Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-679/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, himayəsinə azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, ev 25-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, nömrəsiz evdə yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqdəsi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4153,26 qram (4 kq 153,26 qram) çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 4 evin həyətində yerləşən əl damı kimi istifadə edilən yerə daşıdıqdan sonra şəxsi istehlak miqdarında təmiz çəkisi 3,26 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 fevral 2023-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi ərazisində yol kənarında olan zaman saxlanılaraq Sabunçu rayon 14-cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 3,26 qram təşkil edən şəxsi istehlak miqdarında çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 4 evdə axtarış keçirilən zaman evin həyətində əl damı kimi istifadə edilən yerində sintetik torbada ağ rəngli vedrənin içərisində 04 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 871,7 qram, 883,8 qram, 1292,6 qram və 1101,9 qram olmaqla, ümumilikdə təmiz çəkisi 4153,26 qram tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları onu Sabunçu rayonunda yerləşən keçmiş hərbi hissənin yanında hərəkətdə olduğu zaman saxlamışlar və onu Sabunçu RPİ-nin 14cü PB-yə aparmışlar. 14-cü PB-də şəxsi axtarış aparılan zaman üzərindən öz istifadəsi üçün qurutduğu narkotik vasitə marixuana aşkar olunmuşdur. 14-cü PB-də evində əlavə narkotik vasitənin olması ilə bağlı çoxlu sual-cavab etmişlər. Polis əməkdaşları düzünü danışmadığı təqdirdə onun ailəsini də bölməyə gətirməkləri ilə təhdid etdiklərinə görə yaşadığı evdə narkotik vasitə marixuananın olduğunu bildirmişdir. Marixuananı qurutmaq üçün yaşadığı evin həyətindəki balaca damda yerə sərmişdir. Polis əməkdaşları sərdiyi narkotik vasitə marixuananı götürmüşlər. Polis əməkdaşları evindən aşkar olunan narkotik vasitənin 4 kq olmasını desələr də, aşkar olunan narkotik vasitənin çəkisi 4 kq ola bilməzdi. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə marixuananı özü əkib qurutmuşdur. Narkotik vasitəni əkdiyi dibçəklər yaşadığı evin həyətində idi. 3 ədəd dibçəkdə narkotik vasitə əkmişdir. 20 ildən çoxdur ki, narkotik vasitə marixuana istifadəçisi olduğuna görə yaşadığı evdən aşkar olunan marixuananın 4 kq olmadığını dəqiq bilir. Hər istifadəsində 1 qram olmaqla gün ərzində 1-2 dəfə narkotik vasitə marixuana istifadə etmişdir. Yaşadığı evin həyətində narkotik vasitə aşkar olunan vaxt tərəzi aşkar olunmamışdır. Video çəkilişdə aşkar olunan tərəzi ona məxsus deyil. Video çəkiliş zamanı etirazlarını bildirsə də, polis əməkdaşları çəkilişi saxlayıb yenidən çəkmişlər. Video çəkiliş zamanı narkotik vasitənin çəkisini çəkməmişlər. Polis əməkdaşlarının narkotik vasitələri nə etdiklərini görməmişdir. Polis əməkdaşları evində axtarış aparıb qurtarandan sonra çölə çıxanda digər polis əməkdaşlarının narkotik vasitəni kisəyə yığıb ağzını bağladıqlarını görmüşdür. Əvvəllər narkotik vasitə marixuananı almışdır, tutulduqdan sonra özü əkməyə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində 1 kibrit qutusu narkotik vasitə marixuana var idi. Əkdiyi narkotik vasitə marixuananı 1 il istifadə edə bilmişdir. Tutulmazdan 5-10 gün qabaq işlətdiyi ***-***- **-** nömrəli mobil telefonu sındırmışdır. Bakı İstintaq Təcridxanasından çıxandan sonra mobil telefon işlətməyə başlamışdır. Sonuncu dəfə tutulanda barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq təcridxanasına daxil olanda onu müayinə etməmişlər. Sabunçu RPİ-nin 14-cü PB-də polis əməkdaşları onu şillə, təpik və yumruq ilə döymüşlər. Onun sərdiyi narkotik vasitələr hələ qurumamışdır. Sabunçu RPİ-nin 14-cü PBdə polis əməkdaşları tərəfindən ona qarşı fiziki,psixoloji təsir və təzyiq göstərilmişdir. Yaşadığı evdə əkdiyi narkotik vasitənin olmasını etiraf etmədiyinə görə döymüşlər. Polis əməkdaşları ailəsi ilə təhdid etdikdən sonra yaşadığı evdə də narkotik vasitə olduğunu etiraf etmişdir. Gözləri sulandığından ona təqdim olunan sənədləri oxumamış imzalamışdır. Narkotik vasitə marixuananı öz istifadəsi üçün əkmişdir. Əkdiyi narkotik vasitə təxminən 1 il istifadə üçün kifayət edirdi. O, həmişə kənardan görsənməməsi, evdəkilərin xəbəri olmaması üçün 3 kol narkotik vasitə marixuana əkmişdir. Saxlanıldığı zaman Şahid2 ona qarşı heç bir fiziki təsir və təzyiq göstərməmişdir. Yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşlarının çox olduğuna görə Şahid2 iştirak etməyini xatırlamır. Yaşadığı evdə aşkar olunan narkotik vasitələr sellofanda olmamışdır. Aşkar olunan narkotik vasitələri qurudulması üçün əl damında yerə sərmişdir. Şahid1 danışdıqları doğrudur, lakin aşkar olunan narkotik vasitə plastik qabın içində deyil, yerdə sərilmiş halda idi. Saxlanıldığı zaman Şahid2 ona qarşı heç bir fiziki təsir və təzyiq göstərməyib. O, özü kimi narkotik vasitə istifadə edən tanışları ondan narkotik vasitə istəyəndə vermişdir. Yaşadığı evin qapısının açarı yoxdur, qapılar açıq qalır. Şəxsi axtarış zamanı çəkilən videoda aşkar olunan narkotik vasitələrin hamısı ona aid deyil. Onda o fiziki güc yoxdur ki, videoda aşkar olunan narkotik vasitələri sellofanlara yığsın. Heç bir əlilliyi yoxdur, sadəcə canı ağrıdığından narkotik vasitəni elə sellofana yığa bilməzdi. Sarı rəngli narkotik vasitə marixuana ona aid deyil. Narkotik vasitə marixuananı özü yaşadığı evin həyətində əkmişdir. O, əkdiyi narkotik vasitənin çəkisi bilmir, amma 1 illik istifadəsi üçün yetərli olardı. O, narkotik vasitə istifadə edir, heç kimə narkotik vasitə satmamışdır. Deyilənlərin nəzərə alınaraq barəsində düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 2019-cu ildə Abşeron rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddə ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəza növündə məhkumluğu olmuşdur. 2020-ci ilin dekabr ayında cəza müddəti başa çatmışdır. 2022-ci il aprel ayında qurudumuş marixuananı şəxsi istifadəsi üçün əkmişdir. Həmin qurudulmuş marixuananı yaşadığı ünvan 4 evin əl damı kimi istifadə edilən yerində 03 ədəd dibçəkdə əkib becərdikdən sonra yığıb qurudaraq sellofan torbaların içərisinə yığaraq elə həmin əl damı kimi istifadə edilən yerdə saxlamışdır. O, hissə-hissə istifadə etmək üçün marixuananın bir hissəsini kibrit qutusunun içərisə yığaraq üzərində saxlamışdır. 07 fevral 2023-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi ərazisində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları ona narkotik maddələrin daşınmasında, saxlanmasında və satışında şübhəli şəxs olduğunu bildirib onu Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis bölməsinə gətirilmişdir. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin inzibati otaqların birində şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində narkotik maddə qurudulmuş marixuana olduğundan istəməmişdir ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusunun içərisində narkotik maddə marixuana olduğunu bildirmişdir. Həmin maddəni hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda həmin maddəni şəxsi istifadəsi üçün və kimsə istəyərsə vermək üçün əkdiyini, üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan ot kütləsi büküm qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin kütlə ekspertiza mərkəzinə göndəriləcəkdir. Bundan sonra ona yaşadığı ünvan 4 evdə axtarış və götürmə aparılacağı bildirilmişdir. O, heç bir etiraz etməyərək müdafiəçinin iştirakı olmadan evində axtarış keçirilməsini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 4 evə gətirilmişdir. Yaşadığı evin qarşısında olan zaman ona ilk öncə dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra ona yaşadığı evin əl damı kimi istifadə edilən yerində 2022-ci ilin aprel ayında əkib becərdikdən sonra saxladığı qurudulmuş marixuana narkotik maddə saxladığı sintetik torbada olan plastik vedrəni təqdim etmişdir. Təqdim etdiyi plastik vedrənin içərisi açılan zaman 03 ədəd şəffaf rəngli və 01 ədəd üzərində “Araz” sözləri yazılmış sellofan torbalarda ona məxsus qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. O, həmin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı şəxsi istifadəsi üçün əkib-becərdiyini, həmin marixuananı çəkərək istifadə etdiyini və elektron tərəzidən isə narkotik vasitəni çəkərkən çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, o, və orada olan polis əməkdaşlarının iştirakı ilə protokol imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 2022-ci il aprel ayında şəxsi istifadəsi üçün 3 ədəd dibçəkdə əkmişdir. Daha sonra yığıb qurudaraq sellofan torbaların içərisinə yığaraq elə həmin əl damı kimi istifadə edilən yerdə saxlamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Dibçəkdə əkdiyi narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmişdir. Onun üzərində şəxsi axtarış və yaşadığı evdə axtarış zamanı əkib becərərək saxladığı narkotik vasitə qurudulmuş marixuananı heç kimə pay verməmiş və hədiyyə etməmişdir. Şəxsi axtarış zamanı çox həyəcanlı olduğundan və fikrini dəqiq izah edə bilmədiyi üçün səhvən kiməsə istəyərsə pay vermək üçün əkdiyini bildirmişdir. O, yaşadığı evin əl damı istifadə edilən yerində narkotik vasitə marixuananı 3 ədəd dibçəkdə əkib becərərək yığıb qurutmuşdur. Bu yaxınlarda həmin dibçəklər yararsız vəziyyətə düşdüyündən və köhnə olduğundan zibilliyə tullamış, bu səbəbdən təqdim edə bilməyəcəyini bildirmişdir. Onun yaşadığı evin əl damı kimi istifadə edilən yerindən çoxlu ev əşyaları vardır. O, həmin narkotik vasitə qurudulmuş marixuananı dibçəklərdə əkdikdən sonra ev əşyalarının arxasında gözə görünməyən yerdə saxlayaraq gizlətmiş, ailə üzvləri bunu görməmişlər. Həmçinin bu barədə başqa digər şəxslə məlumat verməmişdir. O, elektron tərəzidən evdə saxladığı marixuananı çəkən zaman qramını həmin tərəzidə çəkib dəqiqləşdirmək üçün saxlamışdır. O, həmin elektron tərəzidən satış məqsədə ilə istifadə etməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Sabunçu RPİ-nin 14-cü PB-in əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs verilən suallara qeyri-adekvat cavablar verdiyinə görə Sabunçu RPİnin 14-cü PB-yə dəvət etmişlər. 14-cü PB-də təhqiqatçının otağında video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən 1 ədəd kibrit qutusu narkotik vasitə marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sonra yaşadığı evdə də öz istifadəsi üçün əkdiyi narkotik vasitə marixuananın olduğunu səmimi etiraf etmişdir. Bu təklifdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən yaşadığı evin həyətində əl damı kimi istifadə edilən yerdə ağ rəngli vedrəni və bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin vedrənin içindəki narkotik vasitə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Narkotik vasitə qablaşdırılıb tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəzi və qabın içindəki narkotik vasitə tərəflərindən qablaşdırılmışdır. Qabın içində aşkar olunmuş narkotik vasitə marixuana idi. Narkotik vasitə ağ rəngli plastik qabının içində idi. Narkotik vasitənin çəkisi tam yadında deyil, amma 4 sellofan olmağını xatırlayır. Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətə əlavə baxış keçirtsələr də, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar etməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılanda heç bir narazılıq bildirməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatları da olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman Sabunçu RPİ-nin 14-cü PB-də xidmət etmişdir. Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin 14-cü PB-yə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid2la birgə Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan 92 ünvanında saxladıqdan sonra sonuncunu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs 14-cü PByə dəvət edən zaman heç bir narazılıq, tabesizlik göstərməmişdir. Sabunçu RPİ-nin 14-cü PB-də təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən 1 kibrit qutusu narkotik vasitə marixuana aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs video çəkiliş zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını səmimi etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman plastik qabın içində 4 ədəd sellofanın içində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisi yadında qalmamışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri hardan əldə etdiyini soruşsalar da müsbət cavab ala bilməmişlər. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni tapdığını və çoxdan onda olmasını bildirmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi ərazidə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və barəsində heç bir məlumatı olmayıb, lakin sonuncu barəsində məlumat daxil olandan sonra barəsində məlumat əldə etmişlər. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə verməsi və ya satması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs üzərindən və sonradan yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə aşkar olunması yadındadır, lakin başqa nəsə aşkar olunması yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışda iştirak etmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olanda sol tərəfdə yerləşən qaraj üçün nəzərdə tutulmuş tikilidə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə plastik qabın içində olmuşdur. Plastik qabı tikilinin hansı istiqamətindən aşkar olunması hadisədən uzun müddət keçdiyi üçün yadında qalmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə marixuanadan başqa nəsə aşkar olunması yadında deyil. Onun tərəfindən Təqsirləndirilən şəxs qaşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməyib. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitə qanunsuz əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, və Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 daxil edilmişlər. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yol kənarında olarkən müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və satması barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək idarə etdiyi onlarla birlikdə polis bölməsinə gəlməyə razılaşmışdır. Bundan sonra, bölmənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən bölməyə gətirildiyini, bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini bildirmişlər. Daha sonra, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitə qurudulmuş marixuananı hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs oğlu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulan zaman hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və vəkil Natiq Cəfərov təqdim edilərək şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində olan ot kütləsinin marixuana olan narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ot kütləsini nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin ot kütləsini şəxsi istifadəsi üçün keçən il əkdiyini, yaşadığı evin həyətində köhnə tikilidə şəxsi istifadəsi üçün və kimsə istəyərsə verməsi üçün saxladığını, təxminən 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan ot kütləsi ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda axtarış keçirilməsinə etirazı olmadığını və vəkilin iştirakı olmadan evində axtarış keçirilməsi barədə rəsmi ərizə yazmışdır. Bundan sonra onun, Təqsirləndirilən şəxs, təhqiqatçının, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana gedilmişdir. Yaşadığı evdə Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əl damı kimi istifadə edilən sintetik torbada olan ağ rəngli vedrənin çıxararaq təqdim etmişdir. Həmin sintetik torbada olan vedrənin içərisi açılmış və içərisində 03 ədəd şəffaf rəngli sellofan torbada, 01 ədəd üzərində “Araz” sözləri yazılmış sellofan torbada qurudulmuş ot kütlələri və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bir daha həmin qurudulmuş ot kütlələrinin marixuana olduğunu, həmin ot kütlələrini şəxsi istifadəsi üçün əkib-becərdiyini, həmin ot kütlələrini çəkərək istifadə etdiyini, kimsə istəyərsə pay verməsi üçün saxladığını və elektron tərəzidən isə narkotik vasitəni çəkərkən çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sintetik torbada olan vedrənin içərisində aşkar edilmiş 03 ədəd şəffaf rəngli sellofan torba, 01 ədəd üzərində “Araz” sözləri yazılmış sellofan torbadan olan ot kütlələri və 01 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, satması və daşıması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, satması və daşıması barədə Sabunçu RPİ-nin 14-cü PB-yə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17.30-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 19) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qutuda narkotik maddə olan marixuana olduğunu, həmin narkotik maddəni istifadə üçün və kimsə istəyərsə verməsi üçün əkdiyini, üzərində gəzdirdiyini bildirmişdir. (İ cild, i.v. 30-31) xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin həyətində əl damı kimi istifadə edilən hissədə olan 01 ədəd plastik boya qutusunu təqdim edərək həmin qutuda olan qurudulmuş ot kütləsinin və 01 ədəd elektron tərəzinin olduğunu bildirmiş, bundan sonra təqdim olunmuş 01 ədəd plastik boya qutusunu açdıqda həmin qutuda 03 ədəd şəffaf rəngli və 01 ədəd üzərində “Araz” yazısı yazılmış selofan torbalarda narkotik vasitə hesab edilən marixuanaya bənzər qurudulmuş ot kütləsi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (İ cild, i.v. 36-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/184 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan ağ rəngli kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-3,26 qram və ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşaığı mənzilin...” və imzalar olan sintetik torbadakı ağ rəngli plastik vedrənin içərisində 04 (dörd) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 871,7 qram; 883,8 qram; 1292,6 qram; 1101,9 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi-4153,26 qramdır (4 kq 153,26 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan sarımtıl rəngli kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (İ cild, i.v. 46-47) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 61-62) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-113/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 83-88) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Hadıyev X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. (İ cild, i.v.105-106) xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş disklərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində olan ot kütləsinin “marixuana” olan narkotik vasitə olduğunu, həmin ot kütləsini şəxsi istifadə üçün keçən il əkdiyini, yaşadığı evin həyətində köhnə tikilidə şəxsi istifadəsi üçün və kimsə istəyərsə verməsi üçün saxladığını, təxminən 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən evində axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra yaşadığı evin həyətində əl damı kimi istifadə edilən sintetik torbada olan ağ rəngli vedrənin çıxararaq təqdim etmiş, həmin sintetik torbada olan vedrənin içərisi açılmış və içərisində 03 ədəd şəffaf rəngli sellofan torbada, 01 ədəd üzərində “Araz” sözləri yazılmış sellofan torbada qurudulmuş ot kütlələri və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bir daha həmin qurudulmuş ot kütlələrinin marixuana olduğunu, həmin ot kütlələrini şəxsi istifadəsi əkib-becərdiyini, həmin ot kütlələrini çəkərək istifadə etdiyini, kimsə istəyərsə pay verməsi üçün saxladığını və elektron tərəzidən isə narkotik vasitəni çəkərkən çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. (İ cild, i.v. 115) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5 adlı azyaşlı uşağı vardır. (İ cild, i.v. 130) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bitdiyinə görə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 134-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2898 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 138-139) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 4153,26 qram bitki mənşəli kütlələr tərkibində maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın 4152,21 qram hissəsi və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (İ cild, i.v. 140-147) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmiş cavab məktubundan və ona əlavə olunmuş məhkumun tibbi kitabçasının surətindən görünür ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu RPİ-dən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmiş cavab məktubundan və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, Hadıyev X2 RPİ MSY-ə gətirilən zaman onun bədəninə və üzərinə MSY-də tam baxış keçirilmiş, heç bir xəsarət aşkar edilməmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, fiziki və mənəvi təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi, narkotik vasitənin çəkisinin 4 kq olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17.30-da azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 19.00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-113/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bitdiyinə görə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) onun tutulduğu, həbsdə saxlanıldığı 04 ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4152,21 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) onun tutulduğu, həbsdə saxlanıldığı 04 ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4152,21 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-679/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-679/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver