Məhkəmə qərarları › İş №1(101)-691/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-691/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-691/2021 16.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğlunun iştirakı ilə xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 C ünvanında pasport qeydiyyatında olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massvi, «Azərkimya» İB-nin Etilen-Polietilen zavodu yaxınqlığında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda üç ədəd sellofan bükümdə və bir ədəd sellofan paketdə iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,640 qram, 0,641 qram, 0,802 qram, 4,941 qram, 0,485 qram, ümumi təmiz çəkisi 7,509 qram təşkil edən psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq, üzərində daşımış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:35 radələrində, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən X8 Stansiyasının yaxınlığında, hərbi vəziyyətlə əlaqədar saat 21:00-dan elan olunmuş «komendant saatı»-nın tələblərini pozduğuna görə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilmiş və bölmənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda üç ədəd sellofan bükümdə və bir ədəd sellofan paketdə iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,640 qram, 0,641 qram, 0,802 qram, 4,941 qram, 0,485 qram, ümumi təmiz çəkisi 7,509 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən dörd il əvvəl ailəsində problemlər yarandığından o, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. xx xxxxxxx 2020-ci ild tarixdə axşam saatlarında şəxsi işiylə əlaqədar evdən çıxaraq Bakı şəhərinə getmiş, Bakı şəhərində olarkən üzdən tanıdığı, adını və soyadını bilmədiyi bir nəfər narkotik satan şəxsdən narkotik vasitə olan marixuana və psixotrop maddə olan metafetamin almış və bunun müqabilində həmin şəxsə 40 manat pul vermişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən X8 Stansiyasının yaxınlığında piyada gedərkən ölkədə saat 21:00-dan sonra tətbiq edilən komendant saatı ilə əlaqədar polis əməkdaşları ona yaxınlaşaraq hər hansı bir icazəsinin olub-olmadığını soruşmuş, o, heç bir icazəi olmadığını bildirdikdə, polislər ona komendant saatının qaydalarını pozduğuna görə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə getməyi təklif etmişlər. O, etiraz etməyərək polislərlə birlikdə 1-ci Polis Bölməsinə getmiş və yolda olarkən üzərində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bölmədə xidməti otaqların birində polis əməkdaşlarına üzərində narkotik maddə və psixotrop maddə olmasını bir daha deyəndən sonra oraya vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya varsa təqdim etməyini bildirdikdə, o, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən iki ədəd kibrit qutusunu və bir ədəd ağ şəffaf paketi təqdim etmiş və narkotik vasitələri özünün istifadəsi üçün Bakı şəhərində 40 manata aldığını demişdir. Əməlindən peşimandır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:35 radələrində, ərazidə xidmət apardıqları zaman Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən X8 Stansiyasının yaxınlığında bir nəfər 30-35 yaşlı kişinin piyada hərəkət etdiyini görüb, ona yaxınlaşaraq, ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq elan olunmuş «komendant saatı»-nın tələblərini pozduğunu bildirməklə, özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. «Komendant saatı»-nın tələblərinə pozduğuna görə, barəsində tədbir görülməsi üçün həmin şəxsi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək, onlarla birlikdə işlədikləri bölməyə getmişdir. Onlar Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə yaxınlaşan zaman Təqsirləndirilən şəxs onlara, üzərində psixotrop maddə və narkotik vasitə olduğunu bildirmişdir. Ona görə də, bölməyə daxil olaraq bu barədə növbətçi hissəyə məlumat vermişlər və həmin zaman əməliyyat qrupunda olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid3 araşdırma aparmağa başlamışdır. Bölmədə portal xidmətindən aldıqları məlumata əsasən, müəyyən olunmuşdur ki, bölməyə gətirdikləri həmin şəxs həqiqətən də xx xxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi, ev 19 C-də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən fərdi tikili evdə yaşayan Təqsirləndirilən şəxsdur. Vəkil dəvət olunduqdan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunu və bir ədəd sellofan paketi çıxardıb, təqdim etmiş, həmin iki ədəd kibrit qutusuna və bir ədəd sellofan paketə baxdıqda, kibrit qutusunun birinin içərisində üç ədəd sellofan bükümdə və bir ədəd sellofan paketdə iki ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar ağ kristall, şüşə halında maddə, digər kibrit qutusunun içərisində isə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli qurudulmuş ot şəkilində kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bükümlərin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin psixotrop maddəni iki gün əvvəl Bakı şəhərində təsadüfən tanış olduğu, üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq, götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddə və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ekspertizaya göndərilməsi üçün, başqa bir sarı rəngli kağız paketə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar həm protokol, həm də qablaşdırılmış halda olan paketi imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin KTB-nin baş inspektor-kriminalisti Şahid4 ifadəsində Şahid1 ifadsinə oxşar və onunla eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasına üzürlü səbəblərdən gələ bilməyən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Kərim oğlu və Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə tədqiq olunarkən onların Şahid1 ifadəsinə oxşar və onunla eyni məzmunlu ifadələr verdikləri müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2060 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 125» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kibrit qutusunda üç ədəd bükümdə və bir şəffaf sellofan paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,640 qram, 0,641 qram, 0,802 qram, 4,941 qram, 0,485 qram, ümumi təmiz çəkisi 7,509 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edir. Metamfetaminin ümumi təmiz çəkisi 7,509 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 7,359 qramdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 7/692 saylı rəyindən müəyyən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,149 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1,149 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 1,119 qramdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2952 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiacı yoxdur. Cinayət işinin 45-46-cı vərəqlərində olan “Panasonic markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskə yzılmış videogörüntülərə baxış keçirilməsi barədə" xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:35 radələrində, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən X8 Stansiyasının yaxınlığında «komendant saatı»-nın tələblərini pozduğuna görə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətiriləndən sonra, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunu və bir ədəd sellofan paketi çıxarıb təqdim edərək, kibrit qutusunun birində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, digər kibrit qutusunun içində üç ədəd sellofan bükümdə və bir ədəd sellofan paketdə iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda «şüşə» adlanan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, psixotrop maddə olan metamfetamin əldə edib, saxlayaraq, üzərində daşımışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 7,509 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üstündə saxlaması və daşıması sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən sübutlar nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsini israr edərkən, bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs X1 tərəfindən ondan aşkar edilmiş psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıqların olması və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin külli miqdarda və bir neçə bükümdə olmasından başqa tövsiyə olunan hallardan heç biri müəyyən olunmadı. Məhkəmə hesab edir ki, psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin külli miqdarda və bir neçə bükümdə olması şəxsin ağır cinayət törətməkdə-satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlinin psixotrop maddələrin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlir. Bundan əlavə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğu narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında deyil, komendant saatının tələblərini pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində psixotrop maddə olmasını özü polis əməkdaşlarına bildirmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyt müvəkkili, Şahid1 raportundan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:35 radələrində Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində hərbi vəziyyətin elan edilməsi ilə bağlı bölmənin YYÇ-nın işləri üzrə inspektoru Şahid2 ilə xidmət apararkən, bir nəfər şəxs piyada hərəkətdə olan zaman, həmin şəxsə yaxınlaşaraq hərbi vəziyyət ilə əlaqədar komendant saatında qaydanı pozduğu üçün həmin şəxsi polis bölməsinə dəvət etmiş və həmin şəxslə polis bölməsinə yaxınlaşdıqda həmin şəxs üzərində narkotik vasitə olduğunu onlara bildirmişdir. Bundan başqa, iş materiallarında olan cinayət işi üzrə əməliyyat tapşırığına verilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli cavabından da görünür ki, X3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı etirafedici izahatında, həmçinin xx.xx.2020-ci il tarixdə şübhəli şəxs və xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində də ondan aşkar edilmiş psixotrop maddələri tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun bu izahat və ifadələri nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışında ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri ilə təkzib edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs həmin psixotrop maddələri satış məqsədi ilə əldə etməsinin məhkəmədə sübuta yetirilmədiyi və işdə olan sübutların məcmusunun müqayisəli tədqiqinə əsaslanaraq, onun üzərindən aşkar edilib götürülmüş 7,509 qram çəkidə psixotrop maddə metamfetamini şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyi üçün, onun əməli psixotrop maddənin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilib saxlanmaqla daşınması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşimançılıq çəkməsini, ailəli və himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra xalis çəkiləri 7,359 qram psixotrop maddə metamfetamin və 1,119 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş «Panasonic» markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskə yazılmış videoçəkiliş cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 65,89 (altmış beş manat səksən doqquz qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 14 (on dörd) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X4 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra xalis çəkiləri 7,359 qram psixotrop maddə metamfetamin və 1,119 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş «Panasonic» markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskə yazılmış videoçəkiliş cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 65,89 (altmış beş manat səksən doqquz qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı vəkil X4 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar