Məhkəmə qərarları › İş №1(101)-684/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-684/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-684/2023 11.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, 09 avqust 2021-ci ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq naməlum mənbədən külli miqdarda - ümumi təmiz çəkisi 2,941 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 21 sentyabr 2022-ci il tarixdə saat 12:00-da Suraxanı rayon Polis idarəsi Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən H.Əliyev adına parkda saxlanılıb, ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,325 qram və 1,616 qram olmaqla, ümumi təmiz çəkisi 2,941 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, keçən il avqust ayının 30-da axırıncı dəfə narkotikdən istifadə etmişdir. Bundan sonra anasını, həyat yoldaşını və uşaqlarını bir yerə yığıb, bir daha narkotiklərdən istifadə etməyəcəyi barədə anasına söz vermişdir. Özü işləyən adam olduğu üçün təxminən 15 gün sonra kənddə bir iş götürmüş və iki-üç gün ərzində həmin yerdə işləmişdir. Sentyabr ayının 21-i artıq 22 gün olmuşdur ki, o, narkotik qəbul etməmişdir. Tutulmamışdan bir-iki gün əvvəl o, evdə olmadığı vaxt polis əməkdaşlarının onun dalınca gəldiklərini eşitmişdir. Kərbəlayı Fəxrəddin adlı bir qohumu onu çağırıb polis işçilərinin çağırışı ilə idarəyə getmək lazım olduğunu demiş, o da, bundan sonra öz ayağı ilə polis idarəsinə getmişdir. Sentyabrın 21-də səhər saatlarında o, idarəyə getmiş, bu zaman saat 10-11 arası olmuşdur, dəqiq vaxtı yadında qalmamışdır. İdarəyə yaxınlaşmış, onun arxasınca evə polis işçilərinin gəldiklərini deyib, özünün könüllü gəldiyini bildirmişdir. Ondan kim olduğunu soruşduqda, Elməddin olduğunu demişdir. Oradan əməliyyatçılara zəng edərək onun gəlməsi barədə bildirmişlər və əməliyyatçı onun gözləməsini tapşırmışdır. Onu içəri buraxmayaraq qarşı parkdakı «besedka»da oturub gözləməsini, lazım olanda onu çağıracaqlarını bildirmişlər. Saat təxminən 11-də onu ikinci dəfə idarəyə çağırmışlar. Bu dəfə onu içəri dəvət edib bir daha çölə buraxmayaraq saxlama yerinə salmışlar. O birisi gün isə prokuror onu zaminə buraxmışdır. İttihamda yazılmışdır ki, guya o, saat 12-də Əmircan qəsəbəsində tutulmuşdur. Əslində belə olmamışdır və kamera görüntüləri bu barədə onun sübutudur. O, iki dəfə idarəyə özü yaxınlaşmışdır, lakin ona deyirlər ki, kamera bunları çəkməmişdir, kameranın yaddaşında yoxdur. O, bunları məhkəmədə danışmağa qorxur, bilir ki, sabah polis işçiləri məhkəməyə çağırılacaqdır, onlar acıqlı qalacaqlar və sonra onun evindən bir kiloqram heroin çıxaracaqlar. O, narkotikdən istifadə etmişdir, gündəlik 10 manat pul qazanmış, onun 5 manatını balalarına xərcləmiş, 5 manatına isə özünə narkotik vasitə almışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis idarəsində onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman videoçəkiliş aparılmış və əvvəlcədən demişlər ki, ona CM-nin 234.1-ci maddəsi veriləəcəkdir. O, narkotik vasitə istifadəçisidir, lakin külli miqdarda narkotik onun işi deyil. İttihamda göstərilən narkotik vasitə ona məxsus olmamışdır. Əvvəllər də o, 234.1-ci maddə ilə məhkum olunmuşdur, həmin vaxt üstündə 1 qram narkotik vasitə olmuşdur. İstintaqda verdiyi ifadəni oxumuş, deyilənlərlə razılaşdığına görə imzalamışdır. Saxlanılarkən və sonradan istintaq zamanı ona qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Hazırkı iş üzrə o, 1-2 gün polis idarəsində müvəqqəti saxlama yerində olmuş, sonra isə onu evə buraxmışlar. Sonra görmüşdür ki, ona CM-nin 234.1-1-ci maddəsi ilə ittiham verilmişdir. Narazılığı barədə heç yerə şikayət etməmişdir. O, polis idarəsinə gedəndə postda onu polis nəfəri qarşılamış, sonra əməliyyatçıya zəng edərək Təqsirləndirilən şəxs gəldiyini bildirmiş, əməliyyatçı da gözləməsini tapşırmışdır. 2-ci dəfə isə parkda oturub gözləyərkən onu Yalçın müəllim çağırmış, o, idarəyə yaxınlaşarkən ona “kişi adamsan ki, öz ayağınla gəlmisən» sözlərini demişdir. İttiham aktında yazılan ifadə düzgün deyildir, həmin ifadəni polis işçilərinin dedikləri ilə razılaşdığına görə imzalamışdır. Polis idarəsində heç kim onu döyməmiş və ona işgəncə verməmişlər. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik maddə olan heroindən istifadə etmişdir. Həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə təxminən bir neçə gün əvvəl Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün 2 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. 21 sentyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən H.Əliyev adına parkda olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onların polis əməkdaşları olduğunu bilmişdir. Bundan sonra onu yaxınlıqda olan polis idarəsinə gətirərək təhvil vermişlər. Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O isə, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd içərisində narkotik vasitə «kokos» olan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin 2 ədəd bükümü açmışlar və heroin kimi tandığı narkotik maddəni aşkar etmişlər. Sorğu zamanı aşkar edilmiş maddənin heroin kimi tanıdığı narkotik maddə olmasını və onu Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bimədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş 2 ədəd büküm polis əməkdaşları tərəfindən möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, həmçinin saxlanıdığı zaman və Suraxanı RPİ-də olarkən ona qarşı hər hansı formada təzyiq və ya təsir olmamışdır (cild 1, iş vərəqi 66-68). Elan olunmuş ifadə ilə bağlı suallara cavabında Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu və həmin ifadəni özünün verdiyini, lakin həmin vaxt əsl həqiqəti danışmadığını, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərdi ki, 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı ondan və Suraxanı RPİ, Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:00da Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən H.Əliyev adına parkda xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar və narkotik maddələrin istifadəsi və saxlanılmasında şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nə dəvət etmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən ona müdafiəçi təyin edilmiş, hüquqları izah olunduqdan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf selofan bükümü təqdim etmişdir. Həmin bükümlər açılıb baxıldıqda, ondan içərisində nə olması və nə vaxt, kimdən əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, onun özünə məxsus olmasını, narkotik maddələri həmin gün Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olumuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Verilən sualları cavablandıran şahid Yalçın Yaqubov şəxsi 21 sentyabr 2022-c il tarixdə saat təxminən 12-də saxladıqlarını, heç kimin onu əvvəlcədən polis idarəsinə çağırmadığını və idarəyə könüllü gəlmədiyini, Elməddin özünü şübhəli apardığı üçün parkın içərisində heç kimin olmadığı yerdə onu saxladıqlarını, üzərinə şəxsi axtarış keçirilməsində bir əməliyyat işçisi kimi özünün də iştirak etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiq olunmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Yalçın Yaqubovun məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun atasının əmisi nəvəsidir. Bir gün o, işdən evə gələndə eşitmişdir ki, polis əməkdaşları Elməddinin dalınca gəlmiş, lakin onu tapmadıqlarına görə əmisi oğlu Firuz Naqimovu özləri ilə götürüb polis idarəsinə aparmışlar. Bilmişdir ki, həmin vaxt Firuzun evinə təxminən 5-6 nəfər polis işçisi gəlmişdir. O, bunları bildikdən sonra Elməddinə demişdir ki, getsin polis idarəsinə və Vüqar adlı polis işçisinin yanına gəldiyini bildirsin. Özü saat 6-da işdən gəlsə də, həmin vaxt konturu olmadığı üçün saat 9un yarısında Vüqara zəng etmişdir. Vüqardan başqa idarədə polis işçisi tanımadığına görə ona zəng vurmuşdur. 21 sentyabr 2022-ci ildə təxminən saat 10-a qalmış Elməddini polis idarəsinə aparmış, orada Vüqarı soruşmuşdur. Zəng edib danışandan sonra onlara demişlər ki, parkda oturub gözləsinlər. Sonra isə təxminən saat 12-də o, çıxıb işə getmiş, Elməddin orada qalmışdır. Firuz Naqimovu polis əməkdaşları aparanda Vüqar özü mobil nömrəsini ona vermiş, Firuz tutulandan xeyli müddət sonra Elməddin polisə getmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf selofan büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 34-35). Cinayət işinə əlavə olunmuş baxış protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD diskə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsinin təklif olunması, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin iki ədəd bükümlərin içində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddələri tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, aşkar edilmiş həmin 2 ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 69). Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 6/5380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 45” dairəvi möhür əksləri olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,325 qram və 1,616 qram olmaqla, ümumi təmiz çəkisi 2,941 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 41-45). Ambulator məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli 7510 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 105-106). İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 2,941 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,841 qram narkotik vasitə heroin məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD diski mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 108-115). Elektron Məhkəmə portalından götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 yaş və 17 yaş olmaqla iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 92-103). Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etsə də, tutulmamışdan 22 gün öncədən narkotiklərdən istifadə etməyi dayandırdığını, ondan aşkar olunduğu deyilən narkotik vasitənin ona məxsus olmadığını, həmin ərəfədə evdə olmadığı vaxt polis işçilərinin onu aparmaq üçün evinə gəlmələrini eşitdiyini və buna görə 21 sentyabr 2022-ci il tarixdə özünün könüllü olaraq Suraxanı rayon Polis idarəsinə getdiyini, oraya yaxınlaşıb özünü təqdim edərək polis işçilərinin onu axtardıqlarını, buna görə könüllü gəldiyini bildirdiyini, polis nəfərinin Yalçın adlı əməliyyatçı ilə danışdıqdan sonra ona qarşıdakı parkda oturub gözləməyi tapşırdığını, bundan sonra onun həmin parkdakı besedkada oturub gözlədiyini, daha sonra həmin əməliyyatçının onu idarəyə içəri çağırtdırdığını və bir daha çölə çıxmayaraq müvəqqəti saxlama yerinə aparıldığını, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbq edilmədiyni, polis işçilərinin ona CM-nin 234.1-ci maddəsinin veriləcəyini bildirdiklərini və onun da bununla razılaşaraq verilən bütün sənədləri imzaladığını, onun Polis idarəsinə könüllü gəlməsini kamera görüntülərinin təsdiq edə biləcyini qeyd edərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, onları Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 21 sentyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən H.Əliyev adına parkda olan zaman polis əməkdaşlarının onu saxladıqlarını, Suraxanı RPİ-də videoçəkilişlə üzərinə baxış keçirilərkən özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd içərisində narkotik vasitə «kokos» olan bükümü çıxarıb təqdim etdiyini, sorğu zamanı aşkar edilmiş maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu və Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bimədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin qaldırdığı vəsatətlər təmin olunaraq onların əsasında qəbul edilmiş sübutlar iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlil edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünün yaxın qohumu Kərbəlayı Fəxrəddin adlı şəxsin məsləhəti ilə könüllü olaraq polis idarəsinə getməsi, bu zaman üzərində hər hansı narkotik vasitələrin olmaması barədə gətirdiyi dəlilin yoxlanılması məqsədilə Şahid3 məhkəməyə dəvət edilib əlavə şahid qismində dindirilmişdir. Şahid3 ifadəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun atasının əmi nəvəsi olduğunu, bir gün polis əməkdaşlarının Elməddinin dalınca gəlmələrini, lakin onu tapmadıqlarına görə əmisi oğlu Firuz Naqimovu özləri ilə aparmalarını eşitdiyini, bundan sonra Elməddinə polis idarəsinə gedib Vüqar adlı polis işçisi ilə əlaqə saxlamasını tapşırdığını, özünün saat 9-un yarısında Vüqara zəng etdiyini, 21 sentyabr 2022-ci ildə təxminən saat 10-a qalmış Elməddini polis idarəsinə apardığını, orada Vüqarı soruşduğunu, onlara parkda oturub gözləmələrini dediklərini, sonra isə təxminən saat 12-də onun çıxıb işə getdiyini, Elməddinin orada qaldığını bildirmişdir. Bununla bağlı müdafiə tərəfinin vəsatəti əsasında Şahid3 istifadəsində olan 055 613-00-12 saylı mobil telefonla Vüqar adlı polis əməkdaşına aid olması bildirilən 055 346-96-68 saylı mobil telefon nömrəsi arasında 15 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində telefon danışıqlarının aparılıb-aparılmaması ilə bağlı, həmçinin 055 346-96-68 saylı mobil telefon nömrəsinin məxsusluğu barədə məlumatların "xxxx" MMC-dən götürülməsi haqqında qərar qəbul edilmişdir. Sorğu ilə bağlı məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli VKS/LGL-6314/23 saylı məktubla müəyyən edilmişdir ki, 055 613-00-12 saylı mobil telefonla 055 346-96-68 saylı mobil telefon arasında sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində zənglər qeydə alınmamışdır. Həmçinin məktuba əlavə edilmiş qoşmadan görünür ki, 055 346-96-68 saylı mobil telefon nömrəsi X4 adlı bir qadının adına rəsmiləşdirilmişdir. Müdafiə tərəfi növbəti vəsatət kimi Şahid3 istifadəsində olan 055 613-00-12 saylı mobil telefonun 15 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində anten məlumatlarının götürülməsi məsələsini qaldırmış və məhkəmə tərəfindən qeyd olunan vəsatət də təmin olunmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə VKS/LGL-9999/23 nömrə altında məktubla daxil olmuş diskə əlavə olunmuş məlumatların təhlili zamanı müəyyən edilmişdir ki, “X1” sənədinə görə, qeyd olunan müddət ərzində sorğulanan mobil telefon nömrəsinin anten dairəsi Bakı şəhəri, Sabunçu TQK, Yeni Suraxanı qəsəbəsi, 458 ünvanını əhatə etmiş, həmin nömrə Suraxanı RPİ-nin anten dairəsində qeydə alınmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında Suraxanı RPİ-nin Növbətçi hissəsində quraşdırılmış kameralar vasitəsilə 21 sentyabr 2022-ci il tarixdə saat 09:00-dan saat 13:00-dək qeydə alınmış videogörüntülərin götürülməsi barədə də məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Bununla bağlı Suraxanı RPİ-nin xx.xx.2023-cü il tarixli 54/2-7983/23 saylı məktubu ilə müəyyən olunmuşdur ki, idarənin növbətçi hissəsində quraşdırılan kamera görüntüsü qeyd olunan tarixlərdə yaddaşda qalmadığından onların təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs saxlanılarkən onda narkotik vasitələrin olmaması, aşkar olunmuş narkotiklərin ona polis idarəsində verilməsi, 21 sentyabr 2022-ci il tarixdə özünün yaxın qohumunun məsləhəti ilə könüllü olaraq Suraxanı RPİ-yə getməsi və həmin vaxt üzərində narkotik vasitələrin olmaması barədə gətirdiyi dəlillər, həmçinin bu barədə məhkəmədə əlavə şahid qismində ifadə verən onun qohumu Şahid3 ifadəsi məhkəmə tərəfindən tam və hərtərəfli yoxlanılmış, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutlarla müqayisəli şəkildə təhlil olunmuş, lakin qeyd olunan dəlillər məhkəmədə öz təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxsvun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır və həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.3, 66.5-ci maddələrinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu hökmlə təyin olunmuş cəzadan xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə, təqsirləndirilən şəxsə cəza təyin edilərkən cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində saxlanılmış, 22 sentyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin prokurorluq tərəfindən həmin vəsatətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul olunmuş, buna görə də həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin vaxt şübhəli şəxs qismində tutulub saxlanıldığı 1 (bir) gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzanın başlanğıcı hökmün çıxarıldığı 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli 7510 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülməklə Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,841 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 55 (əlli beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 22 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPl-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,841 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar