Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-681/2023 03.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 4,506 qram çəkidə narkotik vasitə heroini və 0,310 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini 0,339 qram, 0,382 qram, 0,362 qram, 0,385 qram, 0,364 qram, 0,380 qram, 0,387 qram, 0,381 qram, 0,335 qram, 0,377 qram, 0,814 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 11 (on bir) ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 0,038 qram, 0,046 qram, 0,028 qram, 0,025 qram, 0,020 qram, 0,030 qram, 0,052 qram, 0,021 qram, 0,023 qram və 0,027 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 10 (on) ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən adı çəkilən İdarəyə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,382 qram, 0,362 qram, 0,385 qram, 0,364 qram, 0,380 qram, 0,387 qram, 0,381 qram, 0,335 qram, 0,377 qram, 0,814 qram olmaqla ümumi təmiz çəkisi 4,506 qram narkotik vasitə olan heroin 11 (on bir) ədəd bükümdə və ayrı-ayrılıqda çəkiləri 0,038 qram, 0,046 qram, 0,028 qram, 0,025 qram, 0,020 qram, 0,030 qram, 0,052 qram, 0,021 qram, 0,023 qram və 0,027 qram olmaqla ümumi təmiz çəkisi 0,310 qram psixotrop maddə olan metamfetamin 10 (on) ədəd sellofan bükümdə olmaqla əynindəki göy rəngli cins şortun sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, bir ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Heroini iynə vasitəsilə istifadə edir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə və psixotrop maddənin miqdarını mübahisələndirməyərək bildirmişdir ki, həmin maddələri bükümlərə ayrılmış formada Həzi Aslanov metrostansiyası yaxınlığından götürdükdən iki saat sonra evə gedərkən saat 15:00 radələrində Nizami rayonunda tutulmuşdur. Saxlanıldığı yerlə yaşadığı yer arasında 1 km məsafə olmuşdur. Narkotik vasitədən istifadə edir, lakin əməllərində satış məqsədi yoxdur. Tutulduğu gün narkotiki əlbəəl deyil, danışaraq yerləşdirilən yerdən gedib götürmüşdür. Aldığı narkotik vasitələrə 200 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs fərqli nömrələrdən istifadəsində olan +**********38 telefon nömrəsinə narkotik vasitə istənilməsi məzmunlu mesajları inkar etməyərək bildirmişdir ki, məhlə uşaqları ondan narkotik istəmiş, onlara 70,75,40 manat müqabilində narkotik vermişdir. Ailədə bir qardaşı və anası vardır. Qardaşının ayaqları tutulub, yataq xəstəsidir, bununla bağlı sənədləri var. Qardaşına anası baxır və anası dayə olaraq işləyir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, təxminən 7-8 aydır narkotik vasitə heroindən və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə etmişdir. Son bir neçə dəfə narkotik vasitəni və psixotrop maddəni təsadüfən tanış olduğu Ruslan adlı şəxsdən almışdır. Həmin şəxsə mobil telefon nömrəsini vermişdir. Həmin şəxsin isə telefonunu bilmir. Ruslan özü onunla taksofonla zəng edib əlaqə saxlamış və ona lazım olan zaman həmin şəxslə saat təyin edib gedib görüşmüş və narkotik vasitələr almışdır. Tututlmamışdan təxminən 2 gün qabaq saat təxminən 18-19 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığında Ruslan adlı şəxslə görüşmüş və Ruslandan həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin almışdır, Ruslana həmin maddələrə görə 200 manat pul vermişdir. Həmin maddələri əldə etdikdən sonra hərəsindən bir qədər özü üçün ayırmış, qalan maddələri isə satış üçün balaca bükümlərə bölüb üzərində saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişi küçəsində piyada hərəkət edərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra o müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şortikin sağ yan cibindən bir gümüşü rəngli kağız büküm və bir ədəd sellofan paket, üzərində olan 3 manat pul və bir ədəd “Nokia” markalı mobil telefonu masa üzərinə qoymaqla təqdim etmişdir. Üzərində olan maddələri təqdim edərkən kağız bükümdə olan maddələri şəxsi istifadəsi üçün, sellofan paketdəkiləri isə satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtanş keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərə baxış keçirilərkən gümüşü rəngli kağız bükümdə iki sellofan büküm aşkar edilmişdir. Həmin iki sellofan bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olmuşdur. Onları şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sellofan paket açıldıqda içərisində on ədəd xırda gümüşü rəngli kağız bükümlərin olması müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda isə hər birinin içərisində bir ədəd sellofan bükümdə və bir ədəd kağız bükümdə müvafiq olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Həmin maddələri də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı həmin maddələri 2 gün qabaq “Həzi Alsanov" metrostansiyasının yaxınlığında Ruslan adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş ümumilikdə 11 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 10 ədəd kağız bükümdə və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün üzərində aşkar edilmiş “Nokia" markalı mobil telefon da götürülmüş, 3 manat pul isə ona qaytarılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş heç bir əlavə və qeyd daxil Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birgə 13 sentyabr 2022-ci il tarixdə Nizami rayonu, Balakişiyev küçəsinə əvvəlcədən gedərək, orada müşahidə aparmağa başlamış, müşahidələr nəticəsində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşayan şəxs görmüş və ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş və polis əməkdaşları olduğunu bildirmişdirlər. Barəsində çıxarılmış qərarla onu tanış edərək, tutulmanın əsasını və şübhənin mahiyyətini ona izah etmiş, daha sonra onu baş idarəyə dəvət etmişlər. Baş idarədə dəvət edilmiş müdafiəçi ilə konfidensial şəkildə görüşməsinə icazə verilmiş, daha sonra təhqiqatçı vasitəsilə şəxsin tutulması həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu gümüş rəngli falqaya bükülmüş bükümlər aşkar olunaraq götürülmüşdür. Şəxs barəsində əvvəllər əməliyyat məlumatı daxil olmamışdır. Hazırkı əməliyyat məlumatı isə təqsirləndirilən şəxsin həmin ərazidə üzərində narkotik vasitələrin olacağı, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxsdən narkotik vasitə alan şəxslərin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İbtdai istintaq dövründə isə hər hansı məlumat əldə edilib edilməməsidən xəbəri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxsi 13 sentyabr 2022-ci il tarixdə 15:00 radələrində saxlamış, Baş İdarəyə gətirmişdirlər. Baş İdarədə şəxsin üzərinə baxış keçirilən zaman üzərindən heroinə və metamfetaminə oxşar maddə maddə aşkar olunaraq götürülüb sənədləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci tarixdə əməkdaşlara əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının məzmununu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması təşkil etmişdir. Həmin vaxt əməliyyat qrupu yaradılmış və o da, əməliyyat qrupunun üzvü olmuşdur. Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat tədbiri keçirilmiş, onlar da həmin əməliyyat tədbirində iştirak etmişdirlər. Şəxsin xarici görünüşü ilə şəxsiyyəti onlara əvvəlcədən məlum olmuş, Bakı şəhəri Nizami rayonu ərazisində, Xəzər universiteti yaxınlığında şəxsi saxlamış, özlərini təqdim etmiş, şəxsiyyətini dəqiqləşdirərkən həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onu baş idarəyə dəvət etmişdirlər. Baş idarəyə gəldikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi iştirakı təmin edilmişdir. Videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı özünəməxsus bəzi şəxsi əşyalarını təqdim etmiş və onunla bərabər bildirmişdir ki, üzərində iki büküm narkotik vasitə metamfetamin və heroin var. Daha sonra o, bükümlərdən birinin içərisindən ayrı-ayrı 10 ədəd balaca bükümlər çıxartmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələri 2 gün əvvəl Həzi Aslanov metrostansiyası yaxınlığında bir oğlandan 200 manata aldığını, bir hissəsini özü istifadə etmək üçün, qalan hissəsini satmaq üçün saxladığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürüləsi məqsədilə “X2 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5-6). 20 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından görünür ki, 13 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir(Cild 1, iş vərəqə 111-113). Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins yay şalvarının sağ yan cibindən 11 ədəd bükümdə narkotik vasitə heroin və 10 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Nokia” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni tutulmamışdan iki gün əvvəl Rüslan adlı şəxsdən 200 manat əvəzində aldığını bildirmişdir (Cild 1, iş vərəqə 29-30). 14 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qr., 0,382 qr., 0,362 qr., 0,385 qr., 0,364 qr., 0,380 qr., 0,387 qr., 0,381 qr., 0,335 qr., 0,377 qr., 0,814 qr., ümumi təmiz çəkisi 4,506 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,038 qr., 0,046 qr., 0,028 qr., 0,025 qr., 0,020 qr., 0,030 qr., 0,052 qr., 0,021 qr., 0,023 qr., 0,027 qr., ümumi təmiz çəkisi 0,310 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1,038 qram olan ağ rəngli kristallik maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,396 qram, metamfetaminin qalıq çəkisi 0,210 qram təşkil etmişdir(cild 1, iş vərəqə 44-48). 29 oktyabr 2022-ci i tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Nokia markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun daxil olan “SMS”lər bölümündə +**********09 nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 13:38-də “Ceka men Xalqlara getmeliyem, maşınnansansa gəl götür gedək, ya da Özüm gəlim Xalqalara görüşək. Mənə bir az patı verdə başımı açım, nə deyirsən açıq yazma, mamada olar", məzmunlu SMS-in daxil olması müəyyən edilmişdir (Cild 1, iş vərəqə 131-132). 12 dekabr 2022-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəsindən göndərilən və daxil olan SMS-lərin əks olunmuş siyahılarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən , xx-xx-2022ci il tarixdə saat 14:50-də **********47 nömrəli abunəçidən göndərilən “bawdandida gene.gagaw menen rahat olda, dunenki uwag gelir iwden cixdi, 2 dene torpağ, 5-y agadadaw, amma onuga oxwasinda onug adiynan verecem, obwi 75m duzelir, onu da biyaxkine gore, daje 78 duzelir, gagaw meni podvadit edesense camati cagirmiyim, gelib catacag sen cavab vermiyesen”, xx-xx-2022-ci il tarixdə saat 02:00-da **********47 nömrəli abunəçidən göndərilən “Ay brat sen cani bir tike daw ata bilersen mene? incidiler getdiler menede hecne vermediler”, xx-xx-2022-ci il tarixdə saat 02:00-da **********70 nömrəli abunəçidən göndərilən “Qaqawim kolanin yaninda daw yoxdu axi.menen elaqe saxlada”, xxxx-2022-ci il tarixdə saat 21-42-də **********74 nömrəli abunəçidən göndərilən “Qaqa salam menem kamran saunada isleyen gendik zorpark. Teleni ac bisey misey lazimdi” məzmunda SMS-lər aşkar edilmişdir: Həmçinin diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəsinə daxil olmuş və həmin nömrədən göndərilən SMS-lərin əks olunduğu siyahılara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən, xx-xx-2022-ci il tarixdə saat 19:12-də **********06 nömrəli abunəçidən göndərilən “qaqaw 6 denesin 70 manata verseler mene xeber ele goturum yaxwi qaqaw", xx-xx-2022-ci il tarixdə saat 20:05-də **********50 nömrəli abunəçidən göndərilən, “Qaqa dobri ele de qardawun gor sene ne verir evezine amma tez ele ki buralarda cox qalmayim”, xx-xx-2022-ci il tarixdə saat 19:20-də **********14 nömrəli abunəçidən göndərilən, “Cehun bidene yari pati yarida kola qaqa sen ALLAH deqqiq bir soz dede alinir alınmır ? 45 m pul var qaqa sen Allah meni bos bosuna gozdetme?”, xx-xx-2022-ci il tarixdə saat 16:45də **********65 nömrəli abunəçidən göndərilən, “Ceko 20lik dash duz qosh ele de mene qonaqim var yetim kart at atim", xx-xx-2022-ci il tarixdə saat 18:55-də **********79 nömrəli abunəçidən göndərilən “Qaqa sene cekmeye otda verecem cox gujdudu men mehledeyem cavap verde”, xx-xx-2022-ci İl tarixdə saat 18:27-də **********96 nömrəli abunəçidən göndərilən “Ceka men burdayame getmemiwem 20 azn varimdi yari alinir brat”, xx-xx-2022-ci il tarixdə saat 15:58-də **********08 nömrəli abunəçidən göndərilən “Ceka qardawim menem Xizi tema isteyirdime yene 60 azn var", xx-xx-2022-ci il tarixdə saat 01:39-da **********12 nömrəli abunəçidən göndərilən “Ay bekom duz 20lik var duzeler onan bunan bidene ac dede duzelirse evdeyem gelim.", xx-xx-2022-ci il tarixdə saat 12:22-də **********44 nömrəli abunəçidən göndərilən, "20 m temiz qerdeshun bilirsen sen ureysen temiz yari virimliq pati ata bashiva dinerem", xx-xx-2022-ci il tarixdə saat 01:06-da **********44 nömrəli abunəçidən göndərilən "Brat narmalnitem goturmusen?", xx-xx-2022-ci il tarixdə saat 17:11də **********74 nömrəli abunəçidən göndərilən “kim senden tema isdese verme eger pisdise ya zeyif temadisa verme sene praklatqa qurulur ewidin verme heckme prablen yawayacaqsan” məzmunda SMS-lər aşkar edilmişdir. 16 sentyabr 2022-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Əmirxan oğlundan aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,396 qram təşkil edən heroin, qalıq çəkisi 0,210 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut hesab qismində tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərdə tutulmuşdur (cild 1, iş vərəqə 104-105). 21 iyul 2022-ci il tarixli sübutarın qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefon, "xxxx" MMC-dən daxil olmuş CD disk, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 139-153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır (cild 1, iş vərəqə 158). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri özündə əks etdirən DVD diskdən, ibtidai istintaq və məhkəmə dövründə verdiyi ifadələrdən görünür ki təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması halını etiraf etməklə mübahisələndirməmişdir. O, məhkəmə iclasında sadəcə həmin maddələri satış məqsədilə deyil, şəxsi istehlakı məqsədilə əldə etdiyini vurğulamışdır. İbtidai istintaq dövründə üzərindən aşkar edilən maddələri tutulmamışdan iki gün əvvəl əldə etməsi barədə verdiyi ifadəni məhkəmə iclasında inkar edərkən ifadələri arasındakı ziddiyyəti narkotik təsiri altında olması ilə izah etmiş, lakin digər şəxslərə narkotik satması məzmununda telefonundan və telefon danışıqlarını özündə əks etdirən CD diskdən aşkar edilən smsləri inkar etməmiş, fərqli-fərqli nömrələrdən onun istifadəsində olan nömrələrə narkotik vasitə və psixotrop maddə istənilməsi məzmununda sms-lərin gəlməsi, məhlə uşaqlarına 70,75,40 manat müqabilində müvafiq maddələr verməsi halını təsdiq etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən maddələrin ayrı-ayrı növdə (metamfetamin və heroin) olmasını, narkotik vasitə heroinin 11 ədəd, psixotrop maddə metamfetaminin 10 ədəd xırda bükümlərə ayrılmasını, həmin narkotik vasitələri və psixotrop maddələri iki gün əvvəl əldə etsə də tutulduğu gün əldə etdiyi bütün bükümləri üzərində daşımasını, narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması məzmununda telefonundan və istifadəsində olan nömrərlərə dair telefon danışıqlarını özündə əks etdirən CD diskdən smslərin aşkar edilməsini birgə qiymətləndirərək, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini ,ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gəncliyini, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 96-100). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 12 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 6762 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 137-138). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza təqiqatından sonra qalıq çəkisi 4,396 qram təşkil edən narkotik vasitə heroin, 0,210 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) 447-47-38, (070) ***-**-** mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlar barədə "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sonuncuya məxsus “Nokia” markalı mobil telefon onun ailə üzvərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza təqiqatından sonra qalıq çəkisi 4,396 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,210 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon onun ailə üzvərinə qaytarılsın. - Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-681/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-681/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver