Məhkəmə qərarları › İş №1(101)-690/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-690/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-690/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1994-cü il avqustun 01-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 4 «a», ailəvi yataqxanada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda beş ədəd bükümdə ümumi 177,321 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda bir ədəd bükümdə 21,272 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və metadon narkotik vasitənin təsir miqdarı 0,120 qram təşkil edən üç ədəd dərman həbini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, 2021-ci il noyabrın 29-da saat 23:55-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən özündə olan qara rəngli çantanın içərisindən külli miqdarda beş ədəd bükümdə ayrı-ayrılıqda 137,224 qram, 9,424 qram, 22,235 qram, 0,362 qram və 8,066 qram, ümumilikdə 177,321 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda bir ədəd bükümdə 21,272 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, metadon narkotik vasitənin təsir miqdarı 0,120 qram təşkil edən üç ədəd dərman həbi və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutularkən üzərində 0,1 qram narkotik vasitə heroin olub ittiham edildiyi digər maddələr ona məxsus deyildir. Polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində istintaqdakı sənədləri imzalamış, lakin bu barədə heç bir yerə yazılı müraciət etməmişdir. Polislər onun «Kapital Bank» kartından 1.900 manat pul çəkdirməklə yanaşı pul qabındakı 400 avro məbləğində pulu da götürmüşlər, hamilə olsa da sonuncuların ona göstərdikləri fiziki təzyiqlər nəticəsində uşağını itirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Xətai rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin əməlliyat müvəkkili polis baş leytenantı Şahid2 və polis nəfəri polis serjantı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar yaxınlaşdıqları, 2021-ci il noyabrın 29-da saat 23:55-də Bakı şəhəri, Xətai rayonu, Abbas Səhhət küçəsi, 2 ünvanının ətrafında piyada hərəkət edən Təqsirləndirilən şəxs özlərini təqdim etməklə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə sonuncunu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparıldıqda Təqsirləndirilən şəxs üstündə hər hansı bir qeyri-qanuni əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunanda sonuncu özündə olan qara rəngli çantadan iki ədəd «Samsung» markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 220 manat məbləğində pulu, habelə altı ədəd bükümü, üç ədəd həbi və bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə metadon həblərini, bükümlərdəki narkotik maddələri «İnstagram» sosial şəbəkəsində tanış olduğu, narkotik vasitələrin satışı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən bir ay əvvəl həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. 220 manat məbləğində pul Təqsirləndirilən şəxs qaytarılmış, digər predmetlər zərfə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanıb götürmüşdür. Sonuncuda başqa nağd və kart hesabında vəsait olması yalan olmaqla həmin şəxs tutulan, eləcə də üzərində şəxsi axtarış aparılan zaman heç bir təzyiqə məruz qalmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham edildiyi əməli etiraf etməklə altı ildən çoxdur narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edərək təxminən üç il əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu, narkotik vasitələrin satışı ilə məşğul olan Rza adlı İran İslam Respublikasının vətəndaşından narkotik vasitə alıb sonuncu onun tutulmasından bir ay əvvəl ona göndərilən narkotik vasitələri alıcıların götürə bilməsi üçün deyilən yerlərə çatdırması, həmçinin narkotik vasitələri müxtəlif şəxslərə satmaqla əldə etdiyi pul vəsaitini göndərməsi müqabilində narkotik vasitələri pulsuz verəcəyini dedikdə razılaşdığını, Rzanın tapşırdığı yerdən götürdüyü narkotik vasitələrin bir hissəsini tanışlarına satsa da məbləğ az olduğundan və Rzaya lazım olan məbləğdə pulu çatdıra bilməyəcəyindən sonuncunun zənglərinə cavab verməyərək razılaşmanı pozub əlinə keçirtdiyi narkotik vasitələrin hamısını özü istifadə etmək qərarına gəldiyini, 2021-ci il noyabrın 29-da saat 23:55 radələrində ünvan 2 ünvanda piyada hərəkət etdiyi vaxt polis əməkdaşları tərəfindən saxlanarkən üzərində satış məqsədi ilə əldə etdiyi beş bükümdə ümumilikdə 188 qram çəkidə narkotik vasitə heroin, 22 qram çəkidə psixotrop maddə metamfetamin və üç ədəd metadon həbləri, habelə iki ədəd «Samsung» markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 220 manat məbləğində pul olduğunu, tutulanda və üstündə şəxsi axtarış aparılanda heç bir təzyiqə məruz qalmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 32- 33, 46-49, 60-62 və 171-175). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 29 noyabr tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və Ə320-008-21 №li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, habelə məktublarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Xətai rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il noyabrın 29-da saat 23:55-də ünvan 2 ünvanın yaxınlığında saxlanmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında qərarın surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhərinin Xətai Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 4-10). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 30 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il noyabrın 29-da saat 23:55-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atası X8 xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər olmamışdır (1-ci cild, iş vərəqi 20). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 30 noyabr tarixli protokoldan görünür ki, ilə videoçəkilişlə müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu özündə olan qara rəngli çantadan beş ədəd içərisində narkotik vasitə heroinə, bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümləri, üç ədəd narkotik vasitə metadona oxşar həbi, bir ədəd elektron tərəzini, iki ədəd «Samsung» markalı telefonu, 220 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq təqdim edib narkotik vasitə heroinin ona məxsus olmaqla göstərilən maddələri Rza adlı İran İslam Respublikasının vətəndaşından bir ay əvvəl təyin edilən yerdən satmaq üçün götürdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirmiş, 220 manat məbləğində pul Təqsirləndirilən şəxs qaytarılmış, bükümlər zərfə qablaşdırılaraq digər predmetlərlə yanaşı götürülmüş, protokola şikayət, təklif və qeydlər daxil olmamış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 29-31). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 30 noyabr tarixli 6/5295 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı, soyad və imzalar olan bir ədəd zərfdəki üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda 137,234 qram, 9,424 qram və 22,235 qram, ümumilikdə 168,893 qram təmiz çəkidə qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd gümüşü rəngli kağız bükümdə 0,362 qram təmiz çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə digər narkotik vasitələr olan heroindən fərqlidir, bir ədəd sellofan bükümdəki 8,066 qram təmiz çəkidə tünd qəhvəyi rəngli yapışqan qətrana bənzər kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə digər narkotik vasitələr olan heroindən fərqlidir, bir ədəd bükümdəki 21,272 qram təmiz çəkidə olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «F/M40» göstəricisi olan üç ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,120 qram təşkil edir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olsa da cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır, narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 177,071 qram, 21,222 qram və iki ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır (1-ci cild, iş vərəqi 40-42). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 dekabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 50-52). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 01 dekabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il noyabrın 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 75-78). İş materiallarındakı Təqsirləndirilən şəxs anası X1 2021-ci il 04 dekabr tarixli razılıq ərizəsindən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə aparılarkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 90 və 93-95). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 10-da tərtib etdiyi tələbnamədən, məhkəmə hökmünün surətindən və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il 31 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, 2020-ci il avqustun 27-də cəza müddəti başa çatmışdır (1-ci cild, iş vərəqi 98-99 və 100-104, 2-ci cild, sair iş vərəqi). İş materiallarında olan 2014-cü il AZ-İİİ seriyalı 310480 №-li doğum haqqında şəhadətnamənin kserusorətindən görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il 15 aprel təvəllüdlü X9 adlı övladı vardır (1-ci cild, iş vərəqi 105). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 yanvar tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 22 dekabr tarixli BKC/LGL-22798/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə 2021-ci il noyabrın 03-də saat 05:38:29-da «he catmisam..pulu karta vurmaq lazimdida ozun bilirsen.birezden cix.pulu aee» məzmunlu, saat 06:08:05-də «**********921654.pulu vur karta duzeldirem mende evde yatan var danisanmiram hundur», saat 06:20:49-da «Duzeltdiyimin pulun vurnamisan axi» və saat 06:22:29-da «Ne 30m basin xarab olube senin diesen» məzmunlu, ***-***-**-** saylı nömrəyə 2021-ci il noyabrın 07-də saat 02:44:52-də «**********921654», saat 02:48:19-da «Kolada alda mene 1l lik» və 2021-ci il noyabrın 12-də saat 15:50:00-da «Pulu vur 15/20 sora gelersen» məzmunlu, ***-***-**-** saylı nömrəyə 2021-ci il noyabrın 16-da saat 03:54:04-də «**********921654.getirib verersen.puluda vur hamsin» məzmunlu, ***-***-**-** saylı nömrəyə 2021-ci il noyabrın 20-də saat 22:50:15-də «Pulu vur karta sonra gel ha qapiya» məzmunlu mesajların göndərilməsi, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən 2021-ci il noyabrın 30-da saat 13:47:47-də «taksi geldi totu gelrem men35vurcam dasda goy balaca mene basva donum» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il noyabrın 06-da saat 02:31:46da «10 NUG KOLA İSDİYİRDİM.PROSDA SABAH VERE BİLECEM TELİDE GOTURECEM SABAHA İNWEALLAH», saat 02:46:23-də «ALİNDİRA BİLİRSEN? CALİW ALİNDİRDA SEHER XALAMGİL QONAG GELECEK İT GUNUNDE OLMUYUM.PUL OLACAQ SABAH ATACAM KARTA», saat 18:15:34-də «KARTİ ATDA.SENVANİ ASKA YEYİB QUTARAN KİMİ DUZELTDE ONU», saat 18:44:57-də «ASKA HEKİM GOZDUYUR UWAGİ APARMALİYAM DİWİNE GORE AT PENCEREDEN CİXİM GEDİM», 2021-ci il noyabrın 12-də saat 15:55:57-də «nə qədər boşdugdu at goturum. mosu deyor 29-21 e yigmasin teli evdedi», saat 16:05:46-da «Aska niye atmirsan ki? Sakitciliydi hec kim yoxdu yada orxan cixib versinde getmeliyem senol», saat 16:45:43-də «Aska sene zeng vzv atsam senle danissam denen ki Elxan asama goruserik. prablem var», 2021-ci il noyabrın 13-də saat 00:40:29-da «Aska pataloku ne qeder vaxta gelersen eger gec olursa gedib basina care qilsinda bu», 2021-ci il noyabrın 20-də saat 22:46:11-də «Aska usaq gelir catir birazdan.1 qr kk. birde 5 manatdig cet kk. ayri ayri adamlardi. menede baxda 01 zad kk versende sagol vermesende» və saat 22:47:20-də «tez düzeltde onu gelim götürüm.7-8 deqiqeye gelirem.qapiya» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il noyabrın 16da saat 03:46:19-da «Aska kartvin kodnu at bura mesajla,beyaxdan zibliyin yanda gozledim cixmadin diyirdim saatlari verim sene, sen xoshlayirsan ele saatlar..nevaxt istesen de getrim» və saat 03:59:21-də «He yaxsi vuracam,gunorta asqa.saatlari ne vaxt verim bes?istesen dinen indi getrim asqa men seni cox isteyirem allahaqi senden hecvaxt incimerem.xetrin xowdu» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il noyabrın 27-də saat 15:19:59-da «Aysel taksideyik yarı düzelt çatıram», saat 15:22:34-də «Aysel xayışeliyirem biraz elave qoy vezyetim yaxşı deyil heçolmsa b» və saat 15:22:35-də «ahcan idare eşiye bilm» məzmunlu mesajların daxil olması müəyyənləşdirilmiş, Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrənin Elxan adlı şəxsə, ***-***-**-** saylı nömrənin qohumu Araz Sixalizadəyə, ***-***-**-** və ***-***-**-** saylı nömrələrin Rüfət adlı tanışına, ***-***-**-** saylı nömrənin isə tanışı Emil Mehtiyevə aid olduğunu və bir neçə tanışına narkotik vasitə və psixotrop maddə satdığını bildirmiş, qeyd olunan bir ədəd CD diski protokola, çıxarışlar cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 117, 131-134 və 139-142). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 27 sentyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 23 dekabr tarixli AZF/LGL-34359/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə 2021-ci il oktyabrın 17-də saat 02:20:55-də «Aska mene dash lazim» məzmunlu, 2021-ci il oktyabrın 20-də saat 03:06:28-də «Dediyim dash alinar?» və saat 18:22:22-də «Lili. Bir dene, bir» məzmunlu, 2021-ci il oktyabrın 21-də saat 02:15:32-də «Bidene dash vere bil» məzmunlu, 2021-ci il oktyabrın 22-də saat 06:15:30-da «Dash yar marahlanmag» məzmunlu və 2021-ci il oktyabrın 26-da saat 20:09:07-də «**********921654» məzmunlu, ***-***-**-** saylı nömrəyə 2021-ci il noyabrın 05-də saat 17:26:30-da «**********921654» və saat 17:50:30-da «Cixiram.sebrli ol duzkedirem» məzmunlu, ***-***-**-** saylı nömrəyə 2021-ci il noyabrın 11-də saat 08:59:08-də «15deq sora vur ge mehliye» məzmunlu mesajların göndərilməsi, habelə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən 2021-ci il oktyabrın 17-də saat 02:20:53-də «Aska mene dash lazim borja sehere geder.Vajibdi galmisham dashsiz» məzmunlu, 2021-ci il oktyabrın 18-də saat 02:42:59-da «Aska nejesen? Teblyi var istemirsen?» məzmunlu, 2021-ci il oktyabrın 20-də saat 03:06:27-də «Dediyim dash alinar?» və saat 18:22:21-də «Lili. Bir dene, birbenede tebiyi. Baharsan soram deyesen» məzmunlu, 2021-ci il oktyabrın 21-də saat 00:46:19-da «Aska 2 torp lazimdi» və saat 02:15:31-də «Bidene dash vere bilersen?» məzmunlu, 2021-ci il noyabrın 11-də saat 15:55:45-də «1 dene pat tapmah olar? Amma sen jani meslehetti temiz olsa Aska» və saat 15:58:01-də «giymetde 50 imken varsa Aska» məzmunlu, 070-82-34-06 saylı nömrədən 2021-ci il noyabrın 27-də saat 03:40:52-də «Aysel bilmirem ne fikirlesirsen ama rza pis eseblesib hamiya kurs qoyum hetta polisede men bayaqda ona deyiremki aysel elemez ele sey cixacaq ortaya yeqi» və saat 03:40:52də «n prableme dusub baxx balaca qizim umrenin canina and olsun cox cekmezki tapacaq seni hami nzsde uje seni axtarir cox gedmez yig ona nese bir soznen duze» məzmunlu mesajların daxil olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrənin Zaur adlı, ***-***-**-** saylı nömrənin Elxan adlı, ***-***-**-** saylı nömrənin Fərid adlı, ***- ***-**-** saylı nömrənin isə Nicat adlı şəxslərə aid olduğunu və bir neçə tanışına narkotik vasitə və psixotrop maddə satdığını bildirmiş, qeyd olunan bir ədəd CD diski protokola, çıxarışlar cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 118, 135-138 və 143-146). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 15 dekabr tarixli 5122 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 125-126). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 17 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən bir ədəd CD diskinə baxış zamanı sonuncunun özündə olan qara rəngli çantadan beş ədəd içərisində narkotik vasitə heroinə, bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümləri, üç ədəd narkotik vasitə metadona oxşar həbi, bir ədəd elektron tərəzini, iki ədəd «Samsung» markalı telefonu, 220 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etməklə narkotik maddələrin ona məxsus olaraq qeyd edilənləri Rza adlı İran İslam Respublikasının vətəndaşından bir ay əvvəl təyin olunan yerdən satmaq üçün götürdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq tətbiq edilmədiyini bildirməsi, 220 manat məbləğində pulun Təqsirləndirilən şəxs qaytarılması, bükümlərin zərfə qablaşdırılıb digər predmetlərlə yanaşı götürülməsi, protokola şikayət, təklif və qeydlər olmaması müəyyənləşdirilmiş, qeyd olunan CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 128-130). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 yanvar tarixli protokoldan görünür ki, bir ədəd «Samsung» markalı mobil telefona baxış vaxtı fotoşəkillər bölümündə narkotik vasitələrin elektron tərəzidə çəkilməsinə dair şəkillərin, «Emanat» elektron ödəmə sisteminin qəbzlərinin və narkotik vasitələrin harada yerləşməsinə işarə edən, habelə «WhatsApp» tətbiqində olan yazışmaların şəkillərinin olması, «Gülnar Araz» kimi qeyd edilən nömrədən Təqsirləndirilən şəxs «bizə koko gətirməlidirlər başınbazarın yana əgər səndə vara yaxındı gəlib sənən götürək», «Zəng gözdüyürük gəlsə gedib ülvi götürcək» və «Aysel 1 qıram hazıra hazır ekə taksidəyəm yazan kimi çıx» məzmunlu mesajlar göndərilməsi və sonuncunun «var mende; ama 30 serf elemir gulu» məzmunlu cavab yazması, «Nicat.xirdalan» kimi qeyd edilən nömrəyə Təqsirləndirilən şəxs tərəfindən «men dune gtdum ama tekce ozumcun 1.2 dene», «Nece dene gotsem 20 vere» və «Sen ol oz kanalım 20 verir mee patini.prosto sene srocnu pul lazim oncun sene komek etmek hemde elime maya olsun isdirem» məzmunlu mesajlar göndərilməsi, sonunsunun ondan aşkarlanan «koko» və «pati» terminlərinin «narkotik vasitə heroin» və «psixitrop maddə metamfetamin» sözlərini əvəz edən şifr kimi işlədilməsini təsdiq etməsi müəyyənləşdirilmiş, fotoşəkilllər protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 147-169). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 yanvar tarixli sübutların qiymətləndirilməsi, eləcə də eyni tarixli cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmaqla barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə edilməsi, saxlanması və satılması faktına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmış, maddi sübut kimi tanınıb sonuncudan aşkar olunmaqla götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 177,071 qram, 21,222 qram və iki ədəd çəkidə qalıqları, bir ədəd elektron tərəzi, bir ədəd «Samsung» markalı mobil telefon idarənin saxlanc yerinə təhvil verilmiş, üç ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 179-197 və 200-201). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 05 may tarixli 17/383034 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il dekabrın 01-də təcridxanaya daxil olduqda sonuncuda yeni xəsarət aşkarlanmamaqla sağ biləyin iç səthində köhnə kəsikdən sonrakı çapıq izi müşahidə edilmişdir. Məhkəməyə təqdim olunan 2022-ci il 08 iyul tarixli qəbzin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 Təqsirləndirilən şəxs məxsus iki ədəd «Samsung» markalı mobil telefonları təhvil almışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 2017-ci il 05 iyun tarixli 1 №-li xəstəlik tarixindən çıxarışın (epikrizin) kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs anası X2 «Sağ ağciyərin aşağı pay bronxunun karsinoidi (xərçəngi)» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən 2022-ci il 26 yanvar tarixli əlillik haqqında arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 «Digər cərrahi əməliyyatlar, sağ ağciyərin aşağı payının lobektomiyası (kəsilib çıxarılması), əməliyyatdan sonrakı vəziyyət» diaqnozları ilə 5 il müddətinə ikinci dərəcə qrup əlildir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 2011-ci il 30 iyul tarixli ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Ailə çərçivəsində məhdudlaşdırılmış davranış pozuntusu» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan 2014-cü il 15 may tarixli AZ-İİİ seriyalı 310480 №-li doğum haqqında şəhadətnamənin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2018-ci il 21 fevral tarixli qətnaməsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X6 nikahının pozulmaqla 2014-cü il 15 aprel təvəllüdlü X9 adlı övladının Təqsirləndirilən şəxs yanında saxlanması qət olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi, habelə Təqsirləndirilən şəxs 2021-ci il noyabrın 29-da saat 23:55-də şübhəli şəxs qismində tutulduğundan barəsində həbs qismində qətimkan tədbiri seçilməsinin əvvəlinin 2021-ci il noyabrın 30-dan yox, 2021-ci il noyabrın 29-dan hesablanmalı olduğu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlərin birindəki narkotik vasitə heroinin təmiz çəkisinin 137,224 qram deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 30 noyabr tarixli 6/5295 №-li rəyinə əsasən 137,234 qram təşkil etməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla qadın olmasını, ağır ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Belə ki, Aysel Mətləb qızı Təqsirləndirilən şəxs Əliquliyeva Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il 31 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 177.1.-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, 2020-ci il avqustun 27-də cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.2.-ci maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bununla da məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunu ödənilmiş hesab edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun 2014-cü il 15 aprel təvəllüdlü övladı X9 14 yaşına çatanadək, yəni 2028-ci il aprelin 15-dək təxirə salınmalıdır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 177,071 qram, 21,222 qram və iki ədəd çəkidə qalıqları, habelə bir ədəd elektron tərəzi məhv edilməli, iki ədəd «Samsung» markalı mobil telefonun təqsirləndirilən şəxsin anası X1 təhvil almasını, bir ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi2 tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2014-cü il 15 aprel təvəllüdlü övladı X7 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2014-cü il 15 aprel təvəllüdlü övladı X9 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs övladı X9 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 177,071 qram, 21,222 qram və iki ədəd çəkidə qalıqları, habelə bir ədəd elektron tərəzi məhv edilsin, iki ədəd «Samsung» markalı mobil telefonun sonuncunun anası X1 təhvil almasını, bir ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar