Məhkəmə qərarları › İş №1(101)-683/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-683/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-683/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində doğlumuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,221 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 27 avqust 2022-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 8-ci mədən küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,221 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadə verərək bildirmişdir ki, onlar iki qardaşdır. Qardaşınında işinə başqa hakim baxır. Səhər tezdən yatırmış. 12-ci bölmənin polisləri gəlib onları oyatmışlar. Qardaşı ilə otaqları ayrı-ayrı imiş, bir evdə qalırmışlar. Evi və üzərlərini axtarmışlar, heç nə çıxmamışdır. Yarısı qardaşını, yarısı onu aparmışdır. Ayın 27-si 8 nəfər onları bölməyə gətirmişdir. Bir az qardaşını döymüşlər. Videoçəkiliş olmuşdur. Sellofanı cibinə qoymuşlar. Kimin olduğunu soruşmuşlar, çəkilişdə demişdir ki, onundur. Sonra MSY-ə getmişdir. Ona 234.1-ci maddə ilə qol çəkdirmişlər, demişlər ki, 234-ün biri ilə gedəcək. Demişlər ki, “Qoyuruq, boynuna al”. O da qol çəkmişdir, Kürdəxanada bilmişdir ki, 234-ün biri deyil. Əvvəllər narkotik vasitə tutulana qədər kakosdan 2 il istifadə etmişdir. Şöbədə üzərinə 1 büküm qoymuşlar, o da çıxarıb demişdir ki, onundur. Ona görə təqdim etmişdir ki, qardaşını döyürmüşlər, Pərvizi gözünün qabağında döyürmüşlər, amma onu döyməmişlər. Bir də 35 yaşında adı Pərviz olan bir şəxs var imiş, onu da döyürmüşlər, eyni məhəllədən imişlər, onları bölməyə ayrı-ayrı gətirmişlər. Qardaşının üzərinə də 3 qram qoymuşlar. Ölümlə məhkum olunmuşdr. 1993də oğurluqla məhkum olunmuşdur. Onda narkotik vasitə olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Digər əməkdaşları Şahid2lə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədlərinin üzərində olmadığını bildirmişdir. Həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə, Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsı saxladıqları gün və saatı xatırlamır. Ona qanunsuz təsir göstərməmişlər. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Tutulmamışdan əvvəl narkotik vasitədən istifadə etmirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, latın əlifbasını sərbəst oxuya bilir, heç bir psixi xəstəliyi yoxdur və ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Bildirmişdir ki, ünvan 2 ünvanında tək kirayədə yaşayır. O, təqribən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, istifadə etmək üçün “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən ahb İstifadə etmişdir. O, sonuncu dəfə 26 avqust 2022-ci il tarixdə gecə vaxtı özü istifadə etmək məqsədilə narkotik vasitə olan heroin almaq üçün Sabunçu rayonu, Balxanı qəsəbəsinə gəlmiş və üzdən tanıdığı adını bilmədiyi şəxə yaxınlaşaraq həmin şəxsə 20 manat pul verib 1 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Bundan sonra o, yaşadığı evə gəlmiş, həmin narkkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə əynində olan şalvarının sağ yan cibinə qoyaraq daşımışdır. Belə ki, 27 avqust 2022-ci il tarixdə, təxminən 17:00 radələrində o, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 8-ci mədəndə yaşadığı ev olan küçədə piyada gəzişərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra ondan şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və həmçinin üzərində narkotik vasitə olduğundan ifşa olunmağından qorxaraq o, onlardan yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamağında şübhəli olduğunu bildirib onu Sabunçu RPİ-nin 12-cİ Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12ci Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun razılığı əsasında müdafiəçinin iştirakı olmadan videoçəklilə üzərində şəxsi axtarış keçirilməyə başlamışlar. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş, içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundna sonra həmin maddə ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 26 avqust 2022-ci il tarixdə gecə vaxtı Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün almış, hər hansı şəxsə hədiyyə etməmiş və gəlir əldə etmək məqsədilə satmamışdır. O, saxlanılarkən üzərində mobil telefonu olmadığını bildirmişdir. Ona qarşı hər hansı fiziki güc tətbiq olunmadığını, hədələnmədiyini və əldə etdiyi narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən məlumatı olmadığını bildirmişdir. Cinayət işində olan 27 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1 -cİ maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəza növünə məhkum edilmişdir. xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli İdman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə olan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4594 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,221 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindır. Qeyd: heroinin təmiz çəkisi – 2,221 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 2,171 qram Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5857 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 avqust 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,171 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,171 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar