Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-682/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “ProBono” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 113-də qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 117-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 28 avqust 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi – 13,001 qram olan narkotik vasitə olan heroini 20 (iyirmi) manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayaraq daşımış, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli kətan şalvarının sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofan bükümündə 13,001 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci ildə Bakı şəhəri Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldığı zaman üzərindən 1,5 qram “kakos” adı ilə tanıdığı narkotik vasitə olan heroin aşkar edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayon 6-cı polis bölməsinə aparılmış, adını bilmədiyi bölmə rəisi ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyini demiş, sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Səhəri gün müstəntiq Nicat Rəhimov ona ittiham aktını gətirərək imzalamağı tələb etmiş, o, ittiham aktı ilə tanış olandan sonra qəti etiraz etmişdir. Müstəntiq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açıldığını demişdir. Həmin sənədlərdə narkotik vasitənin miqdarının artırılaraq 13 qram yazıldığını görmüşdür. Onun etirazlarına baxmayaraq polis əməkdaşları təzyiq və işgəncə göstərmişlər. Evdən çıxarkən məhəllədə tutulduğu üçün onu ailə üzvləri ilə hədələyərək ittiham aktına qol çəkməyə məcbur etmişdilər. İttiham aktında yazılan “20 manata 13 qram “kakos” alması” reallığı əks etdirmir. Hansı əsasla müstəntiqin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlaması ona məlum deyil. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində səhər saat 9 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, tutulana qədər sürücülüklə məşğul olmuş, o saxlanılmazdan əvvəl evdə olmuşdur. 2017-ci ildən bəri gündə yarım qram narkotik vasitə olan heroindən istifadə etmiş, narkotik vasitələrin aludəçisidir. Üzərində olan narkotiki səhər saat 05:00 radələrində yaşadığı evin yaxınlığında qramını 15 manata almış və cibinə qoymuşdur. Bəzi zamanlar əldə etdiyi narkotik vasitəni evində gizlədir. Evdə ailəsi ilə yaşayır, ailə 4 nəfərdən ibarətdir. Narkotik vasitəni evin zirzəmisində gizlədir. Polis əməkdaşları onu saxlayan zaman müqavimət göstərməmiş, könüllü şəkildə üzərində 1,5 qram narkotik vasitə olduğunu demişdir. Üzərində olan bükümlə çəkiliş zamanı təqdim etdiyi büküm eyni olmamış, polis əməkdaşları bölmədə çəkilişdən qabaq həmin narkotik vasitəni üzərinə qoymuşlar, o da təzyiq altında olduğuna, döyüldüyünə görə razılaşmışdır. Müvəqqəti saxlama yerinə gedərkən üzərində xəsarət olmamış, Bakı İstintaq Təcridxanasında infakt keçirmişdir. Döyülməyi ilə bağlı şikayət etməmişdir. Əldə etdiyi narkotik vasitəni heç kimə satmamış, öz istifadəsi üçün əldə etmiş və siqaret qutusunun içində saxlamışdır. Onu 3 nəfər polis əməkdaşı saxlamış, həmin şəxslərin adlarını bilmir, onu saxlayan polis əməkdaşları ilə çəkiliş zamanı iştirak edən polis əməkdaşları eyni olmamışlar. Narkotik vasitəni 15 manata almış, qram yarım heroinə 22 manat pul vermişdir. 13 qram heroin narkotik almaq üçün 260 manat lazımdır, onun isə qeyd olunan məbləğdə pulu olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları onu dəyənəklə döymüşlər, lakin onun üzərində xəsarət yaranmamışdır. Narkotik vasitəni “Papanin” adlanan ərazidən deyil, yaşadığı evin yaxınlığından almışdır. İstintaq zamanı kimləsə əlbir olduğunu deməmiş, heç bir ad çəkməmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, 29 avqust 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində saxlamışlar, ona qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək birlikdə bölməyə gəlməsini təklif etmişlər. O, heç bir müqavimət göstərmədən onlarla birlikdə Binəqədi RPİ-yə gəlmiş, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə təhqiqatçının iştirakı ilə inzibati otaqların birində baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində saxlamışlar, saxlayarkən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanarkən ona heç bir təzyiq göstərilməmiş, şəxs öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bölməyə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmışdır. Narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən üzərində heç bir xəsarət olmamışdır. Şəxs video çəkiliş zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında 29 avqust 2022-ci il tarixdə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbiri həyata keçirilərək təqsirləndirilən şəxs saxlanılmışdır. O, Bakı şəhəri Binəqədi RPİ-yə dəvət edilərək onlarla birlikdə Binəqədi rayon polis idarəsinə gəlmişdir. Bölmədə olarkən vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı, vəkil, Şahid1 və onun iştirakları ilə inzibati otaqların birində baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin sağ cibindən heroin aşkar edilmiş, təqsirləndirilən şəxs həmin narkotik vasitəni 1 gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Şəxsi Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində saxlamışlar. Şəxs barəsində məlumat Şahid1 daxil olmuş, əməliyyat məlumatı şəxsin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində 1 ədəd şəffaf sellofana bükülmüş halda büküm olan “Sobranie” markalı siqaret qutusunu və “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Tədqiq edilən protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində olan vasitənin heroin adlı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqə: səh. 34-36). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “videogörüntülərə baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı çəkilmiş video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə 29 avqust 2022-ci il tarixdə saat 16:30-da başlanılmış, axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürovun əyləşdiyi xidməti otaqda bölmənin əməliyyat müvəkkili Şahid1, PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ayağa qalxıb masaya yaxınlaşıb əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən göy rəngli “Sobranie” markalı siqaret qutusunu və həmin siqaret qutusunun içərisindəki 01 ədəd şəffaf rəngli sellofan bükülünü həmçinin həmin şalvarının sol yan cibindən 01 qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin “heroin” adlanan narkotik vasitə olduğunu, həmin maddəni bir gün əvvəl yəni 28 avqust 2022-ci il tarixdə axşam saatlarında Papanin adlanan yerdə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını, özünün istifadəçisi olduğunun bildirmişdir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: səh. 56). Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ayağa qalxıb masaya yaxınlaşıb əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən göy rəngli “Sobranie” markalı siqaret qutusunu və həmin siqaret qutusunun içərisindəki 01 ədəd şəffaf rəngli sellofan bükülünü həmçinin həmin şalvarının sol yan cibindən 01 qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin “heroin” adlanan narkotik vasitə olduğunu, həmin maddəni bir gün əvvəl yəni 28 avqust 2022-ci il tarixdə axşam saatlarında “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını, narkotik vasitələrin istifadəçisi olduğunu, öz istifadəsi üçün əldə etdiyini, lakin narkotik vasitənin çox olduğunu görüb, bir bükümünü tanımadığı şəxsə 15 manata satdığını bildirmişdir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, “videogörüntülərə baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokolda öz əksini tapmasa da, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitədən tanımadığı şəxsə 15 manat müqabilində satdığını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli 6/4612 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №173” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs....” və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 13,001 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 42-44). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «əşyanın maddi sübut hesab edilməsi haqqında» 30 avqust 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13,001 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin heroinin ekspertiza tədqiqatından sonra 12,901 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 58, 60). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli 5709 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 127-128). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3071 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. O, ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 130-131). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında» 19 dekabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 145-146). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 13,001 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13,001 qram heroini külli miqdarda əldə edib, daşıyıb saxlaması, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona verilmiş suala cavab olaraq tanımadığı şəxslərə 15 manata narkotik vasitədən satdığını bildirməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyib, əldə etdiyi narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi, həmin narkotik vasitədən heç kimə satmaması məzmunundakı ifadələrinə qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı üzərindən aşkar olunmuş narkotik vasitəndən 15 manata tanımadığı şəxslərə satdığını bildirməsi, qeyd olunan narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə həmçinin təqsirləndirilən şəxsin üzərində cəmi 1,5 qram çəkidə heroin olması, videoçəkiliş zamanı üzərindən aşkar olunmuş bükümün ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalması barədə ifadəsinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə aşkar olunmuş maddə qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən həmin maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 13,001 qram təşkil etdiyi qeyd olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı ifadəsində qeyd olunan xüsusatların yoxlanılması məqsədi ilə onun saxlanıldığı istintaq təcridxanasına sorğu ilə müraciət edilərək onun adına açılmış “şəxsi iş və tibbi kitabça” əldə edilmiş, bilavasitə məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmişdir ki, Bakı İstintaq Təcridxanasına daxil olan zaman onun üzərində heç bir xəsarət aşkar olunmamışdır. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin 1,5 qram olması, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Baxılan cinayət işi üzrə cinayət hadisəsinin 29 avqust 2022-ci il tarixdə baş verməsini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu yeni cinayətin törədildiyi tarixədək ödənilməmiş, həmçinin götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş, lakin yeni cinayət törətdiyi 29 avqust 2022-ci il tarixədək qanunla müəyyən olunan iki illik müddət keçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs ailəli olub, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim etməsə də, məhkəmə tərəfindən elektron məhkəmə-informasiya sisteminə sorğu verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X2 adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 03 oktyabr 2022-ci il tarixli, 5709 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,901 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,901 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-682/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-682/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver