Məhkəmə qərarları › İş №1(101)-680/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-680/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-680/2024 01.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Varlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində fərdi tikilmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 1 mart 2024-cü il tarixdə, saat 15:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan tarixdə və məlum olmayan şəxsdən külli miqdarda 15,162 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2erləşən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirilərək 26 aprel 2023-cü il tarixdə üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən çıxardığı “Winston” markalı siqaret qutusunun içərisindən 1 (bir) bükümdə külli miqdarda təmiz çəkisi 15,162 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünün şəxsi istifadəsi üçün təxminən bir qram çəkidə psixotrop maddə olan metamfetamin almaq məqsədi ilə ona mobil telefon vasitəsilə göndərilmiş ünvana getmişdir. Həmin ünvana çatdıqda ona həmin ünvanı göndərmiş şəxsə zəng edib həmin şəxsdən harada olduğunu soruşmuş, danışıq zamanı həmin şəxsə fikrindən yayındığını və metamfetaminin artıq lazım olmadığını bildirmişdir. Getdiyi yerdən geri qayıdarkən Atatürk prospektində polislər onu saxlayıb polis bölməsinə aparmışlar. Üstündə həmin vaxt 10 manatlıq bir dəfə istifadə etmək üçün metamfetamin olmuşdur. Polis bölməsində müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən bir neçə dəfə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, polis əməkdaşları ondan videoçəkiliş zamanı üzərindən külli miqdarda metamfetaminin çıxmasını boynuna almağını tələb etmiş, o isə məcbur qalaraq polis əməkdaşlarının istədiyi kimi demişdir.

3. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, o, 2-3 ildir narkotik vasitə və psixotrop maddədən istifadə etmiş, tutulmazdan əvvəl günəmuzd fəhləlik etmişdir. Ona zəng edən şəxs metamfetamini aşağı qiymətə satdığından həmin şəxsdən metamfetamin almağa razı olmuşdur. Üzərində 10 manatlıq az miqdarda, yəni təxminən bir qram metamfetamin olsa da, gündəlik olaraq istifadə etməsi üçün əlavə olaraq 1 (bir) qram metamfetamin də almaq istəmişdir. Gecə vaxtı olduğundan polis əməkdaşlarının onu polis bölməsinə apardıqları avtomobilin markasını xatırlamır. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyması üçün ona məxsus olan bir qram metamfetamini deyil, siqaret qutusunda başqa metamfetamin verilərək çəkiliş zamanı həmin qutunu təqdim etməsi tələb edilmişdir. Halbuki üzərində bir dəfə istifadə etmək üçün metamfetamin olmuşdur. Polis bölməsində onu döyən, fiziki zorakılıq edən və ya təhqir edən olmamış, lakin ona qarşı psixi təsir olmuşdur. Belə ki, polis əməkdaşları siqaret qutusundakı metamfetaminin ona məxsus olduğunu etiraf etmədiyi təqdirdə onun evinə gedərək axtarış aparacaqları ilə hədələmişlər. O isə ailə üzvlərindən heç kim onun narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bilmədiyi və polis əməkdaşlarının evə getməməsi üçün sonuncuların ona təqdim etdiyi siqaret qutusunda olan psixotrop maddənin özünə məxsus olmasını etiraf etməyə razılaşmışdır. Lakin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və ya pis rəftar olmamış, saxlanılarkən və ondan sonrakı vaxtda hər hansı zorakılığa məruz qalmamışdır.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. O, həmin ifadələrdə göstərmişdir ki, Salyan rayonu, Varlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivində fərdi tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, narkotik vasitə və psixotrop maddələrdən 5 ildən artıq müddətdə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Həmçinin o, sosial şəbəkələrdə özlərini İran İslam Respublikasının vətəndaşları kimi təqdim edən şəxslərdən narkotik vasitə əldə etmək üçün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlamışdır. 25 aprel 2023-cü il tarixdə axşam saatlarında tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng etmişdir. Həmin şəxs telefonda onun narkotik vasitə axtardığı barədə məlumatı olduğunu bildirərək ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini bildirdikdə o, həmin şəxslə razılaşmışdır. Belə ki, o, həmin şəxsin bildirdiyi yerdən narkotik vasitəni götürdükdən sonra sonuncunun ona verəcəyi hesaba 25 (iyirmi beş) manat pulu göndərəcəyi barədə razılaşmışdır. Bundan sonra İran İslam Respublikasının vətəndaşı “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq ünvan 1 ünvana psixotrop maddə qoyduğunu bildirməklə həmin maddənin qoyulduğu ünvanın şəklini və “konumunu” çəkərək ona göndərmişdir. Daha sonra o, 25 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvana getmiş və İran İslam Respublikası vətəndaşının ona bildirdiyi ağacın altından içərisində psixotrop maddə metamfetamin olan 1 (bir) ədəd “Winston” markalı siqaret qutusunu götürüb əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub oradan uzaqlaşmaq istəmişdir. Bu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etməklə onu Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olması və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilməklə hüquq və vəzifələri izah olunaraq müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində ola biləcək qanunsuz əşya və ya maddələri könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, gizlətməyin heç bir əhəmiyyət kəsb etmədiyini başa düşərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olan 1 (bir) ədəd “Mi” markalı mobil telefonu, 1 (bir) ədəd “Bakıkart” gediş kartını, 1 (bir) ədəd "xxxx" ASC tərəfindən “Firuza Mirzəyevanın” adına olan plastik kartı, qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli mobil telefonun enerji doldurucu başlığını, enerji naqilini, sol yan cibindən üzərində “Winston” yazısı olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq, həmin siqaret qutusunun içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşduqda, o, həmin maddəni öz şəxsi istifadəsi üçün 25 aprel 2023-cü il tarixdə tanış olduğu İran İslam Respublikası vətəndaşının vasitəsi ilə qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4 ünvanında qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Bundan sonra üzərində əlavə axtarış keçirilsə də, başqa hər hansı əşya aşkar olunmamışdır. Daha sonra bütün hərəkətlər protokollaşdırılmış, onun və digər şəxslərin iştirakı ilə həmin maddə zərfə qoyularaq möhürlənməklə tərtib olunmuş protokolun doğruluğu onların imzaları ilə təsdiq edilmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə öz şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Üzərindən aşkar edilmiş "xxxx" ASC-yə məxsus 4169********8209 nömrəli plastik kart hesabı bacısı X3 adınadır. O həmin kartı evdən çıxarkən üzərində pulu olmadığından ehtiyacı olduğu təqdirdə istifadə etmək üçün götürmüşdür. Onun narkotik və psixotrop maddələrdən istifadə etməsi barədə ailə üzvlərinin məlumatı olmamışdır. O bu barədə ailə üzvlərinə heç bir söz deməmişdir.

5. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərmişdir ki, ***-***-**-** saylı və ***-***-**-** mobil telefon nömrələri onun istifadəsində olmuşdur. O, ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sms yazışmalarındakı ona təqdim edilmiş məzmunda yazışmalar aparmasını xatırlamadığını, həmin yazışmalardakı digər mobil telefon nömrələrinin sahiblərini tanımadığnı, “WhatsApp” proqramında İran İslam Respublikasına məxsus +**********18 və “Er Arvad” adı ilə qeyd edilmiş +**********06 mobil telefon nömrələrinin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi İran islam Respublikasının vətəndaşlarına məxsus olan mobil telefon nömrələri olduğunu bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 37-38; 57-59; 77-79; 180-184; 219-223).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin (bundan sonra mətndə - Nərimanov RPİ-nin 16-cı PB) cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 25 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitə və psixotrop maddəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Vasiflə birlikdə məlumat əsasında saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Binyətin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1987-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Salyan rayonu, Varlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivində fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Binyətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 16cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra sonuncunu polis bölməsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Rəşad Əhmədova təhvil vermişlər. Rəşad Əhmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşyalar varsa, çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Mi” markalı mobil telefonu, şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Bakıkart” gediş kartını, 1 (bir) ədəd "xxxx" ASC-yə məxsus bank kartını, qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonun enerji doldurucu başlığını, enerji naqilini, sol yan cibindən üzərində “Winston” yazısı olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin “Winston” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf rəngli sellofan bükümdə olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün 25 aprel 2023-cü il tarixdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4 ünvanından qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən başqa hər hansı qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmaqla möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib olunmuş protokol ucadan oxunmaqla doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.

9. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamış, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupunun rəhbəri özü olmuş, qrupun üzvü isə Şahid2 olmuşdur. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi və sair təzyiq edilməmiş, ona qarşı hər hansı pis rəftar göstərilməmiş, habelə saxlanılarkən sonuncu üzərində psixotrop maddə olmasını etiraf etməklə hər hansı etirazı olmamışdır.

10. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işi başlamaq və icraata götürmək barədə” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Abbasov X4 RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən 25 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq həmin bölməyə aparılmış, orada üzərində aparılan axtarış və götürmə zamanı qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxladığı 15,162 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkar edilməsi faktına görə Nərimanov RPİnin 16-cı PB-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

13. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 25 aprel 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nərimanov RPİ-nin 16cı PB-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən ünvan 1 ünvanın qarşısında “Binyət” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və 25 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində onun qeyd olunan ünvanda olacağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Binyət” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3-9).

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 25 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v.98;).

15. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə 26 aprel 2023-cü il tarixdə, saat 01:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Qərardan görünür ki, B.A.Abdullayev 25 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində saxlanılaraq saat 23:50-də 16-cı PB-yə gətirilmişdir (Cild 1, i.v. 19; 22-23).

16. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 01:30-dan 02:00-dək Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən həmin bölmənin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 və Şahid2 iştirakı ilə Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 25 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 23:30 radələrində şübhəli şəxs qismində 16-cı Polis Bölməsinə gətirilmiş, orada sonuncunun üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan 1 (bir) ədəd “Mi” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 1 (bir) ədəd “Bakıkart” gediş kartını, 1 (bir) ədəd "xxxx" ASC tərəfindən Firuza Mirzəyevanın adına tərtib edilmiş plastik kartını, qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli mobil telefonun enerji doldurucu başlığını, enerji naqilini, sol yan cibindən üzərində “Winston” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə hesab olunan “patı” adlı ilə tanınan metamfetamin olduğunu bildirmişdir. Sonuncu üzərindən aşkar olunumuş psixotrop maddəni 25 aprel 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə aralarında olan söhbət əsnasında həmin şəxsin ünvan 1 ünvanın qarşısına “atdırması” nəticəsində əldə etdiyini bildirmişdir. Aşkar olunmuş psixotrop maddə iştirakçıların, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənərək iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq olunmuşdur. İstintaq hərəkəti zamanı “Panasonic HC-V770” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması qeyd edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29; 31-32).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 7 dəqiqə 29 saniyə olan həmin videoçəkilişin əks olunduğu 1 ədəd diskdəki videogörüntüyə “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli müstəntiq X2 tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi C.C.Abbasovun iştirakı ilə tərtib edilmiş protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması halları müəyyən edilməmişdir (Cild 1, i.v. 33; 60-61;).

18. Məhkəmə-kimyəvi (materialların məhkəmə) ekspertizasının 26 aprel 2023-cü il tarixli, 6/2419 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,162 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 15,162 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 15,062 qram. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir (Cİld 1, i.v. 40-44).

19. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün həmin tarixdə təhqiqatçı Rəşad Əhmədovun qərarı ilə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin şöbənin baş müstəntiqi, polis baş leytenantı X2 tərəfindən həmin tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cİld 1, i.v. 46; 49;).

20. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla 4(dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir(Cİld 1, i.v. 85- 89;).

21. “X10” Tibb Mərkəzi, “X15” və “X12” X11 tərəfindən verilmiş tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs “Reflüks ezofagit LA-c. Kardiya yetməzliyi. Mədə xorası” xəstəliyindən əziyyət çəkdiyi, həmçinin müayinələr zamanı onda mədəaltı vəzinin exogenliyinin yüksək, exostrukturunun qeyri-həmcins və bağırsaqlarda kəskin pnevmatoz, sağ və sol böyrəklərin kasacıqlarında isə kristalların olması müəyyən edilmişdir (Cild 1, i.v. 99-103).

22. “Maddi sübut kimi tanıma haqqında” 10 may 2023-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 15,162 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,062 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v.104-106).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamənin 25 may 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış şəxsdir (Cild 1, i.v. 121-122).

24. “CD diskə baxış keçirilməsi haqqında” 6 iyun 2023-cü və 19 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** "xxxx" MMC-yə məxsus və ***-***-**-** "xxxx" MMC-yə məxsus mobil telefon nömrələrinə 1 oktyabr 2022-ci il tarixdən 25 aprel 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-mesajların siyahısı məhkəmə qərarı ilə müvafiq mobil telefon operatorlarından əldə edilərək baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı jarqon ifadələrlə çoxsaylı sms-mesaj yazışmaların olması müəyyən edilmişdir (Cild 1, i.v. 123-134; 135-154).

25. Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi, polis mayoru Cavid İsmayılzadə tərəfindən imzalanmış 6 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddə metamfetamini əldə etdiyi mənbə ilə əlaqədar tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir (Cild 1, i.v. 161)

26. Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli, 3816 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cİld 1, i.v. 162-163).

27. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 may 2023-cü il tarixli, 1484 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (Cild 1, i.v. 164-166).

28. “Telefona baxış keçirilməsi haqqında” 27 iyul 2023-cü il tarixli protokol, ona əlavə edilmiş bir ədəd disk və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Mi” markalı mobil telefona sonuncunun və müdafiəçi C.C.Abbasovun iştirakı ilə müstəntiq T.Allahverdizadə tərəfindən baxış keçirilmiş və baxış zamanı mobil telefonun “WhatsApp” mobil tətbiqində İran İslam Respublikasına məxsus +**********18 və “Er Arvad” adı ilə qeyd edilmiş +**********06 mobil telefon nömrələrindən ona məxsus ***-***- **-** mobil telefon nömrəsi arasında narkotik vasitə və psixotrop maddələrin əldə edilərək kənar şəxslərə satışının təşkil edilməsi barədə çoxsaylı səs yazılarının olması müəyyən edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsinin ona məxsus olduğunu, +**********18 və “Er Arvad” adı ilə qeyd edilmiş +**********06 mobil telefon nömrələrinin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi İran islam Respublikasının vətəndaşlarına məxsus mobil telefon nömrələri olduğunu bildirmişdir. Protokola əlavə edilmiş bir ədəd diskə məhkəmədə təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxış zamanı qeyd edilən protokolda göstərilənlərin öz əksini tapması müəyyən edilmişdir. Həmin danışıqlardan +**********18 mobil telefon nömrəsi ilə 23 aprel 2023-cü il tarixli səs yazılarının bir qismininin məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs (***-***-**-**) - “Nəyin var ki?”; +**********18 -“Patı da var, kola da var, ot da qardaş, üçündən də var.”; Təqsirləndirilən şəxs “Qiymətlər neçəyədir ki? Qiymətlərin de görüm. Yoldayam e, çox danışa bilmirəm. Maşın sürürəm.”; +**********18 – “Qiymətləri patı və kola 25-dir, ot da var əfqan otu, 10-dur sənə 9-a verəcəm.”; Təqsirləndirilən şəxs – “Patı-kola atsan götürərəm. Amma pulunu mal mənə çatandan sonra, malı görəndən sonra verə bilərəm. Bəri başdan verə bilmərəm. İşləmək istəyirsənsə at işləyək. Yox, belə bəri başdan pul istəyirsənsə, narahat eləmə. Yox işləmək istəyirsənsə, mal varsa, mal səndən, onu pula çevirmək məndən. Mal gəlsin, pula çevirim. Belə işləyək.”; Həmin danışıqlardan +**********18 mobil telefon nömrəsi ilə 24 və 25 aprel 2023-cü il tarixli səs yazılarının bir qismininin məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs- “Qardaş dünən axşam sənlə danışmışam, saat ikiyə iyirmi dəqiqə işləyib sən hələ setə gəlmirsən. Sən mənə mal verməli idi. Mən də camaatla danışmışam. Pul da hazırdır. Götürən kimi verəsiyəm.” “Qardaş salam, axşamın xeyir, Sən. Nə fikirləşirsən, nə düşünürsən?” “Atdığın malın pulun atacam. Heç vaxt da sənə borclu qalmaram.”, “Pula görə narahat olma. Sənə bəri başdan pul lazımdır. Sənə işləyən adam lazımdır. Mənə də mal lazımdır ki, həmişə əlimdə olsun. Üç gün tapım, bir gün tapmayım, o problemdir. İşləmək istəyirsənsə kişi kimi işləyəciksə mal ver.” “Gəl ələlə verək ikimiz işləyək. Sən mənə mal düz-qoş elə, satmaq da mənlik.” Həmin danışıqlardan “Er Arvad” adı ilə qeyd edilmiş +**********06 mobil telefon nömrəsi ilə 23 aprel 2023-cü il tarixli səs yazılarının bir qismininin məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs- “Salam, axşamın xeyir, Nə var, nə yox? Səndən bir xəbər çıxmadı, işləmək istəyirsən, istəmirsən?” “İşləyək, peşman olmarsan malla təmin eləsən məni. Sən də qazanarsan, mən də qazanaram”; Baxış zamanı qeyd edilən mobil telefon nömrələri ilə qarşılıqlı çoxsaylı vatsap zənglərinin də olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə danışan şəxsin özü olduğunu, digər şəxsləri isə tanımadığı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslər olduqlarını bildirdi (Cild 1, i.v. 173-179).

29. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı ayrıca cinayət işinin ayrılması, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 (bir) ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Mİ” markalı mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, "xxxx" MMC və "xxxx" MMCdən alınmış ümumilikdə 2 (iki) ədəd CD formatlı diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v.185-199).

30. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır (Cild 1, i.v.201-206).

31. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 28 iyul 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 207-209).

32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.M.Allahverdizadə tərəfindən 2 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.236-251).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

39. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

40. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

41. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

42. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

43. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

44. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

45. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

46. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs psixotrop maddənin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra, 25 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanda gizlədilmiş külli miqdarda 15,162 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2023-ci il tarixdə saat 23:30 radələrində Nərimanov RPİ-nin 16-cı Pb-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4 ünvanın qarşısında saxlanılaraq ünvan 2erləşən Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilərək 26 aprel 2023-cü il tarixdə üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxardığı “Winston” markalı siqaret qutusunun içərisindən 1 bükümdə küllü miqdarda təmiz çəkisi 15,162 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

47. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs psixotrop maddənin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra külli miqdarda psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

48. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

49. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

50. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

51. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

52. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

53. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

54. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 15,162 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 101 dəfə, külli miqdarından isə təxminən 7,5 dəfə artıq olması, habelə mobil telefon nömrələrinə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan “SMS” mesaj yazışmaları, habelə çoxsaylı vatsap danışıqları və yazışmalarının müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

55. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

56. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

58. Hökmün 57-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

59. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış sms-mesaj yazışmaları, vatsap danışıq və yazışmalarının aşkar edilməsi, aşkar edilərək götürülmüş psixotrop maddənin şəxsi istehlak miqdarından təxminən 101 dəfə, külli miqdarından isə təxminən 7,5 dəfə artıq olması və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

60. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, üzərində yalnız 1 (bir) qram psixotrop maddə metamfetaminin olması, həmin psixotrop maddəni də öz şəxsi istifadəsi üçün əldə edərək daşıyaraq saxlaması, habelə ibtidai araşdırma orqanı əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığından cinayət əməlini boynuna alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

62. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 57-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

63. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs psixotrop maddənin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra külli miqdarda psixotrop maddələr əldə etməsi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.

64. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

65. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

66. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

67. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

68. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

69. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs psixotrop maddənin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra külli miqdarda psixotrop maddələr əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

70. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

72. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur

73. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

74. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

75. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

76. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

77. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

78. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması və səhhətində müəyyən problemlərin mövcud olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

79. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

80. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

81. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

82. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

83. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

84. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

85. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

86. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 25 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.19; 22; 85-89)

87. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2023-cü il tarixdən hesablanmalıdır.

88. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

89. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

90. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 15,062 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “Mİ6” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd DVD, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş 2 (iki) ədəd CD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

91. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

92. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

93. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

94. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

95. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

96. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 25 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 15,062 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, “Mİ6” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar