Məhkəmə qərarları › İş №1(101)-690/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-690/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-690/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2001-ci il tarixdə Rusiya Federasiyasının Buqulma şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda 5 ədəd bükümdə ümumi çəkisi 2,283 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 36-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 21 sentyabr 2022-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 saylı binanın qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə İstintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,420 qram, 0,360 qram, 0,678 qram, 0,255 qram və 0,570 qram olmaqla öz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən külli miqdarda ümumi çəkisi 2,283 qram ağ rəngli kristal şəkilli maddələr olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Həzi Aslanovda, Əhmədli qəsəbəsində məhəllədə oturarkən ona polis əməkdaşları yaxınlaşmış, şübhəli şəxs kimi onu polis bölməsinə aparmışlar, həqiqətən həmin vaxt üzərində metamfetamin olmuş, həmin vaxt istifadəçisi olmuş, polis əməkdaşları mobil telefonunu ondan istəmişlər və telefonda da metamfetamindən istifadə ilə bağlı danışıqları çıxmışdır, metamfetamindən istifadə etməyə müharibədə başlamış, müharibədən sonra da istifadə etmiş, üzərindən 3 qrama yaxın metamfetamin çıxmışdır. Məhkəmə zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Xadiq oğlu bildirmişdir ki, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin sentyabr ayında başlayan X2 və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş, 2021-ci ildə hərbi xidmətini başa vurmuş, «Vətən mharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Böyük qardaşı X4 da Vətən müharibəsinin iştirakçısı olmaqla şəhid olmşdur. Müharibə vaxtı metamfetamindən istifadə etməyə başlamış, əsasən öldürülmüş erməni əsgərlərinin üzərilərindən və azad edilmiş Hadrutdakı erməni evlərdən metamfetamini əldə edərək istifadə etmiş, istifadə etməsinin səbəbi də müharibə şəraitində stres vəziyyətində olması və həmin vəziyyətdən çıxmaq istəməsi olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra da metamfetamindən istifadə etməyi davam etmiş, metamfetamini «İnstaqram» sosial şəbəkəsindən nömrəsini götürdüyü şəxsdən almış, həmin şəxsin kartına pul köçürdükdən sonra, həmin şəxs metamfetamini qoyduğu yeri ona bildirmiş və o da gedib həmin yerdən metamfetamini götürmüşdür. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra bir daha metamfetamindən istifadə etməmiş, müalicə olunmuş və hazırda da istifadə etmir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon polis idarəsinin 36-cı polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə polis bölməsində olan vaxt əməliyyat məlumatı daxil olmuş, həmin məlumat yoxlanılmış və bölmə rəisinə məruzə olunmuş, bölmə rəisi tərəfindən əməliyyat qrupu yaradılmış və o, həmin əməliyyat qrupunun rəhbəri təyin edilmiş, əməliyyat tədbirlərinin nəticəsində polis bölməsinin inzibati ərazisində Məhəmməd Hadi küçəsi, 73 №-li binanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra həmin şəxs 36-cı polis bölməsinə dəvət olunmuş və ona könüllü şəkildə üzərində qeyri-qanuni predmet, kəsici-deşici alət olarsa masanın üzərinə qoyması təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoymuşdur. Məhkəmə zamanı verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, onlara daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması və satması barədə göstərilsə də, sonuncu onların tərəfindən saxlanıldıqdan sonra narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat əldə edilməmiş, bu cür məlumatlar təhqiqat və istintaq orqanlarına da təqdim edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin sahə rəisi Şahid2 İsbəndyar oğlu Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 22 sentyabr 2022-ci il tarixli 6/5394 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...imza” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,420 qr, 0,360 qr, 0,678 qr, 0,255 qram və 0,570 qram olmaqla ümumi çəkisi 2,283 qram ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 41-46) İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 27 sentyabr 2022-ci il tarixli 5545 nömrəli həkim rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 88-90). İşdə olan 21 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında, xidməti otaqda, Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisində olan 5 ədəd sellofan bükümlərin içərində olanların “metamfetamin” olmasını, 19 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Saray qəsəbəsində adını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan şəxsdən "zakladka” deyilən formada 80 manat müqabilində alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd sellofan bükümdə ağ rəngli spesifik qoxuya malik maddələrin metamfetaminə bənzər olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən isə üzərində (055) ***-**-** saylı nömrə kartı olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd sellofan bükümlərin hər biri Çin istehsallı elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, çəkilərinin 0,64 qram; 0,58 qram; 0,40 qram; 0,48 qram və 0,30 qram olmaları müəyyən edilmişdir, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (1-ci cild iş vərəqi 33-34). İşdə olan 23 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayla baxış keçirdikdə videogörüntü faylının adının “ZAKLATKA” olması, faylın 11 dəqiqə 26 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 36-cı PB-nin baş təhqiqatçısı polis mayoru Vüqar Həsənov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir, şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edərək anket məlumatları barədə məlumat verir, təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını bildirir, CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunu çıxarıb qutunun içərisindəki 5 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masaya qoyur, daha sonra sol cibindən çıxarmış olduğu Samsung markalı mobil telefonu çıxarıb masaya qoyur, üzərində şəxsi axtarış keçirilir, lakin başqa əşya və ya predmet aşkar edilmir, təhqiqatçı Təqsirləndirilən şəxs 05 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə metamfetamin olmasını bildirir, təqdim olunan psixotrop maddəyə bənzər kütlələr elektron tərəzidə çəkilir, 05 ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə bənzər kütlələrin çəkisinin ayrı ayrılıqda 0,64 qram; 0,58 qram; 0,40 qram; 0,48 qram; və 0,30 qram olması müəyyən edilir, həmin kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənir, Təqsirləndirilən şəxs həmin kütlələri “zaklatka” deyilən üsulla iranlı ilə sosial şəbəkədə tanış olduqdan sonra iranlının təqdim etdiyi hesaba pul köçürərək WhatsApp proqramı ilə yenidən əlaqə saxladığını iranlının atmış olduğu Saray qəsəbəsindən şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirdi (1-ci cild iş vərəqi 65) İşdə olan 11 noyabr 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A13” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı narkotik vasitələrin istifadə edilməsi ilə bağlı danışıqların olması müəyyən edilmişdir (1-ci cid iş vərəqi 120-125). İşdə olan 24 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xalıq oğlunun üzərindən aşkar olunaraq götürülmüş 5 ədəd bükümdə qalıq çəkisi 2,033 qram psixotrop maddə olan metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD-R formatlı disk və Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A13” markalı mobil telefon maddi sübut kimi tanınmış sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilmişlər. İşdə olan Azərbaycan Respublikası Medalının İ-19570 №-li vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s №-li Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur (2-ci cild iş vərəqi 33). İşdə olan SX seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 037№-li hərbi hissənin tərkibində baş çavuş rütbəsində Vətən müharibəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iştirak etmişdir (2-ci cild iş vərəqi 34) İşdə olan N №-li hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs valideynlərinə ünvanlanmış təşəkkür məktubundan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə hərbi hissənin bacarıqlı, çalışqan, cəsur hərbi qulluqçularından biri sayılmış, komandirlərin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirmiş, xidmət müddətində yüksək hərbi intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandanlığı tərəfindən mükafatlandırılmışdır (2ci cild iş vərəqi 35). İşdə olan AZ-İİ seriyalı 123505 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (Təqsirləndirilən şəxs qardaşı) 02 noyabr 2020-ci il tarixdə Füzuli ryonunda hərbi əməliyyatlar nəticəsində digər növ partlayış zamanı həlak olmuşdur (2-ci cild iş vərəqi 36). İşdə olan 001785 №-li şəhid aliəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, X5 (Təqsirləndirilən şəxs atası) şəhid ailəsidir (2-ci cild iş vərəqi 37). İşdə olan 104 saylı MKİS-in rəisinin 07 dekabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ictimai işlərdə fəal gəncdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır, müsbət xarakerizə olunur (1-ci cild iş vərəqi 144). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Stattistik İnformasiya İdarəsindən daxil olmuq 01 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkum olunmamışdır. (1-ci cild iş vərəqi 91). İşdə olan şübhəli şəxsin tutulması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22). İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində ev dustaqlığı seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, ev dustaqlığının müddəti 4 (dörd) ay həddində müəyyən edilmiş və əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 80-83). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.6-cı maddəsinin tələblərinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmışdır (2-ci cild iş vərəqi 14). İşdə olan 25 yanvar 2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (2-ci cild iş vərəqi 23-24). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, 21 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış və götürülmə aparılması zamanı Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-ci Polis Bölməsinin inzibati binasında özü əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd «Rothmans» markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyaraq, həmin qutunun içərisində olan 5 ədəd sellofan bükülülərin içərisindəkinin metamfetamin olmasını səmimi etiraf etmişdir. Bundan başqa ibtidai istintaq və məhkəmə zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda 05 ədəd bükümdə ümumi çəkisi 2,283 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımasını səmimi etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş 5 bükümdə olan maddələrin məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və həmin ekspertiza üzrə 22 sentyabr 2022-ci il tarixli 6/5394 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur ki, həmin bükümlərdəki maddələr psixotrop maddə metamfetamindir. İbtidai istintaq və məhkəmə zamanı dindirilmiş şahidlər Xətai RPİ-nin 35-ci polis bölməsinin əməkdaşları Şahid1 Naiq oğlunun və Şahid2 ifadələri ilə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üzərində axtarış kerilən zamanı üzərindən 5 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunması, həmin maddələrin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsi barədə daxil olmuş məlumatın təsdiq olunmaması, onlar tərəfindən psixotrop maddənin satışı ilə bağlı təhqiqat və ibtidai istintaq orqanına məlumatlar təqdim edilməməsi, Təqsirləndirilən şəxs metamfetamini öz istifadəsi üçün əldə etməsi təsdiq olunmuşdur. Bundan əlavə ibtidai istintaq və məhkəmə zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, o cümlədən Təqsirləndirilən şəxs istfiadəsində olan «Samsung A13» markalı mobil telefonuna yüklənmiş WhatsApp proqramı vasitəsilə göndərilmiş və proqrama daxil olmuş yazışmaların mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı söhbətlər aparmamış, yazışmaların mətni ancaq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istifadə üçün əldə edilməsi ilə bağlı olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşiman olmasını bildirməsini, Vətən müharibəsi iştirakçısı olmasını, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, həqiqi hərbi xidmət üzrə hərbi hissə komandanlığı tərəfindən müsbət xaratkerizə olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X3 da Vətən müharibəsin iştirakçısı olmaqla Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu – əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşiman olmasını bildirməsini, Vətən müharibəsi iştirakçısı olmasını, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, həqiqi hərbi xidmət üzrə hərbi hissə komandanlığı tərəfindən olduqca yüksək və müsbət xaratkerizə olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X3 da Vətən müharibəsin iştirakçısı olmaqla Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmasını Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirir və barəsində təqsirli bilindiyi Cinayət Məcəllənin 234.1-1-ci maddəsində müəyyən edilməyən daha yüngül cəza növünün - müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı psixotrop maddələr)» əsasən metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi 2,283 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını), törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını - Vətən Müharibəsi iştirakçısı olmasını, hərbi hissə üzrə müsbət xarakterizə edilməsini, qardaşı X3 Vətən Müharibəsində şəhid olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları - törətdiyi əməli etiraf etməsini, törətdiyi əməlindən səmimi peşiman olmasını, müalicə olunub sağlam həyat tərzinə qayıtmaq məqsədi olması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini - qardaşının Vətən Müharibəsində şəhid olmasından sonra ailədə ailəni dolandıran yeganə oğlan övladı olmasını nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilməyən daha yüngül cəza növünün - müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək (52-1.2.1); - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək (52-1.2.2); - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək (52-1.2.3); - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq (52-1.2.4). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək (52- 1.3.1); - məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək (52-1.3.2); - alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək (52-1.3.3); - məhkumun islah olunmasına kömək edən digər vəzifələr (52-1.3.4). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədən tutulduğu 2 gün, 23 sentyabr 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixədək ev dustaqlığında olduğu 5 ay 15 gün, cəmi 5 ay 17 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılmasının 11 ay 4 gününə bərabər tutulmalı və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini onun şəxsiyyətini (yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını), törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını - Vətən Müharibəsi iştirakçısı olmasını, hərbi hissə üzrə müsbət xarakterizə edilməsini, qardaşı X3 Vətən Müharibəsində şəhid olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları törətdiyi əməli etiraf etməsini, törətdiyi əməlindən səmimi peşiman olmasını, müalicə olunub sağlam həyat tərzinə qayıtmaq məqsədi olması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini - qardaşının Vətən Müharibəsində şəhid olmasından sonra ailədə ailəni dolandıran yeganə oğlan övladı olmasını nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilməyən daha yüngül cəza növünün - müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, 21 sentyabr 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu cəmi 5 ay 17 günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılmasının 11 ay 4 gününə bərabər tutulmasını, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, üzərinə hər gün saat 22.00-dan 07.00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məcburi-narkoloji tibbi yoxlama üzrə 27 sentyabr 2022-ci il tarixli 5545 nömrəli həkim rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması səbəbindən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 22 sentyabr 2022-ci il tarixli 6/5394 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ...imza” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,420 qr, 0,360 qr, 0,678 qr, 0,255 qram və 0,570 qram olmaqla, ümumi çəkisi 2,283 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Xətai RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,033 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Samsung A13” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 5 ay 17 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılmasının 11 ay 4 gününə bərabər tutlmaqla üzərində qəti olaraq 2 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22.00-dan 07.00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazilərinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqınla iltizam qətimkan tədbiri ilə əvəz edilsin, başqa yerə getməmək haqqınla iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Xətai RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,033 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Samsung A13” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar