Məhkəmə qərarları › İş №1(101)-687/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-687/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-687/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır; verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 2023-cü ilin aprel ayının əvvəllərində əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum vaxt və şəraitdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Məscid”in yaxınlığında sonuncundan satış məqsədilə qanunsuz olaraq 01 ədəd bükümdə ümumi təmiz çəkisi 9,895 qram olan ağ rəngli kristallik maddə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.Gəncəvi küçəsində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən 43-cü polis bölməsinə gətirilmiş və həmin polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 9,895 qram olan ağ rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə saat 11-12 radələrində evdən çıxıb işə getmişdir. Evindən 70 metr aralıda qonşuluqda təmir işləri etməklə məşğul olmuşdur. Üç nəfər mülki geyimdə şəxs evə daxil olmuş, polis əməkdaşları olduqlarını bildirərək adının Rizvan olubolmadığını soruşmuşlar, qapını bağlayıb onlarla getməli olduqlarını demişlər. O da, qapını bağlamış, çölə çıxıb onlarla birlikdə ağ rəngli maşına əyləşmişdir, maşının nömrəsini xatırlamır. Onu Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə aparmışlar. Polis bölməsinə iranda olub-olmadığını soruşmuşlar, o isə 2014-2015-ci illərdə iranda olduğunu, ziyarətə getdiyini bildirmişdir. Bir neçə saatdan sonra onu bölmənin saxlama kamerasına aparmışlar. Paltarını dəyişməli olduğunu, evə zəng edib paltar gətirmələrini söyləmişlər. O isə evdə heç kimin olmadığını, həyat yoldaşının məktəbdə olduğunu söyləmişdir. Onlar yenə də təkrar edərək zəng etməyini söyləmişlər, o isə telefonunun iş yerində qaldığını bildirmişdir. Ondan kimə zəng edə biləcəklərini soruşduqda əmisi oğlu İmran Bağırova zəng edə biləcəklərini, əmisi oğlunun onun paltarlarını evdən götürüb gətirəcəyini bildirmişdir. Zəng etdikdə, İmran Masallı rayonunda olduğunu, gələ bilməyəcəyini demişdir. Qardaşlarının isə işdə olduqlarını, axşam gələ biləcəklərini demişdir. Polis əməkdaşlarına onların maşınına əyləşib, evə gedib paltarlarını götürüb qayıtmağı təklif etmişdir. Polis əməkdaşları da onunla birlikdə evə daxil olmuş, o paltarlarını dəyişdikdən sonra polis bölməsinə qayıtmışlar. Onu bölmədə biraz saxladıqdan sonra təhqiqatçı çağıraraq videoçəkiliş olacağını bildirmişdir. Nə çəkiliş olduğunu soruşmuş, təhqiqatçı isə ona “sroka” gedəcəyini söyləmişdir. Səbəbini soruşduqda “Radikal” olduğunu bildirmişdir. O da polis əməkdaşlarından radikal olduğu barədə sübutları göstərməsini tələb etmişdir. Təhqiqatçı “sənin üçün “zakazdır”, “sroka” getməlisən” sözlərini söyləmişdir. Çəkiliş zamanı narkotiki boynuna götürməyini tələb etmişlər. O Ramazan ayı olduğunu, ağzının oruc olduğunu, ümumiyyətlə nəsillərində narkoman olmadığını onlara bildirmişdir. Polislər 2-3 dəfə narkotiki boynuna götürməsini tələb etmiş, razılaşmamış, sonra ailəsiylə onu təhdid edərək ailəsini də gətirəcəklərini demişlər. Hətta o qabağına silah qoymalarını istəmiş ,narkotiki boynuna götürməyəcəyəni bildirmişdir. Ailəsiylə təhdid etdiklərinə görə məcbur olub imza etmişdir. Sonra onu yenə “kameraya” salmışlar. Onun işini ilk olaraq CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirmişlər. Səhəri gün sanksiya məhkəməsində müstəntiq qabağına sənədlər qoyaraq imza etməyini bildirmişdir, o isə nə sənədlər olduğunu, gözünün zəif olduğunu, eynəksiz oxuya bilmədiyini demişdir. Müstəntiq ona “aç-burax”, xitam və ya bəraət də ala biləcəyini söyləmişdir. O müstəntiqdən doğru olub-olmadığını soruşmuş, doğru dediyi halda imza edəcəyini demişdir. Müstəntiq ona doğru dediyini bildirmişdir. CMin 234.4.1 və 234.4.3-cü maddəsilə olan sənədlərə həmin vaxt aldanaraq imza etmişdir. Ona məscidin yanından narkotiki aldığını bildirməyini dedikdə o məscidin yanında olmadığını, məhlədən qırağa çıxmadığını demişdir. İşlədiyi yerin də evindən 70 metr aralıda yerləşdiyini bildirmişdir. Axırda məcbur olub narkotiki yoldan aldığını demişdir, bükümü sağ cibinə, telefonunu sol cibinə qoymağını tələb etmişlər. O müstəntiqin yazdıqları ilə razı olmadığını,təqsirsiz olduğunu bildirmişdir. Narkotik istifadəçisi də olmamışdır. Evə paltar dəyişmək üçün aparılmış, videoçəkiliş zamanı təzə paltarda olmuşdur. Tural adlı şəxsin telefonu ilə əmisi oğluna zəng olunmuşdur. Sonra guya Bəxtiyar Quliyevin telefonu ilə zəng olunduğunu söyləmişlər, o həmin adamı heç tanımamışdır. Həmin şəxsin 07 mart 2023-cü ildə tutulduğunu, özünün isə 08 aprel 2023cü ildə tutulduğunu bildirmişdir. Belə olan halda həmin şəxsin telefonu ilə zəng oluna bilməzdi. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ilkin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 08 aprel 2023-cü il saat 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.Gəncəvi küçəsində olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu ünvan 2 ünvanında yerləşən 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülü və həmin şalvarın sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığım bildirmişdir. Ondan sonra qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofana bükülmüş halda büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə saat 11 radəiərində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Məscid” yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs iş üzrə əlavə dindirilərkən əvvəllər verdiyi ifadələrindən fərqli olaraq elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 08 aprel 2023-cü il tarixdə saat 12 radəiərində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.Gəncəvi küçəsi ev 10 saylı evin yaxınlığında evlərin birində işləyən zaman mülki geyimdə olan şəxslər onu fəhlə paltarında Binəqədi RPİ-nin 43-cü PB-nə aparmışlar, həmin gün o, qeyd olunan polis bölməsində olan zaman polis əməkdaşları ondan iran İslam Respublikasında olub-olmadığını soruşmuşlar, sonunculara 2014-2015-ci il tarixlərdə şəxsi vəsaiti ilə İranda ziyarətgahda olduğunu bildirmiş və onu polis bölməsinin kamerasına salmışlar. Təxminən bir saat keçdikdən sonra polis əməkdaşları onun paltarları çirkli olduğuna görə evdən onun üçün təmiz geyim gətirilməsini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə yaşadığı evə ağ rəngli “Kia” markalı dövlət qeydiyyat nömrə nişanım xatırlamadığı avtomobil ilə yollanmış, əynini dəyişdikdən sonra polis əməkdaşları ilə birlikdə qeyd olunan markalı avtomobilə əyləşib oradan 43-cü polis bölməsinə qayıtmışdır. Həmin gün qeyd olunan polis bölməsində xidməti otaqların birində olan zaman təhqiqatçı olan polis əməkdaşı masaya ona məxsus olan mobil telefon və 01 ədəd narkotik maddə qoyulmuş və ona bildirilmişdir ki, videoçəkiliş zamanı o, həmin telefon və narkotik maddəni cibindən çıxararaq narkotik maddənin özünə məxsus olduğunu bildirməli idi, lakin o, deyilən fikirlə razılaşmadıqda polis əməkdaşları onu ailəsi ilə hədə-qorxu gəlməyə başlamışlar, o da məcbur qalaraq deyilən qaydada etmişdir. (1-ci cild iş vərəqi 143-144). Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əmə!iyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2023-cü il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin-nin rəisi polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 43-cü PBnin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin PB- nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncular ilə birlikdə keçirməyə qərar verilmişdir, Birlikdə xx.xx.2023-cü il tarixdə saat 15:00 radəiərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.Gəncəvi küçəsində olarkən “Rizvan” adlı şəxsin zahiri əlamətinə oxşar şəxsi görüb yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddələrin dövriyyəsində şübhəli olduqlarını deyərək sonuncunu saxlayıb Binəqədi RPİ-nin 43-cü PB- nə aparmışlar. Yolda olan Təqsirləndirilən şəxs evdə pul olmadığından üzərində olan pulu evə verməsini xahiş etmiş və onlar da yolüstü sonuncudan yaşadığı ünvanı öyrənib yaşadığı ünvanda maşından düşürüb pulu evə verməsinə şərait yaratdıqdan sonra maşına yenidən birlikdə əyləşib oradan PB-nə getmişlər. Bu barədə həmin PB-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin PB-nin təhqiqatçısı polis baş leytenantı Fərid Nəzərliyə təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə müdafiəçinin iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülü və həmin şalvarın sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub- olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli kristalşəkilli maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan “metamfetaminl xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Məscid” yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Həmin narkotik maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Həmçinin də sonuncunun barəsində əməliyyat-axtarış tədbirləri onun narkotik maddənin saxlaması və istifadə etməsinə görə keçirilsə də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda satışı ilə məşğul olmuşdur. Polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən ona qarşı heç bir psixoloji təsir göstərilməmiş və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 08 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 17- 19). 08 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.Gəncəvi küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü 43-cü PB-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, o, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülü və həmin şalvarın sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub- olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli kristalşəkilli maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan “metamfetamin”i xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Məscid” yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş büküm müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 26-31). Məhkəmə-kimyəvi ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 6/2069 saylı nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir dədə zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,895 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (cild 1, vərəqi 35-40). Qalıq hanı Məhkəmə-narkoloji ekspertiza üzrə xx.xx.2023-cü il tarixli, 2792 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı NARKOMANİYA xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İbrahimov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 113-114) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1,iş vərəqi 81-82) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 72-76). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları psixi təzyiqlərə məruz qalması, saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə etirafedici ifadələr verməsi, etirafedici sənədləri imzalaması, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməməsi barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməməsi, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, həmin bükümün ona məxsus olmaması barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətin yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində üzərindən narkotik vasitə aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərə yol verilməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Bakı şəhəri Binəqədi rayon məhkəməsində də bu barədə bildirməmişdir. Bundan başqa, 08 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokolun məzmunundan görünür ki Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədə qorxulara, psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş və məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Lakin bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdar təşkil edən 9,895 qram psixotrop maddə olan metamfetamini sonuncunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs a elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edilməsi təsdiq edilmədiyindən, onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin CAŞ-ın əməliyyat müvəkkili Aqşin Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanladığı 08 aprel 2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı deyil, məhz üzərində saxlaması və gəzdirməsi ilə bağlı olduğu göstərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş metamfetamini tanımadığı şəxsdən 25 manata aldığını qeyd etmişdir. Bundan başqa, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixortop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı barədə «fikir bildirməmiş», Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitlərin satılmasına dair əməliyyat xarakterili məlumatların olmasına istinad etisələr də, iş üzrə sübut əhəmiyyətinə malik olan faktlar təqdim etməmişlər, ümumiyyətlə iş üzrə nə ibtidai istintaq nə də ki məhkəmə baxışında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs müəyyən edilməməmiş, alıcı (istehlakçı) ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər barədə məlumat təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Təqsirləndirilən şəxs 9,895 qram psixotrop maddə olan metamfetamini məhz satış məqsədilə əldə etməsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 9,895 qram psixotrop maddə olan metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs a narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından təqribi 66 dəfə çox, yəni külli miqdarda 9,895 qram olsa da, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda metamfetaminin yalnız miqdarı, onun həmin psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır; belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə ümumi təmiz çəkisi 9,895 qram olan ağ rəngli kristallik maddə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, N.Gəncəvi küçəsində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən 43-cü polis bölməsinə gətirilmiş və həmin polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 9,895 qram olan ağ rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzaçəkməsinin başlanğıcının 08 aprel 2023-cü il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə məhkəmə-narkoloji ekspertiza üzrə xx.xx.2023-cü il tarixli, 2792 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertiza üzrə xx.xx.2023-cü il tarixli, 6/2069 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş 9,895 qram çəkidə psixotrop maddə olan metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-in saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 9,845 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və gütürmə aparılmasının video görüntüsünün köçürüldüyü 01 ədəd və "xxxx" MMC-yə məxsus 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 08 aprel 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Binəqədi RPİ-in saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 9,845 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və gütürmə aparılmasının video görüntüsünün köçürüldüyü 01 ədəd və "xxxx" MMC-yə məxsus 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar