Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-680/2022 05.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şamaxinka” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan Elgün adlı şəxsə 20 manat ödəniş etməklə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 5,666 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 13 sentyabr 2021-ci il tarixdə, saat 20:40 radələrində Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 5,666 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulana qədər təxminən 4-5 ay olardı ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində "Şamaxinka" kimi tanınan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxsdən öz istifadəsi üçün 25 manata 4 (dörd) qram çəkidə psixotrop maddə metamfetamin almışdır. O, həmin gün axşam vaxtı yaşadığı ünvan 1 ünvanının qarşısında dayandığı zaman 3 (üç) nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu tutmuşdur. Həmin şəxslər onu tutduqdan sonra polis əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra polis əməkdaşları onu 29-cu Polis bölməsinə aparmışlar. O da polis əməkdaşları ilə birlikdə Polis bölməsinə getmişdir. O, Polis bölməsində olanda bir nəfər vəkil də gəlmişdir. Polislər həmin vəkilin onun hüquqlarının müdafiəsi üçün çağırıldığını ona bildirmişlər. Sonra xidməti otaqların birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunsuz nə əşya varsa, çıxarıb masanın üzərinə qoyulması ona təklif edilmişdir. O da polislərin təklifinə əsasən əynində olan idman şalvarının cibində saxladığı və içərisində psixotrop maddə olan 1 (bir) ədəd bükümü çıxararaq polislərə təqdim etmişdir. O, 1 (bir) ədəd bükümdə olan psixotrop maddəni polis əməkdaşlarına təqdim edərkən narkomaniya xəstəsi olduğunu və həmin maddəni öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin qadağan olunmuş başqa bir əşya aşkar olunmamışdır. Sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar kimi o da öz növbəsində həmin protokolu imzalamışdır. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Cinayət işinin materiallarında onun narkotik vasitə və psixotrop maddələr satmağını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2021-ci ildən etibarən Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaşadığı evin pəncərəsindən narkotik vasitələr satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə ondan, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 və Yasamal rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr 2021-ci il tarixdə axşam saatlarında onlar ünvan 1 ünvanının qarşısında olduqları zaman orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs 29-cu Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmış və onlar birlikdə 29-cu Polis bölməsinə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, eləcə də hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq onlara təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs onlara təqdim etdiyi psixotrop maddə metamfetamini 13 sentyabr 2021-ci il tarixdə “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi və satış məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2019-cu ildən etibarən Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə ondan, 29-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 və Yasamal rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr 2021-ci il tarixdə axşam saatlarında onlar ünvan 1 ünvanının qarşısında olduqları zaman orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs 29-cu Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razılaşaraq onlarla birlikdə 29-cu Polis bölməsinə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxarıb onlara təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 13 sentyabr 2021-ci il tarixdə “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən qadağan edilmiş başqa əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və onlar da həmin protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2020-ci ildən etibarən Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirinin keçirildiyi vaxtdan uzun müddət ötdüyündən və son vaxtlar narkotik vasitələrin dövriyyəsi ilə bağlı çoxlu sayda əməliyyat tədbirləri keçirildiyindən o, Təqsirləndirilən şəxs nə zaman və hansı şəraitdə tutulması, sonuncunun üzərindən hansı miqdarda və hansı növdə narkotik vasitə aşkarlandığını xatırlamır. Şahid qismində dindirilməsi nəzərdə tutulmuş Şahid3 məhkəmə iclasına dəvət olunsa da, o, faktiki olaraq məhkəmə iclasında ifadə verə bilməmiş, cinayət prosesi iştirakçılarının, ələlxüsus müdafiə tərəfinin suallarına “yadımda deyil, xatırlamıram” kimi cavablar vermişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında elan etmək, şahiddən elan olunmuş məzmunda ibtidai istintaq zamanı ifadə verib-vermədiyini dəqiqləşdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsi elan olunduqdan sonra, o, elan edilmiş məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şahid məhkəmə istintaqı zamanı ağlabatan şəkildə ifadə verə bilmədiyi və cinayət prosesi iştirakçılarının suallarına “yadımda deyil, xatırlamıram” kimi cavab verdiyi halda, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məzmununu dinlədikdən sonra qeyd edilən ifadəni formal cəhətdən təsdiq etməsi, sözgedən şahidin ifadəsinin təqsirləndirilən şəxsin əleyhinə olan sübut kimi qiymətləndirilməsinə kifayət etmir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürüldüyü halda, məhkəmə ittiham tərəfinin əldə etdiyi bu sübutu formal sübut kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və onun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə, içərisində ağ rəngli kristal maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli sellofan bükülüdə olan içərisində ağ rəngli kristal hissəciklərindən ibarət maddə kütləsini “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddəni 13 sentyabr 2021-ci il tarixdə səhər saatlarında “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almış, sonradan istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4044 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 37-39) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №169” dairəvi möhür əksi olan, “...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,666 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatı zamanı Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 5,666 qram olan metamfetamindən 0,05 qram çəkidə metamfetamin tədqiqata sərf edilmiş, tədqiqatdan sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 5,616 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 48-49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-532/2021 saylı qərarından (cild 1, iş vərəqə 64-68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərardan (cild 1, iş vərəqə 80-81) görünür ki, Təqsirləndirilən şəxs üzərində götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,616 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 86-88) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə aparılan axtarış zamanı qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 3743 nömrəli rəyindən (cild 1, iş vərəqə 122-123) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2021-ci il tarixli Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 121) görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı yoxlanılır və bu halla bağlı müsbət nəticə əldə olunacağı təqdirdə məlumat veriləcəkdir. Başqa sözlə, həmin cavab verilənədək əməliyyat orqanı Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut əldə edə bilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 132-133) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 2301 nömrəli rəyindən (cild 1, iş vərəqə 148-149) görünür ki Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-15/2022 saylı qərarından (cild 1, iş vərəqə 145-147) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 155-163) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi “Elgün” adlı şəxsin barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,616 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni pzündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tibbi sənədlərin surətlərindən (cild 1, iş vərəqə 235-243) görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 5,666 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Bununla bağlı məhkəmə istintaqında müəyyən edilmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə Yasamal rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş və onun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin gün saat 20:40 radələrində Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Yasamal rayon Polis İdarəsinin 29cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılmış və Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,666 qram olan psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin maddənin “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu, eləcə də təqdim etdiyi maddəni 13 sentyabr 2021ci il tarixdə səhər saatlarında “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Göstərilən hallarla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarında olan sübutlar arasında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. İş materiallarına əlavə edilmiş raportdan isə görünür ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi dedikdə: narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Qeyd edilənləri təhlil edib məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, daxil olmuş əməliyyat məlumatının rəsmiləşdirilməsi zamanı onun narkotik vasitə və psixotrop maddələrin məhz satışı ilə məşğul olması göstərilməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını ümumi şəkildə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması adı altında rəsmiləşdirilməsi onun məhz göstərilən maddə/vasitələrin satışı ilə məşğul olması nəticəsinə gəlmək bilavasitə onun müdafiə hüququna qəsddir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla təqsdiq olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə cinayət işinin materiallarında hər hansı sübut (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) mövcud deyil. Şəxsin üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkarlanması isə özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları kifayət qədər ziddiyyətli ifadələr vermişlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının sonuncunun qanunsuz şəkildə narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə olduğunu göstərsə də, şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu göstərmişdir. Şahid qismində dindirilmiş Şahid3 isə ümumiyyətlə ifadə verə və cinayət prosesi iştirakçılarının suallarına cavab verə bilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs barəsində bu və ya digər məzmunda əməliyyat məlumatının daxil olduğunu bildirsələr də, digər Şahid3 Şahid1 və ya Şahid2 ifadəsində göstərilmiş məlumatları təsdiq edə bilməmişdir. Hazırki cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Digər şahidlər Şahid1 və Şahid2 ifadələrinə gəldikdə isə məhkəmə hesab edir ki, sözügedən şahidlərin ifadələri bir-birinə uyğun olmadığından, əksinə biri digərinə ziddiyyət təşkil etdiyindən, habelə cinayət işinin materiallarında bu faktı təsdiq edə biləcək heç bir sübut olmadığı halda ancaq Şahid1 ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi nəticəsinə gəlmək əsassız olmaqla yanaşı, həmçinin qanunsuzdur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan başqa, “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının qanuniliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006-cı il tarixli, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006-cı il tarixli, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il tarixli və “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Eyni zamanda cinayət işinin materiallarında olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstələyindən əziyyət çəkir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə 5,666 qram psixotop maddə metamfetamini şəxsi istifadəsi üçün alması, yəni həmin çəkidə psixotrop maddənin onun bir neçə günlük istifadə dozası ola bilməsi ağlabatandır. Bundan başqa, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə əməliyyat tapşırığı və alınmış cavabdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının yoxlanılınır və onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hələki sübut yoxdur. Başqa sözlə, Təqsirləndirilən şəxs tutulduqdan sonra əməliyyat orqanı onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə mötəbər və həqiqi sübut əldə ediə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotop maddələrin satışı ilə məşğul olması, psixotop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 13 sentyabr 2021-ci il tarixdə onun üzərindən külli miqdarda, yəni 5,666 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək hər hansı bir sübutu əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddənin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək ondan aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və həmin maddəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən etmək, habelə təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, uzun müddət ərzində müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,616 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,616 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-680/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-680/2022
05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver