Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-683/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 3 sentyabr 2000-ci il tarixdə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic Bağlar massivi, nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək qulduqluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə 1 iyul 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Böyükşor” parkında göl kənarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qarşısını kəsib özünü “Qara” ləqəbi ilə təqdim edib silah qismində istifadə etdiyi istintaq zamanı 10 müəyyən edilməyən bıçağı aşkar şəkildə nümayiş edib onun belinə dirəyib qanını gölə tökəcəyi ilə qorxudub müqavimətini qıraraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək sonuncuya məxsus üzərində 12 manat dəyərində +**********17 abonent nömrəsi olan, 2500 manat dəyərində “İphone 14 Pro” markalı mobil telefonu əlindən alaraq ələ keçirib hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 2512 manat dəyərində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ittiham aktında qeyd olunan hadisə ilə bağlı tutulmamış və həmin cinayət əməlini törətməmişdir. O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmışdır. Bir müddət sonra onu Bakı İstintaq Təcridxanasına yerləşdirmişlər. Əvvəlcə Sabunçu Rayon Məhkəməsində olan işi ilə bağlı hər hansı protest və ya şikayət verildiyindən ora aparıldığını fikirləşmişdir. Təcridxanada ona ittihamda qeyd olunan cinayət əməlini törətdiyinə görə gətirildiyi bildirilmişdir. O, həmin cinayət əməlinin törətməmişdir. Sonra onu Sabunçu RPİ-yə aparmışlar. Orada müstəntiq ittihamda qeyd olunan cinayət əməlini törədib-törətmədiyi barədə ona sual verdikdə, o, cinayət törətmədiyini demişdir. Cinayət törətmədiyinə dair sübutlara gəldikdə, 12-ci PB-nin yerləşdirdiyi kamera görüntüsündən ittihamda qeyd olunan zərərçəkmiş şəxsin cinayət hadisəsi baş verən zaman həmin ərazidə olmadığı məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, cinayət baş verən zaman o, həmin gölün ətrafında olmamışdır. İttihamda qeyd olunan zərərçəkmiş şəxsi ümumiyyətlə tanımır. O, heç kəsə ölümlə hədə-qorxu gəlib telefonunu götürməmişdir. Zərərçəkmiş şəxslə üzləşməmişdir. Polis əməkdaşları zərərçəkmiş şəxsə onun şəklini əvvəlcədən atmışlar. Zərərçəkmiş şəxs bölməyə gələndə orada ondan və polis əməkdaşlarından başqa 3 nəfər də olmuşdur. Ancaq zərərçəkmiş şəxs “Bu şəxsdir. Onsuz onun şəkilini mənə əvvəlcədən atmışdız”-deyib onu əli ilə göstərmişdir. İş üzrə şahid qismində adı keçən Şahid1 bu cinayət hadisəsindən qabaq torətdiyi cinayət əməlində onunla əlbir olmuşdur. Oğurluğa görə o, 2 il 5 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1 onunla eyni məhəllədə yaşamış, əvvəlki cinayət əməlində onunla əlbir olmuşdur. Şahid1 həmçinin oğurluqla ittiham olunmuşdur. Nəticədə sonuncuya azadlığın məhdudlaşdırılması, ona isə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işindən əvvəl də o, oğurluğa görə məhkum olunmuşdur. Şahid1la üzləşməsi olmuşdur. Sonuncu öz ifadəsində quldurluğu onun əlbir şəkildə törətdiyini bildirmişdir. Ancaq üzləşdirmə zamanı Şahid1 həmin cinayət əməlini törətmədiyini bildirmişdir. Pərvinə ifadəsində dedikləri ilə üzləşdirmə zamanı dedikləri arasında hansı səbəbə görə ziddiyyət yarandığı barədə sual verdildikdə sonuncu ilk dəfə ifadə verdiyi zaman ona qarşı təzyiq göstərildiyini bildirmişdir. O, iş üzrə zərərçəkmiş şəxsi tanımır, lakin, onları üzləşdirmişlər. İbtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəni vermişdir. Hadisə zamanı gölün ətrafında olmamışdır. Zərərçəkmiş şəxsla hadisə zamanı əlaqə saxlamamış və ümumiyyətlə onunla hər hansı tanışlığı yoxdur. Cinayət törətmədiyi üçün həmçinin ifadəni də imzalamaqdan imtina etmişdir. Şahid1la onun düşmənçiliyi var. Sonuncu onu oğurluqla tutdurmuşdur. Üzərində “Nokia” markalı mobil telefon olmuşdur. “İphone 14 Pro” markalı telefon üzərində olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 iyul 2023-cü il tarixdə dostu ilə metronun Sahil stansiyasından Koroğlu stansiyasına, oradan çıxdıqdan sonra Böyükşor parkına getmişlər. Böyükşor parkında dostu ilə daşın üstündə oturan zaman sonradan adının Elşad olduğunu bildiyi bu şəxs onlara yaxınlaşmışdır. Elşad harada yaşadığını soruşmuş, o isə bunu nəyə görə soruşduğunu souncuya bildirmişdir. Elşad cavabında nəyə görə aqressiv cavab verdiyini soruşmuş, o isə aqressiv olmadığını demişdir. Sonra Elşad “gedək göldə üzək”deyə bildirmiş, o isə zarafatla göldə yox dənizdə üzdüyünü bildirmişdir. Bundan sonra o, əlində olan bıçağı ona dirəyib “sən kimsən ki, mənimlə belə aqressiv danışırsan, sənin qanını gölə tökərəm”-demiş, o, həmin vaxt şoka düşmüşdür. Elşad ətrafında olan 3 nəfərə demişdir ki, “siz o tərəfə gedin, biz söhbət edəcəyik”. Bundan sonra Elşad metronun Koroğlu stansiyasına bir nəfərin gələcəyini, həmin adamla əlaqə saxlamalı olduğunu deyib, telefonunu ona verməyini istəmişdir. O, konturunun olmadığını bildirmiş, Elşad isə kredit götürməyini bildirmişdir. O, dostunda kontur olacağını, dostunu çağırmağını bildirdikdə, Elşad heç kimi çağırmamağını, telefonu ona verməyini bildirmişdir. Onun telefonunda həm kodla, həm də ki, üz tanınması ilə bağlı kilid olmuşdur. Elşad ona telefonu ona verməyini, həmin şəxsə özünün zəng edəcəyini bildirmişdir. O, müəyyən qədər etiraz etsə də Elşad zorla telefonu əlindən almışdır. O, Elşada telefonun həm kod, həm də ki, üz tanınma kilidinin olduğunu bildirdikdə, Elşad telefonu onun üzünə tutmuş və telefonun kilidi açılmışdır. Bundan sonra o, kodla olan kilidi istəmiş, o, nə qədər vermək istəməsə də, Elşad telefonu gölə atacağı ilə hədələdiyindən o, kodu sonuncuya demişdir. Bundan sonra Elşad telefonu açıb ona yaxınlaşmamağını, yoxsa telefonu gölə atacağını, qanını gölə tökəcəyini bildirmişdir. Bundan sonra Elşadla gələn Pərvinə yaxınlaşıb bildirmişdir ki, Elşad onun telefonunu götürüb qaytarmır. Pərvin Elşadın qələt elədiyini və telefonu alıb verəcəyini bildirmişdir. Bundan sonra Pərvin Elşadın yanına getmiş, onlar mübahisə etmişlər. Pərvin nə qədər çalışsa da, Elşad telefonu qaytarmamışdır. Bundan sonra Rza adlı oğlan getmiş, Elşad yenə də telefonu verməmişdir. Elşadla gələn oğlanların arasında ağ saçlı bir nəfər onun yanına gəlib ona 20 manat verəcəyi halda telefonu alıb qaytaracağını bildirmişdir. Həmin şəxs pulu götürüb getmiş, ancaq telefonu ala bilməmiş, geri qayıdıb 20 manatın bəs etmədiyini və 100 manat lazım olduğunu demişdir. O, 100 manatının olmadığını və verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Elşad gölün digər tərəfinə keçmiş, sonuncu ilə birlikdə olan, adını bilmədiyi, saçı “çeçenka” formasında oğlan da onun yanında olmuşdur. Elşad ona yaxın gəlməməyini, yoxsa telefonu gölə atacağını bildirmişdir. Onunla birlikdə gələn dostu Əlirza isə telefonunda 102 xidmətinin nömrəsini hazır saxlamışdır ki, telefonu ala bilməsələr zəng etsinlər. Bundan sonra Elşad və həmin “çeçenka” saçlı oğlan gözdən itmiş, onlar isə 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Elşad adlı şəxs telefonu zorla əlindən almışdır. Elşad telefonu əlindən aldıqdan sonra bıçağı olduğundan ona yaxın getməmişdir. Həmin telefonda 5000-ə yaxın telefon nömrələri və digər vacib məlumatlar olmuşdur. Həmin şəxs burada olan Təqsirləndirilən şəxsdur. Elşadın bıçağı olmasaydı, o, sonuncudan telefonu alacaqmış. Həmin telefon ona qaytarılmamışdır, əlavə olaraq da 20 manat pul vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Nizami rayonu ərazisində Böyükşor şossesi yaxınlığında xidmət apararkən vətəndaşlardan biri ona yaxınlaşıb, yaxınlıqda olan kolluq ərazidə müəyyən şəxslərin nalayiq hərəkətlər etdiklərini bildirmişdir. O, vətəndaşa həmin əraziyə gedib, müvafiq tədbirlər görəcəyini bildirmişdir. Bundan 10 dəqiqə sonra 2 nəfər ona yaxınlaşıb, bir nəfərin onlardan telefon aldığını və bir müddətdən sonra telefonla yoxa çıxdığını bildirmişlər. Bundan sonra o, bununla bağlı idarəyə məlumat vermiş və əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlara birinci olaraq yaxınlaşan şəxs nalayiq hərəkətlər edilməsi ilə bağlı məlumat vermişdir. Sonra onlara 2 nəfər şəxs yaxınlaşmış, onlardan telefon alındığını və sonradan telefon alan şəxsin həmin ərazidən uzaqlaşdığını bildirmişlər. Həmin şəxslər telefonu alıb gedən şəxsin əlamətlərini bildirmişlər. O, həmin vaxt Təqsirləndirilən şəxs görməmişdir. Şəxsin hansı tarixdə onlara yaxınlaşdığını xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Nizami rayonu ərazisində Böyükşor şosesi yaxınlığında xidmət aparan zaman vətəndaşlardan biri yaxınlaşaraq yaxınlıqda olan kolluq ərazidə bəzi şəxslərin nalayiq hərəkətlər etdiklərini bildirmişlər. Onlar da vətəndaşa həmin əraziyə gedib müvafiq tədbir görəcəklərini bildirmişlər. Bundan 15-20 dəqiqə sonra 2 nəfər də yaxınlaşıb bir nəfərin bıçaq çəkərək onların birindən telefon aldığını və bir müddətdən sonra telefon götürüb yoxa çıxdığını bildirmişlər. Onlar bununla bağlı idarəyə məlumat vermiş və əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Əməliyyat qrupu hadisə yerinin şəkilini çəkmişdir. Sonradan onlar xidmətlərini davam etdirmişlər. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlara birinci olaraq yaxınlıqda nalayiq hərəkətlər edilməsi ilə bağlı şəxs yaxınlaşmış və həmin şəxs ilə birlikdə 4 nəfər də gəlmişdir. Sonra onlara 2 nəfər şəxs yaxınlaşmış, onlardan telefon alındığını və telefon alan şəxsin həmin ərazidən uzaqlaşdığını bildirmişlər. Telefon ilə bağlı yaxınlaşan şəxslərdən telefonu alan şəxsin zahiri görünüşünü soruşan zaman onlar Təqsirləndirilən şəxs zahiri görünüşünü onlara təsvir etmişlər. Həmin şəxslər telefonu alıb gedən şəxsin əlamətlərini bildirmişlər. Təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi həmin gün görmüşdür. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində nömrəsiz evdə ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsində məhəllə adamı kimi tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Koroğlu metrosunun çıxışında Təqsirləndirilən şəxs yanında 2 nəfər tanımadığı şəxslərlə birlikdə gəzişdiyini görmüş və ona yaxınlaşıb salamlaşmışdır. Elşad ona da onlarla gəzməyi təklif etmiş, o, da razı olmuş və onlar birlikdə “Böyükşor” gölünün ətrafındakı parkda piyada gəzməyə başlamışlar. Onlar həmin parkda olanda Elşad ondan aralaşıb göl kənarında oturan 2 nəfər şəxsə yaxınlaşmışdır. O, bir qədər yuxarıda daş olan yerdə oturduqda görmüşdür ki, Elşad sonradan adının Xaliq olmasını bildiyi şəxslə mübahisə edir. O, sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşıb nə baş verməsini soruşduqda Xaliq ona Elşadı göstərib bir-biri ilə tanış olduqlarını, problem olmadığını və onun qarışmamağını demişdir. Elşad da demişdir ki, onlar özləri söhbət edirlər, o, qarışmasın. Səhv etmirsə, Elşad bir qədər sərxoş olmuşdur. Elşad Xaliqgildən aralaşdıqdan sonra Xaliq ona yaxınlaşıb bildirmişdir ki, bəs həmin Elşad onun “İphone” markalı mobil telefonunu əlindən alıb geri qaytarmır. Bu zaman o, Xaliqin tərəfini tutmuş və Elşada irad bildirib telefonu alıb Xaliqə qaytarmış və çıxıb getməsini tapşırmışdır. Xaliq yanındakı dostu ilə uzaqlaşıb getməyə başlamışlar. O, da aralaşmış, bir qədər kənarlaşdıqdan sonra görmüşdür ki, yenə Elşad Xaliqin qarşısını kəsib və nəsə mübahisə edirlər, yanında da bir nəfər öz tanışı dayanıb. O, tez ora yaxınlaşmış və görmüşdür ki, artıq telefon Elşadın əlindədir və sağ əlində də bıçaq tutub Xaliq ondan telefonu geri istədikdə vuracağı ilə hədələyir. O, da Elşada yenə irad bildirib telefonu qaytarmasını tələb etdikdə sonuncu ona tərəf tutaraq onu hədələyib qışqıraraq qarışmamağını demiş, lakin, o, hadisənin qarşsını almaq üçün geri çəkilməmiş və Elşadın əlindən bıçağı alaraq kənara tullamış və yenə telefonu qaytarmasını tələb etmişdir. Lakin, Elşad yerdən bıçağı götürüb Xaliqi hədələməyə davam etmiş və sonra 5 dəqiqəyə gəlib verəcəyini demişdir. Sonra Elşad yanındakı bir nəfər tanışı ilə birlikdə parkın göl istiqamətdə qaranlıq tərəfinə qaçıb uzaqlaşmışdır. O, Xaliqin yanında qalmış və birlikdə Elşadı axtarmağa başlasalar da, tapa bilməmişlər. Xaliqdən telefonun kodunu verib-verməməsini soruşanda sonuncu bildirmişdir ki, “İphone 14” markalı mobil telefonun kodunu da Elşada qorxduğu üçün vermişdir. Yarım saat Elşadı axtarıb, gözləsələr də onu tapa bilməmişlər. Bir qədər sonra Elşad ona tanımadığı nömrədən zəng edərək onu Sabunçu keçidinə çağırmış, o, həmin yerə getsə də Elşad gəlməmişdir. Daha sonra yenə onunla zəngləşib telefonu qaytarmasını tələb etdikdə Elşad ona metronun “20 Yanvar” stansiyasına getdiyini və 3-cü mikrorayon dairəsi tərəfə gəlməyini desə də gəlməmiş və telefonu söndürmüşdür. O, Təqsirləndirilən şəxs telefonu talaması hadisəsində iştirak etməmiş və onun belə bir məqsədinin olmasından da əvvəlcədən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onunla hadisədən sonra da görüşməmişdir. Sonuncunun ələ keçirdiyi “İphone” markalı mobil telefonu nə etməsindən, harada saxlamasından onun heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefonunu talayıb ələ keçirməsində əlbir olmamış, hər hansı məbləğdə pul almamış və heç bir maddi marağı da olmamışdır. Əksinə hadisə zamanı o, bacardığı qədər Təqsirləndirilən şəxs qanunsuz əməlinin qarşısını almağa çalışmış, lakin, Elşad yekunda zərərçəkmiş şəxsi bıçaqla hədələyib onun “İphone” markalı mobil telefonunu əlindən aldıqdan sonra aqressiv hərəkətlər edərək qorxudub yaxına gəlmələrinə imkan verməyib oradan uzaqlaşaraq öz niyyətinə nail olmuşdur (cild 1, iş vərəqi 42-44). Cinayət işinin materiallarına olan hadisə yerinə baxış keçiirlməsi barədə 1 iyul 2023cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Böyükşor” parkında baş vermişdir (cild 1, iş vərəqi 5-6). Cinayət işinin materiallarına olan 1 may 2024-cü il tarixli tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkli 2 sayı altında digər şəxslərə məxsus 3 ədəd fotoşəkillə birlikdə iş üzrə şahid qismində dindirilmiş Şahid2 tanınmaya təqdim edilmiş, sonuncu bildirmişdir ki, 2 sayı altında təqdim edilmiş fotoşəkildə olan şəxsi tanıyır, həmin şəxsi ilk və son dəfə 1 iyul 2023-cü il tarixdə saat 22 radərlərində Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Böyükşor gölü parkında görmüş, sonuncu ona yaxınlaşaraq Vətən müharibəsində iştirak etdiyini bildirmiş, parkın ərazisində gölün kənarında kolluq yerlərdə qızlarla oğlanların nalayiq hərəkətlər etdiklərini əlavə edərək, ondan istifadəsində olan mobil nömrəsini istəmiş, həmin şəxsə istifadəsində olan mobil nömrəsini verdikdən sonra sonuncu çıxıb getmişdir. Həmin şəxsi üz quruluşundan, qaşlarının qalın olmasından tanıyır (cild 1, iş vərəqi 102-104). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2780 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, azamnezində keçirilimiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 210-211). Cinayət işinin materiallarına olan protokoldan görünür ki, 20 sentyabr 2024-cü il tarixdə Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 3-16/2-9815/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində izləmə məlumatlarına dair elektron nəzarət sistemindən çıxarışlara keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs izləmə məlumatlarına dair elektron nəzarət sistemindən çıxarışlarda nəzarət subyektinin qeydiyyatı, konfiqurasiya, məkan, məhdudiyyət şərtləri, hadisələr adlı başlıqlar olan xəritə əks olunmuşdur. Həmin xəritədə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanı daxil olmaqla, hadisənin baş verdiyi Sabunçu rayonunda yerləşən Böyükşor gölü və ətraf ərazilərin koordinatları əks olunmuşdur. Xəritədə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs hərəkət trayektoriyası əks edilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 22:24:00-də nəzarət subyekti, yəni Təqsirləndirilən şəxs “Böyükşor” gölünün ətrafında sahilboyu hərəkətdə olması, həmin tarixdə saat 23:58-də 1-ci mikrorayon və 3-cü mikrorayon ərazisində olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 194). Cinayət işinin materiallarına olan protokoldan görünür ki, 20 sentyabr 2024-cü il tarixdə Azerfon MMC-nin xx.xx.2024-cü il tarixli 5046/24 saylı məktubuna əlavə edilmiş, Zərərçəkmiş şəxs məxsus cinayət yolu ilə talanmış **********04270 İMEİ kodlu İphone 14 Pro markalı mobil telefonun xx.xx.2023-cü il tarixdən sonrakı müddətdə istifadə edildiyi abonent nömrələrinin siyahısını əks etdirən çıxarışlara keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə saat 22:46 dəqiqəyədək olan vaxt aralığında **********04270 İMEİ kodlu İphone 14 Pro markalı mobil telefon ********* saylı GSM nömrəsi ilə istifadə edilmiş, 22:46 dəqiqədən sonrakı müddətdə mobil telefonun Azerfon MMC-yə məxsus heç bir GSM nömrəsi ilə istifadəsi müəyyən edilməmişdir. Baxış zamanı ********* saylı GSM nömrənin Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 195). Cinayət işinin materiallarına olan Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tədbirlər nəticəsində Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 1 iyul 2023-cü il tarixdə günün ikinci yarısı yaşadığı ünvanda olmaması barədə məlumat əldə edilmişdir (cild 1, iş vərəqi 93). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin xx.xx.2023-cü il tarixdə həmin cəzası Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən 3 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa o, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qəti olaraq üzərində 2 il 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 12 oktyabr 2023cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 158-175). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2024-cü il hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü ilə ona qəti olaraq üzərində saxlanılmış 2 il 5 beş ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü ilə cəza çəkdiyi müddət qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və hazırda cəza çəkməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü ilə qəti olaraq üzərində saxlanılmış 2 (iki) il 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü ilə cəza çəkdiyi müddət qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-683/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-683/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver