Məhkəmə qərarları › İş №1(101)-690/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-690/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-690/2025 06.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Neftçala rayonu, Xol Qaraqaşlı Ərazi Dairəsi, Xol Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gündəlik evlərdə kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır və qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 05 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunun ona olan pul borcunu qaytarmaması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən zərbələr vuraraq ona alın cibinin başılmış sınığı, üst dodağın əzilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, 20 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Panoramic” adlı oteldə tanışı X2 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı kənar şəxslərin olmadığı şəraitdə otelin yataq otağında sonuncunun bədən nahiyəsindən qəsdən əl zərbələri ilə vuraraq ona sağ yanaq nahiyəsinin qançır və əzilmiş yarası, sağ saidin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1 və 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, CM-in 126.1-ci maddəsi ilə baş verən hadisə ilə bağlı bildirmişdir ki, o, zərərçəkmiş şəxsə 1 dəfə yumruq vurmuşdur. Zərərçəkmiş şəxs1 alın nahiyəsində batıq olması mümkün deyil. Hadisənin tarixi tam yadında deyil, amma hadisə Nəsimi rayonu, Əcəmi adlanan ərazidə baş vermişdir. Zərərçəkmiş şəxs1 pul borcu olmuşdur. Telefonla danışıq vaxtı Zərərçəkmiş şəxs1 nalayiq sözlər işlətmişdir. Zərərçəkmiş şəxs1la üzbəüz gəlmişlər və o, sonuncuya söhbət etməyi təklif etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 yenə onunla nalayiq sözlərlə danışmağa başlamışdır. Orada Zərərçəkmiş şəxs1la dalaşmışlar, münasibətləri pozulmuşdur. O, Zərərçəkmiş şəxs1 1 dəfə yumruq vurmuş, başqa heç bir zərbə vurmamışdır. Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs S.Tanrıverdiyeva ilə bağlı hissədə bildirmişdir ki, S.Tanrıverdiyeva ilə yaxın münasibətləri olmuşdur. S.Tanrıverdiyevaya qısqanclıq zəminində əlinin arxası ilə bir sillə vurmuşdur, sonuncuya ağır xəsarət yetirməmiş, bədənində belə xəsarət olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ətir satan kimi tanımışdır. Zərərçəkmiş şəxs1 «Vasmoy” adlanan yerdə Kral adlı türk vətəndaşına pul borclu olmuşdur. Kralın da ona borcu olmuşdur. Kral ona Zərərçəkmiş şəxs1 sonuncuya borclu olduğunu demişdir. O da ona görə Zərərçəkmiş şəxs1 zəng etmişdir. O, “Vasmoy” adlanan yerdə ətir alveri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 Kral adlı şəxsdən nisyə ətir götürmüşdür. Kral adlı şəxsin ona pul borcu, Zərərçəkmiş şəxs1 isə Kral adlı şəxsə pul borcu olmuşdur. Zərərçəkmiş şəxs1 zəng edib Kral adlı şəxsin niyə aldatdığını soruşmuşdur. Danışıq zamanı Kral adlı şəxsin ona pul borclu olduğunu demiş və bu səbəbdən Zərərçəkmiş şəxs1 Krala olduğu pul borcunu çatdırmasını istəmişdir. Sonra Zərərçəkmiş şəxs1 telefonda onunla nalayiq sözlərlə danışmış və aralarında söyüşlü mübahisə yaranmışdır. Mübahisə 900 AZN pula görə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir yumruq vurmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs1 yanında qardaşı da olmuşdur. Zərərçəkmiş şəxs1 və qardaşı onun üzərinə hücum etdikləri üçün Zərərçəkmiş şəxs1 vurmuşdur. Zərərçəkmiş şəxs S.Tanrıverdiyevanı isə qısqanclıq zəminində vurmuşdur. S.Tanrıverdiyeva ilə aralarında münasibətlər olduğu üçün sonuncunu qısqanclıq zəminində vurmuşdur. İbtidai istintaq zamanı bu işlə bağlı ona qarşı heç biri fiziki, psixoloji təsir və ya təzyiq olmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubda qeyd edilmiş xəsarətlər narkotiklə bağlı olan hissədə polis əməkdaşları tərəfindən ona qarşı olan fiziki təzyiqlərlə bağlıdır. Ona ilk öncə təzyiqlər Nəsimi RPİ-nin 19-cu PB-də, daha sonra isə Nəsimi RPİ-də olmuşdur. O, barəsində ədalətli qərar çıxarılmasını, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəlində “Kral” adlı ətir satan türk vətəndaşı ilə təsadüfən tanış olub və aralarında səmimi münasibət yaranıb. Bir müddət sonra “Kral” bir nəfər şəxslə şərikli ətir dükanı açmaq istədiyini deyərək ondan 1500 manat borca pul istəyib. Ətir dükanını işə salaraq qısa müddət ərzində borcunu qaytaracağını deyib. Ondan mütəmadi olaraq və maya dəyərinə ətir aldığı üçün etiraz edə bilməyib. 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında “Kral”la görüşərək ona 1500 manat pul verib. Bir müddət sonra “Kral” görüş zamanı ona dükanı işlədə bilməyərək ziyan etdiklərini deyib. Şəriki Amin adlı şəxsin ona 900 ABŞ dolları ödəməli olduğunu deyib. Türkiyəyə gedəcəyi üçün pula ehtiyacının olduğunu, ona olan 1500 manat borcunu Aminin ödəməsinə razılıq verməsini xahiş edib. O, Aminin pulu ödəyib-ödəməyəcəyinə əmin olduqdan sonra qərar verəcəyini deyib. Sonra Zərərçəkmiş şəxs1 ilə tanış olub və sonuncu 900 ABŞ dollarını ona ödəyəcəyinə dair şifahi öhdəlik götürüb. O da Krala razılşadığını deyib. Zərərçəkmiş şəxs1 ona hissə-hissə olmaqla 700 manat pul ödəyib və 800 manat qalıq qalıb. Daha sonra pulu ödəməyib. O, Amindən pulu ödəməsini xahiş etdikdə sonuncu maddi sıxıntıları olduğu üçün həmin pulu ödəyə bilmədiyini deyib. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanda “Rent Car” kimi fəaliyyət göstərən ofisin qarşısında təsadüfən Aminlə qarşılaşıblar. O, Amindən hansı səbəblə borcunu ödəmədiyini və ondan qaçdığını soruşub. Amin maddi sıxıntıları olduğu üçün borcunu ödəyə bilmədiyini deyib. Aminə özünün də pula ehtiyacının olduğunu deyib və borcunu dərhal ödəməsini tələb edib. Aminin borcunu qaytarmaqdan yayındığını hiss edib və aralarında sözlü mübahisə yaranıb. Həmin vaxt özünü saxlaya bilməyib və Zərərçəkmiş şəxs1 üz və baş nahiyələrinə yumruq zərbələri endirməyə başlayıb. Amin müvazinətini itirərək yerə yıxılıb və o, hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanda “Rent Car” kimi fəaliyyət göstərən ofisin qarşısında Zərərçəkmiş şəxs1 döyən zaman tək olub və orada ikisindən başqa kimsə olmayıb. “Kral” adlı türk vətəndaşının anket məlumatlarını, mobil telefon nömrəsini və ya yaşadığı ünvanı bilmir, onu “Kral” kimi tanıyıb, mütəmadi olaraq ondan ətir alıb, aldığı ətirləri ona maya dəyərinə satdığı üçün aralarında səmimi münasibət yaranıb, “Kral” borca görə razılıqdan sonra Türkiyə Respublikasına qayıdıb və onunla əlaqəsi kəsilib. O, Zərərçəkmiş şəxs1 yumruq zərbələri ilə vurub, silahdan və ya silah qismində istifadə edilə bilən hər hansı bir əşyadan istifadə etməyib. Baş vermiş hadisə təxminən bir dəqiqə davam edib. xx.xx.2023-cü il tarixdə münasibətdə olduğu X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Panaramik" otelə gediblər. Oteldə olan zaman spirtli içki qəbul edərək orada qalıblar. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə, saat 08:00 radələrində yuxudan oyanıb. Sevillə yenidən cinsi əlaqədə olmaq istəyib, bu zaman Sevil etiraz edib. Aralarında mübahisə yaranıb və Sevil uca səslə danışmağa başlayıb. Ona asta danışmasını tövsiyə edib. Sevil ona məhəl qoymadığı üçün əsəbiləşib və sonuncunun üz nahiyəsinə bir dəfə sillə zərbəsi endirib. Sevil stola dəyərək yerə yıxılıb, sonra dərhal ayağa qalxıb. O, pis olub və qaldıqları yataq otağını tərk edərək gedib. Hadisə xx.xx.2023-cü il tarixdə, saat təxminən 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Panaramik” otelədə baş verib. Baş vermiş hadisən təxminən 1 dəqiqə davam edib. Hadisə baş verən vaxt otaqda başqa şəxs və ya şəxslər olmayıb. Zərərçəkmiş şəxs2 DİN-in 102 xidmətinə zəng edərək oteldə onu döyməsi ilə yanaşı zorlamasını bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə münasibəti olub və ona əsəbi olduğu üçün 102 xidmətinə bu cür məlumat verdiyini düşünür. Məhkəmə-tibbi ekspertizasından keçən zaman Zərərçəkmiş şəxs2 onu yumruqla və şüşə bakalla vurmasını qeyd etməsi barədə suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 bir dəfə sillə ilə vurub, o, stola dəyərək yerə yıxılıb və dərhal ayağa qalxıb. Sevilin ona əsəbi olduğu üçün tibbi ekspertizada bu cür dediyini düşünür. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxsla aralarında problem yaradan 1 nəfər şəxs olmuşdur. O, Təqsirləndirilən şəxsla əvvəldən tanışdır, dostdurlar. Onun 1 nəfər şəxsə pul borcu olmuşdur. Ondan həmin şəxsə, həmin şəxsdən ona səhv məlumatlar daxil olmuşdu. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, suallara cavab olaraq bildirmişdir ki, onun borc məsələsi Nurlan adlı şəxslə deyil, digər şəxslə olmuşdur. Təqsirləndirilən şəxsla aralarında mübahisə digər şəxsə borclu olduğu pula görə baş vermişdir. Təqsirləndirilən şəxsla aralarında mübahisə borclu olduğu pulun qaytaraılmasına görə baş vermişdir. Təqsirləndirilən şəxs onu yumruqla vurmuş, həmin an əlində heç bir alət olmamışdır. Təqsirləndirilən şəxsla bağlı heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Təqsirləndirilən şəxsin azadlığa çıxmasını istəyir. Mübahisə zamanı ikisi də eyni anda dalaşmaşa başlamışlar. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, hadisə oteldə baş vermişdir. Təqsirləndirilən şəxsla aralarında sözsöhbət baş vermişdi. O da əsəbi olduğu üçün DİN-nin 102 xidmətinə zəng etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs əli ilə üz nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs onu vuran zaman sadəcə ağzı qanamışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir, hadisə ifadəsində qeyd etdiyi kimi baş vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin tutulmasını istəmir, həbsdən azad olunmasını istəyir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 09:40-da tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 24) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-159/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 09:40-dan hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 404/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 04 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)-541/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 noyabr 2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 116-120, İİ cild i.v. 100-104, 186-188) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 126.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 126-127) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ cild, i.v. 129-130) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə ünvan 2 ünvanda fəaliyyət göstərən “Rent Car”ın qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 136-140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 1464 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 alın cibinin basılmış sınığı, üst dodağın əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, özü tərəfindən yetirilməsi mümkün deyildir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (İ cild, i.v. 151-154) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl CMin 126.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 126.1, 128 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 203-204) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ cild, i.v. 208) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şosesində yerləşən “Panoramic” oteldə baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 212-215) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 Sabunçu rayon şöbəsinin 3104 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ yanaq nahiyəsinin qançır və əzilmiş yarası, sağ saidin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (İ cild, i.v. 220-221) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 6-7) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-494/2023 saylı hökmündən, xx.xx.2023-cü il tarixli, 1(007)- 288/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. (İİ cild, i.v. 28- 29, 200-204) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İİ cild,i.v. 160-162) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyindən barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. (İİ cild,i.v. 235-259) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1 və 128ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 275-276) Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmənin sorğusu əsasında Neftçala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 1000 manat cərimə cəzasını ödədiyindən xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 126.1 və 128-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 1 dəfə yumruq vurması, Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirməməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilməsi ilə bağlı ifadələrinə münasibətdə isə qeyd olunmalıdır ki, sonuncu həmin halların CM-in 234.4.3-cü maddəsi barəsində cinayət təqibinə hissəvi xitam verilmiş hissə ilə bağlı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1 və 128-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı şikayət və tələblərinin olmasının, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 357.0.3, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar