Məhkəmə qərarları › İş №1(101)-682/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-682/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-682/2024 09.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X8 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X2 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları – X4 və Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən şəxs Təqsirləndirilən şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri – “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X6, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi – X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Ucar rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğu istinad edilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 505 qram narkotik vasitə hesab edilən heroini və külli miqdarda təmiz çəkisi 48,243 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının yaxınlığında 27 yanvar 2023-cü il tarixdə saat 00:10 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən təmiz çəkisi 505 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 48,243 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Belə ki, Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyətsiz hesab edildiyindən, onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o arada bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir, lakin digər vasitələrdən istifadə etməmiş, amma arada bir istifadə etmək fikri olmuşdur. Sosial şəbəkələrin birində o təsadüfən bir nəfər İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və söhbət əsnasında o bilmişdir ki, o arada bir marixuanadan istifadə edirmiş. Həmin iranlı ona narkotik vasitələrin digər növlərindən də istifadə etməyi təklif etmişdir. O da həmin iranlı ilə razılaşmış və o onun istifadə etdiyi ***-***-**-** nömrəsini götürmüş və Watsap ani mesajlaşma vasitəsi ilə ona «sənə malın yerini deyəcəm hara qoyulacaq gedib götürərsən» yazmışdır. O ondan qiymətini soruşduqdao ona «sən götürərsən sonra biz danışarıq» demişdir. Bir qədər sonra o ona “Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Ülvi» şadlıq evinin yanına qoyulub gedib götürərsən” yazmışdır. O da 27 yanvar 2023-cü il tarixə keçən gecə saat 00:10 radələrində deyilən yerə getmiş və bir yekə büküm olduğunu görüb götürmüş və əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. O, oradan bir az aralaşmışdır ki, ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış və özlərini təqdim etmişlər. Onlar Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları imişlər. Polis əməkdaşları ondan sənədlərini təqdim etməyi istəmişlər, lakin onda sənəd olmadığı üçün polis bölməsinə getməyini təklif etmişlər. O da yolda gedə-gedə fikirləşmişdir ki, polis əməkdaşları ondan şübhələnmişlər. Polis bölməsində şəxsiyyətini müəyyən etdikdən sonra barəsində tutma protokolu tərtib edilmiş, hüquqları izah olunmuş və ona vəkil təqdim edilmişdir. Daha sonra polis bölməsində xidməti otaqların birində videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu hərəkət aparılmazdan əvvəl ona üzərində qanunla daşınması qadağan edilən əşyanın olubolmaması soruşulmuş, o da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iranlının onun üçün göndərdiyi bir bükümü çıxardıb, masanın üstünə qoymuş və özünə məxsus olan bir ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin heçnə aşkar edilməmişdir. Vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına o heç bir etiraz etməmişdir. O etiraf edərək bildirmişdir ki, tanımadığı iranlı onun üçün patı deyilən metamfetamini və kokos deyilən heroini göndərmişdir. Həmin bükülüyə baxış keçirilmiş və qablaşdırılaraq möhürlənmişdir, o da həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları onun yaşadığı evə də baxış keçirilməsini təklif etmişlər və o buna etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Məhəmmədin bir az problemləri var. O, huşsuzdur. Oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir. Belə ki, o törətdiyi əməlin mahiyyətini dərk etməmişdir. Eyni zamanda narkotik maddənin miqdarı qərarda şişirdilmiş miqdarda göstərilmişdir. Məhəmmədin üzərində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərarda göstərilən miqdarda deyil, az miqdarda narkotik vasitə olmuşdur. Məhəmməd doğuş zamanı travma almış və onun müalicə alması ilə bağlı tibbi sənədlər mövcuddur. Təqsirləndirilən şəxs psixoloji problemləri hərbi xidmətdən qayıtdıqdan sonra daha çox yaranmışdır. Onun oğlunun narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. Oğlunun 500 (beş yüz) qram heroin və 50 (əlli) qram metamfetamin alması üçün pulu haradan əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Məhəmməd hərbi xidmətdən qayıtdıqdan sonra Əhmədlidə yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanası və Mirqasım adına Respublika Klinik Xəstəxanasında ambulator müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsini daşıyır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən şəxsi və digər proses iştirakçılarını tanımır. Onlarla qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur.27 yanvar 2023-cü il tarixdə iş yoldaşı Şahid2 ilə birgə ərazidə xidmətdə olarkən saat 12 radələrində bir nəfər şəxsin özünü şübhəli apardığını və onlardan yayınmağa çalışdığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər.Həmin şəxs üzərində sənədlərin olmadığını bildirərək adının Məhəmməd olduğunu və Xırdalanda yaşadığını söyləmişdir. Həmin şəxs onlarda şübhə doğurduğu üçün onu 13-cü PB-nə gətirmişlər. Orada inzibati otaqların birində özünün də razılığı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Bu zaman o, üzərindəki narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iranlıdan əldə etdiyini və sonuncunu aldadaraq pulunu verməyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs saxlayan zaman hərəkətlərində hər hansı bir qeyri-adilik, psixoloji problemlər və ya danışarkən onun nitqində qırıqlıq hiss etməmişdir. Təqsirləndirilən şəxs ifadəsini normal şəkildə vermiş və bu hal videoçəkiliş zamanı da aydın görsənir. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman istərsə də, polis bölməsində onun və yaxud da hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 yanvar 2023-cü il tarixdə saat 00:10 radələrində inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində iş yoldaşıyla xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişlər. Həmin şəxs üzərində sənəd olmadığını və adının Məhəmməd olduğunu demişdir. Daha sonra həmin şəxs onlardan yayınmaq istəmiş və ona görə də onlar onu Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti otaqların birində vəkil dəvət edilmiş və Məhəmməd barəsində tutma protokolu tərtib edilmişdir. Daha sonra onun üzərində videoçəkilişlə onların iştirakıyla şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilən əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli selofan torbaya bükülmüş bükülü çıxardıb təqdim etmişdir. Bükülüyə baxış keçirilən zaman içərisində kristal formalı maddə və bir ədəd skoçla bağlanmış içərisində qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. (Cild 1, iş vərəqi 79-80) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 00:10-da Təqsirləndirilən şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü PB-ə gətirilmişdir. (Cild 1, iş vərəqə 6) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 8-9) 27 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli sellofanın içərisində tünd qəhvəyi rəngli toz halında və 01 ədəd şəffaf sellofanda içərisində ağ rəngli kristal formalı bükülünü və əynindəki cins şalvarının sol cibindən 01 ədəd qara rəngli mobil telefonu könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan büküm açıldıqda, içərisindən bir ədəd qara rəngli sellofona bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülü də açıldıqda içərisindən bir ədəd şəffaf sellofona bükülmüş, içərisində kristal formalı maddə və bir ədəd qara sellefona yapışdırılmış içərisində qəhvəyi rəngli toz halında maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqə 28-29) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 yanvar 2023-cü il tarixli 6/500 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün 150” dairəvi möhür əksi “vət.Təqsirləndirilən şəxs üzərindən çıxmış narkotik vasitəyə bənzər maddələr” yazısı və imzalar olan kağız paketdə bir ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda qablaşdırılmış təmiz çəkisi: 505 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 48,243 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqi 40-44) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilməklə barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 54-55, 68-72) Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 713 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs verilən sualları cavablandırmaması əhvalruhiyyəsinin depressiv olması müəyyən edilmişdir. Ona görə də onun hazırki psixi vəziyyətində depressiya əlamətlərinin olmasını nəzərə alaraq daha ətraflı və uzun müddətli müayinə tələb etdiyi üçün onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir. (Cild 1, iş vərəqi 102-104) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 105-106) Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi həmin Məcəllənin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər fəslində nəzərdə tutulmuşdur. Bu fəsildə nəzərdə tutulan cinayətlərin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, subyektiv cəhəti, təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən cinayət formal tərkibli olduğundan onun başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. CM-in 27.1 və 27.2-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmədə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını söyləmiş, məhkəməyədək icraat dövründə şəxsi axtarış zamanı aparılmış videoçəkilişdə narkotik vasitələrin özünə məxsus olması kimi etirafedici ifadələr verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna sorğu ünvanlamış, xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı psixi və ya fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 20:10-da Sabunçu RPİ-nin MSY-ə gətirilən zaman onun bədəninə və üzərinə MSY-də baxış keçirilmiş, heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, qarının ön divarında köhnə çapıq toxuması müşahidə olunmuşdur. Bundan başqa iş üzrə şahidlər Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək, həqiqətən də, ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət işinin materiallarında olan Stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 56 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi əhvalın üzvi mənşəli depressiv tipli pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və icitimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırki psixi durumuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipii psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. (Cild 1, iş vərəqi 126-129) Komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə ondan qeyd olunan əhvalın üzvi mənşəli depressiv tipli pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir.Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir.Hal-hazırki psixi durumuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xaraktrli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 -ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. (Cild 1, iş vərəqi 159-163) Məhkəmə istintaqı zamanı keçirilməklə iş materiallarına əlavə edilmiş təkrar komisyon kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 182 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda «ƏHVALİN ÜZVİ MƏNŞƏLİ DEPRESSİV TİPLİ POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı, kod F06.3) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (anamnezində idmanla məşğul olduğu dövrdə bir neçə dəfə kəllə-beyin travmalarının qeyd olunması, 2015-ci ildə dəm qazından zəhərlənməsini bildirməsi, son illər şiddətli baş ağrısından, yuxusuzluqdan əziyyət çəkdiyini, əhvalının tez-tez dəyişdiyini, yaşamaqdan bezdiyini qeyd etməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, xarici görkəminə kifayət qədər diqqət yetirməməsi, ünsiyyətdən çəkinməsi; öz daxili aləminə qapılması, davranışının şəraitə qeyri-adekvat olması, şiddətli baş ağrısından, yuxusuzluqdan şikayətlənməsi, əhvaliruhiyyəsinin aşağı, yuxusunun səthi və fasilələrlə olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə bir qədər səliqəsiz olması, üzündə qəmginlik ifadəsinin müşahidə edilməsi, ünsiyyətə həvəssiz daxil olması, söhbətə narazı tərzdə qoşulması, verilən sualları bir qədər yubanaraq, qısa cavablar verməsi, nitqinin bir qədər ləng olması, təfəkkürünün bir qədər ləng tempdə olmaqla torpid olması, diqqətini bir qədər çətinliklə cəmləşdirməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi; müzakirə olunan mövzunun ikinci dərəcəli detalları üzərində ilişib qalması, hərəkətləri ləng, astagəl olması, əhvalın aşağı olması, yaddaş funksiyalarının bir qədər zəifləməsi, intellektual imkanlarının çevik olmaması, söhbətin davamında tez yorulması, sualları bir qədər gec dərk etməyə başlaması, iradi funksiyalarının nisbətən enməsi, davranışı üzərində nəzarətin zəifləməsi, proqnozlaşdırma qabiliyyətinin zəif olması, suisidal fikirlərin aktual olması, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, keçirilən ekspertizanın məqsədini düzgün başa düşsə də, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyd yanaşması, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə qarşı tənqidin olmaması və s.) sübut edir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında 6E62.0 kodu altında «İkinci dərəcəli əhval sindromu, depressiv simptomlarla» olaraq qeyd edilir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Müayinə zamanı Təqsirləndirilən şəxs hazırki və gələcək vəziyyətinə laqeyd yanaşdığı, əhvali-ruhiyyəsinin endiyi, sıxıntılı, narahat halda olduğu müşahidə edilir. Hazırkı psixi-emosional vəziyyətində depressiv əlamətlər (ruh düşkünlüyü, gələcəyinə laqeydlik, əhval- ruhiyyəsinin enməsi, özünəqapanma və s.) müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Əhvalın üzvi mənşəli depressiv tipli pozuntusu»ndan əziyyət çəkir. Təqsirləndirilən şəxs bu pozuntu nəticəsində cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün («anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aiddir) həmin suala cavab vermək ümumən düzgün deyildir. Lakin Təqsirləndirilən şəxs hal-hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyinə görə psixi vəziyyəti nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən «Əhvalın üzvi mənşəli depressiv tipli pozuntusu»ndan əziyyət çəkməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. (Cild 1, iş vərəqi 183-184) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sabunçu rayon məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəməistintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik olmadığından cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. (Cild 1, iş vərəqi 173-175) Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ümumi tipli psixiatriya stasionarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 504,9 qram narkotik vasitə olan heroin və 48,143 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 AZN (yüz on dörd) manat ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348-ci və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1 və 95.0.2-ci maddələrinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərar qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 504,9 qram narkotik vasitə olan heroin və 48,143 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış və mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 AZN (yüz on dörd) ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. İş üzrə mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fəxri Məmmədov Hakimlər: Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar