Məhkəmə qərarları › İş №1(101)-687/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-687/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-687/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Cəlilabad şəhəri Hüseyn Cavid küçəsi, döngə 18, ev 3-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında, yəni 0,085 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 0,946 qram narkotik vasitə olan tiryəki, 2 ədəd dairəvi formalı ümumi təsiredici maddəsinin miqdarı 0,08 qram narkotik tərkibli metadon həblərini, külli miqdarda yəni, 10,003 qram çəkidə narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,737 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, x xxxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən komendant postunda Bakı şəhər BPİ-nin DYPİ-nin və Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarında, yəni 0,085 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə 0,946 qram narkotik vasitə olan tiryək, 2 ədəd dairəvi formalı hər birinin təsiredici maddəsinin çəkisi 0,04 qram olan, ümumi təsiredici maddəsinin miqdarı isə 0,08 qram təşkil edən narkotik tərkibli metadon həbləri, bir ədəd bükümdə külli miqdarda yəni, 10,003 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,737 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, İİİ qrup əlildir. 15 ildir ki, bədənində olan ağrılara görə narkotik vasitələrdən istifadə edir. x xxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xocasən qəsəbəsində yerləşən «Ağ Hotel»in yaxınlığında yerdən müxtəlif narkotik vasitələr olan bir qutu tapmışdır. İstifadəçisi olduğundan narkotik vasitələri götürüb özündə saxlamışdır. Onların bir qismini istifadə etmiş, qalanını isə cibində saxlamışdır. Həmin gün axşam saatlarında Rüstəm adlı taksi sürücüsünün «Opel Astra» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Suraxanı rayonunun Zığ qəsəbəsindən bacısının yaşadığı Məhəmmədi qəsəbəsinə yola düşmüşdür. Bacısının yaşadığı evin qarşısına çatanda qardaşının məhəllədə olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğuna görə qardaşının ona münasibəti yaxşı olmamış və bu səbəbdən bacısı evinə getmək fikrindən daşınmış və Rüstəmə geri qayıtmalarını bildirmişdir. Beləliklə onlar Zığ qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Sabunçu rayonu Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində hərbi vəziyyət rejimi ilə əlaqədar qurulmuş stasionar postda Yol Patrul Xidmətinin əməkdaşı onlardan şəxsiyyəti təsdiq edən sənədi və müvafiq icazə kağızını təqdim etməyi xahiş etmişdir. Onlar müvafiq icazə kağızlarının olmadığını, həmçinin gedəcəyi ünvana tələsdiyini bildirmişlər. Odur ki, polis əməkdaşları onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişdir. Orada ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşınmasında şübhəli olduğu bildirilmiş və buna görə də şübhəli şəxs qismində tutulmuşdur. Bölmədə ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan bükümü, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində kristal formalı maddə olan bükümü, bir ədəd sellofana bükülmüş içərisində həblər və qara rəgli maddə olan bükümü, həmçinin bir ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin əlavə əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq bir ədəd göy rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan bükümün heroin, bir ədəd sellofana bükülmüş içərisində həblərin ağrı kəsicilər, həmin sellofanda qara rəngli maddənin narkotik vasitə olan tiryək, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində kristal formalı maddənin metamfetamin və bir ədəd sellofana bükülmüş içərisində ot kütləsinin marixuana olduğunu bildirmiş, həmin narkotik vasitələri x xxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonunun Xocasən qəsəbəsində yerləşən «Ağ Hotel»in yaxınlığından tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər protokolu imzalamışlar. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində vəzifəsində xidmət edir. x xxxxxxx 2020-ci il tarixdə saat 21:00-dan sonra ölkədə tətbiq edilən hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq polis serjantı Şahid2 və Bakı şəhər DYPŞ-nin baş inspektoru, polis baş leytenantı Şahid3 ilə Sabunçu qəsəbəsi Ə. Məmmədəliyev küçəsində yerləşən stasionar postda xidmətdə olmuşdur. Saat 22:30 radələrində «Opel Astra» markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil stasionar posta yaxınlaşmışdır. Onlar həmin avtomobili komendant saatı ilə əlaqədar yoxlama keçirmək üçün saxlayaraq özlərini təqdim etmişlər. Avtomobilin sürücüsündən və yanında əyləşən sərnişindən şəxsiyyəti təsdiq edən səndləri təqdim etməsini xahiş edərək hərəkət üçün müvafiq icazələrinin olub-olmadığını soruşmuşlar. Bu zaman sürücü və yanında əyləşən sərnişin müvafiq icazələrinin olmadığını və tələsdiklərini bildirərək, onlardan yayınmağa çalışdıqlarını hiss etmişlər. Üzərlərində qanunla dövriyyəsi qadağan edilən əşya, yaxud predmet olmalarından şübhələnib, onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş və sonuncular buna etiraz etməmişdir. Bölmədə aparılan ilkin araşdırma zamanı avtomobilin sürücüsünün X2, yanında əyləşən sərnişinin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra sonuncuları raportla şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Raportun araşdırılması şöbənin təhqiqatçısı Nurlan Hacıyevə həvalə edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli bükümü, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal formalı maddə olan bükümü, 1 ədəd içərisində həblər olan və qara rəngli maddə olan bükümü, həmçinin bir ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə olan heroin, tiryək, marixuana və metamfetamin olduğunu, Xocasən yolunda yerdən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİnin PPXB-nin polis nəfəri vəzifəsində vəzifəsində xidmət edir. x xxxxxxx 2020-ci il tarixdə saat 21:00-dan sonra ölkədə tətbiq edilən hərbi vəziyyət rejimi ilə əlaqədar polis serjantı Şahid1 və Bakı şəhər DYPŞ-nin baş inspektoru, polis baş leytenantı Şahid3 ilə Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində yerləşən stasionar postda xidmət aparmışlar. Saat 22:30 radələrində «Opel Astra» markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil stasionar posta yaxınlaşmışdır. Onlar həmin avtomobili komendant saatı ilə əlaqədar yoxlama keçirmək üçün saxlayaraq özlərini təqdim etmişlər. Avtomobilin sürücüsündən və yanında əyləşən sərnişindən şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmələrini xahiş edərək hərəkət üçün müvafiq icazələrinin olub-olmadığını soruşmuşlar. Bu zaman sürücü və yanında əyləşən sərnişin müvafiq icazələrinin olmadığını və tələsdiklərini bildirərək onlardan yayınmağa çalışmışlar. Həmin şəxslərin üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet olmasından şübhələnib, onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Bölmədə avtomobil sürücüsünün X2, yanında əyləşən sərnişinin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra sonuncuları raportla şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Şöbənin təhqiqatçısı Nurlan Hacıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli bükümü, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal formalı maddə olan bükümü, 1 ədəd içərisində həblər olan və qara rəngli maddə olan bükümü, həmçinin bir ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə olan heroin, tiryək, marixuana və metamfetamin olduğunu, Xocasən yolunda tapdığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təqdim etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Bakı şəhər DYPİ-nin baş inspektoru vəzifəsində vəzifəsində xidmət edir. x xxxxxxx 2020-ci il tarixdə, saat 21:00-dan sonra ölkədə tətbiq edilən hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid1 ilə birlikdə Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində yerləşən stasionar postda xidmət aparmışdır. Saat 22:30 radələrində «Opel Astra» markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil stasionar posta yaxınlaşmışdır. Onlar həmin avtomobili komendant saatı ilə əlaqədar yoxlama keçirmək üçün saxlayaraq özlərini təqdim etmişlər. Avtomobilin sürücüsündən və yanında əyləşən sərnişindən şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməsini xahiş edərək, hərəkət üçün müvafiq icazələrinin olub-olmadığını soruşmuşlar. Bu zaman sürücü və yanında əyləşən sərnişin müvafiq icazələrinin olmadığını və tələsdiklərini bildirərək onlardan yayınmağa çalışmışdır. Həmin şəxslərin üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet olmasından şübhələnib, onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxslər etiraz etməyərək onlarla birlikdə şöbəyə getmişlər. Şöbədə ilkin araşdırma zamanı onların X2 və Təqsirləndirilən şəxs olmaları müəyyən edilmişdir. Bundan sonra müvafiq raport tərtib edərək, sonuncuları şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Daha sonra şöbənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli bükümü, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal formalı maddə olan bükümü, 1 ədəd içərisində həblər olan və qara rəngli maddə olan bükümü, həmçinin bir ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümü çıxardıb, masanın üzərinə qoymuş, şalvarının arxa sağ cibindən isə 1 ədəd qara rəngli «Nokia» və 1 ədəd qara rəngli «İphone» markalı mobil telefonları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin, tiryək, marixuana və metamfetamin olduğunu, Xocasən yolundan tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş, bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İşin 101-ci vərəqindəki haqqında protokoldan görünür ki, x xxxxxxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilmiş və videogörüntülər bir ədəd “DVD” diskdə saxlanılmışdır. Həmin diskdə olan videogörüntülərdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli büküm, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal formalı maddə olan büküm, 01 ədəd içərisində həblər olan və qara rəngli maddə olan büküm, bir ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümün aşkar edilməsi öz əksini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının x xxxxxxx 2020-ci il tarixli, 6/2046 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş bir ədəd zərfdə üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159 dairəvi formalı möhür əksi olan və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir bükümdə təmiz çəkisi 0,737 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 10,003 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,946 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim olunmuş ümumi sayı 2 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Məhkəmə-bioloji ekspertizasının x xxxxxxx 2020-ci il tarixli 7/686 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,085 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/2282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi № 65» dairəvi möhür əksi olan kağız paketdə bir ədəd bükümdə olan metadon həbi ilə 6/2046 nömrəli ekspert rəyində göstərilən Təqsirləndirilən şəxs götürülmüş metadon həbi kimyəvi komponent tərkibinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3506 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 190-191-ci vərərqlərindəki maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,737 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 10,003 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,946 qram olan narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı videogörüntülərin saxlanıldığı bir ədəd «DVD» disk maddi sübut kimi tanınmış, bir ədəd bükümdə təmiz çəkisi 0,737 qram olan psixotrop maddə metamfetaminin tədqiqatlardan sonra qalan 0,687 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 10,003 qram olan narkotik vasitə heroinin tədqiqatlardan sonra qalan 9,953 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,946 qram olan narkotik vasitə tiryəkin tədqiqatlardan sonra qalan 0,896 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatlardan sonra qalan 0,065 qram hissəsi və 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərin tədqiqatlardan sonra qalan ½ ədəd hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, bir ədədə «DVD» disk isə iş materiallarına əlavə edilmişdir. İşin 161-162-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 7-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 103-cü vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2019-cu il təvəllüdlü bir azyaşlı uşağl var. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,737 qram olan psixotrop maddə metamfetaminin tədqiqatlardan sonra qalan 0,687 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 10,003 qram olan narkotik vasitə heroinin tədqiqatlardan sonra qalan 9,953 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,946 qram olan narkotik vasitə tiryəkin tədqiqatdan sonra qalan 0,896 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalan 0,065 qram hissəsi və 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərin tədqiqatlardan sonra qalan ½ ədəd hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,737 qram olan psixotrop maddə metamfetaminin tədqiqatlardan sonra qalan 0,687 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 10,003 qram olan narkotik vasitə heroinin tədqiqatlardan sonra qalan 9,953 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,946 qram olan narkotik vasitə tiryəkin tədqiqatlardan sonra qalan 0,896 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatlardan sonra qalan 0,065 qram hissəsi və 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərin tədqiqatlardan sonra qalan ½ ədəd hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar