün maşına minib oradan çıxıb getdiklərini, bu zaman giriş qapısında olan zənciri qırmadıqlarını bildirmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillər tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış, lakin həmin hallar iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin maddi sübutlarla və çoxsaylı istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri həmin dəlilləri onların cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Lakin cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 03 may 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qəsdən törədilmiş az ağır cinayət hesab olunan həmin əmələ görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adları çəkilən şəxslər həmin tarixdə Bakı şəhəri, Səbail rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut - Bakı şəhəri, Səbail RPİ-də saxlanılan 13 avqust 2021-ci il tarixdə “Tofaş-Şahin” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd mətbəx bıçağı məhv edilməli, videogörüntülərin olduğu 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 125 (yüz iyirmi beş) manat 29 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 125 (yüz iyirmi beş) manat 29 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 62 (altmış iki) manat 65 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara vurulmuş maddi ziyanla bağlı mülki mühakimə iraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri, Səbail RPİ-də saxlanılan “Tofaş-Şahin" markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İstintaq hərəkətlərinin aparıldığı videogörüntüləri əks etdirən 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 125 (yüz iyirmi beş) manat 29 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 62 (altmış iki) manat 65 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara vurulmuş maddi ziyanla bağlı mülki mühakimə iraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətləri verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar