Məhkəmə qərarları › İş №1(101)-690/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-690/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-690/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 55 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,457 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2023- cü il tarixdə Nəsimi rayon polis idarəsinin 21 -ci polis bölməsininin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə külli miqdarda təmiz çəkisi 2,457 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə yaşadığı evdən çölə çıxmışdır. Bu zaman əvvəllər də onu bir dəfə saxlamış əməliyyat müvəkkili Orxanla rastalaşmışdır. Orxan ondan üzərində nə olmasını soruşmuş, o da üzərində heç bir şey olmadığını demişdir. Orxan adlı polis əməkdaşı ona bölməyə getməli olduqlarını, rəisin onu görmək istədiyini demişdir. O, razılaşaraq əməliyyat müvəkkili ilə birlikdə polis bölməsinə getmişdir. Ona 2 qramdan artıq narkotik vasitəni verərək, ona aid olmasını bildirib videoçəkiliş zamanı cibindən çıxarmasını tapşırmışlar. O da razılaşmalı olmuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş 3 cəhddə çəkilmişdir. Ona polis əməkdaşları hədə qorxu gələrək, ləyaqətini alçaldacaqlarını bildirdikləri üçün narkotik vasitəni götürməli olmuşdur. İstintaq təcridxanasında olduğu zaman ona təqdim edilmiş cinayət işi materiallarına imza etməkdən imtina etmişdir. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Əsasən “kola” adlanan narkotik vasitədən istifadə edirmiş. Onun polis əməkdaşları ilə şəxsi qərəzliyi olmamışdır. Saxlanılan zaman bölmədə ona təzyiq olunsa da, xəsarətləri qeydə alınmamış və o, xəsarət alması barədə şikayət etməmişdir. Çünki, bədənində hər hansı xəsarət olmamışdır. Onu aldadaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum ediləcəyini demişlər. Onu saat 16-17 radələrində evinin qarşısında saxlamışlar. Həmin gün ilk dəfə idi ki, evdən çıxmış, polis bölməsində onu soyunduraraq fotoşəklini çəkəcəklərini demişlər. Həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 aprel 2023-cü il tarixdə “İbad” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ-nin 21-ci PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, “İbad” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “İbad" adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə ünvan 4 ünvanının qarşısında “İbad” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini həmin şəxsə təqdim edərək, onu Nəsimi RPİ-nin 21-ci polis bölməsinin inzibati binasına aparmışlar. İbad adlı şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkarlanmış, həmin maddə möhürlənib, qablaşdırılaraq, ekspertizaya göndərilmişdir. İbad piyada hərəkətdə olan zaman üz-üzə gəlmişlər və onu saxlamışlar. Şəxsi axtarış zamanı İbad özü narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 aprel 2023-cü il tarixdə “İbad” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ-nin 21-ci PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 21-ci PB-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. “İbad” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini həmin şəxsə təqdim etmişlər, daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə polis bölməsinə dəvət etmişlər. İbad adlı şəxsin üzərinə şəxsi axtarış zamanı narkotik vasitə aşkar edildi, İbad həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Əməliyyat məlumatı dəqiqləşdirilmiş, narkotik vasitələrin satışı ilə bağlı hər hansı hal təsdiqini tapmamışdır. İbad adlı şəxsi əməliyyat müvəkkili Şahid1 ilə birlikdə evinin yaxınlığında saxlamışlar. Şifahi qaydada soruşan zaman üzərində narkotik vasitə olmasını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2454 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,457 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 57-60) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3282№-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 166-167) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1620 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. X4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X5 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X5 məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 164-165) İş materiallarında olan 27 aprel 2023-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və 01 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilməsinə dair protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş, 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının ətəyinə baxıldıqda, sağ ayağında, elektron qolbaq olduğu məlum olur. Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkinin narkotik vasitə “heroin” olduğunu bildirir, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində "Nizami" metrostansiyasının yaxınlığında "Etibar" adlı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra iştirakçılara həmin 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra 01 ədəd şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. (iş vərəqə 47-51; 92) İş materiallarında olan xx.xx.2023-cü il tarixli müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və baxışın keçirilməsinə etiraf etməmişdir. (iş vərəqə 45-46) Məhkəmə iclasında müdafiəçinin vəsatətinə əsasən, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində elektron nəzarət vasitəsinin olması ilə əlaqədar, Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə saat 08:00-dan saat 22:00-dək hərəkət istiqamətinə dair məlumatların əldə edilməsini məhkəmədən xahiş etmiş, bu səbəbdən Bakı şəhəri Probasiya İdarəsinə müvafiq qaydada sorğu göndərilmişdir. Qeyd edilən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan və “attenti” izlənmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərəkət trayektoriyası xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində olmuşdur. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2454 saylı rəyi, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli və «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokollar, eləcə də, digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində, "Nizami" metrostansiyasının yaxınlığında Etibar adlı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində, şəffaf sellofana bükülmüş 1 (bir) büküm narkotik vasitə olan heroin almışdır. Bundan sonra saat təxminən 18 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin saxlanılmasında, istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Nəsimi rayonu polis idarəsi 21-ci polis bölməsinə gedəcəyini bildirmişlər. Polis əməkdaşları onu bölməyə gətirdikdən sonra inzibati binanın xidməti otaqların birində təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilmiş, video çəkilişlə şəxsi axtarışının aparılması və maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş, 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,457 qram təşkil edən narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vərəqə 139-140) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum cəzanın çəkilməsi qaydalarını qərəzli şəkildə pozduğunda görə icra məmurunun təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin 7(006)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 16 gün hissəsi 08 ay 08 gün azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla həmin həddə cəza müəyyən edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 7(006)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla hazırki hökm çıxarılan vaxtadək 08 ay 08 gün müddətə azadlıqdan məhrumetmə növündə cəzasını çəkib qurtarmışdır. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2002-ci il tarixli Plenum Qərarının 5-ci hissəsinin “a” bəndinə əsasən, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X8 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 23-24; 100-103) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X13 Ambulator X2 xx.xx.2023-cü il tarixli, 3282 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda təmiz çəkisi 2,457 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,407 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,407 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar