Məhkəmə qərarları › İş №1(101)-682/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-682/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-682/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5 inzibati binasında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, tanışları Şahid1, Şahid2 və Şahid3 ilə birlikdə 13 oktyabr 2021-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu stansiyasının ərazisində dəmir yolu relslərinin üzərindən keçən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçid körpüsündə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə rastlaşmış, Zərərçəkmiş şəxs siqaretinin olub-olmamasını soruşduqda, sonuncu ona heç bir cavab verməmiş, bundan sonra o, tanışı Şahid1lə nalayiq ifadəli zarafat etdikdə, Zərərçəkmiş şəxs nalayiq ifadənin özünün ünvanına işlədilib-işlədilmədiyini soruşaraq həmin ifadənin onun ünvanına işlədilmədiyi cavabını almış, yoluna davam edərkən Təqsirləndirilən şəxs yenidən tanışı Şahid1lə nalayiq ifadəli zarafat edib gülüşdükdə, Zərərçəkmiş şəxs yenə də nalayiq ifadənin özünün ünvanına işlədilib-işlədilmədiyini soruşaraq həmin ifadənin onun ünvanına işlədilmədiyi cavabını alsa da, buna inanmayıb nalayiq ifadənin özünə qarşı işlədildiyini zənn edib qəzəblənərək onlara tərəf gəlib onun və yanındakıların ünvanına nalayiq ifadələr işlədib məhz onun üzərinə gedərək yaxasından tutmuş, Təqsirləndirilən şəxs isə aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs onu vuracağını zənn edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 dəfə vuraraq sonuncuya qarın nahiyəsinin sol yarısının daxilə nüfuz edərək böyük piyliyin eventrasiyası ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 13 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istirahət parkında dostları Şahid1, Şahid2 və Şahid3la görüşüb birlikdə evlərinə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, dəmir yolu relslərinin üzərindən keçən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçid körpüsündə gedərkən qarşı tərəfdən gələn, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara yaxınlaşdıqda o, sonuncudan siqaretinin olub-olmamasını soruşmuşdur. Elnurun qulağında qulaqcıq olduğuna görə ona cavab verməyərək keçib getmişdir. Sonra o, Rəşadla nalayiq ifadəli zarafat etmiş və dostlarının hamısı onun zarafatına gülmüşlər. Bu zaman Elnur dayanaraq geriyə dönüb onlardan nalayiq ifadənin onun ünvanına işlədilib-işlədilmədiyini soruşmuşdur. Onlar Elnura həmin ifadənin onun ünvanına işlədilmədiyini bildirmişlər və Elnur yoluna davam etmişdir. Sonra o, yenidən Rəşadla nalayiq ifadəli zarafatını davam etdirdikdə yenə də hamısı gülmüşlər. Elnur yenidən dayanıb onlardan nalayiq ifadənin onun ünvanına işlədilib-işlədilməməsini soruşarkən onlar bir daha Elnura eşitdiyi ifadənin onun ünvanına işlədilmədiyini, öz aralarında zarafatlaşaraq bir-birlərinə dediklərini izah etsələr də, Elnur üzərinə gələrək kobud formada danışıb uca səslə ona qışqırmağa başlamışdır. O, Elnura iradını bildirərək onunla kobud formada danışmamasını və qışqırmamasını tələb etdikdə Elnur daha da əsəbləşərək onun və yanındakı dostlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Eyni zamanda Elnur üzərinə gəlməyə başlamış və yaxasından tutub onu vurmaq istəmişdir. Elnurun ondan daha canlı və daha böyük olduğunu nəzərə alaraq onu döyəcəyini güman edib Elnura bu imkanı verməmək üçün əynindəki şalvarın arxa sağ cibində saxladığı və həmin gün “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən köşklərin birindən 1 manat 50 qəpiyə aldığı qara rəngli dəstəyi, dəstəyinin üzərində naxışları və qara rəngli tiyəsi olan qatlanan cib bıçağını çıxarıb Elnurun qarın nahiyəsinə bir dəfə vurub geri çəkilərək bıçağı yenidən arxa sağ cibinə qoymuşdur. Elnuru yenidən vurmaq imkanı olsa da, bunu etməmiş, çünki Elnurun onu döyəcəyindən qorxduğuna görə bıçaqla Elnurun qarın nahiyəsinə cəmi bir dəfə vurmuşdur. Bu zaman Rəşad Elnurun qarşısına keçib qoluna girərək onlardan bir qədər irəli istiqamətdə aparmışdır. O isə Elşad və Vüsala tərəf baxarkən Elnurun qəfildən yerə yıxıldığını görmüşdür. Bundan sonra isə onlar hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Həmin vaxt üzərindəki bıçağı körpünün kənarından yerə atmışdır. Zərərçəkmiş şəxs yerə yıxılmasından sonra sonuncunu nə o, nə də Rəşad vurmamışlar. Hadisə ümumilikdə 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı hava qaranlıq olmuş və ətrafda heç kim olmamışdır. Hadisə vaxtı onları heç kim ətrafdan müşahidə etmədiyindən hadisədən sonra da oraya toplaşan olmamışdır. Mübahisəyə səbəb Elnurun ona və yanındakılara qarşı nalayiq ifadə işlətməsi və yaxasından tutub vurmaq istəməsi olmuşdur. Elnuru hadisə gününədək tanımamış və görməmişdir. Hadisə axşam saat 21 radələrində baş vermişdir. Hadisə günü dostları ilə parkdan gəlmişlər. O, nalayiq ifadəni zarafat kimi dostuna demişdir. O və ya dostları Elnura qarşı nalayiq ifadə işlətməmişlər. Elnur əsəbi halda onun üstünə gəlmişdir. Elnurun onu vurmasından qorxduğu üçün ona bıçaqla xəsarət yetirmişdir. Elnur fiziki cəhətdən ondan iri və güclü olmuşdur. Mübahisəyə səbəb Elnurun onu yanlış anlaması olmuşdur. Hadisə zamanı ətrafda onlardan başqa heç kim olmamışdır. Elnura nalayiq ifadəni onun ünvanına demədiyini bildirmişdir. Elnur üstünə gəlməsə bıçağa əl atmazmış. Üzərində olan cib bıçağını hadisə günü almışdır. Mübahisə 2-3 dəqiqə davam etmişdir. Hadisədən sonra hamısı qaçaraq oradan uzaqlaşmışlar. Törətdiyi cinayət əlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən piyadalar üçün nəzərdə tutulmuş keçid körpüsünün üzərində "Meydan” adlanan ərazi istiqamətində gedərkən əvvəllər tanımadığı, sonradan şəxsiyyətləri ona məlum olan Şahid1, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs ondan siqaret istədikdə qulaqcıqla asta səslə musiqi dinlədiyinə görə Fuadı eşitsə də, ona cavab vermədən yoluna davam etmişdir. Lakin bir qədər aralandıqdan sonra Fuadın nalayiq ifadə işlətdiyini, yanındakıların isə gülməyə başladıqlarını eşidib həmin ifadələrin onun ünvanına işlədildiyini zənn edərək dayanıb geri dönmüş və onlardan bu ifadənin ünvanına işlədilib-işlədilmədiyini soruşmuşdur. Onlar isə nalayiq ifadənin onun ünvanına işlədilmədiyini bildirmişlər. Yoluna davam edərkən Fuadın yenidən nalayiq ifadə işlətməsi ilə dostları gülməyə başladıqda əsəbləşmiş və dayanaraq onlardan bir daha nalayiq ifadənin ünvanına işlədilib-işlədilmədiyini soruşmuşdur. Onlar isə yenə də nalayiq ifadənin ünvanına işlədilmədiyini, öz aralarında zarafatlaşaraq bir-birinin ünvanına dediklərini bildirsələr də, o buna inanmamış və Fuadın nalayiq ifadələri ünvanına işlətdiyini zənn etdiyinə görə Fuada qarşı əsəbi halda danışaraq ona acıqlanmışdır. Fuad da ona cavab qaytarıb kobud danışmamağı və qışqırmamağını bildirmişdir. O bundan daha da əsəbləşib Fuadın və yanındakıların ünvanına nalayiq ifadələr işlədərək onların üzərinə getməyə başladıqda Fuad da ona tərəf gəlmiş və yaxınlaşdığı zaman Fuadın yaxasından tutmuşdur. Bu zaman Fuad arxa tərəfindən 1 ədəd cib bıçağını çıxarıb onun qarın nahiyəsinə bir dəfə vurub kənara çəkilmişdir. Sonra isə Rəşad ona yaxınlaşıb qolundan tutaraq bir qədər irəliyə aparmış və ondan təkidlə çıxıb getməyini tələb etmişdir. O isə xəsarət aldığına görə əsəbi olduğundan Rəşada cavab qaytarıb getməyəcəyini bildirirərək yenidən Fuadın üstünə getmək istəmiş, lakin yerə yıxılmışdır. Bundan sonra isə onların hamısı qaçaraq oradan getmişlər. Hadisə zamanı Şahid2 və Şahid3 ona qarşı heç bir hərəkət etməmişlər. Həmin hadisə ümumilikdə 2-3 dəqiqə davam etmiş, bu zaman hava qaranlıq olmuş, heç kim ətrafdan onları müşahidə etməmiş və oraya toplaşan şəxslər olmamışdır. Hadisə barədə ərizə və izahat verərkən, həmçinin istintaqın ilkin mərhələsində aparılan istintaq hərəkətləri, o cümlədən üzləşdirmədə dindirmə zamanı Fuadın onu bıçaqla vurduqdan sonra Rəşadın da yumruqla ağzına vurub yerə yıxması, sonra isə ikisinin də onu təpiklə və yumruqla bədəninin müxtəlif nahiyələrinə vurması barədə xüsusatları həmin şəxslərə qarşı əsəbi və qərəzli olduğu üçün qeyd etmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, həqiqətən Fuad və qeyriləri ünvanına heç bir nalayiq ifadə işlətməmiş, Fuad həmin vaxt dostları ilə zarafatlaşaraq eşitdiyi nalayiq ifadələri dostlarının ünvanına işlətmişdir. Fuadı hadisə gününə qədər tanımamış və görməmişdir. Fuad ondan siqaret istədikdə eşitsə də, ona cavab verməmişdir. Hadisə günü idmandan gəlmişdir. Hadisəyə səbəb Fuadla arasında anlaşılmazlığın olması olmuşdur. Fuadın nalayiq ifadəni ünvanına dediyini zənn etmişdir. Əsəbləşdiyi üçün qışıraraq Fuadın üstünə getmişdir. Fuad 1 dəfə onun qarın nahiyəsinə bıçaqla vurmuşdur. Fuad və dostları o, yerə yıxıldıqdan sonra hadisə yerindən qaçıb uzaqlaşmışlar. Mübahisə zamanı Fuadın yaxasından tutmuş, Fuad və dostlarına qarşı nalayiq ifadələr işlətmişdir. Fuad bıçağı arxa cibindən çıxarmışdır. Fuad və dostları nalayiq ifadənin ünvanına işlədilmədiyini desələr də, onlara inanmamışdır. Təcili tibbi yardıma özü zəng etmişdir. Təqsirləndirilən şəxs onun xəstəxana xərclərini qarşılamış, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 13 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istirahət parkında qardaşı Şahid2, dostları Şahid3 və Təqsirləndirilən şəxslə birlikdə görüşmüşlər. Bundan sonra yaşadıqları evə getmək üçün birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu stansiyasının ərazisində dəmir yolu relslərinin üzərindən keçən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçid körpüsünə tərəf getmişlər. Saat 21:20 radələrində onlar həmin körpünün üzərində gedərkən qarşı tərəfdən əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs onlara tərəf gəldiyini görmüşlər. Elnur yanlarından keçərkən Fuad Elnurdan siqaretinin olub-olmamasını soruşmuşdur. Elnurun qulağında qulaqcıq olduğuna görə sonuncu heç bir cavab verməyərək keçib getmişdir. Elnur onlardan bir qədər aralandıqdan sonra Fuad dostu olduğu üçün onunla nalayiq ifadəli zarafat etməyə başlamışdır. Fuadın zarafatına hamısı gülmüşlər. Bu zaman Elnur hərəkətini dayandırıb nalayiq ifadənin onun ünvanına işlədilib-işlədilmədiyini soruşduqda onlar Elnura nalayiq ifadənin onun ünvanına işlədilmədiyini bildirmişlər. Bundan sonra hamı öz yoluna davam etmişdir. Fuad yenidən onunla nalayiq ifadəli zarafatını davam etdirdikdə yenə hamısı Fuadın zarafatına gülmüşlər. Elnur yenidən dayanıb onlardan nalayiq ifadənin onun ünvanına işlədilibişlədilməməsini soruşduqda onlar Elnura nalayiq ifadənin onun ünvanına işlədilmədiyini, öz aralarında zarafatlaşdıqlarını bildirmişlər. Elnur isə buna inanmayıb Fuada qarşı əsəbi halda üzərinə getməklə kobud formada danışaraq uca səslə qışqırmağa başlamışdır. Fuad da Elnura cavab qaytarıb onunla kobud formada danışmamasını və qışqırmamasını bildirmişdir. Elnur daha da əsəbləşib Fuadın və onların ünvanına nalayiq ifadələr işlədərək üzərlərinə gəlməyə başlamışdır. Elnur Fuadın yaxasından tutub onu vurmaq istədikdə Fuad əynindəki şalvarın arxa sağ cibində saxladığı qatlanan cib bıçağını çıxarıb Elnurun qarın nahiyəsinə bir dəfə vurmuşdur. O bunu görən kimi dərhal Elnurun qarşısına keçərək qolundan tutub bir qədər irəliyə tərəf aparmışdır. Bu zaman Elşadla Vüsal onlardan 1-2 addım məsafədə arxada dayanmışlar. O, Elnuru kənara apardıqdan sonra sonuncudan aralanmış və təkidlə Elnura çıxıb getməsini bildirmişdir. Elnur isə onunla kobud formada danışaraq çıxıb getməyəcəyini bildirib yenidən Fuadın üstünə getmək istəmişdir. Bu səbəbdən də o, sol əli ilə Elnurun ağız nahiyəsinə bir dəfə yumruqla vurub xəsarət yetirmişdir. Elnur zərbənin təsirindən yerə yıxılmış, bundan sonra hamısı dərhal oradan qaçaraq uzaqlaşmışlar. İlkin ifadəsini verən zaman tutulacağından qorxduğuna görə hadisə zamanı Elnurun ağız nahiyəsinə bir dəfə yumruqla vurub xəsarət yetirdiyini etiraf etməmişdir. Zərərçəkmiş şəxs ilkin ifadəsində yerə yıxılmasından sonra sonuncunu onunla Fuadın təpiklə və yumruqla vurmaqları barədə göstərdikləri yalandır. Həmin hadisə ümumilikdə 2-3 dəqiqə davam etmişdir. Bu zaman hava qaranlıq olmuş, heç kim ətrafdan onları müşahidə etməmiş və ya oraya toplaşan şəxslər olmamışdır. Mübahisəyə səbəb Elnurun onlara qarşı nalayiq ifadə işlətməsi və Fuadın yaxasından tutub vurmaq istəməsi olmuşdur. Hadisəyə səbəb Elnurun Fuadın onun ünvanına nalayiq ifadə işlətdiyini zənn etməsi olmuşdur. Heç biri Elnuru əvvəllər görməmiş və tanımamışlar. Elnur Fuadın və onların ünvanına nalayiq ifadələr işlətmiş, sakitləşmək bilməmişdir. Fuad Elnurun qarın nahiyəsindən 1 dəfə vurmuşdur. Elnura nalayiq ifadənin onun ünvanına işlədilmədiyini desələr də, Elnur onlara inanmamışdır. Elnur əsəbi halda Fuadın üstünə gəlmişdir. Elnuru dayandırmaq üçün məcbur qalıb ağzına yumruqla vurmuşdur. Hadisə zamanı ətrafda onlardan başqa heç kim olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 68-70). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 183-184). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 162-163). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, cinayət hadisəsini törətdiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqə 25- 27). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılması zamanı o, cinayət hadisəsinin törədildiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqə 96-97). Cinayət işinin materiallarından görünür ki, hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu stansiyasının ərazisində yerləşən dəmiryolu relslərinin üzərindən keçən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçid körpüsünün üzəridir və hadisə yerini görüntüləyən videokamera aşkar edilməmişdir (cild 1, iş vərəqə 9-13). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs iştirakı ilə fotoşəkillər üzrə tanınmaya təqdim etmə keçirilmiş və Zərərçəkmiş şəxs ayrıaynlıqda Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 fotoşəkillərini tanıyaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı onun qarın nahiyəsinə 1 dəfə cib bıçağı ilə vuraraq xəsarət yetirmiş, Şahid1 hadisə zamanı onun ağız nahiyəsinə bir dəfə yumruqla vuraraq xəsarət yetirmiş, Şahid2 və Şahid3 isə hadisə zamanı hadisə yerində olsalar da, ona heç bir xəsarət yetirməmişdirlər (cild 1, iş vərəqə 135-146). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı videoçəkilişlə Zərərçəkmiş şəxs iştirakı ilə canlı şəxslərin tanınmaya təqdim edilməsi keçirilmiş və Zərərçəkmiş şəxs ayrı-ayrılıqda Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 tanıyaraq fotoşəkillər üzrə tanınmaya təqdim etmə zamanı qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 tanınmaya təqdim edilməsi zamanı bir daha göstərərək məhz 13 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı onun qarın nahiyəsinə 1 dəfə bıçaqla vurub xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (cild 1, iş vərəqə 180-184; 186-190; cild 2, iş vərəqə 15-19). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 27 oktyabr 2021-ci il tarixli 1685 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - üst çənədə soldan İ dişin natamam sınığı ilə müşayiət olunan alt dodağın selikli qişasının və alt dodağın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən, qarın nahiyəsinin sol yarısının daxilə nüfuz edərək böyük piyliyin eventrasiyası ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün 1 saylı KTM-nə müraciət etdiyi 13 oktyabr 2021-ci İİ tarixdə saat 22:45 dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 13 oktyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin sol yarısının daxilə nüfuz edərək böyük piyliyin eventrasiyası ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuş, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşlar. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən qarın nahiyəsinin sol yarısının daxilə nüfuz edərək böyük piyliyin eventrasiyası ilə müşayiət olunan deşilmişkəsilmiş yarası bıçaqla endirilmiş zərbənin təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 132-133). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli 3041 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə üzərində gəzdirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurub xəsarət yetirərkən törətdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs halhazırda da hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir (cild 3, iş vərəqə 101- 103). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 noyabr 2021-ci il tarixli 21/648R nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış zamanı körpünün üstündən götürülmüş beton qırıntıları üzərində olan qan nümunələri və Zərərçəkmiş şəxs paltarları - 1 (bir) ədəd gödəkcə, 1 ədəd jaket və 1 ədəd mayka üzərində olan qan nümunələri kişi cinsindən olan eyni şəxsə məxsusdur (cild 2, iş vərəqə 192-196). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs paltarları - 1 ədəd gödəkcə, 1 ədəd jaket və 1 ədəd mayka iş üzrə maddi sübut kimi tanınmış və 20 noyabr 2021-ci il tarixdə qəbzlə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, həmçinin canlı şəxslər - Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs tanınmaya təqdim edilməsinin videogörüntülərini əks etdirən 3 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 36; 118- 132). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 54-55). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin ona dəymiş maddi ziyan ödənilmişdir (cild 3, iş vərəqə 30). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 3, iş vərəqə 48). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 19 yaşında gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən və ona dəymiş maddi ziyanı ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı ödəməsini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və 19 yaşında gənc olmasını müstəsna hallar hesab edərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 205). Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 49-52). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -tanınmaya təqdim edilmənin videogörüntülərini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır; -Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd jaket və 1 ədəd maykanın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: -tanınmaya təqdim edilmənin videogörüntülərini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; -Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd jaket və 1 ədəd maykanın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar