Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-689/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X6 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,193 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 3,314 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 3,193 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və ayağında olan corabından siqaret qutusunda 01 bükümdə təmiz çəkisi 3,314 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində, Qış parkının yaxınlığında parklanma yerində nəqliyyat vasitələrini nizamlayan olaraq işləmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə 2 dəfə məhkum olunmuş, uzun müddətdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. O, adətən psixotrop maddə olan metamfetaminin bir qramını 40 manata, narkotik vasitə heroinin bir qramını isə 60 manata almışdır. O, günə ən çox 40 manat pul qazanmışdır. Atası əlil olmaqla 270 manat pensiya alır, ailəsinə isə o baxır. Gündəlik qazandığı 40 manatın 20 manatını ailəsinə, qalan 20 manatını isə narkotik vasitəyə xərcləmişdir. O, ümumiyyətlə mobil telefondan istifadə etmir, narkotik vasitəni “Nizami” metrostansiyasının yaxınlığından alıb istifadə etmişdir. O, tutulan zaman üzərində çəkisi 0,2 qram olan 20 manatlıq 2 büküm narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, adətən narkotik vasitə olan heroindən istifadə etmiş, narkotik vasitəni hər gün qəbul etmişdir. O, tutulduğu gün səhər saatlarında narkotik vasitə qəbul etmiş, narkotik vasitənin qalan hissəsini isə cibinə qoymuşdur. İlkin və Ruslan adlı polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar. Polis əməkdaşları onu bölməyə gətirib orada döymüş, lakin onu döyən şəxslər İlkin və Ruslan adlı polis əməkdaşları olmamış, başqa şəxslər olmuşlar. O, polis əməkdaşlarını görüb, onu tutacaqlarını başa düşüb qaçmağa başlamış, təxminən 60 metr qaçdıqdan sonra təngnəfəs olub dayanmaq məcburiyyətində qalmış, bundan sonra polis əməkdaşları onu maşına mindirib bölməyə aparmış, bölmədə onu döyərək ayağını sındırmışlar. Polis əməkdaşları onu onlardan qaçdığına görə döymüşlər. Video çəkiliş zamanı ayağı artıq sınmış vəziyyətdə olmuş, ona başqa xəsarət yetirilməmişdir. Üzərinə baxış keçirilən zaman 01 ədəd portmanatı, daha sonra cibindən çıxardığı 2 bükümü masanın üzərinə qoymuşdur. Çəkilişdən qabaq İlkin və Ruslan adlı polis əməkdaşları onun üzərinə 3 qram narkotik vasitə qoymuşlar. Onun üzərində “Baku Kart” kartı və pul qabı olmuşdur. Polis əməkdaşları onu səhər saat 11 radələrində “Karvansaray” yolunun yaxınlığında saxlamışlar. O, polis əməkdaşlarının onu tutacağını anlayıb, 50-60 metr qaçmış, daha sonra “Karvansaray”ın yanında dayanmış və polis əməkdaşları onu saxlamışlar. Onun ayağını bölmədə olarkən polis əməkdaşları sındırmışlar. Polis əməkdaşları küçədə də onu döymüş, lakin ayağı həmin vaxt sınmamışdır. Tutulan zaman üzərində 2 büküm narkotik vasitə olmuş, polis əməkdaşları həmin bükümü dəyişdirərək üzərinə 3 qram narkotik vasitə qoymuşlar. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparıldığı zaman ayağı sınıq olmuş, məhkəmədə ondan ayağının sınması ilə bağlı heç nə soruşulmamış, lakin təcridxanada olarkən ayağındakı xəsarətin necə yaranması barədə ondan soruşulduqda o da polis əməkdaşlarının onu döyməsi nəticəsində yarandığını bildirmişdir. Eyni zamanda Şahid2 dindirilən zaman təqsirləndirilən şəxs ona verilən çarpaz suala cavab olaraq bildirmişdir ki, Şahid2 onun ayağını topuqdan qırmış, ayağı iki ay gipsdə qalmışdır. Polis əməkdaşları onu qovmuş, o da qaçmışdır. Şahid2 maşından düşüb gəlib fənd işlədərək onu yerə yıxmış, daha sonra isə Ruslan gəlmişdir. Polis əməkdaşları onu həm yolda, həm də idarədə vurmuşlar, ayağının harada qırıldığını bilmir. Onun ayağını Şahid2 qırmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Sərxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsinə getmiş, həmin küçədə Sərxan adlı şəxsi saxlamış və Nəsimi RPİ-yə dəvət etmişlər. İdarədə xidməti otaqların birində kamera çəkilişi vasitəsilə şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı Sərxanın üzərindən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülmüş və təhqiqatçı tərəfindən aşkar olunmuş bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqda o, yayınmaq istəmiş, lakin onlar buna imkan verməmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir və ya təzyiq olmamış, o, təqsirləndirilən şəxsi vurmamış, ona qarşı heç bir təzyiq göstərməmişdir. Güman edir ki, təqsirləndirilən şəxsin ayağı onlar yaxınlaşana qədər qırılmışdır. Əməliyyat axtarış tədbiri haqqında qərar əsasında əməliyyat tədbiri keçirilmiş, həmin əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat qrupu iki nəfərdən- ondan və Ruslan Qurbanovdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs onları görəndə qaçmağa cəhd etmiş, lakin bacarmamışdır. Onlar Təqsirləndirilən şəxs qovalamamış, onu saxlayaraq maşına əyləşdirib rayon polis idarəsinə aparmışlar. İdarədə təhqiqatçının otağında kamera vasitəsilə Sərxanın üzərində şəxsi axtarış keçirilmiş, üzərindən narkotik vasitə aşkarlanmış və aşkar olunan narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra MSY qədər özləri aparmış, onun ayağında və ya yerişində heç bir qeyri-adilik hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq Təqsirləndirilən şəxs tutmaq istəyərkən onun qaçmağa cəhd etdiyini, lakin onların buna imkan vermədiyini, Təqsirləndirilən şəxs hər hansı fənd işlədərək yerə yıxmadıqlarını, ona qarşı hər hansı fiziki zorakılıq hallarının olmadığını, idarədə olduğu müddətdə təqsirləndirilən şəxsin ayağında və ya yerişində heç bir qeyriadilik olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili X3 tərəfindən İdarənin rəisinə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i/v: 8). - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin cibindən 01 ədəd qara rəngli portmanat, əynində olan göy rəngli cins şalvarın cibindən isə 01 ədəd sellofana bükülmüş büküm çıxararaq masanın üzərində qoymuşdur. Daha sonra ayağında olan corabın içərisindən 1 ədəd yuxarı hissəsi cırılmış siqaret qutusu və 1 ədəd şpris çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilmiş və içərisindən bir ədəd sellofana bükülmüş büküm aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Aşkar edilmiş hər iki büküm və bir ədəd şpris qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə adi duz olduğunu, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Cavid adlı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i/v: 44-46). Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan videogörüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 aprel 2023-cü il tarixli protokolla eynilik təşkil edir. - Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı ilə bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni aldığı naməlum şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. (i/v: 116) - Məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2023-cü il tarixli, 6\2068 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi, «..Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,193 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,314 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd şprisdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. (i/v: 52-57) - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 05 iyun 2023-cü il tarixli, 3480 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: 131-132) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 01 avqust 2023-cü il tarixli 124 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (i/v: 130) Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması səbəbindən polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə özünü tam təqsirli bilərək, 2023-cü ilin aprelin 08-də saat 11 radələrində həmişə olduğu kimi Hökməli qəsəbəsində məktəbin yanında Caviddən 5 manata çəkisini xatırlamadığı bir bükümdə metamfetamin və 10 manata bir bükümdə heroin aldığını, heroini şalvarının cibinə, metamfetamini isə sonra istifadə etmək üçün siqaret qutusuna qoyub ayağında olan corabına qoyduğunu, həmin gün saat 15 radələrində mülki geyimdə olan 2 nəfər polis əməkdaşının onun narkotik vasitələrin saxlanmasında istifadəsində şübhəli olduğunu bildirərək Nəsimi rayonu polis idarəsinə dəvət etdiklərini, İdarədə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin cibindən 01 ədəd qara rəngli portmanatını, sonra əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd selofana bükülmüş heroini, daha sonra ayağında olan corabının içərisindən 01 ədəd siqaret qutusunda olan 01 ədəd selofana bükülmüş metamfetamini və 01 ədəd şprisi çıxararaq masanın üzərinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümlərdən birində heroin, digərində isə metamfetamin olduğunu bildiyi halda, şəxsi axtarış zamanı bükümlərdən birindəki maddənin adi duz olmasını bildirməsini məsuliyyətdən yayınmaq məqsədi ilə dediyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində polis əməkdaşları tərəfindən ona hər hansı zor, yaxud təzyiq olmadığını bildirmişdir. (i/v: 80-81) Bundan başqa, cinayət işinin materiallarında olan xüsusi məlumata əsasən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olduqdan sonra keçirilmiş tibbi müayinə zamanı onda sağ qamış sümüyünün distal ucunda yerdəyişməmiş sınıq xəsarəti, sağ ayağının içəri topuq nahiyəsində qərtməkli yara və bənövşəyi rəngli qançır izləri, sağ ayaqarxası nahiyəsində yumşaq toxumaların əziyinin aşkar edilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadəsinin yoxlanılması məqsədi ilə məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna müraciət edilmişdir. Aparılmış araşdırmanın nəticəsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olan 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması müəyyən edilmədiyindən verilmiş məlumat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin adına açılmış şəxsi işdə olan 08 aprel 2023-cü il və 12 aprel 2023-cü il tarixli aktlardan, həmin tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətləri tutulmamışdan əvvəl yıxılaraq aldığını bildirmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsindəki ziddiyyətli məqamlara da diqqət çəkməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən onu Ruslan və İlkin adlı polis əməkdaşlarının saxladığını, lakin onu döyən şəxslərin İlkin və Ruslan olmadığını, tanımadığı başqa şəxslər olduğunu bildirdiyi halda, daha sonra onun ayağını İlkin adlı polis əməkdaşının qırdığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində əvvəlcə ayağının harada qırıldığını bilmədiyini, lakin sonradan ayağını bölmədə polis əməkdaşlarının qırdığını demişdir. Həmçinin təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi qaçmağa başladığını, polis əməkdaşlarının da onu qovduğunu, 50-60 metr qaçdıqdan sonra dayandığını və polis əməkdaşlarının onu tutduğunu bildirsə də, sonradan polis əməkdaşı Şahid2 maşından düşən kimi fənd işlədərək onu tutub yerə yıxdığını və maşına oturdaraq bölməyə apardıqlarını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsindəki bütün ziddiyyətli məqamları, o cümlədən onun üzərində aşkar olunmuş xəsarəti tutulmamışdan əvvəl yıxılaraq alması barədə izahatını, həmçinin verilmiş məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxs tutulan zaman üzərində həqiqətən də narkotik vasitə olması, lakin çəkisinin az olması, hazırkı cinayət işi üzrə qeyd olunan narkotik vasitə və psixotrop maddəni isə polis əməkdaşlarının döyərək onun üzərinə qoyması ilə bağlı ifadəsinə əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və onun üzərindən iki ayrı bükümdə fərqli maddələr aşkar edilmiş, aşkar edilmiş bükümlər və şpris qanuna müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bu hissədə məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin öz ifadəsinə istinad etsək belə, tutulan zaman onsuz da üzərində 2 bükümdə (təqsirləndirilən şəxsin dediyinə görə 0,2 qram çəkidə) narkotik vasitə olan bir şəxsə zor tətbiq edilərək, başqa bir bükümdə narkotik vasitəni üzərinə götürməsinə məcbur edilməsi inandırıcı və ağlabatan deyil. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs üzərində cəmi 0,2 qram çəkidə narkotik vasitə olduğunu bildirməklə əməlinin daha yüngül maddəyə tövsif edilməsinə nail olmağa çalışır. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə məhkum olunmaqla özünü müdafiə etmək üçün hansı məzmunda ifadə verməsinin məqsədəuyğun olduğunu bilməsini də nəzərə alır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, daha yüngül maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağa yönəlmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinin çəkisi 3,193 qram, metamfetamin psixotrop maddəsinin çəkisi isə 3,314 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik maddəsinin və metamfetamin psixotrop maddəsinin külli miqdar həddində olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin tərkibi vardır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən, habelə müvafiq məhkəmələrin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v: 101-103) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə bu hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində sağlamlıq imkanları məhdud olan övladının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə sorğu verildikdə təqsirləndirilən şəxsin himayəsində övladının olması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli, 3480 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,143 qram təşkil edən narkotik vasitə olan heroin, 3,264 qram psixotrop maddə metamfetamin və 01 ədəd şpris məhv edilməlidir. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 29 (iyirmi doqquz) saat hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhər Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,143 qram təşkil edən narkotik vasitə heroin, 3,264 qram psixotrop maddə metamfetamin və 01 ədəd şpris məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-689/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-689/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver