Məhkəmə qərarları › İş №1(101)-688/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-688/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-688/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Xətai rayonu, Gəncə prospekti, ev 83 Yataqxana ünvanında qeydiyyatda olmaqla, ünvan 1ında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib daşıyaraq satılmasına dair şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib həmin “Hüseyn” adlı İran vətəndaşının göndərdiyi ümumi təmiz çəkisi külli miqdarda 148,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 850 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 08 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda 79 ədəd həb, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan sintetik narkotik vasitə metadonu (79 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı külli miqdarda 3,16 qramdır) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində onun üçün gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq götürüb əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 28 aprel 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, ünvan 1ının yaxınlığında saxlanılaraq ünvan 3arkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi külli miqdarda 148,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin gün yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 198 nömrəli evin yaxınlığında idarə etdiyi “OPEL ZAFİRA” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə həyata keçirilən zaman avtomobilin arxa sağ oturacağının ayaqaltısında olan qara rəngli idman çantasından 01 ədəd sellofan bağlamada təmiz çəkisi 850 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 08 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda 79 ədəd həb, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan sintetik narkotik vasitə metadon (79 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı külli miqdarda 3,16 qram təşkil edir) və üzərilərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd qırmızı rəngli və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə aprelin 28-i baş vermişdir. Onun üzərində 22 qram metamfetamin olmuşdur. O, evə gedərkən Ramana qəsəbəsində polis əməkdaşları onu saxlamış, bu zaman cibində telefon da olmuş, həm telefonu, həm də üzərində olan metamfetamini götürüb onu maşına mindirib idarəyə gətirmişlər. İdarədə üstünə baxış keçirilmiş, həmin 22 qram metamfetamin aşkar olunmuş və ona təzyiq göstərmişlər. Onun üzərinə başqa narkotik vasitə də qoyaraq həmin narkotikin də ona məxsus olduğunu demişlər. Nə demişlərsə, qəbul etmişdir. Onu evə gətirmişlər, evə və maşına baxış keçirmişlər. Maşından marixuana, həblər və tərəzi aşkar etmişlər. Marixuana və həblər ona məxsus olmamışdır. Tərəzini də öz istifadəsi üçün almışdır. Daha sonra yenə onu idarəyə gətirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş metamfetamini Günəşlidən götürdüyünü, narkotiki qoyan şəxsi tanımadığını, tərəzini şəxsi istifadəsi üçün dozanı qaldırmaması üçün aldığını, metamfetamini məhəllədə çəkdiyini, narkotikə dair heç kimlə danışığının olmadığını, “Hüseyn”i isə tanımadığını, heroin də istifadə etdiyini, əldə etdiyini kiməsə satmaq niyyətinin olmadığını, heç kimə satmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şübhəli şəxs Rəşad barəsində əməliyyat məlumatı daxil olmuş, bununla bağlı tədbir keçirərək həmin şəxsi gecə saat 3-ün yarısı yaşadığı evin yaxınlığında saxlamışlar. Daha sonra xidməti otaqda təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Axtarış zamanı üzərindən metamfetamin aşkar olunmuşdur. Daha sonra Rəşad özü həmin narkotik vasitələrdən avtomobilində də saxladığını etiraf etmişdir. Onlar tərəfindən onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış keçirilmiş, avtomobildən metadon həbləri, tərəzi və marixuana aşkarlanmışdır. Rəşad onlara narkotik vasitələri İran vətəndaşından aldığını, narkotik vasitələri İran vətəndaşının dediyi yerlərə qoyub müqabilində pul aldığını demişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 onlar tərəfindən Rəşada qarşı heç bir fiziki və psixi zor tətbiq olunmadığını, bu əməliyyat zamanı 2 əməkdaş olduqlarını, avtomobilə baxış keçirilən zaman təhqiqatçı, təqsirləndirilən şəxs, vəkil, o və Şahid2 iştirak etdiyini, baxış zamanı təqsirləndirilən şəxsdən metamfetamin, tərəzi, 70-80 ədəd metadon həbi, 932 qram marixuana aşkar etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1ında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 6). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 8-9). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1ında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 28 aprel 2023-cü il tarixdə saat 02:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 5). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz şalvarın sol yan cibindən cibindən 1(bir) ədəd seilofan torbada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan "Samsung" markalı mobil telefon, 1 (bir) ədəd üzərində 099-396- 44-45 sim kart nömrəsi olan "Redmi" markalı mobil telefon, 1 (bir) ədəd 4169 7388 3785 9630 nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 156 (yüz əlli altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Samsung" markalı mobil telefon, 1 (bir) ədəd "Redmı" markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə şəxsin özünə qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı "Hüseyn" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa idarə etdiyi "Opel" markalı **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 31- 33). - avtomobilə baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağının ayaqaltısından 1 (bir) ədəd qara rəngli idman çantasını təqdim etmişdir. Həmin qara çantanın içərisindən 1 (bir) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 79 (yetmiş doqquz) ədəd narkotik vasitə olan metadon həbinə bənzər kütlələr və 2 (iki) ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 932 (doqquz yüz otuz iki) qram olmuşdur. Daha sonra həmin kütlə, həblər və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop 37 maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı "Hüseyn" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500(beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 36-38). - məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7/605 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bağlamada təmiz çəkisi 148,848 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kütlə” sözləri yazılan qara rəngli idman çantasında 1 ədəd sellofan bağlamada təmiz çəkisi 850,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumş marixuanadar, 8 ədəd üzərində “Methadone 40” yazılan konvalyutada 79 ədəd həb qəhvəyi rəngli, dairəvi formalı həb öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan sintetik narkotik vasitə metadon olub, 79 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 3,16 qramdır, 1 ədəd qırmızı rəngli və 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l), metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində döriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 45-49). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 56-58). - axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1ında axtarış aparılmış, axtarış nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ev kürsülü, bir mərtəbəli, üç otaqdan, zal, mətbəx, hamamdan ibarətdir. Evin qarşısında açıq balkon vardır. Təqsirləndirilən şəxs yaşadığı evdə və həmin evin yardımçı binalarında axtarış aparılmış, amma heç bir narkotik vasitə, psixotrop maddə, eləcə də onların hazırlanması üçün əşya, vasitə və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 92-94). - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 27 aprel 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 96-97a). - telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, üzərində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı telefona hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir (cild 1, iş vərəqi 100-101). - telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, üzərində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı telefona hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglədr, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir (cild 1, iş vərəqi 102-103). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 8200 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 114). - təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağında olan kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında "X5 proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofan torbada ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üstünə qoyur, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd 4169 7388 3785 9630 nömrəli plastik bank kartı aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilir, çəkisinin 156 (yüz əlli altı) qram olduğu müəyyən edilir, həmin kütlə bir ədəd içərsi boş ağ rəngli kağız zərfə qolularaq zərf möhürlənir. 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd 4169 7388 3785 9630 nömrəli plastğik bank kartı Təqsirləndirilən şəxs izah verilərək götürülür, 1 (bir) ədəd açar isə onun özünə qaytarılır. Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi kütlə özünə məxsusdur, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi idə bir gün əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq üçün götürmüşdür, bunun müqabilində 500 (beş) yüz manat alacağını bildirmişdir (cild 1, iş vərəqi 122). - təqsirləndirilən şəxsə məxsus avtomobilə axtarış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağında olan kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında "X5" proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, axtarış keçirlən “Opel” markalı **-GO-*** dövlət qeydiyyat nişandı avtomobil ona məxsusdur. Diskə baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs, ona məxsus “Opel” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağının ayaqaltısından 1 (bir) ədəd qara rəngli idman çantasını götürüb təqdim edir, həmin çantanın içərsində bir ədəd bağlamada açıq yaşıl rəngli, spesfik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 79 (yetmiş doqquz) ədəd narkotik vasitə olan metadon həbinə bənzər kütlə və 2 (iki) ədəd elektron tərəzi olduğu aşkar edilir. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin 932 (doqquz yüz otuz iki) qram olduğu müəyyən edilir. Narkotik vasitəyə oxşar kütlə, həblər və iki ədəd elektron tərəzi bir ədəd içərisi boş zərfə qablaşdırılaraq zərf möhürlənir. Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi kütlə özünə məxsusdur, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi idə bir gün əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq üçün götürmüşdür, bunun müqabilində 500 (beş) yüz manat alacağını bildirir (cild 1, iş vərəqi 123). - “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012 - xx.xx.2012-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə “Alkoqolun birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqi 124). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4539 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 148-149). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1968 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 150-152). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş “CD” diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması (ad, soyad, ata adı və s.) həmçinin anten dairəsi barədə məlumatların olduğu 01 ədəd “CD” disk "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-2798/23 nömrəli məktub ilə daxil olmuş və həmin “CD” diskə xidməti otaqda “HP” markalı kompüterdə baxış keçirilmiş, “CD” diskin SMS-lər olan faylına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir SMS və ya məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 153-155). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş “CD” diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması (ad, soyad, ata adı və s.) həmçinin anten dairəsi barədə məlumatların olduğu 01 ədəd “CD” disk "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL-10012/23 nömrəli məktub ilə daxil olmuş, həmin “CD” diskə xidməti otaqda “HP” markalı kompüterdə baxış keçirilmiş, “CD” diskin SMS-lər olan faylına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir SMS və ya məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi156-158). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 148,848 qram çəkidə psixotrop maddə metamfetamin, avtomobilindən aşkar edilib götürülmüş külli miqdarda 850,0 qram çəkidə nakrotik vasitə qurudulmuş marixuana, 79 ədəd sintetik narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza təqiqatından sonra qalıq çəkisi 849,95 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 148,798 qram psixotrop maddə metamfetamin, 74 ədəd sintetik narkotik vasitə metadon həbləri və iki ədəd elektoron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 162-170). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yeindən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 180-182). - cinayət işindən ayrı icraata cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitə heroin mənbəsinə görə cinayət işi materiallarında ayrıca icraatda ********* nömrəli cinayət işinə ayrılmışdır (cild 1, iş vərəqi 172-173). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 99). - xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 adlı uşaqları vardır (cild 1, iş vərəqi 159-161). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın isə 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmaması, özünün narkotik vasitələrin yalnız istifadəçisi olması, onun üzərində və sadəcə 22 qram metamfetamin və elektron tərəzi olması, metadonun və marixuananın isə ona məxsus olmaması, polislərin ona təzyiq göstərmələri, çəkiliş zamanı polislərin onu öyrətdikləri kimi deyərək bütün narkotikləri boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarının cibindən 1 (bir) ədəd sellofan torbada ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üstünə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə çəkisinin 156 (yüz əlli altı) qram olduğu müəyyən edilmişdir. Daha sonra o, idarə etdiyi avtomobilində də narkotik vasitə saxladığını bildirmiş, onun və müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə avtomobilinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağının ayaqaltısından 1 (bir) ədəd qara rəngli idman çantasını təqdim etmiş, çantanın içərisindən 1 (bir) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 79 (yetmiş doqquz) ədəd narkotik vasitə olan metadon həbinə bənzər kütlələr və 2 (iki) ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 932 (doqquz yüz otuz iki) qram olmuşdur. Şəxsi axtarışın və baxışın nəticəsinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə ifadələr verərkən üzərindən və avtomobildən aşkar edilmiş maddələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı "Hüseyn" adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi qeyd edilən narkotiklərin ona aid olmasını ibtidai istintaq zamanı mübahisələndirməmişlər. Hətta Təqsirləndirilən şəxs, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılarkən özünü ona elan edilmiş ittihamda təqsirli bilmişdir. Ondan aşkar edilmiş narkotiklərin təmiz çəkisi isə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə dəqiq müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, həmçinin təqsirləndirilən şəxsdən narkotiklərin çəkilməsində istifadə olunan elektron tərəzilərin aşkar edilməsi hallarını müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş psixotrop maddəni və narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27, 81-86). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 849,95 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 148,798 qram psixotrop maddə metamfetamin, 74 ədəd sintetik narkotik vasitə metadon həbləri və iki ədəd elektoron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 849,95 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 148,798 qram psixotrop maddə metamfetamin, 74 ədəd sintetik narkotik vasitə metadon həbləri və iki ədəd elektoron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar