Məhkəmə qərarları › İş №1(101)-688/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-688/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-688/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçilər - "Zəfər" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bərdə rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, təyin olunmuş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 il 1 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilmiş 2 il 18 günü təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarına əsasən 5 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 12 may 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, 28 mart 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmədiyi və götürülmədiyi halda, dostu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisəyə aydınlıq gətirmək üçün sonuncunun təklifi və təşəbbüsü ilə ümumi dostları olan Şahid1 iştirakı ilə 23 fevral 2024-cü il tarixdə saat 23:30 radələrində birlikdə ünvan 3 ünvanında yeləşən 32 nömrəli tam orta məktəbin yaxınlığında görüşüb heç kəsin olmadığı yerdə dayanıb söhbət edən zaman, sərxoş halda olan Zərərçəkmiş şəxs mübahisə etməyə başlayaraq üzərində gəzdirdiyi və müəyyən edilməyən suvenir tipli xəncəri cibindən çıxarıb onu vurmağa cəhd edərkən gödəkçəsini astarı dəlib keçməyən formada zədələmiş, o da, Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə özü ilə əvvəlcədən gətirdiyi və üzərində olan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab olunmayan məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək, sonuncuya hemopnevmotoraksla müşaiyət olunan diafraqmanın və qaraciyərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sağ yarısının ön səthinin torako-abdominal deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslə uşaqlıq dostudur. Sonradan onların arasında bir az soyuqluq yaranmış və uzun müddət görüşməmişlər. Bir gün yolda təsadüfən görüşdükdə, Rüfət ona haqqında nalayiq söyüşlər söydüyünü bildirmiş, o isə Rüfətə belə bir şey olmadığını söyləmiş, həmin vaxt onların yanında olan Samir adlı şəxs də bunu təsdiq etmişdir. Həmin vaxt Rüfət içkili olduğu üçün onu bıçaqla vurmaq istəmiş, bıçaq əlindən düşdükdən sonra götürüb yenidən onu vurmaq istədikdə, o da cibindəki bıçağı çıxarıb Rüfəti vurmuşdur. Sonra Rüfət öz bıçağını götürüb onun arxası ilə gəldikdə, Samirə onu xəstəxanaya aparmasını tapşırmış, özü isə həmin yerdən uzaqlaşmışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs hadisə zamanı Rüfətin üzərində böyük bıçaq olduğunu və onu vurmaq istədiyini, bu zaman geriyə çəkilməsinə baxmayaraq, Rüfətin əlindəki bıçağın iki-üç dəfə onun bədənini kəsdiyini, daha sonra isə bıçağın Rüfətin əlindən düşdüyünü, sonuncu əyilib həmin bıçağı götürmək istədikdə, o, öz bıçağını çıxarıb Rüfəti vurduğunu, Rüfətin həmin vaxt içkili olduğunu və ona öz ünvanına nalayiq ifadələr işlətməsini söylədiyini, Rüfət əgər yerə dühmüş bıçağı götürmək istəməsəydi, yəqin ki, o, Rüfəti vurmayacağını, hazırda zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun dostudur. Hadisə vaxtı, o, içkili olmuş və ağlı başında olmamışdır. Fəridi çağıran və bıçağı birinci çıxarıb vurmaq istəyən də özü olmuşdur. Lakin necə olmuşdursa, Fərid onu bıçaqla vurmuşdur. Sualları cavablandıran Zərərçəkmiş şəxs üzərində Fəridi vurmaq üçün evdən götürdüyü suvenir xəncər olduğunu, içkili olduğu üçün belə hərəkət etdiyini, bu zaman Fəridin ondan niyə onu vurmaq istədiyini soruşduğunu, xəncərin yerə düşüb sındığını, o, yerə düşən xəncəri götürüb Fəridi vurmaq istədikdə, sonuncunun özündə olan bıçaqla onu bir dəfə vurduğunu, Fəridə axşam 3-5 dəfə zəng edib, gəlmək istəməməsinə baxmayaraq, onu məcburi görüşə çağırdığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və o, hadisənin bilavasitə şahidi olmamışdır. Oğlu əvvəllər məhkum olunduğuna görə Bərdə rayonundakı bəzi dostlarından onu uşaqlaşdırmaq istəmiş və bu məqsədlə Bakıya göndərmişdir. Hadisə barədə ona Fərid tutulduqdan 3-4 gün sonra məlumat verilmişdir. Zərərçəkmiş şəxs Fəridin uşaqlıq dostu, onların evlərinə gəlib-gedən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs onun dostlarıdır. Bir gün evdə olarkən ona zəng gəlmiş və aşağı düşməsini söyləmişlər. Aşağı düşdükdə Fəridlə Rüfəti görmüş, yaxınlaşdıqdan sonra Rüfət ondan Fəridin onun ünvanına nalayiq söyüşlər söyübsöymədiyini soruşmuşdur. O, əvvəlcə Fəridin söymədiyini desə də, Rüfət təkidlə təkrar soruşduqda, həqiqətən də Fəridin Rüfətin ünvanına söyüş söydüyünü bildirmişdir. Bundan sonra onların arasında mübahisə düşmüş və hadisə baş vermişdir. Rüfət iki dəfə əlində olan xəncərlə Fəridi vurmaq istəmiş, üçüncü dəfə vurmaq istədikdə isə xəncər qırılıb əlindən düşmüşdür. Bu zaman Rüfət əyilib xəncəri götürmək istəyəndə, Fərid özündə olan bıçağı çıxarıb Rüfəti vurmuşdur. Hadisə zamanı Rüfət içkili olsa da, Fərid içkili olmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokola əsasən, cinayət hadisəsi ünvan 4 ünvanında, orta məktəbin arxasında baş vermiş, həmin ətrafda heç bir iaşə obyektinin olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 15-20). Məhkəmə-tibbi ekspertizanın 13 may 2024-cü il tarixli 410 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş hemopnevmotoraksla müşaiyət olunan diafraqmanın və qaraciyərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sağ yarısının ön səthinin torakoabdominal deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın, ola bilsin ki, biçağın təsirindən törənmişdir, torənmə müddəti 23 fevral 2024-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətin lokalizasiya və xüsusiyyətini nəzərə alaraq demək olar ki, zərərçəkmiş və zədə yetirən şəxs müxtəlif duruş və qarşılıqlı vəziyyətlərdə olmaqla, xəsarət törədən alət zədə nahiyəsinə doğru yönəlmişdir (cild 1, iş vərəqi 116-118). Məhkəmə ballistik-trasoloji ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 3/1477- 3/1478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd biçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd köynəyin ön hissəsinin sağ tərəfində yerləşən və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik biçaqlar da aiddir. Təqdim edilmiş bir ədəd köynəyin ön hissəsinin sağ tərəfində olan və yuxarıda təsvir edilmiş zədə Zərərçəkmiş şəxs barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində "Şahid1 məxsus bir ədəd jaket" yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş puloverin sol qol hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmətə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir . Ümumi əlamətlərinə əsasən köynəyin, puloverin səthində olan zədələrin təqdim edilmiş bir ədəd biçağın, həmçinin tiyəsi həmin xassəyə malik hər hansı digər bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində "X2 məxsus bir ədəd gödəkçə" yazısı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş gödəkçənin ön sol hissəsinin aşağı tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Gödəkçənin üzərində olan zədənin forma və yerləşməsi bir qat nazik parçanın üzərində olduğuna görə onun yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. Ümumi əlamətlərinə əsasən zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir (cild 1, iş vərəqi 191-194). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 may 2024-cü il tarixli 1242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs onunla istintaq hərəkətləri aparılan zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 119-121). İbtidai istintaq orqanının 30 sentyabr 2024-cü il tarixli qərarı ilə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək, Şahid1 əynində olmuş bir ədəd jaket, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd dəri gödəkcə, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qara rəngli açılıb-qatlanan tipli bıçaq maddi sübut qismində tanınmışdır (cild 1, iş vərəqi 195-204). Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il tarixli Raul Aslanov adlı bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 131). Cinayət işində olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 138). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif cinayət əməllərini törətdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bərdə rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, təyin olunmuş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 il 1 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilmiş 2 il 18 günü təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 5 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 12 may 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 100-102, 165-187). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verdi və öz müdafiəsi üçün dəlillər gətirmədi. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs müxtəlif cinayət əməllərini törətdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bərdə rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, təyin olunmuş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 il 1 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilmiş 2 il 18 günü təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 5 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 12 may 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və cəzadan azad olunduqdan sonra məhkumluğu ödənilməməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməməsinə baxmayaraq yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Bu hal CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Səbail rayon Polis İdarəsinə təhvil verilmiş bir ədəd köynək, bir ədəd jaket, bir ədəd dəri gödəkcə, həmçinin Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qara rəngli açılıbqatlanan tipli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Səbail rayon Polis İdarəsinə təhvil verilmiş bir ədəd köynək, bir ədəd jaket, bir ədəd dəri gödəkcə, həmçinin Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qara rəngli açılıb-qatlanan tipli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 125 (yüz iyirmi beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar