Məhkəmə qərarları › İş №1(101)-685/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-685/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-685/2023 27.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - "ALYANS" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun İliç kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxil edilən 4,096 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 36 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 23:50-də ünvan 4 ünvanın qarşısında saxlanılıb Baş idarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 3 ədəd bükümdə ayrı-ayrılıqda 1,287 qram, 1,428 qram və 1,381 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən 4,096 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik və psixotorp maddələrdən istifadə etsə də, heç vaxt onların satışı ilə məşğul olmamışdır. İstintaq vaxtı bütün sənədləri təzyiq altında imzalamışdır. O, polis işçiləri tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs üç aydır ki, narkotik vasitələrdən istifadəni dayandırdığını, döyülməyi ilə bağlı heç yerə şikayət etmədiyini və məhkəmənin baş tutmasını gözlədiyini, qanında metamfetamin və heroin aşkar olunduğunu, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin də iştirak etdiyini, vəkilə polis işçilərinin ona təsir və təzyiq etmələri barədə heç nə demədiyini, barəsində qətimkan tədbiri seçilən vaxt hakimin ondan heç nə soruşmadığını, onun da bu barədə həmin məhkəmədə heç nə demədiyini, istintaqa verdiyi ifadəsinin düzgün olmadığını, polis işçilərinin onu Kukla teatrının yanında bankomatda karta pul vuran vaxt saxladıqlarını, polis əməkdaşlarının ondan Gündüz adlı şəxsin adını deməyi tələb etdiklərini, o da, narkotiki Gündüzdən aldığını dediyini, saxlanılan vaxt onun yanında qonşusu Ceyhunun olduğunu bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə edir, X5 tanışıdır, birlikdə asudə vaxtlarını keçirirlər. Psixotrop maddəni anket məlumatlarını dəqiq bilmədiyi müxtəlif şəxslərdən onlayn üsulu ilə əldə edir. Sonuncu dəfə 05 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Gündüz” adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz istifadəsi üçün 3 ədəd bükümdə psixotrop maddə alıb şalvarının cibinə qoymuşdur. Həmin psixotrop maddəni üzərində gəzdirməkdə məqsədi uyğun vaxt tapıb istifadə etmək olmuşdur. 05 iyul 2022-ci İl tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində tanışı X5 ilə birlikdə idarə etdiyi “Honda” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Ceyhun Abdullayevin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” və ya “metanfetamin” adı ilə tanıdığı maddə vardır. Eləcə də Ceyhun Abdullayev də üzərində “şüşə” və ya “metamfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ceyhun Abdullayevin üzərindən 3 ədəd selofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Sorğu zamanı Ceyhun Abdullayev üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 45 manata aldığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərində “şüşə” və ya “metamfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “İphone” markalı mobil telefonu, 5 manat pulu və 1 ədəd avtomobil açarını, göy rəngli cins şalvarının sol yan cibində olan 3 ədəd şəffaf selofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 3 ədəd selofan bükümün içində “şüşə” və ya “metamfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 3 ədəd selofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 05 iyul 2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Gündüz” adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddə metamfetamini üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 3 ədəd şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul və 1 ədəd avtomobil açarı özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Ceyhun Abdullayevin üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olmamışdır. Ceyhunun da onun üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olmamışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Polis idarəsinin həyətində idarə etdiyi “Honda” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş maddələr və əşyalar aşkar edilməmişdir. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 138-141, cild 2, iş vərəqi 136-138). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Nihat Abtalıbov onları qismən təsdiq etdiyiini, qeyd olunan ifadəni təzyiq altında verdiyini, hazırkı məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirib, həmin ifadənin qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 05 iyul 2022-ci il tarixdə işlədiyi idarəyə X5 və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və saxlamaları barədə məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün Ceyhun Abdullayevin və Təqsirləndirilən şəxs Səbail rayonu, Neftçilər prospekti istiqamətində hərəkət etmələri barədə məlumat aldıqdan sonra onlar saat 23:50-də Neftçilər prospekti, 36 ünvanının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı avtomobilin yol kənarında dayandığını və avtomobilin yanında 2 nəfər şəxsin durduğunu görmüşlər. Həmin şəxslərə yaxınlaşıb saxlamışlar və onlar özlərini Ceyhun Abdullayev və Təqsirləndirilən şəxs olduqlarını söyləmişlər. Həmin şəxslər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Müdafiəçilər dəvət edilərək hər ikisi şübhəli şəxs qismində tutulmuş, daha sonra onların videoçəkilişlə şəxsi axtarışları keçirilmişdir. Nihata üzərində olan qanunsuz əşyaları çıxarıb könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı maddə olduğunu bildirmiş və əynindəki şalvarın sol yan cibindən 3 ədəd şəffaf selofan bükümü təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri 05 iyul 2022-ci il tarixdə təxminən saat 18 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Gündüz” adlı şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd şəffaf selofan bükümdə olan maddələr 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda isə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və hamı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı avtomobilə də baxış keçirilmiş, lakin maşından qanunsuz saxlanılan hər hansı əşyalar müəyyən edilməmişdir. Şahid1 ifadəsinə görə, Nihat Abtalıbov saxlanılarkən, həmçinin Baş idarəyə gətirildikdən sonra ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, bu barədə təqsirləndirilən şəxsin dediklərinin heç bir əsası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 23:50də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanının qarşısında saxlanılaraq Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 3 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 47-51). İbtidai istintaq orqanının 23 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 108-125). Məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3694 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,287 qram, 1,428 qram, 1,381 qram, ümumi təmiz çəkisi 4,096 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs: X4 üzərindən aşkar olunmuş ...” yazısı və imzalar olan zərfdəki 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,622 qram, 1,359 qram, 1,668 qram, ümumi təmiz çəkisi 4,649 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs və X2 aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir (cild 1, iş vərəqi 74-79). İbtidai istintaq orqanının 07 iyul 2022-ci il tarixli qərarı ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən X1 üzərindən aşkar edilərək götürülmüş 4,096 qram çəkidə psixotrop maddə metamfetamin və X4 üzərindən aşkar edilərək götürülmüş 4,649 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq N.Abtahbovdan aşkar edilmiş 3,946 qram və C.Abdullayevdən aşkar edilmiş 4,499 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3694 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4,096 qram çəkidə psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,946 qram çəkidə psixotrop maddə metamfetamin hazırkı cinayət işi üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqi 175-177, cild 2, iş vərəqi 108-125). İbtidai istintaq orqanının 24 noyabr 2022-ci il tarixli qərarı ilə ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi ayrıca icraata ayrılmış və istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilmişdir (cild 1, iş vərəqi 1-6). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3691 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 69-70). Cinayət işində olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 178-179). İş materiallarına əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, ibtidai istintaq zamanı "xxxx" MMC-dən BKC/LGL-12701/22 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, «sms» mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-466- 85-85 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların «sms» mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. «SMS» tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “5 deq sebirli ol pati catir”, “Ala yeka oğlansan ölureme veziyat pisdi gelmiwem size senda yoxsan bidena tel cavab verda”, “Qaqa orxandı. Yarı götürmək isdıyirəm” məzmunda mesajlar göndərilmişdir. X4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələr ilə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı nömrə arasında danışıq və «sms» mətnləri olsa da, narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, dövriyyəsi ilə bağlı hallar müəyyən edilməmişdir. İbtidai istintaq orqanının 23 noyabr 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən daxil olmuş CD disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 108-125). Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş, verilmiş tapşırığa 007- 12264-1222 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 225-226, cild 2, iş vərəqi 43). Cinayət işində olan 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 230). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, narkotik və psixotrop maddələrdən istifadə etsə də, heç vaxt onların satışı ilə məşğul olmadığını, istintaq vaxtı bütün sənədləri təzyiq altında imzaladığını, polis işçiləri tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, döyülməyi ilə bağlı heç yerə şikayət etmədiyini və məhkəmənin baş tutmasını gözlədiyini, barəsində qətimkan tədbiri seçilən vaxt hakimin ondan heç nə soruşmadığını, onun da bu barədə həmin məhkəmədə heç nə demədiyini, istintaqa verdiyi ifadəsinin düzgün olmadığını, polis əməkdaşlarının ondan Gündüz adlı şəxsin adını deməyi tələb etdiklərini, o da, narkotiki Gündüzdən aldığını dediyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan üzərində saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində həmin vaxt üzərindən aşkar edilən 3 bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, onları həmin gün saat 18 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi «Gündüz» adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi barədə gətirdiyi dəlillər də yoxlanılmış, lakin həmin hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 340/MEÖ saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Baş prokurorluğunun 10 mart 2023-cü il tarixli 05/245 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs istintaq müddəti ərzində şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair məlumat vermədiyi üçün prokurorluq orqanlarında hər hansı araşdırma aparılmamışdır. Həmçinin 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarışın aparılmasında iştirak etmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 şübhəli şəxsə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunduğunu inkar etmişlər. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixi zor tətbiq olunması barədə heç nə bildirməmiş, yalnız istintaq orqanının bütün çağırışlarına vaxtında gələcəyini bildirib barəsində verilmiş vəsatətin və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs subay olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3691 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,946 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD formatlı disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müdafiəçi - “ALYANS“ Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 36 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumlikdə sərf etdiyi vaxt 25 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti “ALYANS“ Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,946 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat pul vəsaiti "ALYANS" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar